XAN ARVADI VƏ DİLƏNÇİ
Nənəm Ruqiyyə Usta Zeynal qızı söyləyirdi ki, bir gün bir dilənçi Naxçıvan xanlarından olan Cəfərqulu xanın qapısını bir qismət üçün döyür. Qapını qulluqçular açır. Xanım da hovuzun yanındakı kölgəlikdə oturub, tut yeyirmiş. Qulluqçunun qayıtdığını görüb deyir:
– Ağız, o gələn kimdir heylə?
Qulluqçu deyir ki, xanım, dilənçidir.
Xanım deyir:
– Get, çağır bıra.
Qulluqçu gedib dilənçini gətirir. Xanım baxır ki, dilənçi pis gündədir, qulluqçulara deyir ki, gətirin buna əyin-baş verin, yedirib-içirdin, heybəsinə də ayın-oyun yığın.
Dilənçi yeyib-içir, ona verilənləri də götürüb çıxmaq istəyəndə xanıma təşəkkür üçün deyir:
– Ay xanım, sağ ol, Allah sənin düşmənivi zəlil eləsin, ilahəmin!
Xanım dilənçinin bu sözündən qəzəblənir. Qulluqçulara deyir:
– Ağız, bunun əlindəkiləri tutub, alın, özünə də qırx çubuq vurın. Heç nə başa düşməyən dilənçi yalvarmağa başlayır:
– Ay xanım, məni çəvir balalarıvın başına, mən nə qələt elədim ki, məni döydürürsən?
Xanım deyir:
– Ağız, ta indi sən mənə neyniyə bilərsən ki? Bə deyirsən Allah düşmənivi zəlil eləsin. Mənim yadnan nə düşmənniyim olacaq? Pis olarlar dindirmərəm. Adama düşman öz balasıdır. Nə qədər qarnımdaydı qanımı yeyiblər, doğmuşam, canımı yeyirlər. Ölsəm, malımı yeyəcəklər. Bunnan böyük nə düşman? Sən də deyirsən ki, Allah düşmanıvı zəlil eləsin, üzümə uşaqlarıma qarğış tökürsən. Odur ki, mən səni döydürdüm, çıx get, bir də belə qələt eləmə.
ÜÇ GƏLİNİN ƏHVALATI
Qəddar bir qaynananın üç gəlini olur. Qaynana gəlinlərinə şişin ucunda çörək verirmiş. Bir gün qaynana yasa gedir, gəlinlər rahat nəfəs alıb, quymaq bişirmək qərarına gəlirlər. Quymaq təzə hazı olur ki, qaynana qayıdır və gəlinlər qorxularından nə edəcəklərini bilmirlər. Kiçik gəlin ayrı əlac görmədiyindən arvadı yerə yıxıb, zorla isti quymağı qaynananın boğazına tökür. Yanmış qaynana ölüm qabağı xırıldamağa başlayır. Elə bu zaman oğlanlar işdən qayıdır və gəlinlərindən nə baş verdiyini soruşsalar da, gəlinlər heç bir cavab vermirlər.
Oğlanlardan biri üzünü anasına tutub soruşur:
– Ay ana, sənə nə olub belə?
Ana danışmaq iqtidarında olmadığından, barmağı ilə xırda gəlini göstərərək xırıldayır. Oğlan yenə arvadından soruşur:
Gəlin deyir:
– Nə deyəcək, deyir ki, var-dövlətdən nəyim varsa hamısını xırda gəlinə verin, odur ki, məni göstərir.
Yasda gəlinlər yalandan ağlayaraq deyirlər:
I gəlir deyir: Aman, aman oy-oy!
II gəlin deyir: Apar dərin qoy-qoy!
III gəlin deyir: onda bir üz görmüşəm,
Qayıdar gələr, oy-oy!
QAN PULU
Bir kişi arvadıyla gedirmiş. Bu zaman axmaq birisi bu kişinin arvadına söz atır. Kişi çıxarıb arvadına söz atan axmağa pul verir və deyir:
Arvad ərinin bu işinə məhəttəl qalır və soruşur:
-
A kişi, sən bu əclafa pul niyə verirsən?
Kişi deyir:
-
Ay arvad, mən onun qan pulunu verdim.
Arvad deyir:
– Qan pulu nədir, əşi?
Kişi deyir:
– Onun dediyi sözə görə gərək mən onu vurub öldürəydim. Bu işə görə də məni tutacaqdılar. Arvad-uşağım yiyəsiz qalacaqdı. İndi o bu pula görə şirnikəcək başqalarına da söz atacaq. Bir-ikisi dinməsə də, üçüncüsü dözməyib hökmən vurub onu öldürəcək. Ona görə də deyirəm ki, qan pulunu verdim.
AĞ ÇUXA ELƏ AĞ ÇUXADIR
Bu məsəli anamnan aşağıdakı kimi eşitmişəm.
İki qonşu olur. Biri çox səliqəli əl qabiliyyəti olan bir xanım, digəri isə xalq dili ilə desək, “üstü bəzək, altı təzək” səliqəsizin biri imiş.
Bir gün hər iki qadın ərlərinə çuxa tikmək qərarına gəlirlər. Birinci incə işləməli gözəl bir ağ çuxa, ikincisi isə ala başına, kül başına, tələsik bir ağ çuxa tikir. Birinci qadına elə gəlir ki, camaat fərqi duyub onun tikdiyini tərif edəcək. Odur ki, ikinciyə deyir ki, istəyirsən hər ikimizin əri evdən çıxandan sonra onlarla rastlaşanlardan xəbər alaq. Belə də edirlər. Lakin kişilərlə rastlaşan öz başının həşirindən olan bir adam olduğundan heç ağ çuxalıların fərqini hiss etmir. Qadınlar həmin adamdan soruşur:
– Ay qardaş, buradan iki ağ çuxalı kişi keçdi, onlardan hansının çuxası gözəl idi,
Kişi deyir:
– Nə bilim, vallah, ağ çuxa elə ağ çuxadır da!
Bu məsəli də yaxşını pisdən ayıra bilməyən adamlar üçün işlədirlər.
DƏVƏ VƏ TÜLKÜ
Bir tülkü dəvəni harada görürdü ona sataşır, lağa qoyurmuş. Dəvə tülkünün bu rəftarından bezir və hiyləyə əl atır. Gedib tülkünün yuvasının qabağında uzanıb özünü ölülüyə vurur. Tülkü yuvadan çıxıb dəvəni ölmüş görüb sevinir, ancaq nə qədər güc verirsə dəvəni yuvasına sürüyüb sala bilmir. Fikirləşib quyruğunu dəvənin quyruğuna bağlayır ki, bu üsulla dəvəni dartsın, elə bu zaman dəvə yerindən sıçrayıb qaçmağa başlayır, tülkü dəvənin o tərəf, bu tərəfinə o qədər dəyir ki, lap taqətdən düşür. Bu zaman onların qarşısına bir ayı çıxır, vəziyyəti görüb tülküyə deyir:
– Tülkü qardaş, bu nə haldır belə düşmüsən?
Tülkü ayının qarşısında özünü məğlub göstərməmək üçün deyir:
– Neyləyim, vallah, ətəyimi bağlamışam, qurban olduğumun ətəyinə, görək indi məni hansı cənnət məkana aparacaq.
SƏRHƏDLƏR AÇILDI
* Sərhədlər açıldı... Azərbaycan xalqının illərlə gözlədiyi həsrət dolu günlər azaldı. Ən azından rus ordusunun qorxusundan bir-biri ilə danışa bilməyən iki qardaş bir-birinə əl uzada bildi. Arazın bu tayında su dolduran gəlinlər , qızlar o taydakı qohum-əqrabasından xəbər tutmaq üçün guya nəğmə oxuyurmuş kimi – ay bacı, Kəblə fətullah, arvadı, uşaqları necədir? Kim ölüb, kim qalıb deyə soruşarmışlar. Cavab isə o taydan da avazla, musiqiylə gələrdi ki, fars və rus əsgəri başa düşməsin. O tay fars təsirinə bu tay isə rus təsirinə məruz qaldığından dilimizə, dünya görüşümüzə müəyyən şeylər təsir etmişdir. Bəzən iki qardaş bir-birini başa düşməkdə zorluq çəkir və gülünc doğuran məqamlarla nöqtələnirdi. Cənubi Azərbaycandan Naxçıvana, Naxçıvandan isə Culfaya, Təbrizə, Mərəndə və s. şəhərlərdə qohumlarını axtarıb tapanların sayı elə çoxalmışdır ki, halbuki dünənəcən xaricdə heç bir qohumum yoxdur deyə tərcümeyi-halımızı bitirərdik. Cənuba qohumlarını görməyə gedənlərdən biri qohumuna zəng vurub soruşur ki, sənə nə gətirim? Cənublu qardaş da deyir ki, gələndə mənə bir-iki kravat al gətir. Bu tərəfdən gedən qohumuna iki kravat (çarpayı) alıb aparır. Qohumu kravatı görüb məhəttəl qalır ki, bu nədir belə. Sonradan anlaşılır ki, cənublular kişilərin istifadə etdikləri qalstuka kravat deyirmişlər.
*Bir dəfə cənubdan olan bir tanışını soruşan qardaşa deyirlər ki, bəs filankəs fot olub (rəhmətə gedib). Sözü başa düşməyən qüzeyli deyir:
–Yaxşı bildik, bəs indi o nə vaxt gələcək?
*Bəzən bizdə də az qala söyüş yerində işlədilən “rədd ol”, sözü güneydə bir az kənara çəkil mənasında işlədilir. Və ya qüzeydə sağlam mənasında işlədilən “gümrah” sözü güneydə yolunu azmış mənasında işlədilərək hiddət doğura bilər.
Mənim keçmiş iş yoldaşlarımdan biri oğluna toy edəcəkdi. Xalasını da götürüb gedir İrana ki, toy tədarükü görsün. Bunlar yaşlı bir tacirin evində qonaq qalırlar. Axşamtərəfi mənim iş yoldaşımın qan təzyiqi qalxır. Özü ilə apardığı cihazı çıxarıb qan təzyiqini ölçür elə bu anda Hacı ağa bazardan evə qayıdırmış. Pəncərədən bu mənzərəni görür. Görünür, qocanın da yüksəık təzyiqi var imiş. Arvadına deyir ki, get, qonağı mənim otağıma çağır, gəlsin mənim fişarımı tutsun (təzyiqimi ölçsün). Arvad gəlib qonağı öz otaqlarına, ərinin yanına aparır. Hacı ağa deyir:
– Xanım, gəl, mənim də fişarımı tut.
Qonaq ev sahibinin nə dediyini başa düşmür söz ona əxlaqsız təklif kimi gəlir, pərt olur və deyir:
-
Ağa, mən çox namuslu qadınam. Mən o işləri başarmaram.
Hacı ağa yenə israr edərək deyir:
– Xanım, nə mənə, istəyirsən pul verim, istəyirsən ətir alım sənə. Ancaq fişarımı tut, başım çox ağrıyır.
Bu dəfə qadın ağanın təklifinin pis olduğunu tam yəqinləşdirib rədd edir və deyir:
-
Mən o yolun yolçusu deyiləm, və biz sizin evinizdən çıxıb gedərik. Mən o işi bacarmaram.
Ağa deyir:
– Xanım, bəs mən gördüm axı az əvvəl fişar alətivi qoluva taxıb fişarıvı tutmuşdun.
Xanım ağanın nə istədiyini anlayınca ikinci dəfə pərt olur. Sən demə, Hacı ağa qan təzyiqini yoxlatdırmaq istəyirmiş.
*Bir nəfər Təbrizə – dostuna qonaq gedir. Dostu ilə birlikdə bütün Təbrizi gəzib dolaşır. Nahara yaxın Təbrizli soruşur ki:
– Hacı ağa, qəzanı harda edək (yəni, yeməyi harda yeyək?)
Şimaldan gələn başa düşməyib deyir:
-
Ağa, sən Allah qəza-zad eləmə, məni evdə arvad-uşağım gözləyir.
Belə bir hadisə mənim də başıma gəlib. Xəstəliyimlə əlaqədar Təbrizə getmişdim. Həkimin qəbulundan çıxıb, əlimdəki kağızlarla kardioqramma çəkilən otağa gedirdim. Bizə bələdçilik edən oğlan məndən soruşdu:
-
Ana, səni az mayışa göndərdilər?
Mən sözü başa düşmədim və dedim:
– Yox, bunlar kimdi ki, məni az mayışa göndərsinlər? Mənə mayışı öz hökumətimiz verir.
Oğlan cavabıma güldü və məni başa saldı ki, azmayış onlarda labarator analizlərə deyilir.
SÖZ ATMA
*Oğlanlar əsasən xoşlarına gələn qızlara söz atırlar. Bəzən də bu həmin qızın daha çox diqqət mərkəzində olması deməkdir. Sözatma olayında hər iki tərəfin də hazırcavab olması daha maraqlı olur. Məsələn, bir oğlan gözəl bir qıza söz ataraq deyir:
– Hara gedirsən, anamın gəlini?
Hazırcavab qız deyir:
– Baldızım bic doğub gedirəm onu görəm.
Və ya qızın ayaqlarına sataşaraq oğlan deyir:
-
Yavaş yeri, qəçlərin korşalar.
Cavabında qız deyir:
– Qorxma, nə qədər korşalsa, sənin bığlarıvı qırxar.
Bəzən də bu sözatmalara qızlar cavab vermirlər. “Qəşəng qız, siz belə gözəl olmaq üçün nə yeyirsiniz?” Yaxud, əlində dondurma yeyən qıza söz ataraq deyirlər: “qəşəng qız, marojna yetişib?”
*Əlində qoğal yeyən bir qıza iki oğlan söz atmaq istəyir. Oğlanın biri bu fikirdən yanındakını yayındırmaq istəyir və deyir ki, səni pis günə qoyar, lazım deyil. Söz atmaqda israrlı olan deyir:
– Niyə, mən bəyəm, çumo-zadam?
Bunu eşidən qız cavabında deyir:
-
Olmasan da, çox oxşayırsan.
*Bir oğlan da tanımadığı qıza söz atmaq məqsədilə salam verir. Cavabında qız deyir ki, mən heyvanlardan salam almıram. Hazırcavab oğlan tez deyir:
– Mən isə heyvanlara salam verirəm.
*Bəzən də cəsarətli qızlar oğlanlara söz atır. Məsələn, iki oğlan gedir, qarşılarına bir-neçə qız çıxır. Qızlar söz ataraq deyir:
– Əvvəllər oğlanlar qızlarla gəzərdilər.
Oğlanın biri isə cavabında deyir:
-
Ay qız, ey, get, atava, qardaşıva sataş. Mən sən bilən oğlanlardan deyiləm.
*Bir dəfə də bir oğlan yanaşı gedən üç-dörd qızdan birinə əyilərək söz atır və deyir:
– Ay səni dovşan yesin, Dovşanı da mən yeyim.
Qızlardan biri qayıdıb soruşur:
– Az, bu nə dedi? Hazırcavab qız da cavabında deyir:
-
Az, nə deyəcək?! Deyir ki, səni dovşan yesin, dovşanınkını da mən.
ŞƏKİL ARXASI YAZILAR
Telefon və texnikanın inkişaf edib həyatımıza daha çox daxil olmadığı vaxtlar insanlar öz istək və arzularını məktub vasitəsilə bildirirdilər.
Məktub iki sevgili, dostlar və valideyn və uşaq arasında ünsiyyət vasitəsi idi. Bu məktublara xalq arasında “şanlı məktublar” da deyirdilər. Şanlı məktublar əsasən belə başlayırdı. “Ürəyimin ən dərin guşələrində bəslədiyim qızıl gül ətirli salamlarımı sizlərə təqdim edirəm. Əgər zəhmət çəkib biz tərəfin əhvalını soruşmaq istəsən, Qadir Allahın bizə verdiyi ömür möhlətində sağ və salamat varıq. Sizin də sağ-salamat olmağınızı bir olan Allahdan təmənna edirik. “Əgər bu məktəb yoldaşına yazılırdısa, belə bir şeir mütləq keçirdi: “Gözümün yaşı, göylərə qarşı, unudularmı heç məktəb yoldaşı?!” və ya “Stol üstə yumurta, bacım məni unutma, əgər məni unutsan, xatirəmi unutma.” Yaxud da dosta yazılan məktuda belə bir şeir yazırdılar :
“Çıxdım çölə yaz idi
Çöllər dolu qaz idi,
İstədim məktub yazım
Mürəkkəbim az idi.”
Çox vaxt məktubla birgə şəkil də göndərirdilər. Şəkillərin arxasında adətən belə bir yazı gedərdi. “Gülü solunca, səni ölüncə” və ya
“Arzu bir quyudur doldurmaq olmaz,
Təbiət amansızdır inanmaq olmaz,
Saxla bu əksimi yadigar kimi,
İnsanlar solsa da, xatirə solmaz.”
Sonralar bu cür məktublara parodiyalar da yaranırdı. Məsələn, oğlan sevdiyi Nataşasına yazır:
Privet, Nataşa,
Necəsən gülüm?
Məktub da ne pişeş, Şeyda bülbülüm.
Razve mənim kimi yarı ne lyubiş?!
Dımbılı tarı, qavalı ne pomniş?!
Adnajdı bulvarda mən səni videl,
Blizko podoşol, yanında sidel.
Sən mənə yox dedin, tı menya ubil.
Klyanus ey boqe sevirəm səni.
*Şəkil arxası sözlərdən biri də budur:
Heçdir bu dünyada həm dövlət, həm var,
Şəkilsə əbədi qalar yadigar...
Məktubların axırında adətən son söz kimi belə bir şey yazırlar:
Yazdım özüm,
Qurtarıb sözüm.
Məktub gözləyir,
İntizar gözüm.
NAXÇIVANIN MARAQLI ADAMLARI
Naxçıvanda bir aşpaz Arif var idi. Arifin gözləri çəp idi. Bir müddət Böyük bağda yeməkxananı işlədirdi. Bir gün bu yeməkxanaya Naxçıvandakı hərbi hissələrin birindən üç-dörd rus zabiti gəlir. Arif günortaya olan yeməkləri sayır. Ruslar borşu seçirlər. Lakin Arifin bəxti gətirmir. Çünki zabitlərdən biri elə iki-üç qaşıq yemişmiş ki, qaşıqdan kiçik bir cında sallandığını görür. Həmən aşpazı – yəni Arifi çağırtdırır. Əsəbi-əsəbi qaşığına çıxan əski parçasını göstərir və Arifin cavabını gözləyir. Arifin onsuz da çaş olan gözləri bir az da çaşlaşır. Qaşığa baxır və heç nə olmamış kimi deyir:
– Yoldaş leytenant, cəmisi əlli qəpik vermisən daa. İstəyirsən içindən xəlçə çıxsın?
* * *
Naxçıvanın maraqlı adamlarından biri də savadı, təcrübəsi ilə sayılıb-seçilən Məmmədhüseyn həkim idi. Məmmədhseyn həkim təcili yardımda işləyirdi. Xəstə üstünə həkim çağırılan zaman Məmmədhüseyn həkim gələrdisə, xəstə hökmən sağalacağını düşünürdü. Məmədhüseyn həkim həm də hazırcavab idi. Bir çatışmayan xüsusiyyəti var idi ki, o da içkiyə olan zəifliyi idi. Bir dəfə Məhərrəm ayında aşurə günündə Məmmədhüseyn həkimi mağazaların birində ayaqüstü içən görürlər. O zaman bu Naxçıvan üçün çox qeyri-adi, anormal bir vəziyyət idi. Odur ki, onu bu vəziyyətdə görənlərdən biri deyir:
– Ay doxdur, bu gün aşurə günüdür sən günaha batırsan, içmək olmaz. Məmmədhüseyn həkim deyir:
– A bala, hələ dava gedir, qətl sınmayıb, bəlkə bu dəfə bizimkilər qalib gələcək. Saat birdən sonra qətl sınır. Və yenidən Məmmədhüseyn həkimi içən vəziyyətdə görürlər. Və deyirlər:
– Məmmədhüseyn həkim, qətl sındı bizimkilər uduzdu. Məmmədhüseyn həkim başını bulaya-bulaya deyir:
– Elə bilirsən, mən burda kefdən içirəm, bağrım çatdıyır, dərddən içirəm.
* * *
Səxavəti, əliaçıqlığı ilə seçilən Kəngərli bəylərindən Şahbaz ağa həm də çox rəhmdil, kasıb-kusuba əl tutan bir adam idi. Ev tikən, həyət-bacasında iş görmək istəyən adamlar səhər-səhər bazara gedib bir yerə toplaşmış usta və fəhlələrin bacarıqlısını seçib evlərinə aparardılar. Günorta tərəfi bazara yolu düşən Şahbaz ağa görür ki, bir-neçə fəhlə işsiz qalıb. Fəhlələri də götürüb evinə aparır. Göstəriş verir ki, həyətin bir tərəfinə toplanmış daşları başqa bir tərəfə daşısınlar. Fəhlələr işə başlayır. Bir azdan biri soruşur:
– Şahbaz ağa, bu daşları keçən həftə bu tərəfdən o tərəfə yığmamışdıq bəyəm? İndi dübarə bunların yerini niyə dəyişdirirsən? Şahbaz ağa mənalı-mənalı baxıb deyir:
– Ədə, a köpək oğlu, mən o daşı sənə ona görə daşıtdırmışam ki, dilənməyəsən, öz əlinin qazancını yeyəsən. Sonra fəhlələrin pulunu verib yola salır.
* * *
Kəblə Musa kişi Naxçıvanın varlı adamlarından biri olub. Bir sandıq dolusu Nikolay zamanının pulunu evdə saxlayırmış. Bir gün inqilab olur Nikolay devrilir. O dövrün pullarını dövriyyədən çıxarılılır. Xalq deyir ki, Nokalayın pulu öldü. Pulun ölməsi xəbəri Kəblə Musaya çox qəribə gəlir. Evdən bir miqdar pul götürüb hara gedirsə, pulu əlində qalır. Deyirlər ki, Kəblə Musa əmi, bu pul ölüb. Yenə də pulun ölməsinin nə olduğunu başa düşməyən Kəblə Musa havalanır. Bütün günü iki əlini arxasında daraqlayaraq “Pul da ölər?!” deyərək o baş-bu başa gedib-gəlirmiş. Naxçıvanda Kəblə Musanın vurdurduğu və adını daşıyan bir çeşmə var. Bu çeşməni vurdurmaq üçün Kəblə Musa kişi bir-neçə kənkan çağırtdırıb və bulağın gözlərini axtartdırırmış. Kənkanlar çox işləyirlər uzun müddət çeşməni tapa bilmirlər. Axırı biri bezib deyir:
– Kəblə Musa əmi, bu iş mənasızdır, bu quyulardan su çıxmayacaq. Kəblə Musa gec-tez çeşmənin tapılacağəndan əmin olduğundan deyir:
– Ədə, sənə nə var, su çıxacaq, ya çıxmayacaq, sənin ki pulun o quyudan çıxır. Bəs deyil?!
* * *
Naxçıvanda çox uzun boyu ilə seçilən bir Uzun Qəşəm var idi. Bir dəfə çayçıda biri Qəşəmə sataşaraq deyir:
– Pəh, boya bax e. Belə uzun adamın anası görəsən, nə boyda imiş?! Bunu eşidən Qəşəm tövrünü pozmadan çayçıdan bir stol götürüb söz atana deyir:
– Bax, sən bu stolun üstünə çıxsan, ağzın düz anamın orta yerinə düşər. Mənim anam o boyda idi.
* * *
Naxçıvanın böyük hörmət-izzət sahiblərindən biri Miriş ağa olub. Miriş ağanın üç oğlu – Mircəfər, Mirhəsən və bəstəkar Ramiz Mirişlinin atası Mirəqil ağa olub. Mirəqil ağa böyük vətən müharibəsində həlak olmuş, Mİrhəsən ağa isə Naxçəvan MR-in əməkdar artisti idi. Mircəfər Mirişli Naxçıvanda ilk Lenin ordenli müəllimlərdən olaraq ərəb-fars dillərini çox gözəl bilirdi. O, həm də hazırcavab biri idi. Mən uşaq vaxtı anamdan, nənəmdən bu ailə haqqında indiyədək yaddaşımdan silinməyən bəzi əhvalatlar eşitmişəm. Bəzilərinin də şahidi olmuşam. Mirişlilərin həyəti ocaq idi. Həyətdə çoxlu qara daş bir də qocaman bir tut ağacı indi də gözümün önündədir. Hər gün müxtəlif yerlərdə həyətə çoxlu ziyarətçilər gələrdi. Nənəm danışırdı ki, Naxçıvanda çox içən bir kefli İsgəndər olub. Bu İsgəndər bir gün gecədən xeyli keçmiş evinə gedirmiş. Yolu Miriş ağanın qapısından keçirmiş deyə baxır ki, həyət qapısı açıqdır (o həyətin qapısı gecə-gündüz açıq olardı) və həyətdə də xeyli xəlçə yuyub sərirlər. Kefli İsgəndər düşünür ki, hamı yatıb, onu heç kim görməz. Odur ki, həyətə girir, iki yaxşı xəlçəni büküb çiyninə alır ki, aparsın. Gəlib həyət qapısına çatanda baxır ki, qapıda iki qara ilan baş-başa durub ona tərəf fısıldayırlar. İsgəndər ilanların qorxusundan tez qayıdıb xalçaları yerinə qoyur. Necə olursa, evin xanımı bu zaman yuxudan oyanır və əri Miriş ağanı oyadıb deyir:
– Dur, həyətdə yad adam var. Miriş ağa heç nə olmamış kimi yenidən gözünü yumur və arvadına deyir:
– Qorxma, heç nə apara bilməyəcək! İsgəndər əliboş həyətdən çıxım deyəndə baxır ki, ilan-zad yoxdur. Fikirləşir ki, yəqin məni qara basıb. Dübarə geriyə qayıdıb xalçaları götürüb çıxmaq istəyəndə baxır ki, ilanlar baş-başa verib dururlar. Elə oradaca xalçaları atıb qaçır. Sonralar bu əhvalatı özü də hamıya danışarmış.
* * *
Təxminən 1960-1961-ci illərdə Miriş ağanın həyəti söküntüyə düşür. Həyətin yerində yeni nə isə tikiləcəkmiş. Söküntüyə hansı briqada başlayırsa, bədbəxt bir hadisə olur, iş getmir. Axırda Belorusiyadan bir adam gətirdilər. O da yenicə işə başlayır ki, vətənindən xəbər gəlir ki, bəs ev-eşiyin yanıb arvad-uşağın isə xəstəxanadadır. O da tələsik başını götürüb qaçır. Evlər yarısökülmüş vəziyyətdə otuz ilə yaxın qaldı. Nə söküldü nə tikildi. Sərhədlər açılanda İrandan xeyli adamlar gəlib-gedirdi. Gəlnlərdən bir imkanlı şəxs məsləhət görüb deyir ki, bura ocaqdır burada başqa heç nə tikilməyəcək. Odur ki, burada bu yerdə məscid tikilsə, daha yaxşı olar. İllər uzunu uçuq-sökük vəziyyətdən qalan evlərin yerində çox böyük sürətlə məscid tikildi.
UŞAQ FOLKLORU
UŞAQ OXŞAMALARI
Azərbaycan mili folklorunun böyük bir qismini də nənələrimizin bizə söylədiyi oxşamalar təşkil edir. Nənələrin nəvələr üçün söylədikləri bu oxşamalarda onların bütün istək və arzuları əks olunur. Nənə nəvəsi üçün uzun ömür, can sağlığı xoş gələcək arzulayır. Məsələn, bir oxşamada deyilir:
Ay tanrı, bunun payını ver,
Oxunu gizlət, yayını ver.
Olannarınkın saxla,
Olmayannarın payını ver!
Tarı, bunu haqda saxla,
Gülünü budaqda saxla,
Havaya bulud gələndə
Al qanadının altda saxla!
Ay Allah, bundan beş dənə ver,
Göydə olan quşdara ver,
Həsrətin çəkmişlərə ver,
Qarıyıb qocalmışlara ver!
Başqa bir oxşamada isə nənə nəvəsi üçün Kərbəlanı, Məkkəni arzulayır.
Balam hayandan gəlib,
Yol salıb damdan gəlib.
İçib şahın şərbətin
On iki imamdan gəlib.
İmam köməyi olsun,
Kərbəla yolu olsun.
Kərbəla gedər atası,
Gətirər xurma xırdası.
Yesin balamın anası,
Əmsin körpə balası.
Və yaxud bir başqasında deyilir:
Atam-tutam mən səni,
Şəkərə qatam mən səni.
Atası evə gələndə
Qabağa tutam mən səni.
Başına dönüm döndərim,
Səni bazara göndərim.
Sən bazardan gəlincə
Özümü daşa döndərim.
Astanalar torpağı,
Quru ağaclar yarpağı.
Kim balamı sevməsə,
Gözünə bıçaq saplağı.
Balam yaraşıqlıdır,
Qəndə bulaşıqlıdır.
Ay qara, milçək,
Balamdan əl çək.
Oğlandı oxdu,
Hər evdə yoxdu.
Qızdı qızıldı
Min tümən azdı.
Qızım Çini Maçində,
Əyrisi var qıçında.
Qızıma elçi gələcək
Açılan ayın içində.
Maşın gəlir qırmızı,
İçində əmim qızı.
Salam verdim almadı
Qaş-qabağın salladı.
Maşın gəlir dalbadal,
Ay ana, mənə arvad al!
Qız olsun arvad olsun,
Məməsi qarpız olsun!
Maskiviçim yaşıldı,
Nə xod gedən maşındır.
Məni bu dərdə salan
Sənin çatma qaşındır.
Çiskin yağış yağırdı,
Bir qız məni çağırdı.
Əl atdım məməsinə
“Ana” – deyə bağırdı.
Ay ana, mənə dastana,
Mən gedirəm bostana.
Qorxuram yağış yağa
Şal tumanım isdana.
Balamın çit arxalığı var,
İtdər tutar xalığı var.
Balam qəşəngdir, qonşular,
Evlənəcəkdir, qonşular!
Çapan çalsın əlləri,
Yorulmasın qolları.
Yorulsa da, yorulsun,
Qonşuların əlləri.
Nənəsi qurban harasına?
Qaşlarının arasına,
Gözlərinin qarasına,
Əllərinin xınasına.
Nənə oğul nəvəsinin dilindən deyir:
Qazlara bax, qazlara!
Dən verərəm qazlara.
Qazlar dəni yeyincə
Sataşaram qızlara.
Səni verənə qurban olum,
Könül verənə qurban olum.
Mən elə bildim qız verəcək,
Oğul verənə qurban olum.
Sarımsağım soğanım,
Yad qızından olanım.
Atava qurban olum
Anan olsun qurbanım.
Başına dönüm baş alan,
Uşaqlara yoldaş olan.
Əyilib yerdən daş alan.
Başına dönüm, başmaqçı,
Balama başmaq tikginən.
Başmağın pulun verməsə,
Tut nənəsini öpginən.
Nənələrin ən istəmədikləri və qorxduqları şey, şübhəsiz ki, nəvəsinin xəstələnməsidir. Bu zaman ilk ağıllarına gələn şey göz dəyməsi olur. Odur ki, uşağa ya üzərlik, ya da pambıq salarlar. Üzərliyi ovuclarında uşağın başına dolandırıb deyərlər:
Üzərliksən havasan,
Sən hər dərdə davasan!
Müşkül işim düşübdür,
Xəta bala savasan.
Sonra üzərliyi yandırıb tüstüsünü uşağa verərlər. Pambıq salanda isə pambığı uşağın hər tərəfinə sürtüb deyərlər ki:
Gözüynən görənin gözü,
Könlünnən keçirənin gözü.
Sonra həftənin bütün günlərini sayıb bu günlərdə uşağı görən qohum qonşu və hətta ev əhinin də adını bir-bir çəkib həmin pambığı odda yandırarlar. Pambığın külünü barmağın ucunda uşağın alnının ortasına bir xal qoyar ikinci dəfə isə həmin küllə uşağın boynunun ardını ovub deyərlər:
Yerdən qurbağa çıxdı
Yaman gözə yara çıxdı.
Çox zaman bununla hər şey sovuşub gedər:
Bəzən də uşağın boğazı gəlir. Bu zmaan körpənin boğazını nənəsi sığallaya-sığallaya deyir:
Səhər gəlmisən, səhər get,
Axşam gəlmisən axşam get,
Havaxt gəlmisən o vaxt get!
Hartıl hurtul, su iç qurtul –
deyərək uşağı qorxudurlar ki, xəstəlik geri qayıtsın!
Dostları ilə paylaş: |