Bekketə salam natiq Məmmədli Bakı 2017 Redaktor: Fuad Babayev Korrektor: Təvəkkül Dadaşov Səhifələnmə və dizayn: Elviz İsmayilov Annotasiya



Yüklə 2.08 Kb.

səhifə1/7
tarix13.04.2017
ölçüsü2.08 Kb.
  1   2   3   4   5   6   7

BEKKETƏ 
SALAM
Natiq Məmmədli
Bakı - 2017

Redaktor: Fuad Babayev
Korrektor: Təvəkkül Dadaşov
Səhifələnmə və dizayn: Elviz İsmayilov

Annotasiya
Natiq  Məmmədlinin  “Bekketə  salam”  toplusunda  yer 
almış on hekayəsi son illərin qələm məhsuludur. Müəlli-
fin sayca üçüncü kitabındakı hekayələr həyata müxtəlif 
baxış bucaqlarından işıq salır, fərqli adamlar və oxşar 
talelər əsərlərin ana xəttini təşkil edir.

4
BIZƏ ÜRƏK GÖNDƏRIN
-Ata,  uşaqlar  ölmürlər  axı!  Bəs  onda  kim  qocalar? 
Düz demirəm, ata?
- Düz deyirsən canım-gözüm, düppədüz. Bu, hardan 
ağlına gəlib? Heç atan qoyarmı sən öləsən. Eh, bilirsən 
nə boyda böyüyəcəksən, məndən də qəlbi kişi olacaq-
san.
- Lap babamdan da qəlbi olacam?
- Hə, lap babanı da keçəcəksən. Sən bizim hamımız-
dan, hamımızdan hündür olacaqsan. Sözlərimi yadından 
çıxarma, böyüyəndə görəcəksən ki, düz deyirdim.
- Ağrılarım da olmayacaq, eləmi?
- Ağrın mənə gəlsin, sənin nəyin var ki? Bekara döz, 
hər şey yoluna düşəcək. Yadından çıxıb Təbriz doxdur-
ları nə dedilər?
- Dedilər, Allah kərimdi.
- Yox, ondan əvvəl.
- Dedilər Əli kürəyinizdə dursun. 
- Canım-gözüm onları axırda dedilər. Əvvəl dedilər 
ki, maşallah, qırğı kimi oğlansan, nəsə böyrəklərin sözə 
baxmır,  onları  da  ipə-sapa  yatırdarıq.  Niyə  yadından 
çıxıb ki?
- Ata, Təbriz  doxdurları  Bakı  doxdurlarından  ağıllı 
olur?
- Doxdurların ağıllısı, ağılsızı olmur, canım-gözüm, 
insaflısı,  insafsızı  olur.  Belə  şeyləri  böyüyəndə  özün 
ayırd eləyərsən. Nəyinə lazımdı başını ağrıdırsan? Neçə 

5
dəfə  demişəm  böyüklər  kimi  düşünmə.  Yat,  gözlərini 
yum, ağıllım mənim.
- Gözümü yumanda sol tərəfim göynəyir axı. Qorxu-
ram böyrəyim yerə düşər.
- Ay səni, mənim pələng balam, qorxma mən yanın-
dayam. Qoymaram böyrəyin düşsün.
- Ata, deyirsən uşaqlar ölmürlər, hə?
- Ölmürlər, qurban olum, ölmürlər. Çıxart bu fikirləri 
başından!
Gecənin yarısından xeyli keçmişə qədər Elxan oğlu-
nu dilə tutdu. Uşağın fikrini dağıtmaq, yuxuya vermək 
üçün əlaqəsiz-rabitəsiz çox şeylərdən söz açdı. Əvvəllər 
yatmamışdan qabaq ona ancaq nağıllar danışardı. İşdə 
vaxt tapan kimi müxtəlif nağıl kitablarından mütləq nəsə 
əzbərləyər, axşamlar da bir az üstünə qoyub nəql edərdi. 
Maşallah, uşağın da hafizəsinə söz ola bilməzdi. Bir na-
ğılı uzağı iki dəfə danışa bilərdin, sonra ağzını açan kimi 
“bunu eşitmişəm, təzəsini istəyirəm”, -deyərdi. Atasının 
nağıllarına  nənəsinin  şirin  qoğallarından,  babasının  az 
qala hər gün aldığı alabəzək konfetlərdən daha çox bənd 
olmuşdu. Zalım xəstəlik beş yaşlı ürəyində yuva qura-
na qədər onun uşaq dünyası atasının rəngli nağıllarının 
saldığı doğma naxışlardan ibarət idi. İlk dəfə sancıları 
başlayanda əvvəlcə içində nələrin baş verdiyini anlama-
dı. Ağrının  dadını  təzə-təzə  dadanda  özünü  uşaq  kimi 
yox, atasının nağıllarındakı qəhrəmanlar sayaq aparmaq 
istəyirdi. Ancaq balaca, təzə-tər böyrəyinin sızıltısı güc-

6
ləndikcə uşaq beyni çox da müqavimət göstərə bilmədi. 
Əvvəlcə küt, sonra sərt, daha sərt ağrıları bədənin bütün 
nahiyələrinə paylayaraq balaca sahibini vaxtsız çağırıl-
mış  qonaqdan  xəbərdar  elədi.  Bu,  artıq  nağıl  deyildi. 
Yuxularını ərşə çəkən, rahat beşiyində körpə vücudunu 
ilan kimi qıvrıldan ağrılar nağıla heç oxşamırdı. Həkim-
lərin günlərlə davam edən müayinələri, analizləri, kon-
sultasiyaları qurtarmaq bilmirdi. Axırda o dəhşətli gün 
yetişdi: nağılların bitdiyi, ümidini kəsdiyi, hər şeyin heç 
nə olduğu gün. Lənət olaydı o günə… Göydən daş ya-
ğaydı həmin gün… Cavab sərt və amansız oldu: şiş var. 
Anası  inanmamışdı...  Nənəsi  eşidən  kimi  bayılmış-
dı… Babası infarktın bir-iki addımlığında dayanmışdı… 
Atası… göydən üç alma salan, Cırtdanı işıqgələn tərəfə 
aparıb  divdən  ağıllı  çıxaran  nağılların  müəllifisə  eləcə 
susub qalmışdı. Şiş var… Xərçəngin sarmaşıq kolu onun 
beş yaşlı yavrusunun güldən, çiçəkdən təmiz bədəninə 
necə yol tapa bilmişdi? Necə yox, daha doğrusu, niyə 
yol  tapmışdı?  Gücü  yalnız  bircə  kəlməyə  yetdi  “ağrın 
mənə gəlsin, canım-gözüm”. Ondan sonra hansı nağılı 
danışır-danışsın, axırda göydən düşən almaların əvəzinə 
bu kəlməni pıçıldayırdı:”ağrın mənə gəlsin”.
…Dan yerinin ağarmasına azca qalmış uşaq gözləri-
ni nəhayət ki, yuma bildi. Bu, dərin yuxuya getməkdən 
daha çox mürgüləməyə oxşayırdı. Saata baxdı. Yeni gün 
başlamaqdaydı. Hardasa oxumuşdu ki, xərçəng xəstələ-
rinin bir gözü həmişə saatda olur. Görünür, sakitləşdirici 

7
iynədən sonra gələn həyat eşqi ilə ağrıların başlayacağı 
zaman arasında çırpınan o qısa vaxt məsafəsini ölçmək 
üçün. Uşağı xəstələnəndən Elxanın bütün gecələri bir-bi-
rinə oxşayırdı. Yuxusuz gecələrdən adlayıb səhərləri diri 
baxışlarla açan qızarmış, altı tulumlanmış gözlərə yalnız 
və yalnız bir şey – iynənin ucu boyda ümid lazım idi. O 
sızqa ümidin yolunda varından olardı, canından keçər-
di…  Bir  az  dayanıb  ağır-ağır  nəfəs  alan  gələcəyinin 
əzablardan  sarsılsa  da,  körpə  məsumluğunu  itirməmiş 
çöhrəsinə  baxdı.  Heç  insafdırmı  ciyərinin  bir  parçası 
gözlərinin  qabağında  saralıb-sola,  sayılı  günlərin  için-
də əriyib yox ola, sən də əlini-qolunu sallayıb baxasan. 
Bunları  düşündükcə  kəlmə  kəsmir,  eləcə  göynəyirdi. 
Evlərinə dava-dərman ayaq açandan onların sızıntısı adi 
hala çevrilmişdi. Ciyər paralarının yanında bacardıqca 
özlərini tox tutmağa çalışsalar da, bütün səhərləri ağla-
ya-ağlaya açılır, bütün gecələri ağlaya-ağlaya yola ve-
rilirdi. Kim bilir bəlkə Günəş də bu evin pəncərəsindən 
boylananda doluxsunurdu. 
Dəhlizə çıxanda burnuna atasının qəlyanının tanış iyi 
toxundu.  O  da  səhərləri  diri  gözlü  açmağa  vərdiş  elə-
mişdi. 
-    Sən  niyə  yatmırsan?  –  soruşdu.  Sual  heç  yerinə 
düşmürdü və cavabını da eşitməyə ehtiyac yox idi. Ümi-
di üzülmüş ata-balanın diz-dizə, göz-gözə dərdləşməsi 
üçün isə həmişə belə yerinə düşməyən suallar körpü sa-
lardı. 

8
-  Sənin  uşaq  çağların  yadıma  düşüb.  Hamısı  gözü-
mün qabağındadı; birinci dəfə dil açıb “ata” deməyin, 
əlimdən yapışıb birinci addımını atmağın, birinci sinfə 
getməyin… Bütün “birincilik”lərin yadımdadı.
-  Mən  də  oğlumun  “birincilik”lərini  görmək  istə-
yirəm, ata…
- Görəcəksən, inşallah! Ümid axırda ölür. Yox, heç 
axırda da ölməyəcək…
- Məndən soruşur ki, “ata, uşaqlar ölmürlər axı …”
- Düz deyir, uşaqlar öləndə dünyanın axırı çatar. Onun 
kəpənək boyda ürəyindən keçənlərə bax. Bilirsən, mən 
ömrüm boyu çalışmışam ki, sənin uşaqlığın mənimkin-
dən yaxşı olsun. Heç nəyi üzünə vurmamışam, xətrinə 
dəyməmişəm. Bilirsən nəyə görə? Hər dəfə xatırlayan-
da əzab çəkdiyim yarımçıq uşaqlığımın heyfini səndən 
almışam. İstəmişəm ki, sən məndən yaxşı uşaq olasan. 
Bax sənin balan da səndən yaxşı uşaq olmalıydı …
- Ata, bilməzdim uşaqlığın ağır keçib? Bəs sən həmişə 
maraqlı əhvalatlar danışırdın; dağlarda at çapmağından, 
yemlik,  qanqal  yığmağından…  Dədənin  qoşalüləsini 
götürüb təkbaşına ayı ovuna getməyini demirəm… elə 
istəyirdim ki, sənin kimi uşaq olam.
- Sən də inanırdın. Onların hamısı mənim uydurdu-
ğum nağıllar idi. O vaxt bəzəkli nağıl kitabları yox idi 
sənin kimi əzbərləyim. Beş yaşından yetim qalan uşağın 
ayı ovunda nə iti azmışdı? O mənim sənə arzuladığım 
uşaqlıq idi. Səni elə görmək istəyirdim, ona görə…

9
- Amma bir dəfə xətrimə dəymişdin. Yadımdadı, cəmi 
bircə dəfə qışqırmışdın üstümə…
- Nə vaxt olub o? Neyləmişdin ki?
- Məktəbimi dəyişdiyin gün yadındadı? Beşinci sinfə 
gedəsiydim,  qoymadın.  Zorla  tay-tuşumdan  ayırıb  rus 
məktəbinə göndərdin. 
-  Niyəsini  hələ  bu  günə  kimi  aydınlaşdıra  bilmə-
misən?
- Açığını desəm, yox. Amma o vaxt dostlarımdan ay-
rılmağıma yaman sarsılmışdım. 
- İndi hardadı o dostların, heç xəbərin varmı?
- Yəqin hərəsi öz həyatını yaşayır...
- Elə bilirdim zaman keçdikcə bir vaxt mürəkkəb san-
dığın şeylərin sadədən sadə cavabını özün tapacaqsan. 
Görünür, yanılmışam. Səni ona görə zorla rus məktəbinə 
düzəltdim ki, heç olmasa babat təhsil alasan. Sentyabrın 
ortasından sizin məktəbin qapısına qıfıl asıb ta dekabra-
can pambıq yığdırırdılar, orada dərs öyrənmək olardımı? 
Mən səni qul yox, insan kimi böyütmək istəyirdim. İstə-
mirdim ki, yekəlib Bakıya gedəndə səndən əskik kişilər 
arxanca “çuşka” desinlər. Əsas odu sən məndən yaxşı 
uşaq oldun, bundan ötrü əlimdən gələni elədim.
Ürək dağlayan inilti səsi ata-balanın söhbətini yarım-
çıq kəsdi. Elxan cəld ayağa qalxıb otağa tərəf yüyürdü. 
Elə bil uşağın içində yuva qurmuş əcaib varlıq günəşi 
görər-görməz riqqətə gəlmişdi. Dan yeri sökülər-sökül-
məz ilan dilini körpənin bütün toxumalarında gəzdirib 

10
növbəti dəhşətli günün tədarükünü görürdü. 
Baba da oğlunun arxasınca yüyürmək istəsə də, ba-
carmadı. Ayaqları qıc olduğundan pəncəsini yerə basan 
kimi müvazinətini itirib səndələdi. O, bütün gecəni otu-
rub qəlyanını tüstülədə-tüstülədə yalnız nəvəsi haqqın-
da düşünmüşdü. Dəhşətli xəbəri eşidən kimi heç kəsin 
yanında dilinə gətirməsə də, ilk başdan özünü qınamış-
dı. Bəlkə uşağa mənim yox, başqa birisinin adını qoy-
saydılar  belə  olmazdı  deyə  çox  düşünmüşdü.  Köhnə 
dost-tanışdan eşitmişdi ki, sağlığında nəvə-nəticəyə öz 
adını verməyin düşər-düşməzi vardı. Ona qalsaydı heç 
razılaşmazdı da, yalnız doğum haqqında şəhadətnamə-
sini görəndə gözlərinə inanmamışdı – Mürsəlov Tokay 
Elxan  oğlu.  “Bu  necə  olur,  indi  mən  sənin  oğlun  ol-
dum?”, -deyə, bekara nəm-nüm eləmişdi. Heç kəsin ya-
nında etiraf eləməsə də, o biri tərəfdən uşağa adının ve-
rilməsi ürəyinə yağ kimi yayılmışdı. Ayrı cür ola bilərdi-
mi heç… Adının yaşamasını, əbədi olmasını, əzizlənmə-
sini kim istəməz? Bəs kim yavrusunun adını başdaşında 
oxumaq istəyər? O, uzun ömrü boyu çox bərkdən-boş-
dan çıxmışdı… Çox zərbələr almış, çox qara qışları yola 
vermişdi… Amma indi dərdin rəngi fərqli idi; 75 yaşlı 
Tokay, 5 yaşlı Tokay. Üzücü gecələrdə vurnuxanda həm 
də özünü ona görə qınayırdı ki, bəlkə dərd gələndə ün-
vanı çaş-baş salıb, 75 yaşlı qocanın əzabını 5 yaşlı uşağa 
verib?
Təzədən  alışdırdığı  qəlyanından  dərin  bir  qullab 

11
vurub qapıya qulaq kəsildi. Uşaq sərçə balası kimi ci-
vildəyirdi.  Bir  azdan  civiltilərin  yerini  əzablı  ağrıların 
qovurduğu  iniltilər  tutacaqdı.  Yenə  göz  yaşları,  yenə 
ah-vay, Mürsəlovların ürəyini üzüb əldən salan növbə-
ti səhər belə açılacaqdı. Belə vaxtlarda baba Tokay baş 
götürüb evindən gedər, bir də qaş qaralanda ayaqlarını 
sürüyə-sürüyə  qayıdardı.  Bu  gün  isə  həmişəki  tərzini 
pozmalı  olacaqdı. Axı  bu  gün  əsas  gün  idi.  Həkimlər 
son söz deməliydilər – ya bu yanlıq olmalıdı, ya da… 
Kişi ürəyinə daman pis şeyi bacardıqca özündən kənar 
tutmağa  çalışırdı. Ya  da  nə?  Oyanlıq?! Yox,  heç  vaxt, 
oyanlıq ola bilməz. Tutalım bu dağı bəndə götürdü, bəs 
Allah necə götürəcəkdi?! 
Telefon zəngi fikirlərini yarımçıq qırdı. Yəqin Təb-
rizdəndi!  –  ilk  ağlına  gələn  bu  oldu.  Elxan  qaranəfəs 
özünü dəhlizə atanda telefon susdu.
- Kimiydi görəsən – kişi soruşdu – indi Təbrizdə saat 
neçədi ki?
- Bizdən daladılar? Yox, indi orda xoruz banlamaz. 
Yəqin kimsə səhv düşüb – oğlu dilləndi və bayaqkı kimi 
keçib atasıyla üzbəüz oturdu.
- Neyləyir?
-  Sayıqlayırdı…  Həmişə  belədi  də,  sol  böyrü  üstə 
çevrilən kimi sancısı tutur. Uşağı necə başa salasan ki, 
sol tərəfə çevrilmə.
- Ümid Təbrizə qalıb. Nəhayət Təbrizdən xoş xəbər 
eşitsəydik ürəyimiz yerinə gələrdi.

12
- Allah ağzından eşitsin, ay ata!
Təzə-təzə uşağın sancıları başlayanda ciddiyə alma-
mışdılar. Sahə həkimi orasını-burasını yoxlayıb “gül ki-
midi,  heç  nəyi  yoxdu”  demişdi.  Bu  şoqərib  sancıların 
elə alçaq xasiyyəti varıydı ki, ağ xalatlı görəndə tısbağa 
qınına çəkilən kimi yox olurdular. Ağrılar balaca vücu-
dunu təpədən-dırnağa sarmağa başlayanda üz tutduqla-
rı ilk klinikadan aldıqları cavab elə də bəd olmamışdı; 
neçə-neçə tanış-bilişə ağız açandan sonra nəhayət qəbu-
luna düşdükləri həkim heç müayinəyə də ehtiyac gör-
məmişdi:  “Niyə  özünüzə  əl  qatmısınız,  balam,  uşağın 
böyrəklərinə bekara soyuq olub, dərman yazacağam ke-
çib-gedəcək”. Bu sözləri deyən həkimin o qədər nurlu, 
alicənab görkəmi var ki, adama elə gəlirdi ən sağalmaz 
xəstəliyə tutulsan belə, dava-dərmana ehtiyac qalmazdı, 
eləcə  bu  nurlu  simaya  bax,  bir-iki  kəlmə  kəs,  yetərdi. 
Resepti yazandan sonra həkim dönə-dönə tapşırmışdı ki, 
dava-dərmanı mütləq kirxayla üzbəüz aptekdən alsınlar, 
“Bakıda hər yerindən duran bir aptek açır, onlara ürəyim 
qızmır”  -demişdi.  Günlər-günə  calanırdı…  Balaca To-
kayın sol tərəfindən qıyıq kimi batan ağrılar sir-sifətinin 
rəngini də dəyişmişdi, iştahadan kəsilən uşaq gözgörəti 
əriməkdəydi.  Sonradan  nurani  həkimi  nə  qədər  axtar-
salar da, tapa bilmədilər, köməkçilərinin əzbərlədikləri 
bir söz vardı “professor xaricə konfransa gedib, nə vaxt 
qayıdacağı bilinmir”. Sən demə gülərüz adam bizim hə-
kimlərin professoru imiş…

13
Ata əriyib gedən gələcəyini xilas eləmək üçün hər şe-
yindən keçməyə hazır idi, elə keçirdi də… Uşağın müa-
licəsi üçün pul çatmayanda evini girov qoyub kredit də 
götürmüşdü, maşınını da satlığa çıxarmışdı. İstəsələr lap 
canını da verərdi…
Yenə klinikaların yolunu yağır eləməyə başlamışdı-
lar… “Sağlam gələcək” klinikasında qara ciyərdən şü-
bhələnmişdilər. “Sağlam həyat” klinikası uşağın dalağı-
nı qaralamışdı. “Sağlam yaşa” klinikası on iki barmaq 
bağırsaqda nəsə axtarmaq istəyirdi. Balaca Tokay san-
cılarının  səngidiyi  vaxtlarda  beş  yaşlı  fəhmiylə  başına 
gələnləri götür-qoy eləməyə, qavramağa çalışırdı. Hələ 
də çox şeylər ona qəribə gəlirdi, dünya gözünün qaba-
ğında sirr yumağına dönmüşdü. Hələ bir dəfə atasından 
soruşmuşdu, doğrudanmı həkimlərin hamısı ağ xalat ge-
yinir. Atası gülümsəyərək başını tərpətmişdi. “Bəs onda 
niyə hərəsi bir cürə danışır?” Balacanın naqolay sualının 
qabağında çiyinlərini çəkib dayanmışdı. 
Nəhayət su yoluna döndərdikləri iki klinikanın “Bö-
yük ümid” və “Saf ruh” klinikalarının diaqnozları üst-
üstə düşmüşdü: “Şiş var, özü də bədindən…”
Həmin günü Elxan heç vaxt xatırlamaq istəməsə də, 
hər dəfə güzgüyə baxanda dərdin nişanələrini görməyə 
bilməzdi.  Bir  gecənin  içində  qara  şəvə  saçlarının  qa-
bağında ağ zolaq yaranmışdı. Dəhşətli xəbərin hikkəsi 
gənclik  təravətini  itirməmiş  qara  saçların  üstünə  taba-
şirlə imza atmışdı. Artıq yubanmaq vaxtı deyildi. Saa-

14
tın əqrəblərinin öz ritmi ilə irəliyə hərlənməsi getdikcə 
onların  ümidlərini  qısaldır,  səbrlərini  tükədirdi.  Uşağı 
təcili  xaricə  aparmaq  lazım  idi.  Xariclərin  ən  yaxını 
isə Təbriz idi. Bizim Təbriz… İndi xaric olan Təbriz… 
Əhdi  kəsilənlərə  qucaq  açan  Təbriz…  “İmam  Rza” 
xəstəxanasının  həkimləri  bütün  müayinələrinə  təzədən 
başladılar. Uşağın isə artıq heç nə eyninə deyildi. Bap-
balaca ömrünün, ağrıları o qədər olmuşdu ki, artıq ağ-
rıya öyrəşmişdi. Bədəni sızıldamayanda ona elə gəlirdi 
ki, nəsə salıb itirib, yalnız sol tərəfə çevrilən kimi küt 
ağrılar qovrula-qovrula boy verəndə hər şeyin yerində 
olduğunu anlayırdı. 
“Həzrət  Abbas  haqqı,  bu  uşaq  deyil,  əjdahadı” 
-uzun-uzadı  reseptlərə,  körpə  bədəninə  yeridilən  dər-
manlara baxanda gözü kəlləsinə çıxmış Təbriz həkimləri 
elə belə demişdilər. “Ağa, bu qədər dərmanları bu yeyib-
sə, vallah əjdahadı”. Onların qənaəti bir oldu – günah nə 
qaraciyərdə, nə dalaqda, nə də on iki barmaq bağırsaq-
daymış. Uşağa böyrək çatışmazlığı diaqnozunu qoydu-
lar. Qəbul etdiyi dəxlisiz preparatların təsirindən onsuz 
da çatışmayan sol böyrəyi demək olar ki, sıradan çıxmaq 
ərəfəsindəydi. Təbriz həkimləri iki aya donor tapmağı və 
təcili əməliyyata götürməyi məsləhət görmüşdülər. Bu, 
xərçəngdən xoş xəbər olsa da, heç yaxşı da deyildi. Hə-
kimlər donor işinin çətinliyini, amma mümkünsüz olma-
dığını dönə-dönə izah etmişdilər. Elxan özünün böyrə-
yini, lap ikisini birdən verərdi, amma həkimlər məsləhət 

15
bilməmişdilər.  İki  ayın  günləri  seyrəldikcə  öləziyən 
ümidi dirçəltmək yalnız Təbrizdən gələn cavabdan asılı 
qalmışdı. Mürsəlovlar bu iki ayın səksəkədə keçən gün-
lərinin hamısını telefonun yanında keşik çəkməklə yola 
verərdilər. Təki Təbrizdən gözlərimizin yaşını qurudan, 
dərdin canını alan xəbər gələydi. 
Atasının qəlyanını sümürə-sümürə gözlərini qırpma-
dan telefona zillədiyini görüb – inanma, səhər o başdan 
zəng eləsinlər, -dedi.
- Təbriz ürəyimizi üzdü, ay bala – kişi dilləndi.
- Çox qəribədi, ağlıma gəlməzdi ki, nə vaxtsa Təbrizə 
həkim yanına gedərik. 
- Elə bilirsən mənim ağlıma gələrdi, heç yuxuma da 
girməzdi. 
- Bəs nə oldu birdən-birə, Təbriz də Azərbaycan de-
yilmi?
- Kim deyir birdən-birə oldu? Kitablar yazır ki, ötən 
əsrin əvvəlində o taydan gələnlər Bakının neft mədən-
lərində fəhləlik edərmişlər. Sonra sovet hökuməti gəldi, 
aradan 70 il ötdü. İndi biz uşağımızı götürüb Təbrizə, 
həkim yanına gedirik. Bax, hər nə oldusa, həmən o yet-
miş ildə olub. 
Elxan  eləcə  başını  tərpətdi. Artıq  səhər  saat  səkkiz 
olmuşdu. Mürsəlovların bütün səksəkəli səhərləri bir-bi-
rinə oxşayırdı: ata-bala televizorda xəbərlərə baxar, iş-
tahasız, könülsüz ala-yarımçıq səhər yeməyindən dadıb 
tez də evdən çıxardılar. Telefona keşik çəkmək növbəsi 

16
anaya və nənəyə keçərdi…
Bütün  televiziyalar  səhər  xəbərlərində  eyni  şeydən 
danışırdılar -İraqdakı partlayışlar, Suriyadakı bombard-
manlar… Ölənlər arasında bir-birindən məsum, bir-bi-
rindən şirin nə qədər uşaq varıydı. Bəlkə də çoxusu To-
kay yaşdaydı. Bəlkə də bağçada, əyri-üyrü səkilərdə giz-
lənpaç oynayırmışlar… “Alma desəm gəl, armud desəm 
gəlmə…”.  Birdən  göy  üzünü  alov  bürüdü,  qırmızı  bir 
ləkə… və hər şey heç nə oldu. Elxanın gözü uşaq cəsəd-
lərinə sataşanda özündən asılı olmayaraq pıçıldadı: “gör 
nə qədər böyrək tökülüb küçələrə…” Atası onun pıçıl-
tısını  göydə  tutdu,  sadəcə  özünü  elə  göstərdi  ki,  guya 
eşitmədi. 
Əslində həmin məqamda o da eyni şeylər haqda dü-
şünürdü. Günlər uzandıqca donorun tapılacağıyla bağlı 
babanın şübhələri artırdı. Kim öz uşağının, lap elə özü-
nün  böyrəyini  başqasına  verər?  Nə  qədər  pul  verirsən 
ver, axı bu, ürək məsələsidi. Dünyanın hansısa tərəfində 
yerləşən Azərbaycan adlı ölkədə balaca Tokayın yaşa-
ması üçün balasının böyrəyindən kim keçər, kim? Bu-
nun  üçün  ürək  lazımdı!  Baba  hər  dəfə  ürək  söhbətinə 
çatanda susurdu. Daha heç nə düşünə bilmirdi. İndi uşaq 
meyitlərinə baxa-baxa onun da beynindən oğlunun pıçıl-
dadığı fikirlər boy göstərməyə başlamışdı. Doğrudan da 
küçədə nə qədər böyrək tökülüb qalmışdı. Bunu eləmək 
üçün isə artıq ürək lazım deyildi, gərək ürəksiz olaydın, 
cahil olaydın, iblis olaydın…

17
Telefon yenidən zəng çaldı. Dəstəyi götürəndə Elxa-
nın  ağarmış  sifətinin  donu  qəflətən  açıldı.  Doğma,  şi-
rin  ləhcənin  ilıqlığı  gözlərini  yaşartdı.  Bakıda  qaldı-
rılan  dəstəyin  o  biri  başında Təbriz  idi. Atası  Elxanın 
kəkələməsindən  bir  şey  anlamasa  da,  göz  yaşları  çox 
şeydən xəbər verirdi. Bəlkə, Allah eləməmiş… Kişi ni-
garan baxışlarını oğlunun üzündən çəkə bilmirdi. Düz-
dü, Elxanın çöhrəsindən təbəssümə oxşar nəsə sezilirdi, 
amma həm də ağlayırdı. Deyəsən donor tapılmışdı axı… 
- İraqdanmı tapıldı, başına dönüm? – kişi əlini hələ də 
uşaq meyitləri ilə dolu dəhşət səhnələrini göstərən tele-
vizora sarı uzatdı.
Elxanın  dili  tutulmuşdu.  Yavrusu  yatağa  düşəndən 
bircə  kəlmə  ürəkaçan  şey  eşitməmişdi.  Yaxşı  sözlərin 
hamısını yadından çıxarmışdı. Atası sualları yağdırır o, 
isə başını bulayırdı.
- Suriyadanmı tapıblar? – kişi soruşdu. 
Elxan yenə də başını buladı. Handan-hana özünə gə-
lib dilləndi:
- Hollandiyadan, -dedi və atasının hansı sualı verəcə-
yini duyaraq tez də əlavə etdi – yox ata, orada böyrəkləri 
küçəyə  tökmürlər. Təbriz  doxturu  dedi  ki, Avropadakı 
həmkarları tapıblar. Sözün açığı yaxşı başa düşmədim, 
deyəsən kiminsə uşağını maşın vurubmuş, zavallını ya-
şada  bilməyiblər.  Böyrəyi  verməyə  valideynləri  özləri 
razı olublar. Hə, deyəsən belə dedi... 
- Allaha and olsun, bunun üçün ürək lazımdı e, ürək! 

18
Gərək o avropalı həkimlərə deyəydi ki, bizə də o ürək-
dən göndərsinlər…
Elxan  atasının  sözlərinə  qulaq  asa  bilmədi.  Bala-
ca Tokayın  yatdığı  otağa  cumdu.  Kişi  qəlyanına  dərin 
qullab vurub elə hey təkrar eləyirdi: “bizə də o ürəkdən 
göndərin…”.
Avqust 2013 

19
Hamımız nə vaxtsa tutuquşu olmuşuq.
Ümid  qalmışdı  Peterburqdan  gələn  baytar  həkim 
Xişnikova. Onun diaqnozu təbiətin indiyə kimi görün-
məmiş bu qeyri-adi təzahürünün sirrini açmaqla getdik-
cə başıpozuq ulartıya çevrilən xor kapellasının əvvəlki 
ahəngdar ritmini bərpa etməli idi. Balabəyin uzun illərdi 
həyatına rəng qatan sevimli tutuquşularının birdən-birə 
naxoşlaması,  daha  doğrusu  iki  ay  bundan  qabaq Təzə 
bazardan  “cuhud”  Alikdən  aldığı  pırpız  tutuquşunun 
özünü müəmmalı aparması kişinin ovqatına soğan doğ-
ramışdı.  Bu  vaxta  kimi  gözünün  qabağından  o  qədər 
tutuquşular  gəlib  keçmişdi  ki,  hamısı  da  sözəbaxan, 
ələbaxan,  nə  versən  yeyər,  nə  desə  əzbərləyər,  dindir-
sən  dil-dil  ötər,  dindirməsən  əyri  burunlarının  altında 
özləri üçün quş dilində nəsə qırıldadardılar. Bircə “cu-
hud” Alikin pırpız quşundan savayı… Ay onu alan günə 
daş  düşəydi;  “cuhud”  Alik  saqqızını  necə  oğurladısa, 
bir  də  gördü  ki,  əlini  atıb  cibinə  pul  çıxarır.  Belə  gö-
türəndə özünün də meyli vardı: bəlkə kəkilindən xoşu 
gəlmişdi,  bəlkə  quş  özünü  şirin  satmışdı,  hər  nəydisə 
pırpız tutuquşu elə ilk baxışdan Balabəyin ürəyinə yol 
tapa bilmişdi, lap yeniyetmə uşaqların ilk məhəbbətinə 
oxşayırdı, ürəyə necə hökm edəsən axı! Balabəy bir-iki 
ağız təkrarlamaq üçün quşa söz öyrətməkdə də çətinlik 



  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə