İlk başdan demək lazımdır ki, bəzi bölgələrdə, məsələn Şamaxıda, ayrıca heyvan pirləri olsa da, Masallıda belə bir ocağa və ya pirə rast gəlmədik. Buna baxmayaraq, heyvanların sağalması üçün də pirlərə müraciət edildiyinin şahidi olduq. Təsərrüfatı daha çox əkinçilik, tərəvəzçilik, qismən çayçılıq və üzümçülük olan Masallı bölgəsinin bəzi kəndləri qoyunçuluq, heyvandarlıqla da məşğul olur. Ən azından kənd yerində hər kəs həyətində, şəxsi təsərrüfatında müəyyən miqdarda qoyun, mal-qara, at saxlayır ki, bu sovet dövründən başlayaraq yardımçı təsərrüfat mahiyyəti daşıyır. Kənd əhalisi heyvanları xəstələndikdə ilk öncə onu özləri sağaltmağa çalışırlar və ya baytara müraciət edirlər. Ancaq dava-dərmanla sağalmayan bəzi heyvan xəstəlikləri ocaqlara boyun olunan nəzirlərlə, ocaqdan götürülən torpaq parçasının suya qatılaraq içirilməsi yolu ilə müalicə edilməyə çalışılır. Həm də baytarlığın inkişaf etmədiyi XX əsrin 20-30-cu illərinə qədər xəstə heyvanları ocaqlardan götürülmüş torpaqla, daşla, su və s. ilə müalicə etmək geniş yayılmışdı. Bununla bağlı bir başqa üsul da heyvanlardan birini pirə, ocağa nəzir deməklə qalanlarını xəstəlikdən qorumaq məqsədi güdülürdü. Belə nəzirləri çox vaxt kəsərək ətinin bir hissəsini ocağa, bir hissəsini də kasıblara, yoxsullara paylayırdılar.
Təbii ki, kənd adamları ocaq, türbə və pirlərə sadəcə, heyvanlarını sağaltmaq, dərdlərinə dəva axtarmaq üçün deyil, heyvanların başqa problemləri ilə bağlı da müraciət edirdilər. Kənd yerlərində balası qalmayan, tez-tez ölən heyvanların doğulacaq balasını hər hansı bir ocağa və ya seyidə nəzir deməklə gələcəkdə doğacaq heyvanların sağ qalmasına inanardılar. Yuxarıda haqqında geniş şəkildə danışdığımız Qızılağaclı ağır seyid Mir Həsən Ağaya deyilən nəzir nəticəsində doğan heyvanın balaları doğrudan da ölmür, sağ qalır (25, 107-108).
Ocaq və pirlərə, əsasən, dabağ olmuş, yeriyə bilməyən, qarnı şişmiş, burselyoz olmuş, qarnından yaralar çıxan, dərisi yara tökən, bir sözlə, xəstə heyvanları aparırlar ki, şəfa tapsın və ya bu xəstəlik qalan heyvanlara da keçməsin. Xalqın nəzərində ocaq və pirlər, sadəcə, insanların deyil, həm də qoyunların, mal-qaranın, atların sığınacaq yeri, xəstəlikdən qurtulma yeridir. Söyləyicilərdən alınan məlumatlara görə, indi heyvanları ocaq və pirlərə aparmaq kimi praktika azalıb, bunun yerinə xəstə heyvanları baytarlara aparmaq daha geniş şəkil alıb. Ancaq hələ də bəzi ucqar yerlərdə xəstə heyvanların sağalması üçün ocaqlara müraciət olunduğuna rast gəlmək mümkündür.
NƏTİCƏ
Azərbaycan folklorşünaslığında siyasi-ideoloji səbəblərdən az araşdırılmış və bəzən də subyektiv yanaşmanın nəticəsində diqqətdən kənarda qalmış bir mövzuya həsr edilmiş bu monoqrafiyada ilk dəfə olaraq Cənub bölgəsi rayonlarından biri olan Masallıdan toplanmış inanc yerləri ilə bağlı ocaq və pirlər, kəramət motivləri, ocaqların türkəçarəlik funksiyası kimi mövzular araşdırıldı. Bu bölgədə yerləşən və əsasən, imam övladı sayılan seyidlərin, müəyyən təriqətə mənsub şeyxlərin ocaqları, türbələri, pirləri və onlarla bağlı danışılan mənqəbələrin semantikası, həmçinin bu müqəddəs yerlərin funksiyası da toplama materiallarına əsasən öyrənildi. Tədqiqat işindən çıxan iki böyük nəticədən biri ocaq və pirlərin inanc əsaslarını, funksiyasını, semantikasını tədqiq etmək, onların təşəkkül və inkişaf dinamikasını, tarixi-mədəni özəlliklərini, coğrafi areallarını daha dərindən və ətraflı öyrənməyin perspektivlərini açmaqdır. İkincisi isə bu işlə bütövlükdə inanc folklorunun gələcəkdə araşdırılma istiqamətlərinin əsaslı prinsipləri qoyulmuş oldu.
Ocaq və pirlərlə bağlı materialların tədqiqinin zəngin inanc mədəniyyətimizi öyrənməkdə, bilməkdə və mənəvi dünyamızı formalaşdırmaqda rolu olduqca böyükdür. O baxımdan monoqrafiyada Cənub bölgəsində, konkret olaraq Masallı rayonunda yaşayan insanların gündəlik həyat hadisələrindən başlayaraq, dini işlərinin qurulmasına və təşkilinə qədər ocaq və pirlərin rolunun, funksiyasının nə qədər önəmli olduğu aşkarlandı. İşin semantik-funksional özəlliyində dinlərarası dialoqun vacibliyi məsələsi dolayı yolla da olsa, vurğulanmışdır. Beləliklə, bu tədqiqatdan konkret olaraq aşağıdakı nəticələrə gəlindi:
1. İlk olaraq tədqiqat işində qarşıya qoyulan iki məqsədə nail olundu ki, bunlardan biri ocaq və pirlərin semantikasını, ritual bağlılığını, atalar kultu və şamanlıqla əlaqəsini öyrənmək idi. İkincisi, ocaq, türbə və pirlərin sosial həyatdakı funksiyasını, oynadığı rolu araşdırmaq idi ki, bu da monoqrafiyanın araşdırma sahəsini daha da genişlətmiş oldu.
2. Atalar kultunun yaranması, onun xalq sufizmi adı altında ortaya çıxan təriqətlərlə və cərəyanlarla İslam dininin yayılmasında və qəbul olunmasında rolu tədqiq edildi. Atalar kultu ilə şamanlığın sonradan övliya kultuna transformasiya edilməsi araşdırıldı və bunun başlıca səbəbi inanc sisteminin çox gec dəyişdiyinə bağlandı. Tədqiqat işində övliya kultu, onun Cənub zonası üçün spesifikləşmiş variantı olan seyidlik qurumu daha çox diqqətdə saxlanılmaqla araşdırıldı və nəticədə övliya, həmçinin seyidlik kultunun yaranmasında atalar kultunun rolu, şamanlığın inanc əsasları xüsusi tədqiqat obyekti oldu.
Özəlliklə atalar kultu qədim türklərin bütün rituallarının, adətlərinin, dini işlərinin çıxış nöqtəsi kimi cəmiyyətin hörmətli, müqəddəs insanlarını da qəbul edərək, onlara xüsusi yanaşma formasını şəkilləndirir. Monoqrafiyada bunlar da nəzərdən keçirildi.
3. Atalar kultuna aid əski məzar yerlərinin, ziyarət yerlərinin inancla əlaqəli keyfiyyətləri türklərin İslam dinini qəbul etmələrindən sonra övliya və seyid məzarlarına aid edildi. Ocaq və pirlərin xalq arasında nüfuzunu qaldırmaq, imam övladı olan seyidlərin Allaha (cc) yaxınlığını göstərmək üçün söylənən mətnlərin, onların müqəddəsliyini daha da gücləndirmək məqsədi ilə yaradıldığı aydın oldu. Monoqrafiyada kəramət, möcüzə anlayışları da xüsusi olaraq araşdırıldı, xalq arasında adekvat anlayışlar kimi işlədilən bu terminlərin bir-birindən fərqli və bənzər cəhətləri göstərildi. Həmçinin tarixi-müqayisəli təhlillə dinin rəsmi tərəfindən çox xalq variantının güclü olduğu qeyd edildi.
4. Ocaqların, pirlərin kəramətlərindən bəhs edən mənqəbə janrı haqqında geniş məlumat verildi, bu janrın semantik-funksional özəllikləri (haqqında bu günə qədər az yazılmasına baxmayaraq) tədqiq edildi, bu janrın dini əfsanə və rəvayətlərlə fərqli və bənzər tərəfləri üzərində duruldu. Mənqəbə bir folklor janrı kimi dini əfsanələrdən, dini rəvayətlərdən özünün konkret olaraq kəramətlərdən bəhs etməsi, yalnız dini məzmunlu olması ilə fərqlənir. Həm də onlarla eyni semantik məzmunu paylaşır. Mənqəbələrin bəhs etdiyi kəramətlərin qaynaqları daha əski şaman kəramətlərinə qədər uzansa da, o bir İslami hadisədir.
5. Kəramətlərin qaynağı atalar kultuna aid miflərə, şamanlar haqqında söylənən əfsanə mətnlərinə qədər gedib çıxır. Ancaq imam övladı seyidlərin, təriqət mənsubu şeyxlərin və dərvişlərin kəramətlərinin bütün türk İslam dünyasında bənzərlik göstərməsinin əsl səbəbi onların köklərinin təsəvvüfə dayanması, İslamiyyətdən öncəki milli inanclardan qidalanmasıdır. Ona görə də tədqiqatda müştərək motivlərə də müraciət edildi, Masallı bölgəsi seyidlərinin ortaq motivlərinin tarixi-müqayisəli təhlili aparıldı.
6. Uzun illər həm çar Rusiyası, həm də Sovetlər İttifaqı zamanında araşdırmadan kənarda qalan ocaq, türbə və pirlərin funksiyası ilk dəfə olaraq toplanan folklor materiallarına əsasən təyin və təsbit edildi. Toplama materialları müqəddəs ziyarət yerlərinin mənəvi və tarixi dəyərini, həmçinin türkəçarəlikdəki rolunu aşkarladı. Həm kommunist rejimi zamanında, həm də müstəqillikdən sonra rəsmi dini qurumlar müqəddəs yerlərə ziyarəti, orada yatan şəxslərdən mədəd ummağı, niyaz edib nəzir vermələri qadağan etmişlər. Ən yaxşı halda bunu təqdir etməsə də, Azərbaycan xalqı, xüsusən də Masallı bölgəsinin camaatı bütün zamanlarda ocaq və pirlərə müraciət etmişdir. Bu müraciətin və ziyarətin başında niyyət tutmaq, həm özünə, həm ailəsinə, həm də heyvanlarına şəfa diləmək, bolluq və bərəkət istəmək gəlir.
7. Ocaq və pirlərin ən başlıca funksiyası təbii ki, insanlara, xüsusən də inananlara mənəvi rahatlıq, könül rahatlığı verməsi, bunun üçün tutulan niyyətlərin, edilən niyazların yerinə yetirilməsindəki roludur. Əsasən, müxtəlif niyyətlərlə ziyarət edilən ocaqlar, türbələr ümumi statistikaya görə çoxluq təşkil edir. Bu da zamanla müqəddəs yerlərin funksiyasının konkretlikdən ümumiləşməyə doğru dəyişməsi ilə bağlıdır. Ona görə də daha qədimlərdə boğaz ağrısı, dil qüsurları, ayaq açma, yerimə problemləri, cild xəstəlikləri ilə bir növü ixtisaslaşmış ocaq və pirlər vardı ki, bu gün onlara rast gəlmək mümkün deyildir. Həmçinin 50-60 il bundan qabaq heyvanların sağalması üçün ocaqlara boyun olunan nəzirlər də bu gün praktikadan çıxmışdır.
8. Müsəlman türk dünyasında uşaq ailənin möhkəmliyi, nəslin davamı kimi qiymətləndirilir. İlk olaraq ocaq və pirlərə ailə qurmaq üçün, qismət açmaq məqsədi ilə gedilir. Bu isə əslində uşaq istəmənin ilk mərhələsidir. Ocaq və pirlərin funksiyası arasında ən geniş yayılanı təbii ki, hər hansı bir niyyət üçün gedilənlərdirsə, ikincisi, qismət açmaqla bərabər övladı olmayan qadınların müqəddəs yerləri ziyarət etmələri, oraya nəzir vermələridir.
9. Həm qismət açmaqda, həm də uşaq istəməkdə ağac, ağaclara bağlanan əski parçası, yaylıq, ip, oyuncaq beşik, içilən su və s. önəmli rol oynayır. Əsli şamanlıq dövrünə qədər gedib çıxan ağaca əski parçası bağlamaq, ağacın canlı təsəvvür edilməsi ilə bağlıdır. Qədim türklərin inancına görə ağac, uşaq ruhlarının toplandığı yerdir, həm də ağac qədim təsəvvürlərə görə doğan anaya bənzədilir. Ona görə də ağaca əski parçası bağlamaqla uşağı olmayan analar özlərini həm ona bənzədir, həm də ondan uşaq ruhu istəyirlər. Qismət açmaq və ya uşaq istəmək üçün ocaqlardakı müqəddəs sayılan sudan içmək inancı da şamanlıqdan qalma olub, dəyişmədən günümüzə qədər gəlib çıxmışdır. Bundan başqa ocaqlarda olan daşlar, qızılgül də həm qismət açmada, həm də uşaq istəmədə rastlanan praktikalar arasındadır.
10. Ocaq və pirlər əsasən, ruhi xəstələrin, psixoloji narahatlığı olanların bir növü sığınacaq yeri, sağalma ümididir. Qədimdən başlayaraq bugünə qədər insanlar müqəddəs yerlərin şəfavericilik xüsusiyyətinə inanmış, oranı Tanrı tərəfindən qorunan müqəddəs məkan kimi başa düşmüşlər. Ruhi xəstələrin Tanrıya yaxın məkanda olması, onların sağalmasının ilk şərti kimi başa düşülmüşdür. Masallı seyidlərinin ocaqları, türbələri də bu tip xəstələrin ən çox müraciət etdikləri yerlərdir.
Dostları ilə paylaş: |