Ocaqların başlıca funksiyalarından biri də insanların xəstəliklərinə dərman yeri olmasıdır. Həkimdən, dərmandan dərdinə əlac tapa bilməyənlər, ümidləri hər yerdən kəsilənlər ən sonda ocaqlara, türbələrə müraciət etməli olurlar. Bəzən də insanlar elə ilk başdan, həkimə müraciət etmədən ocaqlara və ya pirlərə gedirlər. Bunlar daha çox kənd yerlərində yaşayan, ocaqların müqəddəsliyinə heç bir şübhə yeri qoymadan inanan ailələrdir ki, qədimdən qalma ənənəni yaşatmağa davam edirlər. El arasında ocaqların sağalmaz dərdlərə də əlac olduğuna inanılır. Sağalmaq istəyənlər hər şeydən öncə getdikləri ocağa, türbəyə, pirə qeydsiz-şərtsiz inanmalıdırlar. Bunu ocaq sahibləri də deyirlər. Əslində bu ocaq sahibləri olan imam övladlarının kəramətləridir. Belə imam övladlarından Mir Həsən Ağanı, Mir Cəfər Ağanı, Mir Heydər Ağanı, Mir Tağı Ağanı, Qərib Seyidi, Seyid Sadiqi və b. göstərmək mümkündür. Hətta seyidlərin günümüzün sağalmaz dərdlərindən olan xərçəngi, qaraciyər serrozunu, iflic olanları sağaltdığı haqqında çoxlu əhvalatlar söylənilir. Məsələn, məşhur Seyid Sadiq Ağa haqqında xərçəng xəstəliyini sağaltdığı deyilir.
“Masallıda biri vardı, gedib Bakıda deyiblər rakdı. Başqa yerlərdə də deyiblər həmin xəstəliyi. Bı dedi, məndə da uje ay söbəti qalıb da. Nəzir boyun aldı ağanın cəddinə. Onun qardaşdarı Germaniyada idi, sora da çıxıb getdi ora. Müalicə-zad olunmadı. Hardasa bir 15 gün keçmişdi üstünnən, bı həmin adam gəldi. Həkimlər demişdi səndə belə bi şey yoxdu. Onda ağa rəhmətə getmişdi uje. Hə, gəldi qəbir üstə. Möcuzəlidi, kim nə boyun alır, hamısı qabıl olur. O adam da nəzirini verdi” (25, 132).
Söyləyici də Seyid Sadiqin məzarının bütün dərdlərə şəfa yeri olduğunu bildirdi. Təkcə Seyid Sadiq Ağanın türbəsi deyil, yaşadığı ev də ziyarət edilir və ocaq kimi bütün Masallıda məşhurdur.
Sığdaş kəndində məşhur olan Mürsəl ocağı bir su quyusundan ibarətdir. Söyləyicinin verdiyi məlumata görə:
“Birinci imamımız Həzrət Əli Əleyhisalam burdan keçəndə o quyu onnan qalıb. O gələndə baxır ki, bu yerdə içməli su yoxdur. O, öz Zülfüqar qılıncıynan, burda daş olub, daşa vurub, oranı götürüblər yeddi metrə qazıblar, dupduru içməli su çıxıb. Yay, qış orda həmən su var. Yayda suyu biz gəlib burdan aparırığ. Bu quyunun yaxınnığında qazılanların hamsınnan şor su çıxır, təkcə burdan içməli su çıxır. Yay, qış burda su olur. Ona görə bura Həzrət Əli quyusudu. Həzrət Əlinin yüz bir dənə adı olub. Mürsəl də elə Həzrət Əlidi” (115).
Mürsəl ocağına da hər dərdə çarə arayanlar gəlirlər. Burada müalicə üsulu çox sadə olub, yalnız quyudan çıxan suyu içməklədir. Belə universal funksiyası olan ocaq və pirlər konkret bir və ya bir neçə dərdə şəfa verən ocaq və pirlərə nisbətən daha çoxdur.
Mir Əlican Ağayla oğlu Mir Rəsul Ağaya da hər dərd üçün müraciət edildiyini Mir Rəsul Ağanın oğlundan öyrəndik:
“Ağamın yanına hər dərdə görə gəlirdilər. Bi dəfə qonşu kətdən bi kişi gəlmişdi, onun qolu çürüyürdü. Həkimlər çarə edə bilmirdilər. Ağam ona əl çəkməknən onun qolunun çürüməsi dayanmışdı, hələ də var o adam, sap-sağlam adamdı” (121).
İmam övladlarının bir çoxu onları çağıran, xatırlayan adamlara da kömək edirlər. Baxmayaraq ki, bu adamlar ocaqlardan çox uzaqda olurlar, hətta bir çoxu yardım istədiyi seyidi tanımadığını, sadəcə onun adını eşitdiyini söylədi. Bəziləri də onu ilk dəfə yuxuda görür, onunla yuxuda təmas qururlar.
“Çox vaxt yuxugörməyə səbəb adamı, xüsusən çox məşğul edən hadisələr olur. Adam mühüm bir xəbər gözləyir və bu, onun fikrini özünə cəlb edir. O, yuxuya getdikdə həmən hadisə ilə əlaqədar olaraq oyaq qalan nahiyələrdən başqa beyin yarımkürələri qabığı tormozlanır. Odur ki, adam yuxuda həsrətlə gözlədiyi xəbəri aldığını görür. Səhər yuxudan duranda, nəhayət, teleqram alır. Belə hadisələr haqqında mövhumatçı adamlar deyirlər: “Yuxum çin çıxdı”. Əslində isə bu yuxudur” (37, 220-221). Hər halda ocaqlı adamların yuxuda birinə kömək etməsi bu materialist dünyagörüşlə izah edilə bilməz. Burada əsas məsələ imam övladı seyidin kəramətidir. Kəramətlərin yuxu vasitəsi ilə həyata keçirilməsi nağıl və dastanlarımızda da geniş yayılmışdır. Xüsusən, məhəbbət dastanlarında yuxuda qəhrəmana buta verilməsi, onun öz sevgilisinin adını, yerini yuxuda öyrənməsi, hətta qəhrəmana aşıqlığın da yuxuda buta kimi verilməsi (36, 65, 68-69, 76) bir daha yuxu elementinin qədim zamanlardan üzü bəri inamla bağlı olduğunu göstərir. Qiyabi şəkildə, yuxuda şəfa vermək, hətta ölümdən qurtarmaq kimi fövqəladə hadisələr ocaq və pirlərin, imam övladlarının ən böyük özəlliklərindən biridir. Bununla bağlı bir əhvalat əslən Yardımlı rayonunun məşhur Pirembel seydlərindən olub Masallı bölgəsinin Şıxlar kəndində məskunlaşan Mir Əlican Ağa haqqında da söylənir.
“Maskvada, bir qadının qardaşı öz övladınnan avariya düşüblər. Belə olub ki, bı qadın xəstəxananın həyətinə hər gün gəlirmiş, deyirmişdər ki, vəziyyəti ağırdı, öləcək. Ölməsə də bunu tutacaxlar, günahkar budu. Qadın deer ki, Allah dərgahına əlimi qaldırdım ki, İlahi, özün kömək ol. Deer, başımı belə tutmuşdum, yorğunnuxdan yuxu məni apardı. Yuxu tutanda bacımı gördüm dedi:
– Mir Əlican Ağanın cəddini çağır, o köməy olar.
Deer başımı belə qaldırdım, səs eşitdim. Gördüm ki, nurani bi adam başımın üstündə durub.
Dedi ki:
– Qızım, noolub?
Başımı qaldırdım dedim:
– Ağa, sənsən?
Maskvada, xəstəxanada həyətdə gördüm onu. Deeb dərdüü bilirəm. Allahı çağır, cəddimizi çağır. Hər şey yaxşı olar, narahat olma. Allaha iman gətir, yəni namaz qıl söbəti olub. Deer təkrar gözümü belə yumdum, dedim:
– Ay ağa, nə desən eliyərəm.
Başımı qaldırdım gördüm ağa yoxdu.
Üstünnən bir yarım saat keçdi, oturmuşuğ də hamımız. Birdən həkim gəldi, qaçdım qabağına, dedi ki, qardaşın özünə gəlir. Belə oldu ki, iki günnən sora ekspertizanın rəyi çıxdı və rəydə də çıxdı ki, həqiqətən günahkar başqa maşın imiş. Olar da alkaqol vəziyyətində olublarmış sən demə. Ordan deer mən bacıma zəng elədim ki, bəs belə də, o seyidi tanıyırsan? Bacım dedi, mən sənə nə deyim, bilmirəm valla, amma eşitmişəm, hardasa var Masallıda. Nəisə olar gəlib babamı tapdılar, qurban kəsdilər” (25, 165-166).
Xırmandalıda Kərbalayı Tağı ocağı el arasında maralların gəlib sağıldığı bir ocağ kimi tanınır. Maral sağan dərvişlərın kəramətləri haqqında Anadoluda da çoxlu mənqəbələr vardır. Hətta əslən Azərbaycandan olan məşhur ələvi dərvişlərindən birinin adı Geyikli (maral) Babadır. Maralların gəlib sağıldığı Xırmandalı ocağı bir çox dərdə dərmandır. Sağalmaq üçün gedənlər ocağdan götürdükləri kimyədən (su ilə qarışdırılmış torpaqdan hazırlanan palçıq) alınlarına və ya ağrıyan yerlərinə sürtürlər. Niyyət edənlər də ocağa nəzir qoyurlar (118). Söyləyicilərin də çoxunun dediyi kimi, Kərbəlayı Tağı ocağı hər dərdə dərmandır.
Bəzi ocaqların və ya pirlərin ya funksiyası unudulmuş, ya da xalq arasında sadəcə ümumi şəfa yeri kimi formalaşmışdır. Əslində daha qədimlərdə istər Masallıda, istərsə də digər bölgələrdəki ocaqların bir çoxu özəl funksiyaları ilə seçilirdi. Zamanla bu pirlərin funksiyaları özəldən ümumiyə doğru inkişaf etmişdir. Bunlardan biri də Mahmudavar kəndindəki Baba Seyid Ağa ocağıdır.
“Xəstəliklə bağlı hər hansı bir arzu-dilək tutub gəlib Baba Seyid Ağaya yalvarırdılar ki, ya Allah, sən Baba Seyid Ağanın xətrinə, bizim filan işimizi həyata keçird. Yəni arzularımızı ver. Olur ki, kimsə xəstələnirsə gəlir burda çarə tapmaq üçün yalvarır. Məzarın yanındakı kimyədən götürür, kimyə də çarədir, sağalmaq üçün gələn sağalır da” (117).
Kimyə sürtmək adəti Masallı bölgəsi ocaq və pirləri üçün xarakterikdir. Bir məsələ də kimyənin daha çox bütün dərdlərə çarə olmasıdır.
“Qara Seyidin qəbrinin içinnən əl atıb kimyə götürrüy ordan, hazırrıyırüy, gələn onnan alnına sürtür. Hər dərdə dərmandı” (127). Burada mühüm olan inamdır ki, bu da özünü ocaqlarda olan suda, torpaqda, ağacda, daşda və s.-də göstərir.
Şəfa tapmaq üçün müraciət edənlərin xəstəliyə görə ocağın bütün qaydalarına əməl etmələri ilə bərabər bir də ürəkdən dua etmələri şərtdir. Nə xəstəliyi olursa olsun, ilk öncə insan sağlamlığı Allahdan (cc), sonra da ocaq sahibinin cəddindən istəməlidir. Ona görə də ağaca bez, ip bağlamaq, ağrıyan yerə ocaqdakı kimyədən sürtmək, gecəni ocaqda keçirmək sadəcə işin yarısıdır, yarısından çoxu Allaha yalvarma, Allahdan istəmədir. Bunu ocaq və pirlərə müraciət edənlərin hamısı bilir. Xalq ocaqdan, pirdən istəsə də, əslində onların vasitəçi olduğunu yaxşı bilir.
Dostları ilə paylaş: |