II FƏSİL. MİLLİ SİYASƏT ƏTRAFINDA RƏHBƏR DAİRƏLƏRDƏ
İXTİLAFLAR VƏ SİYASİ ÇƏKİŞMƏLƏR
2.1. Partiya rəhbərliyində ixtilafların parçalanmaya
səbəb olması
Sovet hakimiyyəti qurulduqdan az sonra Azərbaycanın partiya
təşkilatlarında milli siyasətin məzmunu və həyata keçirilməsi ilə bağlı ciddi
ixtilaflar meydana gəldi. Respublikada hakim Mərkəzin siyasətini yeritmək
prinsiplərinə münasibətdə məsul vəzifəli işçilər arasında bir-birini izləmək, təqib
etmək və intriqa sistemi yaranır, bu da açıq və kəskin çəkişmələrə gətirib çıxarırdı.
Çevrilişin ilk günlərindən Bakıda idarəçilik əsasən Bakı partiya təşkilatlarının və
Bakı Soveti İcraiyyə Komitəsinin erməni-bolşevik rəhbərlərinin əlinə keçmişdi.
Onlar AK(b)P Mərkəzi Komitəsini, Azərbaycan SSR Xalq Komissarları Sovetini
əslində saymırdılar.
Bakı partiya təşkilatının rəhbər işçilərinin bir qrupu - Ruhulla Axundov,
Sarkis Danielyan, Anastas Mikoyan, Mirzə Davud Hüseynov, Levon Mirzoyan,
Həbib Cəbiyev, Semyon Qutin, Mixail Kaxiani, Vasili Yeqorov, Rəhim Hüseynov,
Mustafa Quliyev və başqaları mövcud qərarlara əsaslanaraq, Azərbaycanda milli
siyasətin həyata keçirilməsi uğrunda ardıcıl mübarizə aparan N. Nərimanovun
əleyhinə çıxdılar. Onlar Nərimanovu müdafiə edən Azərbaycan KP MK katibi
Qriqori Naumoviç Kaminskiyə, Azərbaycan partiya təşkilatının görkəmli
xadimlərindən Sultan Məcid Əfəndiyevə, Muxtar Hacıyevə, Mirbəşir Qasımova,
Həmid Sultanova, Dadaş Bünyadzadəyə, Möhsün İsrafilbəyova (Qədirliyə),
Teymur Əliyevə və başqalarına da hücumlar etməyə başladılar (13, f.268, s.26, iş
32, s.107). İxtilaflar sovet partiya quruculuğu, mədəniyyət, təsərrüfat siyasəti
məsələlərinin geniş bir dairəsini əhatə edirdi.
Aparılmış tədqiqatlar sübut edir ki, aprel çevrilişindən sonra
Azərbaycanda hakimiyyətə gəlmiş siyasi qüvvələri aşağıdakı şəkildə
qruplaşdırmaq olar:
1.
Azərbaycanda sosializm ideyalarını həyata keçirən və Moskvanın
mənafeyini müdafiə edən qüvvələr. Bura müxtəlif millətlərdən olan kommunistlər
daxil idi.
2.
Siyasi çevrilişdən istifadə edib respublikada hakimiyyətə gəlmiş və
milli intiqam hissi ilə fəaliyyət göstərən erməni kommunistlərindən ibarət
qüvvələr.
3.
«Beynəlmiləlçi» azərbaycanlı bolşeviklərdən ibarət qüvvələr.
4.
Xalqın azadlıq yolunu sosializmdə görən milli hisli, milli baxışlı
kommunistlərdən olan qüvvələr (49, s.83).
Belə ki, sovetləşmənin əvvəllərində Azərbaycanda olan mürəkkəb siyasi
şəraitdə hakimiyyətə gəlmiş siyasi qüvvələrin və rəhbərlikdə məsul vəzifələr tutan
şəxslərin milli tərkibi müxtəlif idi. Onlar nəinki milli tərkibə görə, eləcə də siyasi
məqsədlərinə və manevrlərinə, ölkədə aparılan siyasətdə «sərt» və yumşaq»
mövqelərinə görə bir-birlərindən fərqlənirdilər. Rəhbərlikdə yüksək vəzifələr tutan
birinci qrup - Mərkəzin mənafeyini müdafiə edərək, Moskvanın partiya xəttini
«beynəlmiləlçilik prinsiplərindən» istifadə etməklə Azərbaycanda tətbiq etməyə
çalışırdılar. Hələ çevrilişin ilk günlərindən Moskvadan Bakıya «partiya xəttini»
yeritmək üçün yüksək vəzifələrə «təcrübəli bolşeviklər» göndərilməsi azərbaycanlı
kommunistlərə inamsızlıq və etimadsızlıqdan irəli gəlirdi. Q. K. Orconikidze, S.
M. Kirov, N. N. Kolesnikov, İ. M. Qubkin, A. P. Serebrovski, Lominadze və
başqaları Azərbaycanda partiya xəttini respublikanın milli mənafeyi baxımından
deyil, Mərkəzin mənafeyi baxımından həyata keçirirdilər.
Düzdür, onların içərisində Mərkəzi Komitə katibi Q. K. Kaminski,
Azərbaycan SSR Xalq Təsərrüfat Şurasının sədri N. İ. Solovyov kimi öz vəzifəsini
vicdanla yerinə yetirən bolşeviklər də var idi ki, Azərbaycanın milli mənafeyinə,
yerli xüsüsiyyətlərinə hörmətlə yanaşırdılar.
Aprel çevrilişindən istifadə edərək hakimiyyətə gələn zahirən bolşevik,
daxilən isə ürəklərində daşnak qisası gəzdirən, milli intiqam hissi ilə yaşayan
erməni bolşeviklərindən ibarət qüvvələr idi ki, tez bir zamanda Bakı Komitəsini öz
əllərinə alaraq, Azərbaycanın müstəqilliyi və inkişafına, milli mənafeyinə xidmət
edən rəhbərlərə, xüsusən Nərimanov və onun tərəfdarlarına qarşı müxalifətdə
duraraq, hər vəchlə xalqın və respublikanın xeyrinə olan qərarlara mane olmağa
çalışırdılar. Mirzoyan, Mikoyan, Sarkis və başqa erməni kommunistlərinin
hiyləgər, planlı siyasəti nəticəsində rəhbərləri, o cümlədən istər rus, istərsə də
«beynəlmiləlçi» azərbaycanlı rəhbərləri tərəflərinə çəkərək, öz niyyətlərini həyata
keçirirdilər. Erməni kommunistlərinin bu cür siyasəti və niyyəti təsadüfi deyildir.
Onların bir çoxları əvvəlcə «Daşnaksütun» partiyasının üzvü olmuş, sonra bu
partiyadan çıxıb bolşeviklər partiyasına gəlmiş və təbiidir ki, öz millətçi baxışlarını
da gətirmişdilər.
Qeyd etdiyimiz birinci və ikinci qruplaşmaların strateji və taktiki
məqsədləri eyni olduğundan müəyyən mənada hər hansı bir məsələnin həllində
razılığa gəlinə bilirdi. Bu qrupların hər ikisi üçün yeganə məqsəd Azərbaycanın
sərvətlərini talamaq, müstəqilliyinə son qoymaq idi.
Üçüncü qrup - «beynəlmiləlçi» azərbaycanlı bolşeviklərdən ibarət
qüvvələr - R. Axundov, Ə. H. Qarayev, M. D. Hüseynov, H. Cəbiyev və başqaları
idi ki, onlar da müəyyən səbəblərdən, xüsusən də gənc və təcrübəsiz olduqlarından,
siyasi
yetkinliyin
olmamasından,
sosializm
quruculuğunun
mürəkkəb
məsələlərindən baş aça bilmədiklərindən, respublikada yüksək partiya və dövlət
vəzifələrində naşı olduqlarından mürəkkəb hadisələrin axarını düzgün
qiymətləndirə bilmirdilər. Onlar özləri də hiss etmədən mirzoyanların,
orconikidzelərin təsiri altına düşür, Azərbaycanın müstəqilliyi, yerli spesifik şəraiti
ilə əlaqədar məsələlərə lazımi əhəmiyyət verməyərək, yanlış mövqeləri ilə
Zaqafqaziya və eləcə də Azərbaycanda milli təmayülün olması barədə fikir
yaradaraq, N. Nərimanova və onun tərəfdarlarına qarşı əks mövqedən çıxış
edirdilər.
Dördüncü qrup - xalqın müstəqilliyini düşünən, milli hisli, vətənpərvər
azərbaycanlı qüvvələr var idi ki, nicat yolunu yaranmış quruluşda görür, sosializm
ideyalarına həddindən artıq inanırdılar. Onlar sonradan yanıldıqlarını başa düşsələr
də, artıq gec idi.
Son dərəcə çətin şəraitin olmasına və rəhbərlikdə azlıq təşkil etməsinə
baxmayaraq, bu qüvvələr Azərbaycanın mənafeyinə uyğun olmayan, anti-
azərbaycan siyasət yeridən rəhbərlərə qarşı ciddi mübarizə aparırdılar.
Aprel çevrilişindən sonra hakimiyyətə gəlmiş qüvvələr arasında ixtilaf və
fikir ayrılıqlarını doğuran səbəblər aşağıdakılar idi: Azərbaycan dilinə, dinə,
respublikanın ərazi bütövlüyünə, kəndlilərə və ziyalılara, iqtisadiyyatla bağlı
məsələlərə münasibətdə, yanaşmada laqeydlik və hörmətsizlik. Belə ki,
Azərbaycanın başlıca olaraq qeyri millətlərdən ibarət olan rəhbərləri respublikanın
özünəməxsus spesifik yerli şəraitini, milli xüsusiyyətlərini və milli mənafelərini
nəzərə almır, almaq da istəmir, xalqın adət-ənənələrinə biganəlik göstərirdilər.
Kommunistlər arasında ixtilaflar özünü plenum, konfrans, qurultaylarda daha aydın
göstərirdi.
O, zaman milli məsələlərdəki dolaşıqlıqların başlıca təqsirkarı, türkdilli
xalqlara, o cümlədən Azərbaycan xalqına qarşı kin və ədavət bəsləyən İ. Stalin idi.
O, Azərbaycanda partiya təşkilatlarında işləyən ermənilərdən ibarət bəzi rəhbər
işçilər ilə əlaqəyə girərək öz məkrli siyasətini həyata keçirirdi. Milli münasibətlərin
kəskinləşməsində mürəkkəb siyasi vəziyyətin, dedi-qodu və təqib şəraitinin
yaranmasında Stalin başlıca rol oynayırdı. Ən başlıcası isə istər ərazi bütövlüyü,
istərsə də müstəqillik məsələlərində onun antiazərbaycan mövqe tutması danılmaz
idi. Əzəli torpaqlarımız olan «Zəngəzur və Naxçıvan Ermənistanda sovet hökuməti
qurularsa vermək olar», eləcə də «Mən Azərbaycanın müstəqilliyinə tərəfdar
deyiləm, kommunistlərin biri digərindən müstəqil ola bilməz» fikirləri artıq öz
yerini tapmışdı. Rəhbərlikdə olan ixtilaflara gəldikdə isə o, demək olar ki, bu
məsələnin dərinliyinə varmayaraq, ancaq solların mövqeyindən çıxış edərək N.
Nərimanovu təqsirli bilir, onu heç bir əsası olmadan, burjuaziyanın mülkiyyətdən
məhrum edilməsi məsələlərini həll etməkdən boyun qaçırmaqda günahlandıraraq
deyirdi: «qocanı (N. Nərimanovu nəzərdə tuturdu) danlamaq lazımdır. O bu
qərarların yerinə yetirilməsini istəmir, buna görə də kömək etmir». Əslində bütün
bunlar Nərimanovun rolunun hər vəcdlə kiçildilməsi demək idi. İ. V. Stalin 1920-ci
il noyabrın əvvəllərində Bakıya gəldi. Onun iştirakı ilə noyabrın 8-də RK(b)P MK
Qafqaz bürosu və AK(b)P Bakı komitəsi ilə birlikdə AK(b)P MK plenumu
Azərbaycan partiya təşkilatında ixtilaflar məsələsini müzakirə etdi (13, f.l, s.l, iş
14, s.9). Plenumun işində İ. Stalin, Orconikidze, Y. Stasova, N. Nərimanov, Q.
Kaminski, H. Sultanov, Ə. H. Qarayev, Sarkis, M. B. Qasımov, R. Axundov, D.
Bünyadzadə, B. Mdivani, O. Şatunovskaya, V. Yeqorov, S. Qutin və b. iştirak
edirdilər. Müzakirələr zamanı yol verilən nöqsanların təqsirini bütünlüklə
Azərbaycan İnqilab Komitəsinin və onun sədri N. Nərimanovun boynuna atmaq
meyli qatmaqarışıq, qeyri mütəşəkkil keçən iclasda lap əvvəldən özünü büruzə
verdi. Eyni zamanda əsas məsələlərin müzakirəsi zamanı Azərbaycan İnqilab
Komitəsinin öz daxilində, Ə. H. Qarayev və M. D. Hüseynov ilə N. Nərimanov
arasında ciddi ixtilaflar olduğu da aşkara çıxdı.
Ə. Qarayev öz çıxışında bildirirdi ki, müsəlman kommunistləri arasında
iki qrup yaranıb, onlardan biri Nərimanov qrupu, digəri isə Qarayev-Hüseynov
qrupudur. Birinci qrup Azərbaycanın müstəqilliyinin tərəfində durur, bizi-ikinci
qrupu isə ittiham edirlər ki, Azərbaycanı Rusiyaya satmısınız (13, f.l, s.l, iş 14,8.9).
Rusiyaya «satıldıqlarını» təkzib edənlər həddən artıq «beynəlmiləlçiliyə»
qapılıb, hər hansı bir məsələdə Nərimanov və onun tərəfdarlarına qarşı mübarizə
apararaq, qeyri-azərbaycanlılardan olan şovinist ruhlu rəhbərlərin demək olar ki,
əlaltısına çevrilmiş olurdular.
İxtilafları törədən səbəblərdən biri də əmlakın müsadirəsi və burjuaziyanın
mülkiyyətdən məhrum edilməsi ilə bağlı idi. Müzakirələrin gedişində V.
Yeqorovun çıxışında bu səbəb bir az da açıqlandı: «Bizim ixtilaflarımızın
mahiyyəti ondan ibarətdir ki, sol qrup deyilən qrup iri burjuaziyanı mülkiyyətdən
məhrum etməyə tərəfdar çıxır, sağ qrup isə milli şüarlar altında burjuaziyanı
müdafiə edir və ona himayədarlıq göstərir» (13, f.l, s.l, iş 14, s.10).
Azərbaycanda sovet hakimiyyətinin ilk aylarında əmlak müsadirəsində
ciddi nöqsanlara yol verilmişdi. O vaxtlar Stasova öz xatirələrində yazırdı:...
Moskvada və Petroqradda heç vaxt hər hansı bir tacirin və ya burjuanın evində
axtarışı necə aparmaq məsələsi ortaya çıxmırdı, Bakıda isə bu və ya başqa evdə
axtarışı necə aparmaq məsələsi nəinki şəhər partiya komitəsində, hətta Azərbaycan
KP MK-də tez-tez müzakirəyə qoyulurdu. Çünki yerli müsəlman türklər tez-tez
Azərbaycan Xalq Komissarları sovetinin sədri Nərimanov yoldaşın yanına gəlib
şikayətlənirlər ki, çekistlər evin qadınlara məxsus hissəsində axtarış aparmışlar, bu
isə şəriətin bütün qanunlarına ziddir. Bu münasibətlə Azərbaycan KP MK-nın
iclasında A. Mikoyan, Sarkis, V. Lominadze və Nərimanov arasında qızğın,
prinsipial mübahisələr olurdu (13, f.268, s.26, iş32, s.179).
İxtilaflar Azərbaycan K(b)P-nin II qurultayında (1920-ci il 16-23 oktyabr)
müxtəlif məsələlərdə özünü daha kəskin göstərdi. Azərbaycan rəhbərliyində
parçalanma haqqında danışan N. Nərimanov çıxışında deyirdi: ... Belə güman edilir
ki, sağ və sol tərəflər var. Əgər istəyirsiniz sağ tərəf adlandırasınız, adlandırın. Sağ
tərəf deyir ehtiyatla müsadirə etmək lazımdır, sol tərəf deyir belə lazım deyil,
ehtiyatla, ya ehtiyatsız, ümumiyyətlə, talan etmək lazımdır (13, f.l, s.l, iş. 8, s.201).
Hakim partiya olan Kommunist Partiyasının tərkibinin qeyri qənaətbəxş
olması AK(b)P-nin II qurultayında açıq etiraf edilir, belə bir fikir də səslənirdi ki,
sağ və sol tərəflər Rusiyada da mövcuddur. Lenin sağ, Trotski isə sol tərəfdir.
Azərbaycanda isə Nərimanov və onun əleyhdarları arasında olan ixtilaflar. Bu da
özünəməxsus səbəblərlə bağlı idi. Rusiyada həmkarlar ittifaqına münasibət
məsələsi, kəndə münasibət, yeni iqtisadi siyasət, milli məsələ, xüsusən
Zaqfederasiya, SSRİ-nin təşkili, sosializm konsepsiyasına münasibət və s.
məsələlərdə fikir ayrılığı yaranmışdı ki, bu da özünü Trotski-Lenin və onun
tərəfdarları olan Radek, Ryazanov və b., Zinovyev-Kamenev, Buxarin, Stalin və
digərlərinin arasında mövcud idi. Leninin vəfatından sonra bu ixtilaflar Trotski və
Stalin arasında daha da dərinləşdi. Trotskiçilər siyasi səhnədən uzaqlaşdırıldıqdan
sonra «Yeni Müxalifət», vaxtilə trotskizmə qarşı fəal mübarizə aparan Zinovyev və
Kamenev əsas mübarizə hədəfi oldu.
Rusiyada ilk əvvəllər yeni hökumətin siyasəti ilə razılaşmayan
kommunistlərlə Lenin və əleyhdarları - trotskiçilər, «fəhlə müxalifəti», «sol
kommunistlər», «demokratik mərkəziyyət» və başqaları arasında olan fikir
ayrılıqları mövcud idi. Mübahisələr həmkarlar ittifaqlarından başlandı və dərhal da
kənara çıxdı. Trotski Mərkəzi Komitənin xətti ilə razı olmadığını bildirərək, həmin
ixtilafları ictimaiyyət arasında yaydı.
Trotski həmkarlar ittifaqlarında fəhlə demokratiyasının əleyhinə çıxır və
həmkarlar ittifaqlarında komandanlıq və inzibatçılıq metodlarının tətbiq edilməsini
irəli sürürdü. Trotskiçilər həmkarlar ittifaqlarını dövlətləşdirməyə çalışır və
istehsalı idarə etmək vəzifələrini həmkarlar ittifaqlarına tapşırmağı tələb edirdilər.
«Fəhlə müxalifəti» isə həmkarlar ittifaqlarını sovet dövlətinə və partiyaya qarşı
qoyur və trotskiçilərin əksinə olaraq dövləti həmkarlar ittifaqlarına tabe etməyi irəli
sürürdülər.
«Demokratik mərkəziyyətçilər» qrupu isə partiyada fraksiya və qruplara
azadlıq verilməsini tələb edir, idarələrdə təkbaşçılıq və möhkəm intizam əleyhinə
çıxırdılar (67, s.29).
Buxarinçilər mübahisələrdə əvvəllər barışdırıcı mövqe tutsalar da,
sonralar trotskiçilərin tərəfinə keçdilər.
Əslində trotskizm və yeni müxalifətin ideyalarında bir həqiqət var idi.
Onlar qeyd edirdilər ki, iqtisadi və texniki cəhətdən geri qalan Rusiyada
sosializmin qələbəsi mümkün deyil, sonradan tarixi təcrübə də bunu sübut etdi.
Partiyanın daxilində olan fikir ayrılıqları ölkənin Mərkəzində olduğu kimi,
müxtəlif ssenarilər əsasında milli ucqarlara da sirayət edirdi.
Aparılmış tədqiqatlar sübut edir ki, bu ixtilaflar Azərbaycanda
özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdi. Rusiyadan fərqli olaraq, Azərbaycanda
fikir müxtəlifliyi şəxsi intriqalara çevrilərək, ümumi işin xeyrinə deyil, şəxsi
mənafeni üstün tutmaqla dərinləşirdi; partiyanın və rəhbərliyin Mərkəzdən fərqli
olaraq ifrat dərəcədə qeyri-yerli millətlərin nümayəndələri ilə doldurulması idi.
Yerli xalqın nə dilini, nə də tarixini bilməyənlər, adət-ənənəsinə biganə qalanlar ilə
yerli vətənpərvər rəhbərlər arasında olan narazılıq və s.
Sovetləşmənin başlanğıcında hakimiyyətə gəlmiş siyasi qüvvələr arasında
yumşaq xətt tərəfdarları – Nərimanov və onu müdafiə edənlər aparılan siyasətdə
milli xüsusiyyətləri, yerli şəraiti nəzərə almağı irəli sürürdülər. Onların fikrincə,
milliləşdirmə ilk vaxtlar ancaq iri və orta müəssisələr və ticarət sahəsinin bir
qismini əhatə etməlidir. Şəxsi əmlak və əşyaların müsadirəsi zamanı insan
ləyaqətinə, milli heysiyyətinə toxunulmasının əleyhinə çıxırdılar.
Respublika rəhbərliyində mübahisələrə səbəb olan məsələlərdən biri də
kəndə münasibət, fəhlələrlə kəndlilərin yaxınlaşması məsələsi idi ki, ətrafında
kəskin fikir ayrılığı vardı. Başlıca olaraq torpaq haqqında verilmiş dekretin yerinə
yetirilməsi ətrafında mübahisə gedirdi. Bu məsələdə əsasən Nərimanovu nəzərdə
tutan Lominadze göstərirdi ki: «Müsəlman ziyalıları bizə qarşı dinlə, fanatizmlə,
eləcə də şovinizmlə zəhərlənib (13, f. 1, s.l, iş 8, s. 82).
Lominadze və onun kimi dardüşüncəli kommunistlər vaxtilə Müsavat
Partiyasının üzvü olmuş, indi isə kommunist partiyasına gələn müsəlman
kəndlilərinə, həmçinin tacirlərə ögey münasibət bəsləyirdilər, hətta bu cür insanları
«barışmaz düşmən» adlandırırdılar. Belə münasibətlə müsəlman kəndli və fəhləsi
partiyada öz yerini tapa bilməyərək, Şura hökumətindən əksər halda narazı
qalırdılar.
Aqrar məsələ və kəndə münasibət son dərəcə aktual olduğundan,
rəhbərlikdəki ciddi fikir ayrılığı daha da dərinləşirdi. Azərbaycanın milli
mənafeyinə xor baxan Lominadze, Sarkis və onun kimi qeyri azərbaycanlı
kommunistlər yerli şəraiti nəzərə almır, kəndlə şəhərə münasibətdə vahid siyasət
yeritməyi müdafiə edirdilər. Lominadze deyirdi: Azərbaycanda bir siyasət
olmalıdır, biz iki siyasət apara bilmərik, şəhər üçün ayrı, kənd üçün ayrı (13, f.l, s.l,
iş.8, s. 88).
Halbuki, bu məsələyə çox incəliklə yanaşmaq lazım idi, çünki kəndlinin
öz psixologiyası var idi. Yanlış atılmış addım, düzgün olmayan siyasət vəziyyəti
daha da ağırlaşdırırdı.
Sol fraksiyanın nümayəndələri, o cümlədən Lominadze kəndə
münasibətdə çox kəskin mövqe tutaraq partiyanın 2-ci qurultayında qeyd edirdi ki,
«biz əsl inqilaba, feodalizmin məhvinə o vaxt nail ola bilərik ki, bəylərin
malikanələrini yandıraq, kəndli oradan çıxan alovun içərisində inqilabın işığını
görəcəkdir» (13, f.l, s.l, iş 8, s. 107).
Sol qrupun fikrincə, Azərbaycanda bu siyasətin həyata keçirilməsi
Rusiyadakından 20 dəfə artıq sərt formada aparılmalıydı. Lominadze və
Zemlyanskinin fikirləri sağ təmayülçüləri razı sala bilmirdi, hətta qurultayda belə
fikir səslənirdi ki, «Lominadze ilə Nərimanovun çıxışlarına qulaq asanda elə bil ki,
iki müxtəlif siniflərin nümayəndələri danışırlar» (13, f.l, s.l, iş8, s.107).
Yerli şərait, adət-ənənədən, psixologiyadan çox-çox uzaq olan
kommunistlər kənddə aparılan siyasəti Sovet Rusiyasında olduğu kimi davam
etdirmək istəyirdilər. Belələri nəinki varlıları, bütün kənd əhalisini əksinqilabçı
adlandırır və göstərirdilər ki, əgər hərbi hissələr olmasa, sovet hakimiyyətinə qarşı
yerlərdə üsyanlar baş verə bilər.
Belə mülahizələri əsas tutanlar kənddə öz zəhmətilə yaxşı yaşayan
çoxsaylı ailələri qolçomaq adlandırır, onlara qarşı zor işlədilir, mallarını əllərindən
alırdılar. Bu üzdəniraq «beynəlmiləlçilər» kənddə öz əsas vəzifələrini az-çox varlı
adamları talan etməkdə, rüsvay edib qovmaqda görürdülər.
N. Nərimanov və onun tərəfdarları belələrinə və onların yeritdikləri
siyasətə qarşı mübarizə aparırdılar. N. Nərimanov dəfələrlə Moskvaya, Leninə
yazdığı məktublarında, məruzə və çıxışlarında belə siyasətin yanlış və zərərli
olduğunu əsaslandırır, Azərbaycanda yerli şəraiti və milli xüsusiyyətləri nəzərə
almağı tövsiyə və tələb edirdi. Moskva rəhbərliyi kənddə yaranmış acınacaqlı
vəziyyətdən çıxmaq üçün kəndlərdə inqilab komitələrindən yoxsul komitələrə
keçməyi və Azərbaycanda partiya rəhbərliyinə yeni adamın göndərilməsini qərara
aldı.
1920-ci ilin avqustunda Q. N. Kaminski Azərbaycana rəhbər partiya işinə
göndərildi. Kaminski MK katibi kimi məsələyə obyektiv yanaşır, Nərimanovun
apardığı siyasətin, mübarizənin düzgün olduğunu başa düşür, qəlbən ona hörmət
edir və onu müdafiə edirdi. Odur ki, o, Azərbaycanda işə başlayan gündən Sarkis,
R. Axundov, L. Mirzoyan, S. Qutin, V. Yeqorov, H. Cəbiyev, M. Kaxiani, M.
Quliyev və Bakı Komitəsinin digər üzvləri onun əleyhinə çıxdılar.
Kaminski Nərimanovun apardığı siyasətin hakim partiyanın tutduğu
mövqe ilə uyğun gəldiyini, şərq siyasətində onun mövqeyini dəstəklədiyini
bildirirdi. Kaminski qeyd edirdi ki, «milli və dini məsələ ilə bir qədər ehtiyatlı
olmaq lazımdır. Biz Rusiyada bu işə çox ehtiyatla yanaşırıqsa, burada
Azərbaycanda, haradakı kəndli daha dindardır, orada dini məsələyə daha ehtiyatla
yanaşmaq lazımdır» (13, f.1, s.l, iş 4, s.4).
Kəndliyə qarşı belə münasibətə görə, müsəlman əhali hakim partiya
sıralarını tərk edir, yeniləri isə daxil olmaqda tərəddüd edirdilər. Məhz bu səbəbdən
idi ki, Ümumbakı partiya konfransı və Kaminski müsəlmanlarla işin gedişindən
razı qalmadığını bildirir, partiya işinin müsəlmanlar arasında gücləndirilməsini
lazım bilirdilər.
Azərbaycan rəhbərliyində ixtilaflar 1921-ci il fevralın 11-18-də keçirilən
AK(b)P-nin III qurultayında özünü bir çox məsələlərdə daha qabarıq büruzə verdi.
Qurultayda yoxlama komissiyalarının işi ilə əlaqədar çıxış edənlərin bir çoxu qeyd
edirdilər ki, «Partiyada xəstəlik var, intriqaçılıq, şöhrətpərəstlik, siyasətbazlıq...
Çox hərcmərclik yaranıb. Yoxlayıcı komissiya qərara alıb ki, xüsusi komissiya
yaratsın və qəzalara getsin, öyrənsin, vəziyyətlə tanış olsun» (13, f.1, s.2, iş 1,
s.112-115).
Partiyanın daxilində gedən intriqalarla, çəkişmələrlə əlaqədar qəzalardan
çoxlu şikayətlər gəlir və bunun da əsasında yerlərdə bir çox hallarda günahsız
adamları incidirdilər (13, f.l, s.2, iş 2, s.97).
Kənddəki qarmaqarışıqlığın bir səbəbi də çoxlu səlahiyyətli qurumların
məsələlərə müdaxilə etməsi ilə bağlı idi. Məsələn, «Siyasi büro, Partiya komitəsi,
Xüsusi şöbə, Ərzaq komissarlığı və s. Bu da ayrı-ayrı orqanların işini qarışdırır,
onların arasında narazılıq yaradırdı. Xüsusi şöbələr hər işə, həm vətəndaşların, həm
də hərbi idarələrin işlərinə qarışırdı. Onlar özlərinə aid olmayan işləri görür və
nəticədə də işdə ciddi dolaşıqlıq yaranırdı» (13, f.l, s.l, iş 2, s.112-113). M. D.
Hüseynov Daxili işlər komissarlığını tənqid edərək «onu ölü orqan adlandırır, bir-
birləri ilə yola getməyən müxtəlif orqanların rəhbərləri o biri orqanı, o biri də
digərini ləğv etməyi tələb edirdi.» (13, f.1, s.2, iş 2, s.117).
Xalq Daxili İşlər komissarı H. Sultanov isə Siyasi büronu yerlərdə sovet
aparatını dağıdan 1 nömrəli orqan hesab edir, günahsız adamların həbs
olunmalarına yol verildiyini deyirdi (13, f.1, s.2, iş 2, s.132).
20-ci illərdə milli məsələ ətrafında həmişə qızğın mübahisələr, ixtilaflar
olmuşdur. Sovetləşmədən sonra bu məsələ rəhbər dairələrdə heç də birmənalı
qarşılanmamış, daim ixtilaflara gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, bu məsələ
tez-tez yüksək dairələrdə müzakirə olunurdu, müzakirələrdə başlıca olaraq dil,
ordu quruculuğu, həmçinin şərq məsələsi əsas yer tuturdu. Məsələn, Azərbaycan
dilinin sıxışdırılmasına qarşı çıxan Böyükağa Talıblının milli ruhda olan çıxışları
diqqəti daha çox cəlb edir. O, bu məsələdən bəhs edərək bildirirdi ki: «...əgər desək
ki, Azərbaycanda rus imperializmi yoxdur, onda deyirlər ki, yox. Gəlin gedək
yoxsul komitələrinə, inqilab komitəsinə, hamısında yazılar rus dilində gedir.
Ərizələr rus dilində, məhkəmə rus dilində, poçta rus dilində. Əgər hər addımda biz
rus dili ilə rastlaşırıqsa, rus imperializmini inkar etmək olmur. Bax elə, biz, bu
kinayəni kənar etməliyik və təklif edirəm ki, dövlət dili həmin dövlətin, həmin
xalqın dili elan edilsin» (13, f.l, s.2, iş 2, s.275-276).
N. Nərimanov türk dilinin dövlət dili səviyyəsində inkişafına xüsusi
əhəmiyyət verirdi. Onun bu barədə Cümhuriyyət hökumətinə iradı yanlışlıqdan
irəli gəlirdi. O, sovet idarələrində idarəetmə işinin rus dili ilə yanaşı, türk dilində
aparılması haqqında əmr vermişdi. Nərimanov üçün milli dilin cəmiyyətdə rolu
mühüm amil idi: «öz dilini lazımi səviyyədə bilməyən ziyalı millətinin həyatında
gərəksiz bir heçə çevrilir». Ana dili məsələsini, Nərimanov, milli məsələnin bir
hissəsi kimi həll etməyə, siyasi əhəmiyyəti baxımından da səy göstərirdi (33, 157).
B. Talıblı ordu məsələsini ikinci xəstəlik adlandırır və qeyd edirdi:
«Müstəqillik, muxtariyyət yaranan yerlərdə rus ordusu durur. Biz rus ordusunu
yerli xalqın ordusu ilə əvəz etməliyik, hər bir müstəqil respublikada yerli ordunun
yaradılması lazımdır» (13,
f.l, s.2, iş.2, s.276).
Ordu quruculuğu çox aktual problem olduğundan bu məsələ ətrafındakı
fikir ayrılıqları xüsusi yer tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti vaxtında
yaradılmış ordunun tərkibində yüksək rütbəli, təcrübəli zabitlər, hərbçilər olduğu
halda, onlardan yeni sovet hökumətinin ordusunun tərkibində istifadə edilməməsi,
onlara qarşı ədalətsiz mövqe tutulması, etimadsızlıq xalqda da narahatlıq yaradırdı
(13, f.1, s.2, iş 2, s.276).
Xalq Cümhuriyyəti illərində çətinliklə də olsa formalaşan Azərbaycan
ordusu milli mahiyyət səbəbindən yeni sovet hakimiyyətinin mübarizə hədəfinə
çevrildi. 266 hərbçi, o cümlədən 12 general, 27 polkovnik, 6 podpolkovnik, 48
kapitan güllələndi (98, s.17). Üstəlik Azərbaycan hərbi hissələrini Cənubi
Azərbaycan ərazisində süni siyasi aksiyalara sövq edirdilər. Bu aksiyaya
münasibətini M. Ə. Rəsulzadə, belə ifadə etmişdir: «Az-çox bağlı qalan
Azərbaycan əsgəri dəxi dağıdılıyordu. Bir qisim qitəati müqabil inqilabçı deyə
dağıtmış, geridə qalan mövcudiyyəni də Azərbaycan ixtilalının mütəaqib
bolşeviklər tərəfindən İran üzərinə yapılan təcavüz səfərinə göndərmişlərdi. Bu
surətlə bolşeviklər həm Azərbaycan ordusunun itlaf ediyor, həm də Rəşt ilə
Ənzəlidən yapdıqları vəqayei Azərbaycanlı əliylə icra etmək surətilə bu iki dindaş
millət arasında əbədi bir nifaq və uçurum açmaq istiyorlardı.» (98, s.74).
Sovetləşmənin ilk vaxtlarından Azərbaycana nəzərdə tutulduğundan xeyli
artıq hərbi hissələrin gətirilməsi və ordunun ərzağa, geyimə, ayaqqabıya olan
ehtiyacını ödəmək üçün kəndlərdə ərzaq tədarükünün keçirilməsi, «XI Ordunun
ayaqqabı sarıdan təhlükəli vəziyyəti və təcili qaydada burjuaziyaya məcburi vergi
qoyulması» və s. respublikada narazılığa gətirib çıxarırdı. İş o yerə gəlib çatmışdı
ki, artıq rəhbər qeyri azərbaycanlı kommunistlər də bunu etiraf etməli olmuşdular.
Kaminski etiraf edirdi ki, «İndi biz kasıbları tamamilə soyuruq, ümumi siyasi
vəziyyət bizi kəndlərdə həyəcan doğuran tədarüklərdən əl çəkməyə məcbur edir»
(94, s.16).
Azərbaycanda hərbi hissələrin toplanması istər kənd təsərrüfatına, istərsə
də iqtisadiyyata böyük ziyan vurur, kəndli təsərrüfatını tamamilə dağıdırdı. 1921-ci
ildə XI Ordunun hissələri Azərbaycandan Gürcüstana göndərildi. Lakin qısa
müddətdən sonra ordunu yenidən respublikamıza qaytarmaq planlaşdırıldı. Bundan
xəbər tutan N. Nərimanov, D. Bünyadzadə və A. Serebrovski V. İ. Leninin adına
təcili teleqram göndərdilər: «Azərbaycan kəndli və fəhlələri on ay ərzində XI
Ordunun yerləşdirilməsinin bütün ağırlığını çəkmişlər. Kəndli və fəhlələr pis
qidalanır, pis geyinir və ümidsiz vəziyyətdədirlər, çünki ərzaq və geyimi biz balaca
Azərbaycan üçün çox böyük olan XI Orduya verirdik... Teleqramda daha sonra
göstərilirdi ki, fəhlələrin təminatının pisləşməsi ilə əlaqədar neft sənayesində
vəziyyət daha da ağırlaşır, bu da öz növbəsində neft istehsalına və onun
Azərbaycandan ixrac olunmasına təsir edir...» (94, s.20). Bu cür teleqramdan sonra
mərkəz Azərbaycana ordu yeritməyi dayandırdı. Ancaq respublikaya vurulan ziyan
artıq əhalini həm maddi, həm də mənəvi cəhətdən sarsıtmışdı. Təbii ki, xalqın səbr
kasasının dolmasına, daha təhlükəli vəziyyətə - üsyanlara gətirib çıxartmışdı.
Aprel çevrilişindən sonra məlum oldu ki, respublikada milli siyasətin
həyata keçirilməsi əsla rəvan getmirdi. Bu siyasətin həyata keçirilməsinə
yönəldilmiş tədbirlərin zəruriliyi ümumən başa düşülsə də, Bakı partiya təşkilatının
başlıca olaraq qeyri millətlərdən olan rəhbərləri bu işin mahiyyətini lazımınca başa
düşmür və onun düzgün həyata keçirilməsinə mane olur, ciddi müqavimət
göstərirdilər.
Bakı partiya komitəsinin, Bakı Soveti İcraiyyə Komitəsinin, rayon partiya
komitələrinin və rayon icraiyyə komitələrinin, AHİŞ-in, mədən fəhlələri ittifaqının
və digər həmkarlar ittifaqı orqanlarının, komsomol orqanlarının, təsərrüfat və
kooperativ təşkilatlarının rəhbərləri arasında və aparatlarında yerli əhalinin
nümayəndələri son dərəcə az idi. Azərbaycanlı partiya və sovet kadrlarının, ali və
orta ixtisaslı mütəxəssislərin hazırlanması, onların məsul vəzifələrə irəli çəkilməsi
yarıtmaz təşkil edilmişdi. Planlı, məqsədyönlü təşkilatçılıq işi, siyasi iş və mədəni
tərbiyə işi sistemi yox idi.
Baxmayaraq ki, Bakı Komitəsi və Bakı Sovetinin İcraiyyə Komitəsi
müsəlmanlar arasında iş aparmaq məsələləri barəsində bir çox qərarlar qəbul
etmişdilər, lakin bu qərarlar yayğın, dayaz və gurultulu xarakter daşıyır,
başdansovdu hazırlanır, dərin problemlərə toxunmurdu. Bu isə milli baxışlı, xalqını
həmişə xoşbəxt görmək istəyən kommunistlərlə qeyri millətlərdən olan, yerli şərait
və milli xüsusiyyətləri nəzərə almayan, öz vəzifələrindən sui-istifadə edən
kommunist rəhbərlər arasında ciddi narazılıqlar yaradırdı.
Təsadüfi deyildir ki, V Ümumbakı Partiya Konfransındakı (1921-ci il 25-
27 yanvar) çıxışında H. Cəbiyev Bakı Komitəsini müsəlmanlara qarşı laqeydlikdə
günahlandıraraq deyirdi: «Bakı Komitəsində yararsız ünsürlər əyləşib, BK
Rusiyada olan şablonla gedir. Şərqin, Azərbaycanın şəraitini nəzərə almır» (13, f.l,
s.l, iş 5, s.127-128).
1921-ci il aprelin 8-də keçirilən VI Ümumbakı Partiya Konfransında milli
məsələyə aid çıxışlarda ixtilaflar özünü daha açıq göstərdi. Konfransda Talıblı
müstəmləkə, ruslaşdırma siyasətinə, dil, ordu quruculuğu, nomenklatura və s.
məsələlərə dair öz təkliflərini irəli sürdükdə bu, heç də birtərəfli qarşılanmadı.
Talıblı öz çıxışında göstərdi: «Azərbaycan və digər respublikalar əslində nə vaxtsa
çirkin Rusiya müstəmləkəsi olub. Müstəmləkə çevrilişdən əvvəl də olub, indi də
var... Əgər lazım gələrsə mən sizə sübut edərəm ki, bu köhnə ruslaşdırma
siyasətinin qalıqları hələ də var. Ancaq hamısı gizli formada köhnə məmurların əli
ilə gedir. Biz ruslaşdırma siyasətini o vaxt aradan qaldırarıq ki, birinci növbədə öz
ana dilimizi dövlət dili hesab edək. Misal üçün bir yerdə 5% rus əhalisi yaşayır,
qalanı yerli əhalidir. Orada rus dili dövlət dili kimi qəbul oluna bilməz. Dövlət dili
yalnız ana dili olmalıdır. Bu heç də şovinizm deyil» (13, f.l, s.l, iş 6, s.22-23).
III qurultayda olduğu kimi 6-cı Ümumbakı Konfransında da heç nədən
çəkinməyən Talıblı ordu quruculuğuna xüsusi əhəmiyyət verərək, qeyd edirdi ki,
mütləq milli ordumuz olmalıdır. O, nomenklatura məsələsində də öz mövqeyində
dururdu. Dağıstan məsələsini misal gətirərək göstərirdi ki, əgər respublikanın
adında RSFSR sözləri ifadə olunacaqsa, onda bu avtonomiya yalnız formal şəkildə
veriləcək. Başqa söhbət ola bilməz (13, f.2, s.226, iş 6, s.24).
Azərbaycanda Kommunist partiyasının qeyri sağlamlığı, onun daxilində
birlik və mütəşəkkilliyin olmaması vəziyyəti daha da pisləşdirdi. Partiyanın
daxilində, məsul sovet işçiləri içərisində ayrı-ayrı qruplaşmaların ixtilafları ifrat
dərəcəyə çatmışdı. Burada Bakı Partiya Komitəsi başlıca rol oynayırdı. BK
Mərkəzi Komitənin işinin gedişinə güclü təsir göstərirdi, məsələlər BK üzvlərinin
təsiri altında keçirilirdi. Bakı Komitəsində həmişə qeyri azərbaycanlılardan olanlar
çoxluq təşkil edirdilər. BK-nın ilk katibi Mikoyan, sonra Sarkis, sonra isə
Mirzoyan olmuşdur.
N. Nərimanov «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunda
göstərirdi: «Mən bildirirəm ki, bu, ağıllı düşünülmüş və düzgün hesablanmış bütöv
bir plandır. Hələlik bunu mötərizədə saxlayıram, çünki əminəm ki, bu mötərizələr
nəticədə özləri açılacaqlar. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm: bir
çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin
edilməsini dayandırmaq vacibdir» (90, s.31).
Kommunist partiyasında parçalanma 1921-ci ildə kəskin həddə çatdı. «Bu
parçalanmanı Sarkis başlamış, Mirzoyan isə davam etdirməkdə idi...»
1921-ci ilin martında Mərkəzin RK(b)P Təşkilat Bürosunun qərarı ilə
Sarkis Petroqrad Təşkilatının sərəncamına göndərilmək üçün Bakıdan geri
çağırıldı. MK qarşısında bu məsələni N. Nərimanov və Q. Kaminski qoymuşdular.
N. Nərimanov RK(b)P MK katibi N. N. Krestinskiyə məktubunda yazmışdı:
«Kaminski yoldaş qurultaya gedir (partiyanın X qurultayı nəzərdə tutulur) və
Azərbaycanda partiya işinin gedişi haqqında ətraflı məlumat verəcəkdir. Bu
müddət ərzində Kaminski yoldaş çox iş görmüşdü, lakin təəssüf ki, Mikoyanın
«varisləri» yenə mane olurlar. Suyu bulandıran Sarkisi ...buradan götürmək
lazımdır. Xahiş edirəm Kaminski yoldaşın ərizəsinə ciddi fikir verəsiniz.
Kommunist salamı ilə N. Nərimanov» (13, f.268, s.26, iş.32, s.126-127).
MK-nın Qafqaz Bürosu da Sarkis barəsində müvafiq qərar qəbul etdi.
Sarkisin geri çağırılması solların çıxışı üçün yeni bəhanə oldu. BK-nın
iclasında 1921-ci il martın 30-da S. Qutin RK(b)P MK təşkilat bürosunun qərarı
haqqında məlumat verərək belə bir təklif irəli sürdü: «Sarkis yoldaş Bakı təşkilatı
üçün lazımlı və əvəzsiz işçi olduğuna görə BK Sarkis yoldaşın Bakı təşkilatının
sərəncamında saxlanılması haqqında RK(b)P MK qarşısında vəsadət qaldırsın.
Həmin qərar Bakı Partiya Konfransından, habelə MK plenumundan keçirilsin,
birbaşa rabitə xətti vasitəsilə bu məsələ barəsində Mərkəzlə danışılsın» (13, f.268,
s.26, iş32, s.127).
Plenum S. Qutinin təkliflərini yekdilliklə qəbul etdi, onları həyata
keçirməyi BK-nın rəyasət heyətinə tapşırdı. 1921-ci il iyunun 14-də Ümumbakı
Partiya Konfransı Moskvaya MK katibi V. M. Molotovun adına teleqram (surəti
Leninə ünvanlanmış) göndərdi. «Sarkis yoldaşın Bakıda saxlanılması haqqında
Stalin yoldaşın 22 aprel tarixli teleqraf məlumatından sonra Qafqaz bürosunun onu
geri çağırmağı qərara aldığını» bildirdi və Sarkis yoldaşın Bakı Komitəsinin katibi
vəzifəsində saxlanılmasını xahiş etdi. Teleqramda gostərilirdi ki, konfransın
qərarına MK üzvləri R. Axundov, M. D. Hüseynov, R. Hüseynov, L. Mirzoyan,
M. Quliyev, V. Paruşin, Ə. Xanbudaqov, H. Cəbiyev və b. tərəfdardılar (13, f.2,
s.22, iş 17, s.265).
Stalinin havadarlığı sayəsində Sarkis 1921-ci il iyunun ortalarınadək BK
katibi vəzifəsində qaldı. AzK(b)P Ümumbakı VII Konfransında (1921-ci il 14-18
iyul) Orconikidze son dərəcə riyakarlıqla bildirirdi: «Mən demişəm və deyəcəyəm
də Sarkisi Nərimanov ilə vuruşdurursunuz. Kəndlilər bunu başqa cür başa düşür ki,
ermənilərlə müsəlman kəndliləri arasında dava-dalaş gedir. Belə qalmaqalı
xəbərdarlıq etmək lazımdır.» (13, f.2, s.22, iş 17, s.260). N. Nərimanov ilə erməni
kommunistləri arasında gedən fikir ayrılıqları, ixtilafları yerlərdə azərbaycanlılar
arasında birmənalı qarşılanmırdı. Erməni düşmənçiliyinin yaxın tarixi yaddaşlarda
qalmaqda idi. Yüksək vəzifələr tutmuş, üzdə bolşevik, daxilən isə daşnak olan
kommunistlər yeritdikləri siyasətdə pərdələnsələr də, xislətlərini büruzə verirdilər.
Bu zaman hakim partiya daxilində nəinki rəhbər dairələrdə mübarizə,
dedi-qodu baş alıb gedirdi, sənədlərin araşdırılması göstərir və təsdiq edir ki, bu
yerli aşağı təşkilatlara, özəklərə də sirayət etmiş və geniş yayılmışdı. Təsadüfi
deyildir ki, VII Ümumbakı Konfransında həmçinin partiyada olan bürokratizm,
demaqogiya ətrafında geniş fikir mübadiləsi olmuş və yerlərdə narazılıqlar olduğu
bildirilmişdi. Çıxış edənlər bildirirdilər ki, «bəzi özəklərdə demaqogiya, eserçilik,
menşevizmçilik baş alıb gedir. Bəzi özək üzvləri təkliflər irəli sürür, bunun da
nəticəsi dava-dalaşla sona yetirdi: «Bəzi yoldaşlar bizim partiya sıralarından,
partiya idarələrindən çıxıb gedir. Bu idarələrdə bürokratizm özünə dərin yuva
salıbdır. BK və MK bu bürokratizmi aradan qaldırmaq üçün ciddi ölçülər
götürməlidir». O, qeyd etdi ki: «Axundovun qəbuluna düşmək üçün 2-3 saat
gözləməli olursan ki, o səni qəbul etsin. Bunu ona görə demək istəyirəm ki, bu
xəstəlik bizdə güclü hiss olunur. Fəhlələr bu xəstəlikdən şikayətlənirlər» (13, f.2
s.22, iş 17, s.61).
Bütün bunlar göstərirdi ki, qəzalarda tam pərakəndəlik və özbaşınalıq
hökm sürürdü.
AK(b)P MK-nin 1921-ci il avqustun 19-23-də keçirilən V plenumu
partiyadaxili ixtilafların zirvəsi oldu.
Bu ərəfədə RK(b)P MK Qafqaz Bürosu Azərbaycan partiya təşkilatındakı
vəziyyətlə bağlı məsələyə baxmış və qeyd etmişdir ki, Azərbaycan partiya
təşkilatında bir-biri ilə mübarizə aparan iki fraksiya mövcuddur ki, bu da rəhbər
dairələr çərçivəsini aşaraq kütləvi təşkilatlara da keçmiş, bütün işi iflic etmiş, Bakı
və bütün Azərbaycan partiya təşkilatına pozğunluq salmışdır.
Qafqaz Bürosu fraksiyaları buraxmağı, Semyon Qutini, Suren Ağamirovu
və Olqa Şatunovskayanı (sol fraksiyanın nümayəndələrini) və Həmid Sultanovu
(sağ fraksiyanın nümayəndəsini) fəal fraksiyaçılar kimi Azərbaycanda işdən
götürüb RK(b)P MK-nın sərəncamına göndərməyi qərara aldı. Fraksiya
çəkişmələri nəticəsində Q. Kaminskinin sıxışdırılması ilə əlaqədar olaraq Qafqaz
Bürosu onun Azərbaycanda işləməsini mümkün hesab etməyib öz sərəncamına
çağırdı (13, f.268, s.26, iş32, s.129).
Plenumda R. Axundov, V. Yeqorov, S. Qutin, M. Quliyev, H. Cəbiyev,
Mirzoyan, M. D. Hüseynov Qafqaz bürosunun qərarının əleyhinə çıxdılar,
yuxarıda adları çəkilənlərin fraksiyada iştirak etmədiklərini, buna görə də Qafqaz
bürosunun qərarının düzgün olmadığını sübut etməyə çalışdılar.
Qafqaz Bürosu AK(b)P MK plenumunun qərarı ilə razılaşmayıb S.
Qutinə, O. Şatunovskayaya və S. Ağamirova göstəriş verdi ki, dərhal RK(b)P MK-
nın sərəncamı ilə yola düşsünlər.
Lakin həmişə olduğu kimi partiya intizamından bəhs edən BK rəhbərliyi
Qafqaz Bürosunun qərarını yerinə yetirmədi və rayon partiya komitələri
katiblərinin komsomol və mətbuat nümayəndələrinin iştirakı ilə avqustun 22-də
şəhər partiya komitəsinin geniş plenumunu çağırdı. S. M. Kirov da plenumda idi.
Plenum aydın göstərdi ki, BK-nın rəhbərliyi prinsipsiz fraksiya mübarizəsinin
dərin bataqlığına yuvarlanmışdır. Çıxış edən kommunistlər MK-nın Qafqaz
Bürosunu tənqid atəşinə tutdular, öz qərarını dəyişdirməyi tələb etdilər.
Əsassız tənqidin digər hədəfi isə AK(b)P MK-nın keçmiş birinci katibi,
Bakı Soveti İcraiyyə Komitəsinin sədri Q. N. Kaminski oldu (13, f.268, s.26, iş
132, s.131). Kaminski məsələlərə obyektiv yanaşır, Nərimanovu düzgün başa
düşür və qiymətləndirirdi. Təbii ki, bu, Mirzoyan, Sarkis kimi öz vəzifəsindən sui
istifadə edib, partiyaya zidd olan, əqidəsiz düşmənçilik ruhunda tərbiyələnmiş
adamların ürəyincə deyildi, onlar necə olursa-olsun, Kaminskinin vəzifədən, hətta
Bakıdan uzaqlaşdırılmasına hər vəcdlə çalışırdılar və buna nail oldular.
S. M. Kirov Kaminskinin əleyhinə çıxış etdi. Kirovun və Mirzoyanın öz
çıxışlarında hansı məqsədi güddükləri aydın idi. Kirovun Azərbaycanda işə
başlamasından heç bir ay keçməmişdi. Təəcüblüdür bir ay ərzində o vəziyyəti necə
tələsik və düzgün qiymətləndirə bilərdi? Belə qısa müddətdə partiya təşkilatında
işlərin vəziyyətini, partiyadaxili mübarizənin keşməkeşliyini hərtərəfli obyektiv
aydınlaşdırmaq, kadrları öyrənmək mümkün deyildi. MK-nın yeni katibinin
müəyyən məsələlərdə qətiyyətsizlik göstərməsi, ardıcıl mövqe tutmaması bununla
izah edilirdi. Belə ki, AK(b)P MK plenumunun gedişində və yekunlarında da bu
cəhət özünü müəyyən dərəcədə göstərdi.
S. M. Kirov qeyd etdi ki, Qafqaz Bürosu indi başqa çıxış yolu görmür, heç
bir cərəyanı ləğv edə bilməz və geri çağırmaq kimi müvəqqəti tədbirlərə əl
atmalıdır. Qafqaz Bürosunun qərarları qüvvədə qalır və həyata keçirilməlidir.
MK-nın 22 avqust tarixli plenumunda «sollar» Mir Bəşir Qasımovun MK siyasi
Bürosunun tərkibindən çıxarılmasına və onun yerinə V. Q. Yeqorovun seçilməsinə
nail oldular (13, f.268, s.26, iş.32, s.132). Bu da Nərimanovun tərəfdarları S. M.
Əfəndiyev, D. Bünyadzadə və b. ilə M. D. Hüseynov, R. Axundov və b. arasında
ciddi toqquşmaya səbəb oldu. Nərimanov öz çıxışında qeyd edir: «Siyasi bürodan
Qasımovun çıxarılması məni bir qədər təəccübləndirdi, MK-da mən onu ən
səliqəli, işgüzar adam hesab edirdim. Həmişə siyasi büroda işləyib. Bir dəfə də
olsun yığıncaqları tərk etməyib. Protokolla bunu siz özünüz də aydınlaşdıra
bilərsiniz. Ağıllı, dərrakəli, özünü işdə çox intizamlı göstərib. Necə ola bilər ki,
Qasımovu fəhlələrin MK-dakı nümayəndəsini, srağa gün heç bir səbəb olmadan
işdən çıxardırlar. Yeqorov, M.D.Hüseynov mənim əleyhimədir. Belə olduqda
Siyasi Büroda məni dəstəkləyən olmayacaq (13, f. 609, s. l, iş. 85, s. 4).
N. Nərimanov Siyasi Büronun bu tərkibdə onun üçün qəbulolunmazlığını
qeyd edir, ərizə ilə müraciət və xahiş edirdi ki, onu tutduğu vəzifədən azad
eləsinlər.
1921-ci il avqustun 22-də Nərimanov MK-nın katibi Kirovun adına ərizə
yazıb plenumun iclasında oxunmasını xahiş etdi. Ərizənin surəti MK-nın Qafqaz
Bürosuna ünvanlanmışdı. N. Nərimanov yazırdı: «Siyasi Büroya dünənki
seçkilərdə MK-nın üzvləri R. Axundovun və H. Cəbiyevin çıxışları və seçkilərin
nəticələri məni bir daha inandırdı ki, Qafqaz Bürosunun qəti xəbərdarlığına
baxmayaraq, partiyamızda fraksiyaçılıq davam edir. Məlum qrup müəyyən
vaxtadək hər yerdə fəhlə sinfinin nümayəndəsi kimi Qasımov yoldaşın
namizədliyini irəli sürdü... Dünən isə bu qrup keçmiş siyasi büronun ən fəal
intizamlı üzvünün seçilməsinə maneəçilik törətdi, heç bir səbəb olmadan onu
seçilməyə qoymadı.
Seçkilər nəticəsində məlum qrupun 3 üzvü Siyasi büroya daxil oldu və
çoxluq təşkil etdi. Xalq Komissarları sovetinin başçısı kimi indidən deyə bilərəm
ki, Siyasi büroda belə bir çoxluq şəraitində mən ali partiya orqanlarından kömək
görməyəcəm, buna görə də Xalq Komissarlar Sovetinin sədri vəzifəsindən azad
olunmağımı plenumdan xahiş edirəm. Bu mənim qəti qərarımdır. Xalq
Komissarları Sovetinin sədri N. Nərimanov» (13, f.609, s.l, iş 71, s.76)
Həmin gün Mərkəzi Komitə N. Nərimanovun ərizəsinə baxdı və ərizəni
geri götürüb, ondan respublika Xalq Komissarları Sovetinin sədri vəzifəsində
qalmasını xahiş etdi. Lakin N. Nərimanov qəti etirazını bildirdi. Avqustun 23-də
plenumda Nərimanov AK(b)P MK-ya ərizə ilə müraciət etməsinin səbəblərini daha
ətraflı şərh edərək dedi: «Mərkəzdəki bəzi məruzələrimdən sonra mən buraya
müəyyən tapşırıqlarla göndərilmişdim». Məruzələrdə yeni sovet Azərbaycanında
necə siyasət yeritmək haqqında onun baxışları şərh olunmuş, Bakı Kommunasının
ibrət dərsləri nəzərə alınaraq belə bir fikir söylənmişdir ki, əgər biz istəyiriksə,
Bakını əlimizdə saxlayaq və sovet Rusiyası azad yaşayıb neftdən və neft
məhsullarından faydalansın, onda Azərbaycanla Bakını vəhdət halında
birləşdirməliyik. «Mən yola düşməzdən əvvəl düz bir saat Lenin yoldaşla
danışdım. O mənə dedi: necə lazım bilirsinizsə, necə istəyirsinizsə, eləcə edin».
Nərimanov dedi: «Gərgin zəhmət nəticəsində biz Azərbaycanın vəhdət təşkil
etməsinə, fəhlələr və kəndlilər arasında sıx əlaqə yaranmasına nail olmuşuq. İndi
başlıca vəzifə bu vəziyyəti qoruyub saxlamaq və dərinləşdirməkdir. Lakin bizim
MK üzvləri arasında bu vəzifəni yerinə yetirməyə imkan verən qarşılıqlı
münasibətlər yaranmamışdı» (13, f.609, s.l, iş 85, s. 1).
S. M. Əfəndiyev, N. Nərimanov və H. Sultanov öz çıxışlarında Siyasi
Büronun tərkibində fəhlələrin çox az olduğunu, M. B. Qasımovun büro
üzvlüyündən qərəzliliklə çıxarılmasını və onun büroda saxlanılmasının vacib
olduğunu bildirdilər (13, f.609, s.l, iş 85, s.8)
Plenumda R. Axundov belə bir təklif irəli sürdü ki, Siyasi Büro köhnə
tərkibdə saxlanılsın, lakin əlavə olaraq onun tərkibinə V. Yeqorov da daxil edilsin.
Çıxış edənlərin bir çoxları Nərimanovu müdafiə edərək qeyd etdilər ki, onun
yeritdiyi siyasət düzgün siyasətdir, onun istiqaməti fəhlələrlə kəndlilərin mənafeyi
arasında ahəngdarlıq yaratmaqdır. Nərimanovun gətirdiyi dəlillər tutarlı dəlillər
hesab edildi. O, Siyasi Büronu əvvəlki tərkibdə saxlamaq təklifini irəli sürdü.
Plenumda 2 təklif: Siyasi Büronun əvvəlki tərkibdə saxlanması və bir nəfərin əlavə
olunması qərara alındı. Plenumda S. M. Kirov AK(b)P MK-nın birinci katibi
vəzifəsinə seçildi.
AK(b)P MK plenumunun iclasında Q. Kaminski çıxış edərək Mirzoyanın,
S. Qutinin, R. Axundovun, H. Cəbiyevin və b. böhtanlarını qətiyyətlə təkzib etdi:
onların hücumlarını dedi-qodu və intriqa adlandırdı, bıı hücumların yolverilməz,
kobud üslubunu «küçə savaşı» kimi qiymətləndirdi. Bakı partiya təşkilatı
tərəfindən aparılan intriqa kompaniyasının Bakıda və respublikada partiya və sovet
işini ləngitdiyini, prinsipsiz dəstəbazlıq üçün şərait yaratdığını bildirdi. O, bir daha
qeyd etdi ki, Bakı Komitəsinin möhkəm siyasi mövqeyi yoxdur və olmamışdır. BK
tərəfindən yeridilən və öz ifadəsini dedi-qoduda tapan «xəttin» davam etdirilməsi
bizdə bütün partiya, sovet və həmkarlar işini pozmuşdur» (13, f.268, s.26, iş.32,
s.133-134).
MK plenumu qurtardıqdan sonra (23 avqust 1921-ci il) Nərimanov
Orconikidzeyə həyəcanlı bir məktub göndərdi. O yazırdı: «...Mən cəsarətlə deyə
bilərəm ki, mən sovet Rusiyasının, partiyamızın bütün tapşırıqlarını yerinə
yetirmişəm!
Həmişə dediyim kimi indi də deyirəm: Biz Azərbaycanı bütünlüklə
əlimizdə saxlamasaq, Bakını əlimizdə saxlaya bilmərik, buna görə də bizə vəhdət
lazımdır. Böyük zəhmət bahasına vəhdət yaradılmışdı... Bu isə Sovet Rusiyasına
imkan verir ki, heç olmasa Azərbaycandan xətircəm olsun. İndi ancaq vəziyyəti
qoruyub saxlamaq və dərinləşdirmək gərəkdir.
Çox təəssüf ki, bunların hamısını nə sən nəzərə alırsan, nə də ümumən
Qafqaz bürosu. Tərəflərin birində və ya digərində işçiləri işdən götürmək, yəqin ki,
fayda verməz. Partiya təşkilatı parçalanır, buna görə də sovet işi də parçalanıb
pozulur. Qafqaz bürosunun işçiləri geri çağırmaq qərarına və plenumda siyasi büro
üzvləri seçilməsinə dair tanıdığın qrupun çox çıxışları barədə Kaminski yoldaş
sənə danışacaqdır.
Belə xəbərdarlıqan sonra sən Bakı Komitəsini sağlamlaşdırmaq üçün
tədbir görməsən, hər cür məsuliyyəti üzərimdən atacağam, çünki bütün qeyri-
normallıqlar haqqında mərkəzə xəbərdarlıq etmişəm» (13, f.268, s.26, iş 32, s.134).
Plenumun ertəsi günü, 1921-ci il avqustun 24-də Q. Kmainski Bakıdan
yola düşdü. O, getməzdən əvvəl AK(b)P Nəzarət Komissiyasına ərizə ilə müraciət
etdi: «Mən dinmir, dözürdüm. İndi görürəm ki, Mirzoyan yoldaş küçə söyüşləri
sistemini partiya məsələlərinin həllində tamamilə münasib və vacib bir üsul sayır....
AK(b)P MK Siyasi Bürosunun 02.08.1921-ci il tarixli iclasında AHİŞ Rəyasət
heyətinin tərkibi haqqında Mirzoyan yoldaşın təklifi keçmədikdə o, yerindən
sıçrayıb: «Kaminski kimi iyrənc tiplə» bizimki tutmaz... – deyə bağırdı. Bunun
ardınca mənim ünvanıma başqa söyüşlər də yağdırıldı. Azərbaycan həmkarlar
ittifaqlarının II qurultayı fraksiyanın iclasında Mirzoyan yoldaş (rəsmi iclasda)
məni yaramaz, alçaq, namərd, əclaf... adlandırdı və b. təhqiramiz ifadələr işlətdi.
Mənə bu cür müraciət fasiləsiz olaraq iyirmi-otuz dəqiqə çəkdi və mən fraksiyanın
özünə bəyanat verənədək arası kəsilmədi (13, f.268, s.26, iş 32, s.134-135) Q.
Kaminski, L. Mirzoyan və Qutini AK(b)P Nəzarət Komissiyasının şərəf
məhkəməsi qarşısında partiya məsuliyyətinə cəlb etdi.
Kaminskiyə qarşı belə münasibət təsadüfi deyildi, həm də o, işə başladığı
lap ilk günlərdən belə idi. Çünki o, yerli şəraiti – respublikanın milli
xüsusiyyətlərini nəzərə almağı lazım bilir və bu işdə Mirzoyan və onun ətrafının
yanlış mövqeyini tənqid edir, N. Nərimanovun mövqeyini, onun siyasətini düzgün
hesab edir və müdafiə edirdi.
Azərbaycan Kommunist bolşeviklər Partiyası təşkilatlarında yaranmış ağır
vəziyyət davam edirdi, hətta 1921-ci ilin payızına yaxın daha da kəskinləşmişdi.
Bu isə vəzifə borcuna vicdanla yanaşan bir çoxlarını narahat edirdi. Odur ki, bütün
bu müzakirələrdən sonra rəhbər sovet işçilərinin bir qrupu – T. Əliyev, D.
Bünyadzadə, M. İsrafilbəyov (Qədirli), M. B. Qasımov, Q. Musabəyov və b.
AK(b)P
MK-ya
ərizə
ilə
müraciət
edərək
partiya
rəhbərliyinin
möhkəmləndirilməsi, Mirzoyan və ətrafındakılardan bəzilərinin həmkarlar ittifaqı
orqanlarına və digər sahələrdə işə keçirilməsi təklifini irəli sürdülər.
Lakin AK(b)P MK Siyasi Bürosu vəziyyətin dəyişilməsi üçün lazımi
tədbirlər görmədi, sadəcə olaraq sovet işçilərinə asudə vaxtlarında təcrübə
toplamaq üçün partiya işi ilə də məşğul olmağı bir vəzifə olaraq tapşırmaqla
kifayətləndi.
N. Nərimanov ilə onun əleyhdarları arasında «mübarizə» qızışaraq elə
kəskin şəkil aldı ki, V. İ. Lenin münaqişəni aradan qaldırmaq üçün işə qarışmağa
məcbur oldu. N. Nərimanovun RK(b)P Siyasi Bürosunda məruzəsindən sonra
AK(b)P-nin xüsusi direktivləri tərtib olundu. Nərimanov «Ucqarlarda inqilabımızın
tarixinə dair» məktubunda yazırdı: «Yeri gəlmişkən deməliyəm ki, Siyasi Büronun
iclasında yoldaş Lenin mənim fikrimi soruşduqda mən dedim: «Ya mənə bu qrupla
açıq döyüşə girməyə icazə verin, onda mən onu tez məhv edərəm, ya da RK(b)P
MK onlara solluq oyunu oynamağı qadağan etsin». Birincini o qəti rədd etdi, ikinci
təklif üzərində məsələni məhşur direktivlərin tərtib edildiyi komissiyaya verməyi
təklif etdi (90, s.23).
Nərimanov yazırdı: «Məni zəif fəaliyyət göstərməkdə ittiham etmək
düzgün deyil. Bəzi gənc yoldaşların fitnəkarlıqlarına uymamaq üçün mən öz
vəzifəmi çox yaxşı başa düşürdüm, sonralar bu yoldaşlar vəzifələrini itirmək
qorxusu üzündən, məndən uzaqlaşmışdılar, mən onları alverçi kommunistlər
adlandırırdım...
Lakin «sol» qrupa haqq qazandırmaq lazımdır, bu qrup gözdən pərdə
asmaq üçün həmişə deyirdi: «Bizim yoldaş Nərimanova qarşı heç bir pis
niyyətimiz yoxdu, lakin onun ətrafındakılar dözülməzdilər».
Qəribə burasıdır ki, bu bəzi «ətrafdakılar» gedəndən sonra onlar birbaşa
sol qrupun qolları arasına düşdülər» (90, s.24).
1921-ci il oktyabrın 15-də RK(b)P MK Siyasi bürosu V. İ. Leninin
yazdığı layihə əsasında «Bakı məsələləri» adlı qərar qəbul etdi. Qərarda nəzərdə
tutulurdu:
a)
Təşkilat bürosuna tapşırılsın ki, Azərbaycanda düzgün kommunist
siyasətini Hüseynov və Axundov yoldaşlara izah etmək üçün onları dərhal
teleqrafla Moskvaya çağırsın. (O zaman M. D. Hüseynov Azərbaycan SSR xalq
xarici işlər komissarı, R. Ə. Axundov AK(b)P Bakı Komitəsinin katibi idi).
b)
Bakıda və Azərbaycanda hər cür fraksiya mübarizəsini tamamilə
dayandırmaq yerli kommunistlərdən ən ciddi şəkildə tələb edilsin.
v) Fraksiya mübarizəsinə yenidən başlamaq cəhdlərinə görə MK-nın
onları hökmən partiyadan xaric edəcəkləri təsdiq olunsun.
q) RSFSR-dən Azərbaycana və Bakıya partiya işinə göndərilən yoldaşlara
bir vəzifə olaraq tapşırılsın ki, fraksiya mübarizəsinin dayandırılmasına və milli
məsələdə MK siyasətinin düzgün yeridilməsinə hər vasitə ilə kömək etsinlər.
d) Stalin yoldaşa tapşırılsın ki, yuxarıda adı çəkilən qərarı redaktə etsin və
Azərbaycanda milli siyasətin həyata keçirilməsi haqqında ətraflı direktiv layihəsini
bazar ertəsinədək siyasi büroya təqdim etsin...» (13, f.268, s.26, iş 32, s. 140-141)
Layihənin ilkin müzakirəsi İ. Stalin, Q. Orconikidze, P. Mdivani, N.
Nərimanov, M. Hacıyev (Azərbaycan MİK sədri) və M. B. Qasımovdan
(Azərbaycan MİK sədrinin müavini) ibarət komissiyaya tapşırılmışdı. Bundan
başqa Çiçerinə tapşırılırdı ki, elə həmin gecə Hüseynova teleqram vuraraq ən ciddi
şəkildə təsdiq etsin ki, bakılı yoldaşların İranda siyasətin pozulmasına yol
verməməsi haqqında Siyasi Büronun bu il 3 oktyabr tarixli qərarı (protokol №64
bənd 6) tamamilə qüvvədə qalır. Teleqramın surəti Azərbaycan MK-ya
göndərilmişdi.
Direktivdə Azərbaycanın daxili-siyasi vəziyyəti səciyyələndirilərək
göstərilirdi ki, Bakı proletariatının milli tərkibinin rəngarəngliyi Azərbaycanda
fəhlə sinfinin birliyinin zəifləməsi təhlükəsini yaradır: Bakı fəhlə sinfinin
əksəriyyəti ilə Azərbaycanın mövhumat və cəhalət qalıqlarından xilas olmamış
kəndliləri arasında əlaqənin kifayət qədər olmaması isə Azərbaycanda Sovet
hakimiyyətinin dayağı olan fəhlə-kəndli ittifaqının möhkəmlənməsini çətinləşdirir.
Bu cəhət partiya təşkilatlarında öz sıralarını sıx birləşdirməyi, zəhmətkeş kütlələrin
məişət və mədəniyyət xüsusiyyətlərini, milli tərkibini ciddi surətdə nəzərə almağı
əməkçi kəndlilərin mənafeyinə, onların milli və dini ənənələrinə xüsusi diqqət
yetirməyi tələb edirdi... həmçinin direktivdə göstərilirdi: Partiya təşkilatındakı
ədavətin fəhlə sinfi içərisində ədavətə gətirib çıxara biləcəyini və bunun
çoxmillətli, xüsusilə təhlükəli olan milli mübarizəyə çevrilə biləcəyini nəzərə
alaraq, Azərbaycan partiya təşkilatlarının qeyd-şərtsiz birliyini təmin etsinlər. MK
fraksiyalar yaradılmasını və fraksiya mübarizəsini qadağan etdi. Direktivin dəqiq
icrasına nəzarət RK(b)P MK Qafqaz Bürosuna həvalə edildi. Onu Azərbaycanın
bütün partiya özəklərində oxuyub izah etmək təklif olundu (13, f.268, s.26, iş 32,
s.105-106).
Lakin, bunlar təkcə Şərq xalqları üçün yox, eyni zamanda Azərbaycan
xalqı, onun milli ruhlu rəhbər işçilərinə psixoloji təsir üçün nəzərdə tutulmuşdu.
Bu, ancaq sözdə idi, işdə isə heç nə dəyişmirdi. Təsadüfi deyildir ki, Bakı
komitəsinin dedi-qodu ilə məşğul olan şovinist rəhbərliyinin də siyasəti dəyişmədi.
Bakı Komitəsinin rəhbərliyi MK-nın göstərişlərinə məhəl qoymayaraq
pozuculuq fəaliyyətini davam etdirir, direktivin həyata keçirilməsi haqqında nəinki
düşünmür, buna hətta ciddi müqavimət göstərirdi.
N. Nərimanovun mövqeyinə V. İ. Leninin, RK(b)P MK-nın tərəfdar
olması direktivlərdə, MK Siyasi bürosunun 1921-ci il 15 və 17 oktyabr tarixli
qərarında açıq ifadə olunmuşdu.
1921-ci il noyabrın əvvəllərində RK(b)P MK-nın Azərbaycana dair
qərarlarını izah etmək üçün MK-nın katibi V. M. Molotov Bakıya gəldi. O,
respublikanın məsul işçilərinin yığıncağında nitq söylədi, noyabrın 5-də AK(b)P
BK Rəyasət Heyətinin iclasında iştirak etdi.
RK(b)P MK «Bakı məsələlərinin» müzakirəsinə yenidən qayıtmalı oldu.
1921-ci il noyabrın 8-də Siyasi Büro Stalinə tapşırdı ki, daha ətraflı məlumat
toplasın, Hüseynova və Axundova Xalq Milli İşlər Komissarlığında iş versin.
1921-ci ilin noyabrın 18-də MK Siyasi Bürosu «Hüseynov və Axundov yoldaşlar
haqqında» qərar qəbul etdi. Qərarda deyilirdi:
a)
məsələ növbəti cümə axşamı günü Siyasi Büroda müzakirəyə
qoyulsun, Zinovyev yoldaşın hökmən gəlməsi şərtilə.
b)
Hüseynov və Axundov yoldaşlara 2 gün vaxt verilsin ki, yazılı şəkildə:
1. öz fikirlərini şərh etsinlər, 2. millətçilik təmayülünü nədə gördüklərini
dəqiq əsaslandırsınlar və 3. Ümumiyyətlə, Qafqaz Bürosunun siyasətini, xüsusilə
onun Zaqafqaziya Respublikaları Federasiyası barəsində siyasətini nə üçün
saymadıqlarını izah etsinlər (13, f.268, s.26, iş 32, s.145-146).
M. D. Hüseynov və R.Axundov tərəfindən 1921-ci il noyabrın 22-də MK-
nın Siyasi Bürosuna təqdim olunmuş yazılı məruzə əslində BK rəhbərliyinin rəyini
əks etdirirdi, dolaşıq müddəalarla dolu idi, müəlliflərin siyasi naşılığına, onların
nəzəri bilik səviyyəsinin aşağı olduğuna dəlalət edirdi. Nərimanov əsassız olaraq
millətçilik təmayülündə təqsirləndirilir, iddia edilirdi ki, guya Nərimanov və
«fraksiyası» Qafqazda yeganə nümunəvi olan Bakı təşkilatını darmadağın etmək
məqsədində olmuşlar və bunun üçün RK(b)P MK Qafqaz Bürosunun əlilə Bakı
təşkilatının ən fəal işçilərinin hamısını sıradan çıxarmağa çalışırlar. Azərbaycanda
milli siyasətin həyata keçirilməsində, müsadirələr aparılmasında, partiyanın
təmizlənməsində və i. a. yol verilən əyintilərə haqq qazandırılırdı. Deyilirdi ki,
Qafqazın, o cümlədən Azərbaycanın partiya təşkilatlarında millətçilik təmayülü
vardı və ona qarşı amansız mübarizə aparılmalıdır. Diyarın partiya təşkilatlarına
Qafqaz Bürosunun siyasi və təşkilati rəhbərliyinin düzgünlüyü, Qafqaz Bürosunun
aşağı təşkilatlar barəsində kadr siyasəti yeritmək hüququ şübhə altına alınırdı.
M. D. Hüseynov və R. Axundovun məktubu tanışlıq üçün MK Siyasi
Bürosunun üzvlərinə göndərildi (13, f.268, s.26, iş 32, s.146).
1921-ci il dekabrın 1-də RK(b)P MK Siyasi Bürosu «Azərbaycanda
kommunistlər arasında ixtilaflar haqqında» məsələni müzakirə edərək qərara aldı:
a)
MK-nın 1921-ci il 15 və 17 oktyabr tarixli qərarı təsdiq olunsun.
b)
Belə hesab edilsin ki, RK(b)P MK-nın xüsusi icazəsi olmadan
Azərbaycan MK-nın və hökumətinin tərkibində heç bir dəyişikliyə yol verilə
bilməz.
v) Stalin yoldaşa tapşırılsın: Moskvada Xalq Milli İşlər Komissarlığında
Axundov və Hüseynov yoldaşlara elə bir iş versin ki, bu iş onları müxtəlif millətlər
barəsində RSFSR-in ümumi siyasəti ilə ən yaxından və tam həcmdə tanış etsin»
(13, f.268, s.26, iş 32, s.147).
RK(b)P
MK-nın
fraksiyaçılığı qətiyyətlə pisləyib, Azərbaycan
kommunistlərinin fəaliyyət proqramını müəyyənləşdirən qərarların ziddinə olaraq
sol qrup pozuculuq işini davam etdirirdi.
1921-ci il dekabrın əvvəllərində Bakı Komitəsinin Rəyasət Heyəti R.
Axundovun məruzəsini dinləmək üçün Bakı Partiya Konfransı çağırmaq haqqında
qərar qəbul etdi (59, 8.04.1990).
Vəziyyətin daha da kəskinləşməsinə yol verməmək məqsədilə MK-nın
Qafqaz Bürosu konfransı təxirə salmağı, dedi-qodu və intriqa şəraiti yaranmasına
bais olan Bakı Komitəsi təşkilat şöbəsinin müdiri Kraykovu geri çağırmağı qərara
aldı.
Bu, solların demaqoqcasına çıxışlarının yeni kükrəyişinə səbəb oldu.
Dekabrın 12-də onlar şəhər partiya komitəsinin plenumunu çağırdılar. Plenum
Qafqaz Bürosunun qərarı ilə razılaşmadı, onu «heç bir səbəb olmadan qəbul edilən,
Bakı təşkilatının işini ləngidən yanlış və lüzumsuz qərar» hesab etdi, konfransın
çağırılması məsələsini AK(b)P MK Siyasi Bürosunda müzakirəyə qoymaq və
Qafqaz Bürosunun qərarının ləğv edilməsini partiyanın MK-dan xahiş etmək
təklifini irəli sürdü (13, f.l, s.2, iş 18, s.159).
RK(b) P MK-nın Təşkilat Bürosu bu məsələyə baxaraq, konfransın təxirə
salınması haqqında Qafqaz Bürosunun qərarını təsdiq etdi. Plenum Moskvaya
səfəri və MK Siyasi Bürosunun iclaslarında iştirakı haqqında R. Axundovun
məlumatını dinlədi. Məlumat birtərəfli idi, MK-nın Siyasi Bürosunun rəyini əks
etdirmirdi. Axundov dedi ki, M. D. Hüseynov və o, Azərbaycanın gerçəkliyinin,
xüsusən Bakı gerçəkliyinin bütün vacib məsələlərini işıqlandırmağa ümumən nail
olmuşlar. Onun qeyd etdiyinə görə, RK(b)P MK-da o qədər də düzgün
işıqlandırılmayan məsələlərə görə - müsəlmanlar arasında iş, partiyada təmizlənmə,
Zaqafqaziya respublikalarının Federasiyası, Azərbaycanda və Zaqafqaziyada
millətçilik təmayülü məsələlərinə toxunulmuşdur. Lakin Axundov «solların»
fraksiyaçılıq fəaliyyətini MK Siyasi Bürosunun pislədiyindən, partiyanın Mərkəzi
Komitəsi tərəfindən Azərbaycan partiya təşkilatının qarşısında qoyulan
vəzifələrdən bir kəlmə də danışmadı. R. Axundov 1921-ci ilin iyununda AK(b)P
BK katibi seçilməsinə baxmayaraq, partiyadaxili mübarizəyə başı qarışdığına,
Moskva və Tiflisə səfər etdiyinə, məzuniyyətdə olduğuna görə, o əslində şəhər
partiya komitəsinin katibi vəzifəsində işləməmişdir. Katibin vəzifəsini S. Qutin, M.
Kaxiani və M. Pleşakov müvəqqəti yerinə yetirmişdilər (13, f.268, s.26, iş 32,
s.148).
R. Axundov Moskvaya geri çağırıldığı üçün Bakı Komitəsi katibi
məsələsi ortaya çıxdı. Partiya təşkilatında qeyri sağlam mənəvi-siyasi iqlim
yaranması ilə əlaqədar olaraq bu məsul vəzifəyə elə təcrübəli siyasi xadim irəli
çəkilməliydi ki, Moskvada hazırlanmış siyasi xəttin düzgün yeridilməsini təmin
etməyə qadir olsun.
Məntiqə görə, ən yaxşı namizəd xeyli təcrübəli, o zaman nəzəriyyəçi və
publisist kimi tanınan Sultan Məcid Əfəndiyev idi. Partiya dairələrində və fəhlə
mühitində S. M. Əfəndiyevin namizədliyi irəli sürülürdü. Başqa namizədlər də
vardı.
Lakin yenə də «solların» mənsəbpərəstlik iddiaları üstün gəldi. 1921-ci il
oktyabrın 24-də Bakı Komitəsinin Rəyasət Heyəti «Bakı Komitəsinin katibi
haqqında» məsələyə baxaraq qərara aldı: R. Axundov Moskvaya getdiyinə görə M.
Kaxiani Bakı Komitəsinin katibi təyin olunsun, onu Bakıya ezam etmək haqqında
Qafqaz Bürosunun qarşısında məsələ qoyulsun. Kaxiani gələnədək katib vəzifəsinə
müvəqqəti olaraq Pleşakov təsdiq edildi. AHİŞ sədri vəzifəsində işləyən L. İ.
Mirzoyanı Bakı Komitəsinin katibi vəzifəsinə irəli çəkməyə geniş hazırlıq
başlandı. 1921-ci il dekabrın 27 də keçirilən şəhər partiya plenumu qərara aldı:
«Mirzoyan yoldaş Bakı Komitəsinin daimi katibi təsdiq edilsin» (13, f.268,
s.26, iş
32, s. 150-151). Daimi katib ifadəsinin özü R. Axundovun şəhər partiya
komitəsinin katibi vəzifəsindən açıq aşkar azad edilməsi demək idi. Yaranmış
mürəkkəb şəraitdə, RK(b)P MK Siyasi Bürosunun Bakı və bütün Azərbaycan
partiya təşkilatında işlərin vəziyyətinə verdiyi siyasi qiymətdən, bütün bu biabırçı
vəziyyətdən, qarışıqlıqdan sonra L. Mirzoyanı Bakı Komitəsinin katibi təsdiq
etmək nəinki düzgün və məqsədəuyğun deyildi, həm də son dərəcə təəccüblü bir
addım idi. Mirzoyan Bakı partiya təşkilatında yaranmış vəziyyətin
səbəbkarlarından biri idi. Lakin paytaxt şəhər partiya komitəsinə katib tövsiyə
etmək məsələsi kimi olduqca mühüm bir məsələnin həllində AK(b)P MK və
Qafqaz Bürosu lazımi prinsipiallıq göstərmədilər.
1922-ci ilin aprelində R. Axundov Bakıya qayıtdı. Moskvada qısa müddət
qalsa da, az təcrübə qazanmamışdı. R. Axundov X Ümumbakı partiya
konfransında (aprel 1922-ci il) dedi ki, Moskvada milli siyasət məsələlərini
öyrənməyə çalışmışdır:... «türk mətbuatı ilə, ümumən müsəlmanlar arasında işlə
bağlı məsələlərdə çox vərdiş qazanmağa müvəffəq oldum» (13, f.268, s.26, iş 32,
s.151).
Belə qənaətə gəlmək olar ki, Azərbaycanın bolşevik rəhbərliyində baş
verən ixtilaflar və daxili-siyasi çəkişmələr yeni yaranmış dövləti möhkəmlətmək,
yeni iqtisadi siyasətin vəzifələrini həyata keçirmək əvəzinə cılız siyasətbazlıqla,
demaqogiya ilə partiya və dövlət orqanları arasında münasibətlərin pisləşməsinə,
partiyanın nüfuzunu və rəhbər rolunu zəiflətməsinə gətirib çıxardı.
Respublika rəhbərliyində ixtilaflar dövlət idarəçiliyinin bütün sahələrinə
təsir etdiyindən Azərbaycan SSR-nin iqtisadi-siyasi vəziyyəti ilə yanaşı,
cəmiyyətin mənəvi durumu da potensial inkişaf səviyyəsindən geri qalırdı.
Dostları ilə paylaş: |