15 dekabr 2014-cü il
KÖVRƏKLİK VƏ ÖTKƏMLİK
(Şair Xanəli Kərimliyə təbrik məktubu)
Əziz Xanəli müəllim! Əvvəlcə onu deyim ki, bu məktubda “siz” müraciət formasını bir qırağa qoyub “sən” müraciət formasını seçmək istəyirəm. İstəyirəm belə müraciət forması rəsmiyyətçiliyi aradan götürsün və “quru” deyim tərzinin aradan götürülməsi fikrin daha sərbəst şəkildə çatdırılmasına kömək eləsin. Rəsmiyyətçilikdən, “quru” deyim tərzindən qaçmağın ən böyük “baiskar”ı sənin öz yazılarındır. Bəli, sən yazılarında düz danışmaq istəyirsən, gördüklərini, duyduqlarını oxucuya boyasız-riyasız çatdırmağa, özündən söhbət açarkən boğazdan yuxarı sözlərdən uzaq olmağa çalışırsan. Təbii ki, özündən söhbət açmaq yer üzünün bütün başqa şairləri kimi sənin də halal haqqındır. Bütün başqa şairlər kimi sən də dünya barədə sözünü özün barədə söhbət açmaqla deməlisən, yaratdığın avtoportret dünyanın müxtəlif cizgilərini göstərməyin bir vasitəsi olmalıdır. Deməli, şairin şairdən fərqi əslində sözlə öz şəklini çəkib-çəkməməkdə yox, bu şəkli necə çəkməkdə ortaya çıxmalıdır. Sən öz portretini dünyanın adi adamlarından birinin portreti kimi yaradırsan və oxucu qəlbinə yolu məhz bu nöqtədə tapa bilirsən. “Anamdan məktub” kitabına yazdığın “Ön söz”də özün barədə belə deyirsən: “Orta təhsil illərimdə bir dəfə də olsun abırlı dərs oxumadım... Hamı kitabxanaya gedər, qucaq-qucaq kitab alardı. Mənimsə “ən böyük arzum” bu kənd kitabxanasını yandırmaq idi”. Özün barədə bu cür yarıciddi-yarızarafat bir ahəngdə danışmaqla oxucunu özünə yaxınlaşdırırsan və o, sənin şeirlərini yaxın adamın yazıları kimi oxumağa başlayır. “Ön söz”də özünə yad adam gözüylə baxmağı bacaran müəllifi oxucu şeirlərdə də axtarır və tapır:
Vaxta qızıl dedi aqil babalar,
Mən vaxtı misdən də ucuz tutmuşam.
Gərəksiz daş kimi qoyub sapanda
Nə istək dalınca gəldi – atmışam.
Əlbəttə, sən heç də hər yerdə özündən narazı adam kimi danışmırsan. Yaxşı bilirsən ki, dünya qarnıtox, gözüac qurdlarla doludur və bu qurdlarla Məcnun dilində danışmaq olmaz:
Hara aş göndərdim, ordan daş gəldi,
Hara can göndərdim, kəsik baş gəldi.
Əl açdım dərgaha, əlim boş gəldi,
Məndən nə gözləsin məndən betərlər?
Atılan daşlardan, kəsilən başlardan sən artıq cavabdeh adam kimi danışmalı olursan, “səndən betər” gündə olanların dadına çata bilməmək səni bambaşqa bir ahəngdə dindirir:
Laylası tufanla çalınan kəslər
Buyruq qulu kimi yaşaya bilmir.
Saxta ucalığı, ucuz şöhrəti
Minnətli yük kimi daşıya bilmir.
Bu, sənin acgöz qurdlar arasından gələn səsindir. Səsini qaldırıb qurdların qabağını almaq, ucuz şöhrət müqabilində səni buyruq quluna döndərmək fikrində olanları yerində oturtmaq istəyirsən. Və bu məqamda “laylası tufanla çalınmış” deyib özünü öyməyin başqa yazılarında özünü tənbeh eləməyinlə ziddiyyət yaratmır, əksinə, həmin cəhətlər bir-birini tamamlayır. Sənin şeirlərində utancaqlıqla döyüşkənlik iki qardaş kimi qoşa addımlayır. Həm utancaqlıq, həm də döyüşkənlik şair olmaq məsuliyyətindən irəli gəlir. Yazdığın nəğmənin “vətən adıyla dünyanı dolaşmaması” səni utandırırsa, vətənin mənəvi mülkünün alqı-satqı bazarına çıxarılması səni təbdən-hövsələdən çıxarır.
Fikrimi davam etdirmək üçün sənin sevgi şeirlərindən də nümunələr gətirmək istəyirəm:
Gözümdolusu da görməyim deyə,
Özüm bilə-bilə qaçmışam səndən.
Çiçəklər uzaqdan gözəl görünür,
Səni çiçək kimi sevmişəm gendən.
Yaxud başqa nümunə:
Sevgisiz kədərim, kədərsiz sevgim
Suya həsrət qalan çiçək kimidir.
Küləklər ağzında daşa çırpılan
Budaqdan üzülən ləçək kimidir.
Ayrı-ayrı şeirlərindən götürdüyüm bu misralar küləyin divan tutduğu zərif çiçəklərin sevgi tarixçəsinə həsr olunub. Maraqlıdır ki, zərif çiçəklərə divan tutan küləyin, qollu-budaqlı, köklü-köməcli ağacları yerindən oynadan tufanın sevgi tarixçəsini də sən eyni yanğıyla qələmə ala bilirsən:
Sənin sifətini görməyim deyə
Baş alıb bu evdən çıxıb gedərdim.
Dişim-dırnağımla çatdığım odu
Bir göz qırpımında yıxıb gedərdim.
Gedərdim ürəksiz daşlara tərəf,
Onlarla dil tapıb ülfət qurardım.
Bu qalan beş günlük ömür-günümü
Əhmədi-Biqəmtək başa vurardım.
Bu sevgi küləyin, tufanın, yaxud bir az əvvəl qeyd etdiyim kimi, “laylası tufanla çalınmış” adamın sevgisidir. Bu sevgini çiçək sevgisi ilə yan-yana qoyub sənin şair təbiətinin bir-birini tamamlayan iki səciyyəvi cəhətini – kövrəklik və ötkəmliyi təzədən bir yerdə görürəm.
Əziz Xanəli müəllim! Bilirəm ki, ucuz təriflə aran yoxdur və “Bu da bir nağıldı” kitabına yazdığın “Ön söz”də şairlərin bayağı təriflənməsini toylardakı bəy təriflərinə bənzətmisən. Fikrinə tərəfdar çıxıram və ucuz tərifə yol vermədən 55 yaşın münasibətilə səni bağrıma basıb arzulayıram ki, şeirlərində gördüyüm utancaqlıq və döyüşkənlik, kövrəklik və ötkəmlik bundan sonra da bir yerdə olsun, qoşa addımlasın, duyğuların bu cür əlvanlığı sənə, bizə yeni-yeni misralar bəxş eləsin!
23 dekabr 2006-cı il
Dostları ilə paylaş: |