VI. Ali Attestasiya Komissiyasında dissertasiyalara baxılması
37. Ali Attestasiya Komissiyasının ekspert şurası dissertasiyaların elmi səviyyəsinə, onların elmi və praktiki dəyərinə, ixtisaslaşdırılmış şuranın işinə nəzarəti, attestasiyaların keçirilməsinə və AAK-ın tövsiyələrinin hazırlanmasına vahid tələblər baxımından yanaşmağı təmin edir. Ekspert şurası müvafiq Əsasnaməyə, AAK-ın Rəyasət heyətinin və kollegiyasının tövsiyələrinə əsaslanaraq fəaliyyət göstərir.
Ekspert şurası dissertasiya işi üzrə qərarlarının keyfiyyəti və obyektivliyinə görə məsuliyyət daşıyır.
İxtisaslaşdırılmış şuranın qərarı kifayət qədər əsaslandırılmadıqda ekspert şurası onu yenidən hazırlanmaq üçün geri qaytara bilər.
Lazım gəldikdə, ekspert şurası öz iclasına iddiaçıları, elmi opponentləri, elmi rəhbərləri və elmi məsləhətçiləri, həmçinin aparıcı təşkilat (müəssisə) nümayəndələrini dəvət edə, yaxud öz nümayəndələrini dissertasiya işinə baxan ixtisaslaşdırılmış şuranın iclasına göndərə bilər.
İddiaçı üzürsüz səbəbə görə iclasda iştirak etmədikdə belə, ekspert şurası dissertasiyaya baxır.
Dissertasiya müdafiəsi keçirilmiş ixtisaslaşdırılmış şuranın və ekspert şurasının fikirləri düz gəlmədikdə, AAK-ın Rəyasət heyəti və ya kollegiyası AAK Plenumunun üzvlərinə müvafiq sahə üzrə mütəxəssislərə qərar qəbul etmək üçün tövsiyələr hazırlamağı tapşırır.
İddiaçıya attestasiya işinin bütün materialları ilə tanış olmaq hüququ verilir. Ekspert şurasının qərarının surəti iddiaçının xahişi ilə bir ay müddətində ona verilir.
Ekspert şurasının iş qaydası Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş Ekspert şurası haqqındakı Əsasnaməyə görə müəyyən edilir.
38. AAK-da elmlər doktoru alimlik dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiya və attestasiya işlərinə baxılma müddəti 6 aydan, elmlər namizədi alimlik dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiya və attestasiya işlərinə baxılma müddəti isə 3 aydan çox olmamalıdır. Bu müddətdə vətəndaşların dissertasiya və attestasiya materiallarının qiymətləndirilməsi haqqında verdikləri təklif və ərizələrə baxılır.
Dissertasiya ekspertizasının daha uzun müddət üçün aparılması tələb olunan xüsusi hallarda bu müddətlərin uzadılması məsələsi AAK-nın Rəyasət Heyəti və Kollegiyası tərəfindən hər bir konkret iş üçün həll edilir. Ekspertiza müddətinin uzadılması səbəbləri iddiaçıya və müdafiə keçirilmiş ixtisaslaşdırılmış şuraya çatdırılır.
39. İxtisaslaşdırılmış şuranın, yaxud AAK-ın dissertasiyada və attestasiya işində aşkar etdiyi nöqsanlar müzakirə prosesində onların icazəsi olmadan düzəldilə bilməz.
İddiaçı ixtisaslaşdırılmış şurada gizli səsvermənin başlanmasına qədər, AAK-da isə alimlik dərəcəsi verilməsi haqqındakı qərarın təsdiq olunmasına qədər istənilən mərhələdə dissertasiya müdafiəsini dayandırmaq hüququna malikdir.
İddiaçının yazılı ərizəsinə görə dissertasiya müzakirəsinin dayandırılması haqqında ixtisaslaşdırılmış şuranın və ya AAK-ın çıxardığı qərar son qərar sayılır.
Dissertasiya müzakirəsinin dayandırılmasından sonra o, yeni iş kimi müdafiəyə təqdim oluna bilər.
40 Dissertasiyanın müdafiəsi Azərbaycan dilində keçirilir. Şura üzvlərinin və opponentlərin razılığına əsasən dissertasiyanın müdafiəsi başqa dildə də keçirilə bilər. Şuranın fəaliyyəti ilə əlaqədar kargüzarlıq işləri Azərbaycan dilində aparılır. Avtoreferat başqa dildə yazılmışsa, onun Azərbaycan dilində geniş xülasəsi verilir. Azərbaycan dilində yazılıbsa, şuranın müəyyən etdiyi hər hansı başqa dildə xülasə verilməlidir.
41. Alimlik dərəcəsi və elmi adlar almaq üçün AAK-a təqdim olunmuş sənədlər Azərbaycan dilində olmalıdır.
42. Alimlərin və xalq təsərrüfatı mütəxəssislərinin elmi və elmi-pedaqoji kadrların attestasiyasında, AAK-ın işində, ixtisaslaşdırılmış şuralarda, dissertasiyaların dövlət inspeksiyasında, opponentlikdə, rəyvermədə iştirakı onların ictimai-elmi fəaliyyətinin mühüm cəhəti sayılır.
VII. Ali Attestasiya Komissiyasında elmi adların verilməsi
43. Professor elmi adı aşağıdakılara verilir:
müsabiqə üzrə kafedra müdiri və ya professor vəzifəsinə seçilmiş və ya rektor, prorektor (elmi və tədris işləri üzrə) təyin olunmuş və bu vəzifələrdə bir il müvəffəqiyyətlə işləmiş, 5 il pedaqoji iş stajı olan yüksək metodiki və elmi səviyyədə mühazirələr oxumuş, müdafiədən sonra dərc olunmuş tədris-metodik və elmi işləri olan elmlər doktorlarına;
ali məktəblərdə elmi-tədqiqat şöbəsinin (bölmənin, laboratoriyanın) müdiri, baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrinə seçilmiş, ən azı 5 il elmi stajı olan, bir il bu vəzifədə müvəffəqiyyətlə işləyən, müdafiədən sonra dərc olunmuş və pedaqoji praktikada istifadə olunan elmi əsərləri olan elmlər namizədləri və ya doktoru hazırlamış elmlər doktorlarına;
Müsabiqə yolu ilə ali məktəbdə kafedra müdiri və ya professor vəzifəsinə seçilib, bu vəzifədə bir il müvəffəqiyyətlə çalışmış, ali məktəbdə beş ildən artıq pedaqoji iş stajı və dosent elmi adı olan respublika xalq artistlərinə, xalq rəssamlarına, xalq memarlarına, əməkdar incəsənət xadimlərinə
Akademiya institutlarında, sahə elmi-tədqiqat institutlarında, sahələrarası elmi birliklərdə və komplekslərdə müsabiqə yolu ilə elmi-tədqiqat şöbələrinin müdiri, baş elmi işçi, böyük elmi işçi vəzifələrinə seçilmiş, ən azı 5 il elmi stajı olan, 1 il bu vəzifədə müvəffəqiyyətlə işləyən, müdafiədən sonra dərc olunmuş elmi əsərləri olan, elmlər namizədi və ya doktoru hazırlamış elmlər doktorlarına.
44. Dosent elmi adı aşağıdakılara verilir:
müsabiqə üzrə kafedra müdiri və ya dosent seçilən, yaxud rektor, prorektor (elmi və tədris işləri üzrə) vəzifəsini tutan və həmin vəzifədə 1 il müvəffəqiyyətlə işləmiş 3 il pedaqoji iş stajı olan, müdafiədən sonra dərc olunmuş tədris metodik və elmi işləri olan elmlər namizədinə və doktoruna;
Müsabiqə yolu ilə ali məktəbdə kafedra müdiri və ya dosent vəzifəsinə seçilib bu vəzifədə bir il müvəffəqiyyətlə işləmiş, ali məktəbdə üç ildən artıq pedaqoji iş stajı olan respublikanın əməkdar və xalq artistlərinə, əməkdar və xalq rəssamlarına, əməkdar və xalq memarlarına, əməkdar incəsənət xadimlərinə, əməkdar bədən tərbiyəsi və idman işçilərinə, əməkdar müəllimlərinə, əməkdar ali məktəb işçilərinə, əməkdar mədəniyyət işçilərinə
45. Professor və dosent elmi adları alimlik dərəcələri olmayan şəxslərə aşağıdakı göstərilən müstəsna hallarda verilə bilər:
Respublika Hərbi Qüvvələrinin təşəkkül tapdığı ilkin mərhələdə, Respublikasının Silahlı Qüvvələrində xüsusi xidmətləri olan, hərbi-tədris müəssisələrində elmi-pedaqoji iş stajı olan respublika kadrlarının hazırlanmasında mühüm rolu olub hərbi ixtisas fənlərindən dərs deyən, xarici ölkələrin və respublikanın nüfuzlu elmi mətbuatında dərc edilmiş əsərləri olan hərbi işçilərə Ali Hərbi məktəblərin vəsatəti əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə;
Müsabiqə yolu ilə müvafiq olaraq professor, dosent və ya kafedra müdiri seçilən, böyük pedaqoji iş stajına malik (professor 15 il, dosent 10 il), dərslik və ya dərs vəsaitlərinin müəllifi olan yüksək ixtisaslı mütəxəssislər (əməkdar artistlər, əməkdar rəssamlar, əməkdar memarlar, beynəlxalq və respublika müsabiqələrinin laureatları, beynəlxalq və respublika birincilikləri uğrunda yarışların çempionları və mükafatçıları) hazırlanmış mədəniyyət və incəsənət, bədən tərbiyəsi və idman işçilərinə ali məktəblərin və elmi təşkilatların elmi şuralarının vəsatəti əsasında;
Professor elmi adı ancaq dosent elmi adını aldıqdan sonra yüksək ixtisaslı mütəxəssislər hazırlamış şəxslərə verilə bilər.
46. Baş elmi işçi elmi adı elmi-tədqiqat institutlarında və elm-istehsal birliklərində elmi-tədqiqat şöbəsinin müdiri, böyük elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi və ya direktor, direktor müavini, elmi katib vəzifələrinə müsabiqə və ya attestasiya yolu seçilmiş, azı 3 il elmi stajı və çap olunmuş elmi əsərləri (o cümlədən müdafiədən sonra) olan və həmin vəzifələrdə bir il işləmiş elmlər doktoru və elmlər namizədlərinə;
ali məktəblərdə elmi-tədqiqat şöbəsinin müdiri, böyük elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrinə seçilmiş, ya da elmi katib vəzifəsinə təyin olunmuş, azı 3 il elmi stajı, dərc edilmiş elmi əsərləri (o cümlədən dissertasiya müdafiəsindən sonra) olan və həmin vəzifədə 1 il işləmiş elmlər doktorları və elmlər namizədlərinə verilir.
47. Professor, dosent, baş elmi işçi elmi adının təsdiq olunması üçün təqdimat haqqında şuranın qərarı gizli səsvermə yolu ilə qəbul edilir. Şuranın tərkibinin azı 2/3 hissəsi iştirak etdikdə şura elmi adın təsdiq olunması üçün təqdimat haqqında qərar çıxarmaq səlahiyyətinə malikdir. İclasda iştirak edən şura üzvlərinin azı 2/3 hissəsi həmin qərara səs verdikdə şuranın qərarı müsbət sayılır.
48. Ali məktəbin, elmi tədqiqat idarəsinin, elm-istehsalat birliyinin şurasının elmi ad (professor, dosent, baş elmi işçi elmi adı) almaq üçün təqdimatı Ali Attestasiya Komissiyasının müzakirəsinə göndərilir.
49. İddiaçıların işlərinin AAK-da baxılma müddəti professorlar üçün 5 aydan, dosentlər, baş elmi işçilər üçün 3 aydan çox olmamalıdır.
VIII. Alimlik dərəcələrinin təkrar attestasiyası və diplomların eyniləşdirilməsi
50. Elmi işçilərin – başqa ölkələrdə alınmış alimlik dərəcələri və diplomları olan Azərbaycan vətəndaşlarının təkrar attestasiyası və uyğun sənədlərin eyniləşdirilməsi AAK-ın müəyyənləşdirdiyi siyahı üzrə sənədlər təqdim olunmaqla iddiaçının işlədiyi təşkilatın (idarənin, müəssisənin) vəsatəti əsasında AAK tərəfindən keçirilir.
Təkrar attestasiya və eyniləşdirmə Ali Attestasiya Komissiyası kollegiyasının qərarı ilə keçirilir.
IX. Diplomların və attestatların tərtib edilməsi və verilməsi
51. Alimlik dərəcəsi və elmi adların verilməsi haqqında elmi şuraların qərarları attestasiya komissiyası tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.
52. Elmlər doktoru və ya namizədi diplomlarını, habelə professor, baş elmi işçi, dosent attestatlarını itirmiş şəxslərə yeni nömrə ilə həmin sənədlər verilə bilər.
Familiya, ad və atanın adı dəyişdirildikdə diplomlar və attestatlar yeniləri ilə əvəz olunmur. Bu halda sənədlərin əvəzi əvvəlki diplomlara və attestatlara tam uyğun surətdə verilir. Diplomların və attestatların verilməsi qaydası AAK tərəfindən müəyyən edilir.
X. Alimlik dərəcələrindən və elmi adlardan məhrumetmə
53. Alimlik dərəcələrinin və ya elmi adların səhvən verildiyi müəyyən edilmiş olarsa, ixtisaslaşdırılmış şuralar və elmi-tədqiqat idarələrinin (elmi-istehsalat birliklərinin), ali məktəblərin şuraları elmi və elmi-pedaqoji işçiləri alimlik dərəcələrindən və elmi adlardan məhrum etmək haqqında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılmasına dair müvafiq surətdə qərar qəbul edə bilərlər. Vəsatət müvafiq adları təqdim etmiş şuralar tərəfindən qaldırılır.
Həmin şuralar ləğv edilmişdirsə, AAK özü bu məsələni həll edə bilər.
Alimlik dərəcələrindən və elmi adlardan məhrum etmək haqqında məsələ bir qayda olaraq həmin şəxsin iştirakı ilə şurada müzakirə olunur. Qərar gizli səsvermə yolu ilə qəbul edilir.
54. Şuranın iclası üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır, məhrumetmə haqqında qərar isə iştirak edən şura üzvlərinin ən azı üçdə iki hissəsi qərarın lehinə səs verdikdə qəbul edilir. Səsvermə gizli aparılır.
XI. Qərarlardan şikayət edilməsi və apellyasiya
55. Dissertasiyaların müdafiə olunmasına dair elmi-tədqiqat müəssisəsinin, ali məktəbin şurasının qərarı haqqında idarələr (təşkilatlar), iddiaçılar və başqa şəxslər dissertasiyanın müdafiə olunduğu yerdə ixtisaslaşdırılmış şuraya və Ali Attestasiya Komissiyasına 2 ay müddətində şikayət edə bilərlər.
Elmi şuranın alimlik dərəcəsi haqda qərarı barədə şikayət AAK tərəfindən qəbul edilir və qərar on gün ərzində AAK-a göndərilməlidir.
Dissertasiyaların müdafiəsi üzrə şuranın qərarından şikayət etmiş iddiaçıların və ya başqa şəxslərin ərizələrinə baxılması haqqında materiallar onların xahişi ilə həmin dissertasiyaların müdafiəyə təqdim olunması imkanı haqqında şuranın rəyi ilə birlikdə Ali Attestasiya Komissiyasına göndərilməlidir. İddiaçının şəxsi işi və dissertasiyanın müdafiəsinə dair materiallar yalnız Ali Attestasiya Komissiyasının sorğusu üzrə göndərilir.
56. Elmlər doktoru alimlik dərəcəsi və ya professor elmi adı verilməsi məsələlərinə dair Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarları barədə ixtisaslaşdırılmış şuralar, iddiaçılar və başqa şəxslər Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə 2 ay müddətində şikayət edə bilərlər. Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin ikinci qərarı qətidir.
57. Elmlər namizədi alimlik dərəcələri, dosent və başqa elmi işçi adları verilməsi məsələlərinə dair Ali Attestasiya Komissiyası kollegiyasının qərarları barədə ixtisaslaşdırılmış şuralar, iddiaçılar və başqa şəxslər 2 ay müddətində Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə şikayət edə bilərlər. Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin apellyasiya üzrə qərarı qətidir.
58. Elmi adın təsdiq edilməsi haqqında elmi tədqiqat idarəsinin (elm-istehsalat birliyinin), ali məktəbin yeni vəsatəti mənfi qərar qəbul edildiyi gündən azı bir il sonra Ali Attestasiya Komissiyasına yeni vəsatət verilə bilər. Dərc olunmuş yeni elmi, elmi metodiki və ya başqa işlərin olması təkrar vəsatətin təqdim olunması üçün məcburi şərtdir. Azərbaycan Respublikası Nazirlər Kabineti
1992-ci il 29 oktyabr tarixli 582 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR Ali Attestasiya Komissiyası ixtisaslaşdırılmış şura haqqında Müvəqqəti Əsasnamə
1. İxtisaslaşdırılmış şuranın yaradılması və təşkili
1. İxtisaslaşdırılmış şuralar elmi və elmi-pedaqoji kadrların attestasiyası sisteminin əsasını təşkil edir.
İxtisaslaşdırılmış şuralar yüksək elmi potensialı olan təşkilatların təklifi ilə AAK tərəfindən müəyyən müddətə yaradılır.
2. Doktorluq dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın tərkibinə elmlər doktorları daxil olmalıdır. Həmin şuranın elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinə də baxmaq hüququ var.
Elmlər namizədi alimlik dərəcəsinə təqdim olunmuş dissertasiyanın müdafiəsini aparan ixtisaslaşdırılmış şuranın tərkibinə elmlər namizədləri və elmər doktorları daxildir. Həmin şurada elmlər doktorlarının sayı şura üzvlərinin yarısından çox olmalıdır.
Şura üzvü olan elmlər doktorları müxtəlif təşkilatları və elmi məktəbləri təmsil etməlidirlər. Onun yüksək elmi nüfuzu (bu, AAK tərəfindən müəyyən olunmuş elmi reytinq cədvəli ilə müəyyənləşdirilməlidir) və elmi kadrların yetişdirilməsində xüsusi xidməti olmalıdır. Şura üzvü əsas elmi işləri, beynəlxalq elmi məclislərdə və elmi mətbuatda çıxışları, elmi kadrların hazırlanmasında iştirakı barədə AAK-a arayış təqdim etməlidir.
Şuranın sədri respublikada elmin müvafiq sahəsi üzrə böyük nüfuz qazanmış, öz elmi məktəbi olan alimlər içərisindən seçilir.
3. İxtisaslaşdırılmış şuranın AAK tərəfindən təsdiq olunmuş tərkibi aşağıdakı tələblərə cavab verməlidir:
elmlər doktoru alimlik dərəcəsinə təqdim olunmuş dissertasiyasının müdafiəsini aparan şuranın tərkibinə hər bir ixtisas üzrə ən azı beş elmlər doktoru daxil olmalıdır;
elmlər namizədi alimlik dərəcəsinə təqdim edilmiş dissertasiyanın müdafiəsini aparan şuranın tərkibinə hər bir ixtisas üzrə ən azı beş mütəxəssis, o cümlədən ən azı üç elmlər doktoru daxil olmalıdır;
ixtisaslaşdırılmış şuranın tərkibinə işin elmi mahiyyətinə yaxın olan digər şuranın mütəxəssisləri də daxil ola bilər;
dissertasiya müdafiəsini aparmaq hüququ verilən hər bir ixtisas üzrə şuranın tərkibinə başqa təşkilatların mütəxəssisləri də daxil edilə bilər;
mütəxəssisin şuraya daxil edilməsi üçün onun razılığı olmalıdır. Bu zaman hər bir mütəxəssis əsas iş yerindəki ixtisaslaşmış şuranın və başqa təşkilatlarda yaradılmış ixtisaslaşdırılmış şuralardan ancaq birinin üzvü ola bilər. Şura üzvlərinin sayı doqquz nəfərdən iyirmi bir nəfərə qədər tövsiyə edilir.
4. İxtisasların və ixtisaslaşdırılmış şuranın sədrinin dəyişdirilməsi həmin şuranın yaradılması haqqında vəsatət qaldırmış təşkilatın təklifi ilə AAK tərəfindən həyata keçirilir. Şuranın tərkibi haqqında başqa dəyişikliklər şura yaradılan təşkilatın rəhbərliyinin vəsatəti əsasında AAK tərəfindən həyata keçirilir. Vəsatətdə bütün nəzərdə tutulan dəyişmələr göstərilir və onların labüdlüyü əsaslandırılır. Yeni daxil edilən mütəxəssislər haqqında məlumat (forma 2.1) və əmr layihəsi (forma 2.3) vəsatətə əlavə olunur.
5. Əgər elmi şuranın ixtisasları dissertasiyanın aid olduğu ixtisası, yaxud həmin ixtisasın daxil olduğu elm sahəsini tam əhatə etmirsə, onda birdəfəlik müdafiənin təşkili üçün şuranın tərkibinə əhatə olunmamış hər bir ixtisas (elm sahəsi) üzrə həlledici səsvermə hüququna malik elmlər doktorları (doktorluq dissertasiyası üçün ən azı üç, namizədlik dissertasiyası üçün ən azı iki nəfər) daxil edilir. Onlar həmin ixtisas üzrə digər şuraların üzvləridirlərsə, bir iclasda iştirak etmək hüququ ilə şuranın tərkibinə açıq səsvermə nəticəsində daxil edilirlər. Digər hallarda elmi şuranın sədri şuranın tərkibinə əlavə üzvlərin daxil edilməsi haqqında vəsatəti lazımi məlumatla birlikdə (forma 2.1) irəlicədən AAK-a göndərir.
Dissertasiyanın müdafiəsi üçün şuranın tərkibinə əlavə daxil edilmiş üzvlərin şuranın iclasında iştirakı məcburidir.
6. Elmi ictimaiyyətin-alimlərin və yüksək ixtisaslı mütəxəssislərin daha geniş miqyasda elmi və elmi-pedaqoji kadrların attestasiyasında iştirakını təmin etmək məqsədilə onlar məşvərətçi səs hüququ ilə açıq səsvermə nəticəsində şuranın tərkibinə daxil edilə bilərlər. Onların şuranın bütün materiallarından istifadə etmək hüququ var.
7. Dissertasiya işinə tam və hərtərəfli baxılmasını və bu iş barəsində əsaslandırılmış qərar çıxarılmasını təmin etmək məqsədilə ixtisaslaşdırılmış şura təşkilat və müəssisələrdən lazımi materialı tələb edə bilər. Şuranın üzvləri həmin şurada müdafiə edilmiş dissertasiya işinə baxan ekspert şurasının iclasında iştirak edə bilərlər. Bu iclaslarda şura üzvünün dissertasiya işi və həmin işlə əlaqədar ixtisaslaşdırılmış şuranın qəbul etdiyi qərar barədə yazılı, yaxud şifahi izahat vermək, əlavə materiallar təqdim etmək hüququ var.
İxtisaslaşdırılmış şura aşkarlıq şəraitində işləyir. Onun iclasları barədə nəzdində olduğu müəssisə və təşkilatın kollektivinə ətraflı məlumat verilir.
8. Şuranın bir iclasında ancaq bir dissertasiya müdafiəsinə icazə verilir. Gün ərzində keçirilən iclasların sayı şura tərəfindən müəyyən olunur.
9. Dissertasiya müdafiələrinin növbələşdirilməsi zamanı başqa təşkilatlardan təqdim edilən işlərin də qəbulu nəzərdə tutulmalıdır.
Birinci növbədə doktorluq dissertasiyası və AAK tərəfindən əlavə rəyə göndərilmiş dissertasiyalara baxılır.
10. Hər il yanvarın 15-dək ixtisaslaşdırılmış şura ötən il ərzində görülmüş işlər haqqında AAK-ya məlumat təqdim etməlidir (forma 2.4).
Şuranın fəaliyyəti barədə məlumatın mətbuatda verilməsi tövsiyə olunur.
1. İxtisaslaşdırılmış şura dissertasiya işini ilkin müzakirəyə təsdiqlənmiş sənədlər siyahısı (forma 3.1) olduqda qəbul edir. İlkin müzakirə əvvəlcə həmin işin görüldüyü təşkilatın kafedra, laboratoriya, bölmə və şöbələrində, sonra isə təşkilatın elmi seminarında keçirilir. Elmi seminar müvafiq ixtisaslaşdırılmış şuranın üzvləri isitisna edilməklə təşkilatın (müəssisənin) kollektivinin və marağı olan digər şəxslərin iştirakı ilə keçirilir.
Baxılan dissertasiya işi üzrə aparıcı təşkilatın, rəsmi opponentlərin təyin edilməsi, lazım gəldikdə isə şuranın tərkibinə əlavə üzvlərin daxil edilməsi haqqında təkliflər hazırlamaq şura üzvlərindən təşkil olunmuş komissiyaya tapşırılır.
Dissertasiya işinin ixtisaslaşdırılmış şurada müdafiəsi haqqında müsbət qərar olduqda həmin iş üzrə şuraya qərar layihəsi təqdim edilir və göstərilən qruplardan (forma 4.7a və 4.7b) ixtisas əlamətləri seçilir.
Dissertasiya işinin ixtisaslaşdırılmış şurada ilkin müzakirə müddəti iddiaçı tərəfindən sənədlərin (forma 3.1) təqdim olunduğu vaxtdan etibarən namizədlik dissertasiyası üçün 2 ay, doktorluq dissertasiyası üçün isə 3 aydan artıq olmamalıdır.
2. Şura dissertasiya işinin müdafiəsinə icazə verir və rəsmi opponentləri, aparıcı təşkilatı (müəssisəni), müdafiə vaxtını təyin edir, avtoreferatın göndərilmə ünvanlarını müəyyən edir, avtoreferatın əlyazması hüququnda çapına icazə verir, lazım gəldikdə isə, şuranın tərkibinə qəbul olunmuş qaydada əlavə üzvlərin daxil edilməsi haqqında qərar qəbul edir.
İxtisaslaşdırılmış şuranın hüquqi səlahiyyəti alimlik dərəcələri və elmi adların verilməsi haqqında Əsasnamənin 30-cu bəndinin tələblərinə uyğun müəyyən edilir.
Dissertasiya işinin müdafiəyə qəbulu haqqında şuranın qərarı açıq səsvermədə şura üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu ilə qəbul edilir.
3. Şura aşağıdakı hallarda dissertasiya işini müdafiəyə qəbul etmir:
dissertasiya işinin hazırlanmış olduğu ixtisas ixtisaslaşdırılmış şuranın ixtisaslarından heç birinə uyğun olmadıqda;
alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında Əsasnamənin 17-ci bəndinin tələbləri ödənilmədikdə.
Bu zaman iddiaçıya şuranın müvafiq iclasının dissertasiya işinin müdafiəsinə icazə verilməməsinin əsaslandırılmış səbəbləri göstərilmiş protokolundan çıxarış verilir və dissertasiya işi üzrə təqdim olunmuş bütün materiallar ona qaytarılır.
Dissertasiya işi üzrə mənfi rəy və qərarlar onun şura tərəfindən müzakirəsinə mane olmamalıdır.
4. Müdafiə olunacaq dissertasiya haqqında məlumat müdafiənin ünvanı, tarixi və vaxtı göstərilmiş avtoreferatları 1 ay qabaqcadan təsdiq olunmuş siyahı üzrə göndərməklə bildirilir.
3. Dissertasiya işinin müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclasının aparılması
1. Dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası şuranın sədri, sədr iştirak etmədikdə isə şura sədrinin müavini tərəfindən aparılır.
Şuranın sədri (sədr müavini) iddiaçının müdafiə olunan dissertasiya işi üzrə elmi rəhbəri və ya məsləhətçisi olduqda iclasın sədri vəzifəsini apara bilməz. Bu halda göstərilən vəzifə şuranın yerləşdiyi təşkilatın rəhbərinin əmri ilə həmin təşkilatın işçisi olan şura üzvlərindən birinə tapşırılır.
İxtisaslaşdırılmış şuranın elmi katibi iştirak etmədikdə onun vəzifələrinin yerinə yetirilməsi təşkilat rəhbərinin əmri ilə müddət göstərilməklə şura üzvlərindən birinə (həmin müddət 2 aydan çox olmamalıdır) tapşırılır.
Şuranın sədri, onun müavini və elmi katib iştirak etmədikdə ixtisaslaşdırılmış şuranın iclası təxirə salınır.
2. İxtisaslaşdırılmış şuranın iclasının açılışından qabaq alimlik dərəcəsi və elmi adların verilməsi qaydaları haqqında əsasnamənin 34-cü bəndinə uyğun olaraq təşkil edilmiş komissiyasının hazırladığı qərar layihəsi şura üzvlərinə çatdırılır.
İxtisaslaşdırılmış şuranın iclasının açılışı zamanı sədr iştirak etmə vərəqəsi (forma 4.4) əsasında şura üzvlərinə iclasın hüquqi səlahiyyəti haqqında məlumat verir (əsasnamənin 31-ci bəndi).
Şura üzvlərinin iştirakı onların ixtisası və alimlik dərəcəsi göstərilməklə iclasın stenoqrammında əks olunmalıdır.
İclasın açılışından sonra sədr dissertasiya işinin müdafiəsi haqda məlumat verir, iddiaçının adını, rəsmi opponentlərin adlarını və aparacı təşkilatın adını elan edir. Sonra iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin tərkibi və onların qəbul olunmuş tələblərə uyğunluğu haqqında çıxış etmək üçün söz elmi katibə verilir.
3. İddiaçı dissertasiya işinin mahiyyəti və aldığı nəticələri izah edir. Sonra ona yazılı və şifahi formada suallar verilir.
İddiaçının cavablarından sonra söz elmi rəhbərə və ya məsləhətçiyə verilir, dissertasiya işinin yerinə yetirildiyi təşkilatın qərarı, aparıcı təşkilatın (müəssisənin) rəyi, avtoreferat və dissertasiya üzrə şuraya daxil olmuş rəylər oxunur.
Dissertasiyaya və avtoreferatlara rəylərin əksəriyyəti müsbət olduqda elmi katib şura üzvlərinin razılığı ilə onların (rəylərin) oxunması əvəzinə iradları qeyd etməklə ümumi məlumat verir. Mənfi rəylər tam oxunmalıdır.
4. Rəylərin oxunmasından sonra onlardakı iradlara cavab üçün iddiaçıya söz verilir.
5. Sonra rəsmi opponentlər çıxış edir. Onların hər birinin çıxışından sonra opponentlərin iradlarına cavab vermək üçün söz iddiaçıya verilir. İştirak edənlərin hamısı sonrakı müzakirələrdə iştirak etmək hüququna malikdirlər. Müzakirələrin sonunda iddiaçıya yekun sözü verilir.
6. İddiaçının yekun sözündən sonra şura bu Əsasnamənin 4-cü paraqrafına uyğun olaraq alimlik dərəcəsinin verilməsi məsələsi üzrə gizli səsvermə keçirir. Səsvermə bülletenlər vasitəsilə (forma 4.5) aparılır. İxtisaslaşdırılmış şuranın alimlik dərəcəsi verilməsi məsələsi üzrə qərarı iclasda iştirak edən və səsvermə hüququ olan şura üzvlərinin ən azı üçdə ikisi səs verdikdə müsbət sayılır.
7. Hesablayıcı komissiyanın protokolunun təsdiqindən sonra şuranın qərar layihəsi müzakirə olunur. Alimlik dərəcəsinin verilməsi məsələsi üzrə müsbət rəy olduqda qərar layihəsində iddiaçı tərəfindən alınmış və böyük əhəmiyyət kəsb edən elmi nəticələr, onların dürüstlüyü və yeniliyi, nəzəriyyə və təcrübə üçün əhəmiyyəti, dissertasiyadakı nəticələrin istifadə olunması haqqındakı tövsiyələr əks olunur, həmçinin onun Əsasnamənin 12-ci və 13-cü bəndlərindən birinə uyğunluğu göstərilir. Alimlik dərəcəsinin verilməsi məsələsi üzrə mənfi rəy olduqda isə qərar layihəsi qəbul edilmir. Qərar layihəsinin mətni dissertasiyanın ixtisas əlamətlərini göstərməklə açıq səsvermədə şura üzvlərinin əksəriyyətinin səsilə qəbul olunur və iddiaçıya bildirilir. Bununla da şuranın iclası bitmiş hesab edilir.
8. Gizli səsverməyə qədər olan müddətdə iddiaçı dissertasiya işinin müzakirəsini ərizə ilə istənilən mərhələdə dayandıra bilər.
İddiaçı ixtisaslaşdırılmış şuraya dissertasiya işinin müzakirəsini dayandırmaq haqqında ərizə təqdim etdikdə şuranın sədri ərizədən, avtoreferat və dissertasiyanın bir nüsxəsindən başqa bütün sənədlərin ona qaytarılması haqqında göstəriş verir. Dissertasiya işinin müzakirəsi üçün hazırlanmış bütün sənədlər şurada qalır və sorğu əsasında təkrar müdafiə keçirilən təşkilata göndərilə bilər.
İddiaçı tərəfindən dissertasiya işində istifadə olunmuş mənbə və müəlliflərə istinad olmadığı aşkar edildikdə şura açıq səsvermədə əksər səs çoxluğu ilə dissertasiyanın müzakirəsini təkrar müdafiə hüququndan məhrum etməklə dayandırır. Bu zaman iddiaçının dissertasiya işinin müzakirəsi haqqındakı ərizəsi qəbul olunmur və iclasın stenoqramı, dissertasiyanın avtoreferatı və ixtisaslaşdırılmış şuranın qərarı AAK-a göndərilir.
9. İxtisaslaşdırılmış şura müdafiədən sonrakı bir ay müddətində dissertasiyanın birinci nüsxəsini və iddiaçının attestasiya işini AAK-a göndərir.
Müdafiədən sonra dissertasiyasının bir nüsxəsi, avtoreferatı və hesabat vərəqəsi (forma 4.8) M.F.Axundov adına Azərbaycan Dövlət Mərkəzi Kitabxanasına göndərilir.
4. Gizli səsvermə və hesablayıcı komissiyanın işi
1. Hesablayıcı komissiya ən azı 3 nəfərdən ibarət gizli səsverməyə qədər açıq səsvermə ilə iclasda iştirak edən şura üzvləri içərisindən səs çoxluğu ilə seçilir. Komissiyanın tərkibinə şuranın sədri, sədrin müavini, elmi katib, elmi rəhbər, elmi məsləhətçi və opponentlər daxil edilə bilməz.
2. Gizli səsvermə ancaq iclasda iştirak edən həlledici səsə malik ixtisaslaşdırılmış şura üzvləri iştirak edə bilər. Hesablayıcı komissiya tərəfindən onlara imza etmək şərti ilə iddiaçının yekun sözündən sonra hazırlanmış bülletenlər (forma 4.5) paylanılır. Dissertasiyanın müdafiəsinin açılışına gecikmiş və ya onun qurtarmasına qədər iclası tərk etmiş şura üzvləri yetərsay hesablanarkən nəzərə alınmır və onlar gizli səsvermədə iştirak etmirlər.
İddiaçı ixtisaslaşdırılmış şuranın üzvü olarsa dissertasiya müdafiəsi üzrə səsvermədə iştirak etmir və şura üzvlərinin siyahısını daxil edilmir.
Səs verən «Səsvermənin nəticələri» sütununda lazım olmayanın üzərindən xətt çəkir və bülleteni möhürlənmiş qutuya salır.
3. Hesablayıcı komissiyanın üzvləri qutunu açır, bülletenləri sayır və səsvermənin nəticələri üzrə protokol (forma 4.6.) tərtib edirlər. Paylanmış bülletenlər saxlanılır və protokolda qeyd olunur. Bülleten üzrə şura üzvünün səs verməsinin nəticəsini müəyyən etmək mümkün olmadıqda, bu bülleten etibarsız sayılır və hesablayıcı komissiyanın protokolunda qeyd olunur.
Hesablayıcı komissiya səs vermənin nəticələri barədə protokol tərtib etdikdən sonra bütün bülletenləri möhürləyir və protokola əlavə edir.
4. Şura açıq səsvermədə səs çoxluğu ilə hesablayıcı komissiyanın protokolunu təsdiq edir.
Hesablayıcı komissiyanın protokolu təsdiq edilmədikdə, dissertasiya işinin müdafiəsi davam etdirilir və ya başqa günə keçirilir. Hesablayıcı komissiya yeni bülletenlər hazırlayır və şura yenidən gizli səsvermə keçirir.
Hesablayıcı komissiyanın protokolunun təsdiq olunmaması haqqında məsələyə ixtisaslaşdırılmış şura tərəfindən dissertasiya müdafiəsinin gedişində və ya hesablayıcı komissiyanın işində pozuntular olduqda baxıla bilər.
5. Alimlik dərəcələrindən məhrum edilməsi məsələlərinə baxılarkən ixtisaslaşdırılmış şuranın iclasının keçirilməsi(*)
1. İxtisaslaşdırılmış şuraya daxil olan materiallar alimlik dərəcələri və elmi adlar verilməsi qaydaları barədə Əsasnamənin 53-cü bəndinə uyğun olaraq müəyyən şəxsin alimlik dərəcəsindən məhrum edilməsi məsələsinin qoyulmasına əsas verirsə, onda şura öz üzvlərindən təşkil edilmiş komissiyaya həmin materialların əsaslı olub olmamasını yoxlamağı tapşırır. Lazım gəldikdə şuranın fəaliyyət göstərdiyi təşkilatın müdiriyyəti vasitəsilə müvafiq sorğular verilir. Yoxlamanın nəticələrinə əsasən komissiyanın hazırladığı rəy baxılmaq üçün şuraya təqdim edilir.
2. Komissiyanın hazırlladığı materiallara ixtisaslaşdırılmış şurada bir ay müddətində baxılmalıdır.
3. Şuranın iclası bir qayda olaraq alimlik dərəcəsindən məhrum edilmə məsələsinə baxılan şəxsin iştirakı ilə keçirilir.
Həmin şəxsə şuranın iclası barədə ən azı 10 gün qabaq xəbər verilir. Əgər həmin şəxs üzürlü səbəb olmadan iclasa gəlməkdən imtina edərsə və ya onun çağırılması qeyri-mümkündürsə onda şura öz iclasını onsuz keçirmək barədə qərar qəbul edir.
Əgər məsələsinə baxılan şəxs şuranın iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi barədə qabaqcadan məlumat veribsə, onda şuranın iclası başqa vaxta keçirilir.
4. İxtisaslaşdırılmış şuranın sədri iclası açarkən şuranın üzvlərinə iclasın səlahiyyəti barədə məlumat verir (Alimlik dərəcələri və elmi adlar verilməsi qaydaları barədə Əsasnamənin 53-cü bəndi) və şəxsin alimlik dərəcəsindən mərhum edilməsi məsələsinə baxılmasını bildirir. Sonra komissiya tərkibinə daxil edilmiş şura üzvü məsələ barəsində çıxış edir. Onun çıxışından sonra söz alimlik dərəcəsindən məhrum edilmə məsələsinə baxılan şəxsə verilir. Bundan sonra isə şuranın iclasında iştirak edənlərin hamısına çıxış etmək hüququ verilir.
5. Müzakirədən sonra Əsasnamənin 4-cü paraqrafına uyğun olaraq şura alimlik dərəcəsindən məhrum edilməsi məsələsi ilə əlaqədar gizli səsvermə keçirir. Səsvermə bülletenlər vasitəsilə keçirilir (forma 4.5).
Əgər iclasda həlledici səslə iştirak edən şura üzvlərinin ən azı üçdə ikisi alimlik dərəcəsindən mərhum etmək qərarının lehinə səs verərsə, şuranın qərarı qəbul edilmiş sayılır.
Hesablayıcı komissiyanın protokolunu təsdiq etdikdən sonra şura gizli səsvermənin nəticələrindən asılı olaraq iclasda iştirak edən şura üzvlərinin açıq səsverməsini keçirir və adi səs çoxluğu ilə qərarın mətnini qəbul edir. Bu mətndə baxılan materialların məğzi və nəticələr səlist ifadə edilməli və alimlik dərəcəsindən məhrum etmə ilə əlaqədar Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası qarşısında məsələ qaldırılması üçün əsasın olub olmaması göstərilməlidir.
6. Gizli səsvermənin nəticələri və şuranın qərarının mətni alimlik dərəcəsindən məhrum etmə məsələsinə baxılan şəxsə bildirilir.
7. Əgər şura AAK qarşısında alimlik dərəcəsindən məhrum etmə məsələsinin qoyulması barədə qərarı qəbul edibsə gizli səsvermənin nəticələri göstərilməklə şuranın iclasının stenoqramı və qərarın mətni şuranın sədri və elmi katibinin imzası ilə üç həftə müddətində AAK-a göndərilir.
6. İxtisaslaşdırılmış şuranın apellyasiyaya baxılan iclasının keçirilməsi
1. İxtisaslaşdırılmış şuraya şuranın qərarı haqqında apellyasiya daxil olduqda şuranın sədri şuranın üzvlərindən ibarət olan komissiyaya lazımi materialları öyrənməyi və apellyasiya üzrə şuranın qərarını hazırlamağı tapşırır. Əgər apellyasiya alimlik dərəcəsi verilməsi haqqında şuranın müsbət qərarı barədədirsə, şuranın sədri bir həftə ərzində bu barədə AAK-a məlumat verir.
İxtisaslaşdırılmış şurada apellyasiyaya bir ay müddətində (lazım gəldikdə plandan kənar iclas keçirilməklə) baxılmalıdır.
Şuranın iclasından ən azı 10 gün qabaq məlumat verilməklə apellyasiyanın müəllifi (müəllifləri), iddiaçı, şuranın fikrincə qoyulan suallarla bilavasitə əlaqəsi olanlar iclasa dəvət olunurlar.
Apellyasiyanın müəllifi üzürlü səbəbə görə gəlmədikdə, şuranın iclası başqa vaxta keçirilir. Əgər apellyasiyanın müəllifi şuranın iclasına üzürsüz səbəbdən gəlməyibsə, iclas onun iştirakı olmadan keçirilir. Şuranın üzvlərinin iştirakı (onların ixtisası göstərilməklə) iclasın stenoqramında öz əksini tapmalıdır.
2. Şuranın iclasını açdıqda sədr şuranın üzvlərinə iclasın səlahiyyəti haqqında məlumat verir («Alimlik dərəcəsi və elmi adlar verilməsi qaydası haqqında Əsasnamə», b.30).
İclası açdıqdan sonra şuranın sədri daxil olan apellyasiyaya baxılmasını elan edir və onun oxunması üçün sözü elmi katibə verir. Sonra komissiyanın üzvü komissiyanın işinin nəticəsi və apelyasiyaya aid şuranın qərarı barədə məlumat verir. Daha sonra şuranın iclasında iştirak edənlərdən hər biri çıxış edə bilər.
3. Müzakirədən sonra şura iclasda həlledici səslə iştirak edənlərin açıq səsverməsinə əsasən apellyasiya haqqında qərar qəbul edir.
İxtisaslaşdırılmış şuranın iclasının sədr və elmi katib tərəfindən imzalanmış stenoqramı və səsvermənin nəticələri göstərilmiş apellyasiya haqqında qərarı baxılan apellyasiya ilə birlikdə iclasdan sonra 10 gün ərzində AAK-a göndərilir.
(*) Həmin qayda elmi addan məhrum etmə məsələsinə də aiddir.