DİLÇİLİK MƏSƏLƏLƏRİ
ABBASƏLİYEVA R.Z.
ЕMOSİONALLIQ VƏ EKSPRİSSİVLİYİN VERBAL VƏ
QEYRİ-VERBAL İFADƏ VASİTƏLƏRİ
Açar sözlər: emosionallıq, ekspressivlik, şifahi nitq, yazılı nitq, verbal, qeyri-verbal, nida
Ключевые слова: эмоциональность, экспрессивность, устный речь, письменный речь, междуметия, вербальный
Key words: emotionality, expressivity, spoken language, spoken language, interjections, verbal, non-verbal
Nitqə emosionallıq və ekspressivlik xasdır. Bu baxımdan nitqin ekspressivliyi, nitqin emosionallığı həmişə tədqiqatçıların diqqətini cəlb edir. Bununla belə, nitqdə emosionallıq və ekspressivliyin verbal və qeyri-verbal ifadə vasitələri, onların işlənmə məqamları, nitq prosesi iştirakçılarına, eləcə də nitqin semantika və məzmununa təsiri məsələləri hələ ki, yetərincə öyrənilməmişdir. Nitqin əşyaları, hal-hərəkəti, vəziyyəti, şəraiti, zamanı və sairəni konkret adlandırmaq, sözlər vasitəsi ilə ümumləşdirmə aparmaq, ünsiyyətə xidmət etmək kimi funksiyaları vardır.
Şifahi nitq səsli nitq şəklində təzahür edir. Şifahi nitq səsləndirilən, səs vasitəsi ilə canlandırılan nitqdir. Bu nitqdə səs mühüm rol oynayır. Dilin fonemlər sisteminin vahidləri bir-biri ilə müəyyən düzülüşlə bağlanaraq dil üçün semantik mənası olan leksemlər əmələ gətirir. Leksemlər müəyyən qrammatik şəkilçilər qəbul edərək bir-biri ilə əlaqələnir. Bəzən əlaqələnmə sintaktik vasitələrin köməyi ilə gerçəkləşir. Eyni zamanda, qeyd etmək lazımdır ki, nitqin səsləndirilməsi subyektiv səciyyəlidir. Nitq səsləndirilərkən onun səslə bağlı həm linqvistik, həm də ekstralinqvistik parametrləri üzə çıxır. Səsin tonu, tembri, prosodik vahidlərdən istifadə olunması nitqə xüsusi çalarla yanaşı, xüsusi məzmun da əlavə edir. Səsin bu parametlərinin bir qismi nitqi canlandıran şəxsin emosional və ekspressiv vəziyyətini ifadə edir. Bu vasitələrin bir qismi qeyr-verbal ifadə vasitəlridir.
Danışıq üslubu, əsasən şifahi nitqdə ifadəsini tapır. Danışıq dili üçün sərbəst danışıq, sintaktik konstruksiyaların sadələşdirilməsi, dil normasından kənarçıxma səciyyəvidir. Dil paradiqmasının mövcud formalarından yayınma ənənəvi hal aldıqda və danışıq dilində özünü çox göstərdikdə belə yayınmalar dilin başqa üslublarına keçərək normanı dəyişə bilir.
Nitqdə emotiv, estetik funksiyaları az və çox dərəcədə ifadəsini tapır. Emotiv və estetik funksiyaları, ekspressivliyi nitq və onun məhsulu olan diskurs və mətnlərin köməyi ilə öyrənmək mümkündür.
Nitqdə qrammatik forma əlavə konnotativ məna alır. Qrammatik məna ilə sözün leksik mənası arasındakı uyğunsuzluğun aradan qaldırılması nəticəsində ifadəlilik əldə edilir. Leksik və qrammatik mənanın sintezi əvəzinə onlar arasında ziddiyyət aşkarlanır. Belə ekspressivlik situativ kontekst zəminində meydana çıxır.
Qrammatik formanın funksional dəyişməsinin ən ekspressiv halı transpozisiya zamanı baş verir. Bu zaman emosiyanın qiymətləndirilməsi və ya üslubi ifadəlilik adi qrammatik əlaqələrin pozulmasının nəticəsi kimi meydana çıxır. Transpozisiya zamanı əvəz edən üzv özünün funksional keyfiyyətini itirərək eyni zamanda iki funksiyanın daşıyıcısına çevrilir. Bu zaman ekspressiv zənginləşdirmənin başqa formasına köçürülməsi gerçəkləşir.
Cümlə kommunikativ cəhətdən müstəqildir, nitqdə ayrıca məlumat verən vahid kimi işlənir. Bununla yanaşı, danışıq dilində bir sıra diferensiallaşmamış ifadə vasitələri vardır ki, onlar kommunikativ müstəqilliyə və nitqdə müəyyən məlumat bildirmək imkanına malikdirlər. Danışıq dilində zəngin semantikası və quruluş müxtəlifliyi ilə seçilən nida cümlələri belə ifadə vasitələridir.
Nitqdə istifadə olunan qiymətləndirici nida cümlələri daha zəngin struktur tipləri ilə seçilir. Qiymətləndirici nida cümlələri həm müsbət, həm də mənfi məzmun daşıyır. Məzmunun mənfiliyi və ya müsbətliyi kontekst əsasında müəyyənləşir. Qiymətləndirici nida cümlələrində emosiyanın ifadəsi deyil, daha çox münasibət və qiymət bildirilir.
Cümlənin tərkibinə daxil olan, onu təşkil edən elementlər sözlərdir. Bu sözlər həm də dilin leksik sisteminin vahidləridir. Onların hər birinin semantikası vardır. Bir sıra sözlər müstəqil leksik mənaya malik olmur. Dildə belə sözlər köməkçi nitq hissələri kimi qruplaşdırılır.
Danışıq dili nidalarla zəngin olur. Nida gerçəkliyə emosional münasibəti implisitləşdirir. Emosional-ekspressiv xüsusiyyətlər şifahi nitqdə daha çox qeydə alınır. Dil vasitəsilə müxtəlif emosional vəziyyətin müsahibə çatdırılması emotivlərin özlərinin ünsiyyət funksiyalarını yerinə yetirməsidir. Emosiyanın xüsusiyyətləri, onların qrup xarakteri, polisemantikliyi, emotiv vasitələrin polufunksionallığına təsir göstərir. Emosionallığın və ekspressivliyin dildə ifadəsini tapmasının müxtəlif vasitələri vardır. Bura paralinqvistik (mimika, jest və s.), superseqment (intonasiya, ritm, və s.), qeyri-verbal kontekst (nitq situasiyası), verbal kontekst (əlavə sözlər).
Ritorikada nitqi dinləyənlərin, adresat və adresatların emosional vəziyyətinə təsir göstərmək, onlarda emosiyanı gücləndirmək vacib şərtlərdən sayılır. Bu sahədə emosionallığın əldə edilməsi üçün paralinqvistik vasitələrə daha geniş yer verilir.
Paralinqvistik vasitələr nitqi müşaiyət etməklə kommunikasiyanın emosional tərəfini tamamlayır, müsahibin həmin andakı vəziyyəti barədə əlavə məlumat verir (sakit, həyəcanlı, inamlı, yorğun). Paralinqvistik vasitələr dil vahidləri ilə paralel istifadə oluna bilər.
Nitqdə emosional vəziyyətin birbaşa ifadəsi qeyri-verbal vasitələrin köməyi ilə olur. Məsələn, qışqırmaq, səsini qaldırmaq, əli ələ vurmaq, əl çırpaq, yamsılamaq, dodağı büzmək və s. Bu vasitələr nitqin reallaşması prosesində müəyyən məqamlarda üzə çıxır. Emosional – ekspressiv vəziyyət nitqin baş verdiyi şəraitlə əlaqəlidir. Bu vəziyyət nitq prosesində dəyişir. Emosionallıq artır, azalır və s. Emosionallıq mövzunun dəyişməsinə, qəfil kəsilməsinə, nitqdə elleptik vasitələrdən çox istifadə olunmasına, unison danışığa əsas yaradır.
Хüsusi üslubi səciyyəli funksional sistem olmaq etibarilə ədəbi dilin qeyri-rəsmi bir forması kimi rəsmi formaya – kitab dilinə qarşı qoyulan nitq danışıq dili adlandırılır. Danışıq aktının hazırlıqsız baş verməsinə, danışanların söhbətdə bilavasitə iştirak etməsinə görə ədəbi dildən fərqlənir. Danışıq dili özündə intellektual və emosional nitqi birləşdirir və çox zaman iki şəxs arasında gedən formada təzahür edir. «Şifahi nitqi danışıq dili (nitqi) ilə eyniləşdirmək olmaz. Bədii əsərlərdə verilən dialoq nitqi danışıq dili nümunəsi hesab olunur və şifahi nitq sayılmamalıdır. Çünki bu nitq artıq yazıya alınmışdır və yazılı nitqdir».
Sözün leksik-semantik təbiəti lüğət tərkibindəki sözlərin semantik yaxınlığa və ziddiyyətə, eləcə də fonetik cildin eyniliyi semantikasının fərqliliyinə görə qruplara bölünür. Sinonim, antonim və omonimlər də mətn daxilində üslubi funksiyalar yaradır. Antonimlər mətndə daha çox yanaşı işləndikdə və ya eyni kontekst daxilində olduqda üslubi cəhətdən aktivləşirlər. Frazeoloji vahidlərin işlədilməsi də üslubla bağlılığa malikdir. Qeyd edilənlər üslubun leksik səviyyəli vasitələridir. Bununla belə, onlar nitq prosesində nitqi yaradanın, nitqin müəllifinin emosional və ekspressiv vəziyyətinin də ifadəsni gerçəkləşdirir.
Emosionallığın eyni bir ifadə vasitəsi nitqdə müxtəlif şəraitlərdə zidd emosiyaları göstərə bilir. Fərqli mənaları ifadə edən nidalar müxtəlif intonasiyalarla tələffüz olunur.
Nida cümləsi keyfiyyətinə malik vahidlərin emosionallıq səciyyəsi mütləq şərt deyil. Digər tərəfdən, emosionallıq heç də həmişə nida cümləsi ilə əlaqədar deyildir. Nida cümləsi olmayan, başqa növ kommunikativ vahidlər də vardır.
Ekspressiv və emosional diskurs tipində iştirakçılar arasındakı danışıq emosional tonda gedir. Bu zaman tərəflərdən biri, bir neçəsi və ya hamısı emosional tərzdə söhbət aparır. Bəzən bir tərəf digərinə öz nöqteyi-nəzərini hər cür vəchlə sübut etmək istəyir və qarşı tərəfin mövqeyi ilə hesablaşmır. Eyni emosional vəziyyət qarşı tərəfdə də ola bilər.
Nitqdə elə konstruksiyaları yaranır ki, onların fikir ifadə etməsində intonasiya həlledici amilə çevrilir. İntonasiya müəyyən ünsiyyət şəraitində cümlələrin məna və məzmununu konkretləşdirməkdə və onların kommunikativ növlərini təmin etməkdə mühüm rol oynayır. Emosional narazılıq bildirən təkrarlarda istehza, gülüş, nifrət məna çalarları var.
Emosionallığın kommunikativ ifadə vasitələri müxtəlif münasibətləri bildirməkdə mühüm rol oynayırlar. Emosionallığın intensivliyini əldə etmək üçün bu vasitələr bir mərkəzə toplanır.
Nitqdə iştirakçı tərəflər yalnız informasiyanın ötürülməsi ilə kifayətlənmirlər. Hər bir kommunikant müsahibənin hisslərinə təsir göstərməyə çalışır. Müsahibə təsir göstərmək arzusu nə qədər çox olursa, dil vasitələrinin seçilməsi, nitqdə işlədilməsinə diqqət artırılır. Məlümatın ekspressivliyi dil vasitələrinin daha ciddi şəkildə seçilməsinə səbəb olur.
Dostları ilə paylaş: |