Çıldır-Axısqa bölgəsinin tarixi haqqında
Xalqların köçləri haqqında qaynaqlar yetərincə deyil. Buna görə də hətta peşəkar tarixçilər belə bu mövzudan bəhs edərkən çox ehtiyatlı davranırlar. Çünki qaynaqlar az olduğunda araşdırıcılar ehtimallara dayanırlar. Buna görə də bölgənin tarixindən söz açarkən türklərlə bağlı yazılı qayaqlar olan dövrə qısa bir nəzər salacağıq.
Bölgəyə türklərin miladdan öncəmi, yoxsa sonramı yerləşdikləri məsələsində tarixçilər arasında fikir ayrılığı var. Gürcü tarixçiləri Sultan Alparslanın 1068-ci ildə Ardahan, Oltu, Tortum, Peneki tutduğunu, səlcuqların 1080-ci illərdə Acaraya qədər bütün bölgəyə sahibləndiklərini yazırlar. Gürcü çarı İkinci David səlcuqların basqınının qarşısını almaq üçün Azov dənizi ilə Qafqaz dağları arasında yaşayan xristian inanclı qıpçaqların xanı ilə danışıq aparıb 45 min çadırlı bir toplumu 1118-1120-ci illərdə Çoruh ilə Kür çayı arasına köçürülməsinə nail olur. O həm də Gürcüstana köçən qıpçaq bəyi Atrakın qızı ilə evlənməklə ailə bağlarını möhkəmləndirmiş olur. Beləcə Kartlini səlcuqlardan qorumaq üçün qıpçaq türklərdən bir sipər yarada bilir. (Berdzeneşvili N. , Canaşia S. , 2000:142).
Gürcü çarı Dördüncü Davidin (1073 – 24 Ocak 1125) ölkəsini qorumaq üçün gətirdiyi xristian qıpçaqlar sonradan güclənərək Atabəylik yaradır və bölgəni müstəqil idarə etməyə çalışırlar. Onlar öncə bölgədəki az sayıda səlcuqluları 1125-ci ildə qovurlar. Gürcü çarı Üçüncü Gorgi zamanında (1156-1184) da 20-30 min qıpçaq Gürcistana gətirilir. Qıpçaqlar gürcü çarlarının dəvətilə gəlmələrinə baxmayaraq bölgədə güc sahibinə çevrildikdən sonra onları gətirənlərə qarşı da çıxırlar. Sonrakı yüzilliklərdə qıpçaqların xahişi ilə Əmir Teymur bir neçə dəfə Gürcüstana yürüş etməli olur.
Bölgənin tarixinin, folklorunun, etnoqrafiyasının öyrənilməsi və təbliğində böyük xidmətləri olan Prof. Dr. Asif Hacılı yazır: “Türk-islam nüfuzunun Axısqada, ümumən cənubi-qərbi Qafqazda əhəmiyyətini belə bir fakt da təsdiq edir: həmin dövrlərə aid gürcü mənbələrində indiki Gürcüstan ərazisi “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) adlı iki hissəyə bölünür! Əsas mərkəzi Axısqa-Axılkələk və Borçalı olan “Didi Türkoba”nın hərbi-siyasi qüdrəti 13-cü yüzildə elə güclənir ki, İlxanlılar dövründə, yəni 1267-ci ildə türklər Axısqanın Gürcüstandan asılılığına son qoyur və paytaxtı Posof yaxınlığında Caksu qəsəbəsi olan Samshida qıpçaq bəyliyi yaratdıqlarını elan edirlər... Samshi bəyliyi müəyyən dövrlərdə zəifləsə də 1578-ci ildə Osmanlı fəthinə qədər faktiki müstəqilliyini və türklüyünü saxlayıb, Axısqa bəyliyi, gürcü mənbələrində isə Saatabaqo, Samshi Saatabaqo (Atabəylər yurdu, Samshi Atabəyliyi) kimi tanınıbdır (Hacılı 2014:5).
Qaraqoyunlular, Ağqoyunlular, xüsusən də Səfəvilər sülalələrinin qurduqları dövlətlərlə öyündüyümüz halda, “bu dövlətləri bizim babalarımız qurmuşdur” deyə qürurlanmamışıq.
Dostları ilə paylaş: |