Ocaqların diləklə, istəklə və müalicə ilə bağlı funksiyası
Pir və ocaqları ilə zəngin olan Masallı bölgəsində insanlar bir çox niyyətlərinin həyata keçməsi üçün mənəvi dəstək kimi bu müqəddəs yerlərə üz tuturlar. Bu, sadəcə, adət deyil, sadəcə, inanc da deyil, bütövlükdə insanların mənəvi-əxlaqi, dini-dünyəvi aləmlərinin tələbatıdır. Ziyarətə gedənlərin demək olar ki, hamısı ocaq və pirlərdə huzur və rahatlıq tapdıqlarını, niyyətlərinin qəbul olduğunu söyləməkdədirlər. Bu isə insanın təbiətində var olan psixoloji rahatlanma, içdən inanma, səmimiyyətlə bağlanmanın nəticəsidir. Bu başılıca funksiya ilə bərabər bölgədə aparılan araşdırmalardan da göründüyü kimi, insanların böyük əksəriyyəti ocaq və pirlərə əsasən, iki məqsədlə gedirlər:
1. Hər hansı bir istəyin baş tutması üçün niyyət edərək
2. Şəfa tapmaq üçün
Burada şəfa tapmaq üçün gedilən ziyarət yerlərinin xəstəliklərə görə fərqlilik göstərmədiyini də qeyd etmək lazımdır. Bu, müəyyən mənada ocaqların diferensiallaşmamış funksiyasından xəbər verir. Sorğu zamanı demək olar ki, ziyarət yerlərindən çoxunun qarışıq funksiyaya xidmət etdiyini gördük. Məsələn, bu ocağa ən çox kimlər gəlir, bu ocaqda hansı niyyətlər baş tutur, hansı xəstələr müraciət edirlər sualına, hər cür niyyətə gəlirlər, kimi qismət açmaq, kimi uşaq istəmək, kimi xəstəsinin sağalması üçün bu ocağa niyyət edir, cavablarını aldıq. Bu da ocaq və pirlərdən çoxunun universal funksiya və rolundan xəbər verir.
Ocaqlara və pirlərə fiziki və mənəvi ehtiyacdan doğan ziyarətin məqsədi hər hansı bir iş üçün öncə xeyir niyyətlə, ocaqda yatana hörmət göstərməklə gedilməsidir. Ziyarətə gedən şəxsin niyyəti nə olursa olsun, bu iş xeyirli olmalı və ədəbdən kənara çıxmamalıdır. Əks-təqdirdə niyyətin qəbul olmayacağı qəti olduğu kimi, bunun zərərinin niyyət tutana dəyəcəyi də məlumdur. Təbii ki, xeyirli niyyətin baş tutması üçün ocağa və pirə, seyidə və imam övladlarına, müqəddəs yerlərə qeydsiz-şərtsiz inanmaq lazımdır. El arasında buna sidq-ürəklə bağlanmaq deyilir ki, mənası Allahın (cc) sonsuz qüdrətinə sığınmaq, ziyarət edilən şəxsin üzü suyu hörmətinə istək və arzuların yerinə yetirilməsinə çalışmaqdır. Ona görə də bütün ziyarət yerlərində ilk öncə diləklərin qəbul olması üçün dualar edilir. Doğrudur, İslam dininə görə ən böyük ziyarət yeri Kəbə hesab edilirsə də, xalqın düşüncəsində, yaşamında önəmli rol oynayan müqəddəs insanların məzar və türbələri də ziyarət yeri baxımından böyük məna kəsb edir. Hətta insanlar onlara yaxın olan bu ziyarət yerlərinə getməyi daha vacib sayırlar. Bu ziyarət yerləri sadəcə olaraq ocaqlar, türbələr, məzarlardan ibarət deyildir. Ziyarət yerlərinin bir qismi İslamiyyətdən əvvəlki inanclarla bağlı olub təpə, ağac, quyu, mağara, məscid və ya bir çay ola bilir. Ona görə də ocaq və ya türbə dedikdə həm İslami anlayış, həm də şamanist dünyagörüşün sintezi nəzərdə tutulur.
Bir önəmli məsələ də ocaq və pirlərin daha çox cümə günləri ziyarət edilməsidir. Bu, bütün müsəlman türk dünyasında belədir. Hər halda cümənın müsəlmanlarda müqəddəs gün sayılması, o günü Allahın rəhmətinin bol olması, toplu namaz qılmanın da o gün gerçəkləşməsi, məzarların da cümə günü ziyarət edilməsi cümənin müqəddəsliyinin dəlilləridir. Bu, xalqın cümə günündə kəsilən qurbanların, niyyətlərin, diləklərin daha tez qəbul olacağına inamı ilə bağlıdır.
Təbii ki, funksiyası və rolu baxımından bu müqəddəs ocaqlar hər nə qədər müxtəliflik göstərsələr də, daha çox uşaq istəmək, xəstələrə şəfa diləmək, qismət açmaq, yaxşı işə və ya vəzifəyə düzəlmək və daha çox sadəcə ziyarət etmək üçün gedilir. Buna baxmayaraq pir, türbə və ocaqları ziyarət edilmə məqsədinə görə bir neçə qrupa bölmək mümkündür. Bu qruplar təbii ki, şərti xarakter daşıyır. Çünki yalnız hər hansı bir xəstəlik üçün gedilən çox az sayda ocaq və pir vardır. Sadəcə, bir və ya bir neçə xəstəliyi sağaltmaq funksiyası olan ocaq və pirlərə rast gəlmədik. Bunun əsas səbəbi xalq arasında ocaqların müqəddəs sayılmasına görə Allahın verdiyi bütün dərdlərə şəfa yeri olmasına inanmaqla bağlıdır.
Azərbaycanda ocaq və pirlərin funksiyası, özəlliklə də sağalmaq məqsədi və müxtəlif niyyət tutularaq gedilən müqəddəs yerlər haqqında elmi bir çalışma olmadığından bu mövzuda bəzi çətinliklərlə qarşılaşdıq. Təbii ki, pirlər haqqında tarixi, etnoqrafik və qismən də təriqət baxımından məlumat verən Məşədixanım Nemətin kitabında da bu barədə heç bir şey yazılmamışdır (29). Doğrudur, son zamanlarda bu sahəyə diqqət artmış və bəzi pirlərlə bağlı mətnlər yazıya alınıb çap edilmişdir. Ancaq, görünür, müəlliflər folklorla bağlı elmi ədəbiyyata yeni girmiş mənqəbə janrından xəbərdar olmadığı üçün bu mətnlər əfsanə adı altında verilmişdir (35).
Beləliklə, ocaq və pirlər haqqında mənqəbə mətnləri ilə bərabər onların sağaltma, müalicə ilə bağlı funksiyasından ilk dəfə söz açıldığından, bölgü Azərbaycanın bütün bölgələrini əhatə etməklə birlikdə, əsasən, Masallı bölgəsi imam övladlarının ziyarət yerləri üçün xarakterik olub o bölgədən toplanan materiallara əsasən tərtib edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ziyarətlərin funksiyası baxımından aparılan bölgü müqəddəs yerlərin fəaliyyəti nəzərə alınmaqla aparılmışdır. Ümumən, az da olsa, ocaq və pirlərin funksiyasına toxunan ateist ruhlu ədəbiyyatda isə daha çox ideoloji dünyagörüş və tənqidi fikir hakim olduğundan, pirlərin müalicə funksiyası ilə bağlı yazılanlar yalnız ifşaedici mahiyyət daşımışdır (99; 79; 80; 105; 26; 88; 6).
Niyyət üçün gedilən ocaqlar, pirlər, türbələr
Ocaq və ya pirlərə getmək, bu müqəddəs məkanları ziyarət etmək müəyyən bir tələbatla bağlıdır. Bu tələbat ilk növbədə mənəvi rahatlıq, mənəvi istəkdən doğur. Ocaqlara, türbələrə, təkkələrə, pirlərə getməyin həqiqi səbəbləri içində insanların niyyət və niyazları gəlir. Niyyət çox yönlü olduğu kimi ziyarətin uzunluq və qısalığı da, qurban kəsib-kəsməmə də, niyaz da ona görə müəyyənləşdirilir. Azərbaycanda İslam dininin yayıldığı ilk illərdən ocaqlar və pirlər də yaranmağa başladı. Ancaq XVI əsrdən geniş yayılmağa başlayan şiəlik məzhəbi ocaq kultunun semantikasında dəyişiklik yaratdı. Artıq ocaqlar və pirlər imam övladlarının adları ilə bağlanmağa başladı. Bunlar həm dini, həm də strateji mərkəzlər idi. Eyni zamanda da ocaqlar xalq müalicəsinin həyata keçirildiyi əsas yerlər idi.
Ocaqlar və pirlər daha öncələr bir çox sosial və stratejik funksiyası ilə bərabər, həm də spesifik xəstəlikləri müalicə edən yerlər kimi də tanınırdı. Ancaq Azərbaycanın üçdə birinin Rusiya tərəfindən ilhaq edildiyi son iki yüz il müddətində ocaqlara, pirlərə qarşı aparılan mübarizə onların bir çox sosial funksiyasını arxa plana keçirdiyi kimi, xəstəlikləri sağaltma baxımından ixtisaslaşmasının da qarşısını almışdır. Ona görə də Masallı bölgəsində olan ocaq və pirlərin çoxu hər hansı bir niyyət üçün gedilən müqəddəs məkanlar halına gəlmişdir. Araşdırma zamanı filan dərdə və ya filan istəyə çarə üçün hansı ocağa gedək və ya hansı ocağa müraciət edilir sualına soruşulanlar cavab verməkdə çətinlik çəkdilər. Onlar yalnız el arasında ağır ocaq kimi bilinənləri nişan verməklə kifayətləndilər. Konkret olaraq bu və ya digər xəstəliyi sağaldan ocaq olmadığı və ya çox az olduğu aydınlaşdı.
Ocağa və ya türbələrə, pirlərə və ya məzarlara ziyarət üçün gedənlərin çoxunun müəyyən məqsədi vardır. Buna baxmayaraq ocaq və pirlərə bəlli bir istək üçün gedildiyi kimi, hər hansı bir istək olmadan da müraciət edildiyi görülür. Buna el arasında mənəvi borc da deyilir. Məsələn, Masallıda məşhur olan Seyid Mir Tağı ocağına hər hansı niyyət üçün gəlindiyini Mir Tağının övladları və ocağa müraciət edənlər də təsdiqlədilər. Bir önəmli məsələ də ocaq və türbələrdə olan suyun, torpağın, ağacın, gülün, daşın, bir sözlə, hər şeyin müqəddəs qəbul edilməsidir. Xalq arasında kimyə adlanan bu torpaqlardan ziyarətçilər alınlarına və ya bədənlərinin müxtəlif yerlərinə, daha çox ağrıyan yerlərinə sürtürlər. Hətta bu kimyələrdən boğaz ağrısından tutmuş, qarın ağrısına, göz ağrısına qədər çeşidli xəstəliklərin sağaldılmasında istifadə edildiyi bilinir. Bundan başqa, ocaq və ya türbədə olan sudan uşağı olmayan qadınlara içirməklə onların uşaqlarının olacağına da inanılır.
Masallı bölgəsinin Ərkivan qəsəbəsində olan Şeyx Səfiəddin Ərdəbilinin adı ilə bağlı Şah Səfi bulağının (el arasında ona Qaynar bulaq da deyilir) suyundan içənlərin hər hansı bir dərdə şəfa tapdığına inanılır. Söyləyici bu barədə aşağıdakıları dedi:
“Qapağı açıllar, suya niyyət eliyirsən, niyyətin qəbul olacaqsa, su qaynayır. Elə bunun möcüzəsi də odur ki, bu su nə quruyur, nə də azalır. İlboyu su sakitcə axıb gedir” (112) şəklində məlumat verdi və əlavə etdi ki, bura o qədər müqəddəs yerdir ki, buraya natəmiz adam gələndə ilanlar ona hücum eləyirlər, qoymurlar suya yaxınlaşsın. Şah Səfi bulağının konkret hansı dərdə dərman olduğuna söyləyici cavab verməkdə çətinlik çəkdi. Elə niyyət eliyənlər, xəstə olanlar gəlir, deməklə kifayətləndi.
Xalq arasında belə bir inam da vardır ki, niyyət tutanlar ocaqdan və ya türbədən müəyyən bir şeylər – bu daş, ocağın yanında bitən ağacın budağı və ən çox da yaylıq olur, götürüb evlərinə aparırlar. Götürülən daş parçası, ağac budağı, gül təbii ki, geri qaytarılmır, əksinə, müqəddəs şey kimi evdə bir yerə qoyulur. Ancaq yaylıq əksər halda geri qaytarılmaq üçün götürülür. Həm daş, həm ağacın budağı, həm də yaylıq bir məqsədə niyyətin qəbul olunmasına xidmət edir.
Niyyətlər isə çoxçeşidlidir. Uşaq istəmək, qismətin açılması, yaxşı işə düzəlmək, universitetə girmək, əsgərlikdən sağ-salamat qayıtmaq, Rusiyaya gedib qayıtmayanların qayıtması, xəstəliyin yaxşılaşması və s. ola bilir. Tutduqları bu niyyətlərdən hər hansı biri həyata keçərsə, yenidən ocağa və ya türbəyə ziyarətə gəlir, götürdükləri yaylığı oraya qaytarırlar. Təbii ki, niyyətləri baş tutduğu üçün insanlar nəinki götürdüklərini qaytarır, hədiyyələr gətirir, hətta müqəddəs yerdə qurban da kəsirlər. Kəsilən qurbanlıq heyvanın ətini ocaqda bişirib ziyarətə gələnlərə paylayanlar olduğu kimi, əti bişirmədən kasıblara, ehtiyacı olanlara paylayanlar da vardır. Bundan başqa ocaqların çoxunda gələnlərin nəzir verib, verməməsindən asılı olmayaraq onlara çay içirilir, yemək yedirilir. Məsələn, Mir Heydər Ağa, Mir Tağı Ağa ocaqlarında bunu müşahidə etmək mümkündür.
Hər hansı bir niyyət üçün gedilən ocaqlardan Mir Heydər Ağanın, Mir Əlican Ağanın, Mir Tağı Ağanın, Mürsəl Ocağının, İmamzadə pirinin, Mir Həsən Ağanın adlarını çəkmək olar. Xırmandalı kəndində olan Kəblə Tağı ocağı da spesifik bir niyyət və ya xəstəlik üçün gedilən ziyarət yeri olmaqdan daha çox hər hansı bir niyyət üçün müraciət edilən ocaqdır. Adətən, ocağa niyyət edənlər əgər xəstəliklərinin sağalmasını istəyirlərsə, oradan kimyə (suya qarışdırılmış sarıtəhər rəngli torpaq) götürürlər. İşlərinin düzəlməsini istəyənlər isə nəzir boyun olurlar. Bir maraqlı cəhət də Kəblə Tağı ocağına boyun olunan nəzirin daha şox məhərrəmlik günü verilməsidir. Daha doğrusu, ziyarətə gələnlər niyyətləri baş tutarsa, aşura günündə gəzdirilən tuğa (ələm) nəzir bağlayacaqlarını vəd edirlər. Məhərrəmlikdə Kəblə Tağı ocağına hər hansı işin yaxşı olmasını arzu edənlər, ümumən niyyət edənlər də nəzir verirlər.
Niyyətlə bağlı bir önəmli ziyarət yeri də Qara Seyidin türbəsidir. Masallının Yeyənkəndində Qara Seyid adlanan Mir Əziz Ağanın məzarının üstündə həm türbə, həm də kiçik məscid vəzifəsini icra edən bir yer var. Onun haqqında söylənən kəramətlərlə bərabər, qədim türklərdə olduğu kimi müqəddəs sayılan ağaca baş tükü və parça bağlamaq adətinə burda da rast gəldik. Qeyd edək ki, ağaca baş tükü bağlamaq kimi bir praktikaya Masallının digər yerlərində rast gəlmədik.
“Qara Seyidin sadəcə burda məzarı var, amma Yiyənkənddəki evini o vaxtı söküblər, yerində də məçid tikiblər. Onun həyətində yekə ağac var ha, camaat başının tükünnən bağlıyır ora. Əsgi-zad da bağlıyıllar, niyət eliyillər. Xəstələr gəlib bura, bilirsüz necə şəfa tapıllar? Niyyət eliyillər, bağlıyıllar ora. Evladı olmıyannar gəley bıra, uzağ səfərə gedənnər gəley bıra, ailə qurmağa niyyət eliyənnər var. Qızılacan, xal-xalçadan belə gətirillər bıra, pul, ehsan, nə desön qoyullar onun türbəsinin içinə” (127).
El arasında Fatma nənə təndiri adlanan yer də niyyət üçün nəzərdə tutulan sakral məkandır. Xalq niyyət edərək Fatma nənə təndirinə daş parçaları yapışdırır. Niyyət baş tutacaqsa, daş daşdan olan təndirə yapışır, tutmayacaqsa nə qədər çalışılsa da, yapışmır.
Dostları ilə paylaş: |