Yuxudan durma, səhər baxışı və axşam yoxlanışı
188. Səhər «Qalx» siqnalına 10 dəqiqə qalmış bölük növbətçisi taqım komandiri
müavinlərini və bölüyün başçavuşunu, «Qalx» siqnalı ilə isə bütün bölüyü yuxudan
qaldırır.
189. Qalxdıqdan sonra səhər gimnastikası, otaqların və ərazinin təmizlənməsi,
yataqların yığılması, yuyunma və səhər baxışı keçirilir.
190. Səhər baxışı üçün bölük növbətçisinin «Bölük, səhər baxışına — DÜZÜL»
komandası ilə taqım komandirinin müavinləri (manqa komandirləri) öz bölmələrini
təyin olunmuş yerdə düzürlər; ezamiyyətə gələnlər sol cinahda düzülürlər. Bölük
növbətçisi bölüyü düzüb, başçavuşa bölüyün baxışa hazır olduğu haqqında məlumat
verir. Bölük başçavuşunun komandası ilə taqım komandiri müavinləri və manqa
komandirləri səhər baxışı keçirirlər.
191. Səhər baxışı zamanı adamların yerində olması, zahiri görkəmi və şəxsi
gigiyena qaydalarına riayət etmələri yoxlanılır.
Bölük növbətçisi tibbi yardıma ehtiyacı olanları alay (briqada) tibb məntəqəsinə
göndərmək üçün xəstələrin qeydiyyat kitabına (9 saylı əlavə) yazır.
Səhər baxışının gedişində manqa komandirləri aşkar edilən nöqsanların aradan
qaldırılması üçün müavfiq göstərişlər verir və baxışın nəticələri haqqında taqım
komandiri müavinlərinə, onlar da öz növbələrində bölük başçavuşuna məlumat
verirlər.
Ayaqların, ayaq dolaqlarının və alt paltarının vəziyyəti vaxtaşırı, adətən,
yatmazdan qabaq yoxlanır.
192. Günün nizam qaydalarına görə müəyyən edilmiş vaxtda axşam
yoxlanışından qabaq axşam gəzintisi keçirilir. Gəzintidən sonra bölük növbətçisinin
«Bölük, axşam yoxlanışına — DÜZÜL» komandası ilə taqım komandiri müavinləri
(manqa komandirləri) öz bölmələrini axşam yoxlanışına düzürlər. Bölük növbətçisi
bölüyü düzüb, başçavuşa bölüyün axşam yoxlanışına hazır olması barədə məlumat
verir.
Bölük başçavuşu və ya onu əvəz edən şəxs «Farağat» komandası verib, yoxlanışa
başlayır. Yoxlanışın əvvəlində o, Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə
göstərdikləri qəhrəmanlıq üçün bölüyün siyahısına adları əbədi yazılanların adını
çağırır.
Bu adlar çağırıldıqda birinci taqımın komandirinin müavini məlumat verir:
«Azərbaycanın Milli Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğrundakı
döyüşlərdə qəhrəmancasına həlak olmuşdur».
Bundan sonra bölük başçavuşu bölüyün şəxsi heyətini siyahı ilə yoxlayır. Soyadı
çağırılan şəxs «Mən» cavabını verir. Yerində olmayanların əvəzinə manqa komandiri
cavab verir, məsələn: «Qarovuldadır», «Məzuniyyətdədir».
Axşam yoxlanışı qurtardıqdan sonra bölük başçavuşu əmrlərin bütün hərbi
qulluqçulara aid olan maddələrini və ayrı-ayrı sərəncamları elan edir, səhərisi gün
üçün naryadları bildirir, həyəcan, toplanış və ya yanğın halları üçün döyüş heyəti təyin
edir. Müəyyən olunmuş saatda «Yat» siqnalı verilir.
Dövlət və hərbi hissə bayramları günlərində axşam yoxlanışından sonra şəxsi
heyət Azərbaycan Respublikasının dövlət himnini oxuyur.
193. Bölükdə səhər baxışı və axşam yoxlanışı zamanı bölük komandiri və ya
bölüyün zabitlərindən biri olduqda, bölük başçavuşu baxışın (yoxlanışın) nəticələri
barədə ona məlumat verir.
Səhər baxışından və axşam yoxlanışından sonra bölük növbətçiləri alay (briqada)
növbətçisinin yanına gəlib ona baxışda (yoxlanışda) olmayanların sayı haqqında
məlumat verir və özbaşına gedənlər varsa, onların soyadlarını bildirirlər.
194. Alayın (briqadanın) planına uyğun vaxtaşırı olaraq kazarmanın yaxınlığında
ümumtabor və ümumalay (ümumbriqada) axşam yoxlanışları keçirilir. Axşam
yoxlanışının keçirildiyi yer işıqlandırılmalıdır.
Ümumtabor yoxlanışlarında taborun bütün zabitləri, gizirləri və müddətindən
artıq xidmət çavuşları, ümumalay (ümumbriqada) yoxlanışlarında isə alayın
(briqadanın) bütün zabitləri, gizirləri və müddətindən artıq xidmət çavuşları iştirak
etməlidirlər.
Bölük komandirləri siyahı ilə bütün şəxsi heyəti adbaad yoxlayır və nəticələri
barədə tabor komandirinə məlumat verirlər.
Ümumalay (ümumbriqada) yoxlanışında tabor komandirləri alay (briqada)
komandirinə yoxlanışın nəticələri barədə məlumat verirlər.
Ümumtabor və ya ümumalay (ümumbriqada) yoxlanışının sonunda tabor (alay,
briqada) komandiri «Farağat» komandası verir və «Şəfəq» çalmağı əmr edir.
Ümumalay (ümumbriqada) axşam yoxlanışında «Şəfəq» çalınandan sonra orkestr
Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir, şəxsi heyət isə onu oxuyur.
«Şəfəq» çalınmağa başlanan kimi taqım və ondan yuxarı bölmələrin komandirləri
əllərini baş geyimlərinə yapışdırır və «Şəfəq» çalınıb qurtarandan və yaxud Azərbaycan
Respublikasının Dövlət Himni ifa ediləndən sonra «Azad» komandası ilə əllərini aşağı
salırlar. Axırda bölmələr orkestrin sədaları altında təntənəli marşla keçirlər.
Dostları ilə paylaş: |