Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Hüquq fakültəsinin IV kurs dinləyicisi
Səlimov Cavid Asəf oğlunun Dövlət təhlükəsizliyi orqanlarının əməliyyat fəaliyyətinin hüqquqi tənzimlənməsi fənnindən Sərbəst işi
“Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqları və sosial müdafiəsi”
BAKI – 2023
MÜNDƏRİCAT
GİRİŞ Müasir dövrümüzdə cinayətkarlıqla mübarizə dövlətin əsas vəzifəsi olaraq, daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyekti kimi cinayətkarlıqla mübarizədə qəti mövqe nümayiş etdirir. Hüquq-mühafizə orqanları cinayətlərin baş verməməsi, qarşısının alınması, açılması istiqamətində ciddi iş aparırlar. Cinayətkarlıqla mübarizədə həmin orqanların qanunla müəyyən olunmuş müvafiq fəaliyyət formaları mövcuddur. Forma dedikdə, fəaliyyətin məzmununun ifadəsi nəzərdə tutulur. Belə fəaliyyət formalarından biri əməliyyat-axtarış fəaliyyətidir. Bu fəaliyyət cinayətkarlıqla müvəffəqiyyətli mübarizə aparmaq məqsədilə xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilir və onun əsas təyinatı insanların, cəmiyyətin, dövlətin qanunla qorunan mənafelərinin əməliyyat-axtarış və digər tədbirlər vasitəsilə səmərəli müdafiəsidir. Qeyd olunan fikirlər bu fəaliyyətin cinayətkarlıqla mübarizə tədbirləri sistemində yerini müəyyən edir.
Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərə kömək göstərilməsi ilə bağlı məsələlərin hüquqi nizamlanması Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununda öz əksini tapmışdır. Bu sahədə yaranan münasibətlərin qanunvericilik səviyyəsində nizamlanması mühüm əhəmiyyət kəsb edir. Hesab etmək olar ki, əməkdaşlıq məsələsinin qismən leqallaşdırılması ictimai-hüquqi şüur düşüncəsində əhəmiyyətli dəyişikliyə səbəb olur, vətəndaş bunun mahiyyətini, məqsədini dərk edir və əməliyyat-axtarış fəaliyyətinin subyektləri ilə əməkdaşlığa heç də mənfi bir hal kimi baxmır. Nəticədə isə ictimaiyyətin nümayəndələri cinayətkarlıqla mübarizədə yaxından iştirak edir və bu da həmin mübarizənin səmərəsini əhəmiyyətli dərəcədə artırır.