1.Elektroqravimetrik analiz metodu – analiz olunan nümunə məhlulundan elektrik cərəyanı keçirildikdə təyin olunan məddənin elektrodlar üzərində toplaraq ayrılmasına və kütləsinin təyininə əsaslanır. Əksər hallarda bu metoda təyinat kütləsi əvvəlcədən məlum olan platin elektrodunun kütləsinin artmasına görə aparılır. Elektroqravimetrik analiz metodunun özü sabit cərəyanda elektroqravimetriya, sabit potensialda elektroqravimetriya və xarici cərəyan mənbəyindən istifadə edilmədən aparılan elektroqravimetriya, yəni daxili elektroliz olmaqla üç yerə bölünür.
2.Polyaroqrafik analiz metodu– elektroliz aparılan məhlulda potensialın qiymətinin dəyişməsi ilə dəyişən elektrik cərəyanın, başqa sözlə cərəyan şiddətinin ölçülməsinə əsaslanır. Bu metodun ən mühüm xüsusiyyəti istifadə edilən elektrodların birinin böyük, digərinin isə kiçik səthə malik olmasıdır.
3.Kulonometrik analiz metodu – Faradey qanunlarına əsaslanır. Bu metoda təyinat əsasən sabit potensialda təyin olunan maddənin elektrolizinə sərf olunan elektrik yükünün miqdarının ölçülməsinə əsaslanır.
4.Potensiometrik analiz metodu – analiz olunan nümunə məhluluna salınmış standart və indikator elektrodlarının potensialının ölçülməsinə əsaslanır. Bu zaman ölçülən potensialın qiyməti təyin olunan maddənin qatılığından və temperaturdan asılı olur.
5.Konduktometrik analiz metodu– analiz olunan nümunə məhlulunun elektrik keçiriciliyinin ölçülməsinə əsaslanır.
Bütün məlum elektrokimyəvi analiz metodları həm də elektrodların səthində və elektrodlar ətrafı sahədə baş verən proseslərin öyrənilməsinə görə iki yerə bölünür.
1.Elektrodlar səthində baş verən proseslərin öyrənilməsinə əsaslanan metodlar. Bu metodlara elektroqravimetriya, polyaroqrafiya, kulonometriya və potensiometriya metodları aiddir.
2.Elektrodlar ətrafı sahədə baş verən proseslərin öyrənilməsinə əsaslanan metodlar. Buraya konduktometrik və xronokonduktometrik analiz metodları aiddir.
Deməli elektrokimyəvi analiz metodları maddənin elektrokimyəvi xassələrinin öyrənilməsinə əsaslanır. Qeyd etmək lazımdır ki, elektrokimya kimyəvi və elektrik enerjilərinin bir-birinə çevrilmə qanunauyğunluqlarını öyrənir. Kimyəvi reaksiyalar adətən istiliyin ayrılması və ya udulması ilə gedir, yəni kimyəvi enerji dedikdə ayrılan və ya udulan istilik miqdarı başa düşülür. Deməli kimyəvi reaksiyaların əsas xarakteristikası istilik effektidir. Elektrokimyəvi reaksiyalar dedikdə isə elə reaksiyalar başa düşülür ki, ya bu reaksiyalar xarici elektrik cərəyanının təsiri ilə baş versin, ya da bu reaksiyalar nəticəsində elektrik cərəyanı yaransın. Beləiklə kimyəvi reaksiyaların enerji xarakteristikası istilik effekti, elektrokimyəvi reaksiyaların enerji xarakteristikası isə elektrik enerjisidir.