Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının


Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqları və sosial müdafiəsi



Yüklə 27,35 Kb.
səhifə2/3
tarix28.02.2023
ölçüsü27,35 Kb.
#85898
1   2   3
Səlimov Cavid-Əməliyyat-axtarış

Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqları və sosial müdafiəsi
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunda əməliyyat-axtarış fəaliyyətinin subyektləri ilə əməkdaşlıq edən şəxslərin sosial və hüquqi müdafiəsi məqsədilə bir sıra müddəalar əks olumuşdur. Həmin müddəalar əsasən Qanunun 17-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin I hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar. Əməliyyat-axtarış fəaliyyətinin nəzəriyyə və çoxillik təcrübəsində əməliyyataxtarış fəaliyyətində iştirak edən vətəndaşların hüquqi və sosial müdafiəsinin daha çox yayılmış formalarına aşağıdakılar aid edilmişdir:
1. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, onların yaxın qohumlarının həyat və sağlamlığının, eləcə də onların əmlakının mühafizəsinin təmin edilməsi;
2. şəxsin xarici görünüşünün, anket məlumatlarının, yaşayış və iş yerinin dəyişdirilməsi haqda tədbirlər görülməsi (o məlumatları əks etdirən yeni sənədin verilməsi və s.)
3. şəxsin müdafiəsi üçün pul vəsaitinin ödənilməsi (əgər əməkdaşlıqla əlaqədar olaraq onun sağlamlığına xəsarət yetirilərsə və s.);
4. şəxsin cinayət məsuliyyətindən azad edilməsi, cinayət təqibinin iştirakçısı olan hallarda cəzanın yüngülləşdirilməsi ilə bağlı məsələlərin həll edilməsi.
Əməliyyat-axtarış orqanları ilə əməkdaşlıq edən şəxslərin dövlət qayğısı ilə əhatə olunması həmin əməkdaşlığın səmərəsini əhəmiyyətli dərəcədə artırır. Əməliyyat-axtarış fəaliyyətinə kömək edən şəxslərin dövlət tərəfindən sosial və hüquqi müdafiəsi dedikdə, dövlət orqanları tərəfindən qanunda həmin şəxslərin sosial və hüquqi müdafiəsi ilə bağlı müəyyən edilmiş tələblərin yerinə yetirilməsi başa düşülür. Qanunla dövlətin üzərinə düşən mühüm vəzifələrdən biri əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxsləri, onların ailə üzvlərini həmin fəaliyyətlə bağlı məruz qala biləcəkləri fiziki və psixoloji zorakılıqdan müdafiə etməkdən, onların şərəf və ləyaqətini qorumaqdan ibarətdir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 17-ci maddəsinin IV hissəsinə əsasən əməliyyataxtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların yaxın qohumlarının həyatına, sağlamlığına və əmlakına real təhlükə yarandıqda səlahiyyətli orqanlar onların mühafizəsi və dəymiş zərərin ödənilməsi, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər. Bu vəzifənin yerinə yetirilməsinin təminatlarından biri əməliyyat-axtarış tədbirlərinin hazırlanması və aparılması zamanı konspirasiya prinsipinə ciddi əməl olunmasıdır. Ona görə də, əməliyyat-axtarış fəaliyyətinə yardım edən şəxslərə və onların ailə üzvlərinə edilə biləcək cinayətkar qəsdlərin qarşısını almaq üçün dövlət konspirasiya prinsipinin təmin edilməsi üçün real şərait yaratmağa borcludur. Bu məqsədlə vətəndaşlara onların köməyi ilə hazırlanan əməliyyataxtarış tədbirləri qarşısında duran məqsəd və vəzifələrin mahiyyəti ətraflı açıqlanmalı, onların konkret rolunun nədən ibarət olması, əməliyyatın gedişində zəruri və mümkün davranış xətləri izah edilməlidir. Zəruri hallarda onların hazırlıq keçmələri üçün şərait yaradılmalı, lazım olduqda onlara şəxsiyyətlərini gizlədən şifrələnmiş sənədlər verilməlidir.
Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Qanununun 5-ci maddəsində dövlət tərəfindən müdafiə olunan şəxslərin siyahısı verilmişdir. Bu siyahıda qeyd edilən müdafiə olunan şəxslərdən biri də hüquq-mühafizə orqanlarına cinayət haqqında məlumat vermiş və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında və ya açılmasında iştirak etmiş şəxsdir. Qanuna əsasən onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həmin şəxslərin təhlükəsizliyinin təmin edilməsi bu şəxslərin həyatının və sağlamlığının, əmlakının qorunması məqsədilə səlahiyyətli dövlət orqanları tərəfindən hüquqi, təşkilati-texniki və digər tədbirlərin həyata keçirilməsindən ibarətdir. Müdafiə olunan şəxslərin təhlükəsizliyini təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul etmiş və bu qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlar təmin edir.
Qanunun 7-ci maddəsində aşağıdakı təhlükəsizlik tədbirlərinin növləri nəzərdə tutulmuşdur:
1. müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə;
2. müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə;
3. müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə;
4. müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyini qoruma;
5. müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə;
6. müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə;
7. qanunvericilikdə müəyyən edilmiş qaydada müdafiə olunan şəxsin iştirak etdiyi məhkəmə baxışının qapalı keçirilməsi.
Zəruri hallarda təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müdafiə olunan şəxslərin şəxsi mühafizəsi, mənzilinin və əmlakının mühafizəsi üçün təhlükəsizlik tədbirləri tətbiq edilir. Müdafiə olunan şəxslərin razılığı ilə onların mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər, onların istifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları dəyişdirilə bilər. Müdafiə olunan şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onlara xidməti və ya mülki silah verilə bilər və bundan əlavə onlar təhlükə barədə xəbərdar edilməlidirlər. Zəruri hallarda yetkinlik yaşına çatmış müdafiə olunan şəxslər onların razılığı ilə, yetkinlik yaşına çatmayan şəxslər isə valideynlərin və ya onların qanuni nümayəndələrinin razılığı ilə müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilə bilərlər.
Təhlükəsizliyi təmin edən orqanların qərarı ilə avtomat telefon rabitə sorğu xidmətinə, pasport-viza xidmətinə və ya digər müvafiq məlumat-sorğu xidmətlərinə müdafiə olunan şəxslərin yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər. Müdafiə olunan şəxslərin müraciəti və ya razılığı ilə həmin şəxslər müvəqqəti və ya daimi olaraq başqa işə keçirilə və ya başqa yaşayış yerinə köçürülə bilərlər, onların iş və ya təhsil yeri dəyişdirilə bilər. Göstərilən tədbirlər müdafiə olunan şəxslərin mənzil, əmək, pensiya və digər hüquqları pozulmamaqla həyata keçirilməlidir.Müvəqqəti olaraq başqa yaşayış yerinə köçürülən şəxslərin mülkiyyətində olan və ya daimi yaşayış yeri üzrə yaşayış sahəsi saxlanılır. Müdafiə olunan şəxslərin təhlükəsizliyini başqa tədbirlərlə təmin etmək mümkün olmadıqda, onların razılığı əsasında müstəsna hallarda, onlara anket məlumatları dəyişdirilmiş şəxsiyyəti təsdiq edən sənəd və digər sənədlər verilə bilər, habelə onların xarici görkəmi dəyişdirilə bilər.
Müdafiə olunan şəxslərin təhlükəsizliyi tələb etdiyi hallarda məhkəmənin (hakimin) qərarı ilə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qapalı məhkəmə baxışına yol verilir. Müttəhimin iştirakı olmadan həmin şəxslərin dindirilməsi üçün məhkəmə (hakim) bu barədə əsaslandırılmış qərar qəbul edir. Həmin əsaslar ilə bir müttəhimin digərindən ayrı dindirilməsinə yol verilir.
Cinayət prosesində iştirak edən şəxslərin onların müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə cinayət prosesini həyata keçirən orqan təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi ərizəçiyə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan tərəfindən müvafiq qərarın surəti göndərilməlidir. Ərizəçi onun müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsinə dair qərarın surətini aldıqdan sonra beş gün müddətində məhkəməyə şikayət etməyə, yaxud vəsatətin və ya xahişin verildiyi andan yeddi gün müddətində cinayət prosesini həyata keçirən orqanın müvafiq qərarının surətini almadıqda, təhlükəsizlik tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır.
Yuxarıda göstərilən əsaslar olduqda müdafiə olunan şəxsə yazılı məlumat verilməklə təhlükəsizlik tədbirlərinin ləğvi haqqında əsaslandırılmış qərar qəbul edilir. Müdafiə olunan şəxs qəbul edilmiş qərar barədə prokurorluğa və ya məhkəməyə şikayət verə bilər. Bu şikayətə dərhal baxılmalıdır. Qəbul edilmiş qərar barədə üç gün müddətində şikayət etmiş şəxsə məlumat verilməlidir. Müdafiə olunan şəxslərin aşağıdakı hüquqları vardır:
1) barəsində tətbiq ediləcək təhlükəsizlik tədbirləri haqqında məlumat almaq;
2) barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və ya ləğv edilməsi barədə vəsatət qaldırmaq;
3) tətbiq edilən təhlükəsizlik tədbirlərindən başqa, bu Qanunla nəzərdə tutulan digər tədbirlərin də tətbiq edilməsini və ya tətbiq edilən tədbirlərdən hər hansı birisinin ləğv edilməsini təhlükəsizliyi təmin edən orqanlardan tələb etmək;
4) prokurorluğa və ya məhkəməyə (hakimə) təhlükəsizlik tədbirlərini həyata keçirən vəzifəli şəxslərin qanunsuz qərarlarından və ya hərəkətlərindən şikayət vermək.


NƏTİCƏ
Əməliyyat-axtarış orqanları onlara gizli formada kömək edən şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsini daim diqqət mərkəzində saxlamalıdır. Konfidentə və ya onun ailə üzvlərinə qarşı real təhlükə yaranması ilə bağlı məlumatlar aldıqda, bunun qarşısını almaq üçün dərhal ən ciddi tədbirləri görməlidirlər. Belə tədbirlər onların şəxsi əmlakına qarşı təhlükə yarandıqda da görülməlidir. Əgər konfidentə və ya onun ailə üzvlərinə qarşı cinayətkar qəsd artıq törədilmişsə, onda təqsirkar şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməlidir. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara kömək edən vətəndaşların şəxsiyyəti haqqında məlumatlar dövlət sirri hesab edilir və qanunla mühafizə olunur. Onların şəxsiyyəti haqqında məlumatlar vətəndaşldarın hüquq və azadlıqlarının əməliyyat-axtarış fəaliyyəti nəticəsində məhdudlaşdırılması ilə bağlı daxil olmuş şikayətlərə baxan məhkəmənin tələbi daxil olsa belə, həmin məlumatlar aşkarlana bilməz. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 16-cı maddəsinin VII hissəsində deyilir: «Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir». Gördüyümüz kimi, istintaq və məhkəmə orqanlarına yalnız məlumatların özü verilir, onları əldə etmiş subyektin şəxsiyyəti haqqında heç bir informasiya verilə bilməz.


Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin