Alay (briqada) növbətçisi
238. Alay (briqada) növbətçisi nizami zabitlərdən, bir qayda olaraq, bölük
komandirlərindən, alayın (briqadanın) qərargah və ximət zabitlərindən təyin edilir. O,
alayda (briqadada) daxili qayda-qanunun saxlanılmasına sutkalıq naryadın xidmət
aparmasına, həmçinin alay (briqada) qərargahı və xidmətləri zabitlərinin və gizirlərinin
tapançalarının və döyüş sursatlarının saxlanmasına cavabdehdir. Alay (briqada)
növbətçisi alay (briqada) komandirinə tabedir. Bütün sutkalıq naryad ona tabedir.
Əlahiddə, taborlarda və onlara bərabər hərbi hissələrdə, hərbi hissə
növbətçilərinin taqım komandirlərindən, həmçinin tabor qərargahı və xidmətləri
gizirlərindən təyin olunmalarına icazə verilir.
Alay (briqada) növbətçisi alayın (briqadanın) daxili qarovullarına münasibətdə
Qarnizon və qarovul xidmətləri nizamnaməsinin müddəalarını rəhbər tutur.
239. Yeni növbətçi dəyişmədən qabaq müəyyən olunmuş vaxtda təlimat və parol
almaq üçün alay (briqada) qərargahı rəisinin yanına gəlir. Dəyişmə vaxtı alayın
(briqadanın) yeni növbətçisi naryadın sayını və silahlarını yoxlayır, sutkalıq naryadın
hamısının müəyyən edilmiş forma üzrə geyinməsinə diqqət yetirir, onların öz
vəzifələrini bilməsini yoxlayır və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması
barədə göstərişlər verir.
Dəyişmədən sonra yeni növbətçi köhnə növbətçidən sənədləri (244-cü maddə),
həmçinin alay (briqada) qərargahının və onun xidmətlərinin zabit və gizirlərinin
silahlarını və döyüş sursatlarını qəbul edir. Silahlar bir-bir, nömrələri ilə və komplekt
şəkildə qəbul edilir. Sonra o, köhnə alay (briqada) nöbətçisi ilə birlikdə texniki
siqnalizasiya vasitələrinin sazlığını, həmçinin dustaqların sayını, onların düzgün
saxlanılmasını yoxlayır və köhnə növbətçidən həbsə alınanlar kitabını qəbul edir.
240. Növbənin təhvili və qəbulundan, qarovulun dəyişdirilməsi haqqında qarovul
rəislərinin məlumatlarından sonra köhnə və yeni növbətçilər alay (briqada)
komandirinin yanına gəlir və raport verirlər.
Məsələn: «Yoldaş polkovnik. Baş leytenant Səmədov alay (briqada) növbətçiliyini
təhvil verdi», «Yoldaş polkovnik. Kapitan Dəmirov alay (briqada) növbətçiliyini qəbul
etdi».
Raportdan sonra yeni alay (briqada) növbətçisi növbətçiliyi qəbul edərkən, aşkar
edilmiş və dəyişilən sutkalıq naryad tərəfindən aradan qaldırılması mümkün olmayan
bütün çatışmazlıqlar haqqında məlumat verir.
241. Alay (briqada) növbətçisinin vəzifəsidir:
bölmələr tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə diqqət
yetirmək və müəyyən edilmiş siqnalların verilməsi haqqında sərəncamlar vermək;
sutkalıq naryadın xidmətini və bölmələrdə daxili qayda-qanunun saxlanılmasını
ən azı bir dəfə gündüz, bir dəfə isə gecə şəxsən yoxlamaq;
alay (briqada) komandirinə alayda (briqadada) baş verən bütün hadisələr və
özbaşına getmiş müddətli xidmət hərbi qulluqçuları barədə dərhal məlumat vermək;
növbətçi otağında olmaq; xidməti ilə əlaqədar başqa yerə getdikdə, köməkçisini
öz əvəzinə qoymaq, ona hara və hansı müddətə getdiyini bildirmək;
təlim meydanlarının yerlərini və həmçinin bölüklərin harada məşğələ
keçdiklərini bilmək;
alayın (briqadanın) şəxsi heyətinin, həmçinin döyüş və nəqliyyat maşınlarının
harada olması haqqında məlumatı olmaq; park növbətçisi vasitəsilə maşınların parka
qayıtmalarına nəzarət etmək, reysdə maşınların ləngiməsi halları haqqında alay
(briqada) komandirinə məlumat vermək və maşınların axtarılıb parka qaytarılması
üçün tədbirlər görmək;
alaydan (briqadadan) təyin olunmuş bölmələri (komandaları) və qarovulları
yoxlamaq, vaxtında yola salmaq və bu barədə alay (briqada) qərargahı rəisinə məlumat
vermək;
alayın (briqadanın) yerləşdiyi yerdən buraxılan müddətli xidmət hərbi
qulluqçularının zahiri görkəmini yoxlamaq;
həbs kağızında və həbsə alınanlar kitabında lazımi qeydlər etməklə, həbs
edilənləri alay (briqada) hauptvaxtına qəbul etmək və onları vaxtında həbsdən azad
etmək;
alayın (briqadanın) yerləşdiyi yerdə və ya onun yaxınlığında yanğın və təbii
fəlakət baş verdikdə, alayın (briqadanın) Döyüş Bayrağını, şəxsi heyətini, silahlarını,
döyüş texnikasını və digər texnikanı, döyüş sursatını və əmlakını xilas etmək üçün
tədbirlər görmək; yanğın baş verdikdə yanğınsöndürmə komandasını çağırmaq, o
gələnə qədər yanğının söndürülməsini təşkil etmək;
həyəcan və ya toplanış siqnalı aldıqda, dərhal bölmələrin yığışması üçün siqnal
vermək, alay (briqada) komandirinə, onun müavinlərinə, qərargah rəisinə və alayın
(briqadanın) başqa vəzifəli şəxslərinə xəbər vermək; bölmələrin öz toplanış
məntəqələrinə mütəşəkkil getməsinə diqqət yetirmək;
səfərbərlik haqqında bildiriş aldıqda, bu barədə dərhal alay (briqada)
komandirinə və qərargah rəisinə məlumat vermək, təlimata və onların göstərişlərinə
müvafiq hərəkət etmək;
alay (briqada) qərargahı və xidmətləri zabitlərinə və gizirlərinə şəxsi silahlarını və
döyüş sursatı alay (briqada) komandirinin müəyyən etdiyi qaydada vermək, bu barədə
silahların və döyüş sursatının verilməsi kitabında müvafiq qeydlər aparmaq (13 saylı
əlavə) və onların vaxtında təhvil alınmasına nəzarət etmək;
düşmən tərəfindən kütləvi qırğın silahı tətbiq edildikdə, mövcud təlimata
müvafiq hərəkət etmək;
xörək paylanmazdan əvvəl həkimlə (feldşerlə) birlikdə onun keyfiyyətini
yoxlamaq, xörəyin keyfiyyətlə hazırlanmasına nəzarət kitabında müvafiq qeydlər
etmək və xörəyin paylanmasına icazə vermək; xörəyin keyfiyyəti şübhə doğurduqda,
dərhal bu barədə alay (briqada) komandirinə məlumat vermək; xörəyin paylanması və
yeyilməsi zamanı şəxsən yeməkxanada olmaq;
alayın (briqadanın) yerləşdiyi yerdə və kazarmalarda təmizliyə və qayda-qanuna
diqqət yetirmək;
alay (briqada) komandiri gəldikdə onu qarşılamaq, «Farağat» komandasından
sonra ona raport vermək.
Məsələn: «Yoldaş polkovnik. Mənim növbətçiliyim zamanı hadisə baş verməyib
(və ya baş verib filan-filan). Alay (briqada) növbətçisi kapitan Dadaşov».
Başqa hərbi qulluqçular olmadıqda, alay (briqada) növbətçisi «Farağat»
komandası vermir, ancaq raport verir.
Alay (briqada) komandiri müavinlərinə alay (briqada) növbətçisi ancaq özünü
təqdim edir.
242. Alay (briqada) növbətçisi axşam yoxlanışından və səhər baxışından sonra
bölmə növbətçilərindən raportları qəbul edir, axşam yoxlanışında olmayanlar haqqında
məlumat, özbaşına gedənlər olduqda isə onların siyahısını tərtib edir. O, səhər
raportundan sonra bu siyahını və həbs edilənlərin siyahısını alay (briqada)
komandirinə təqdim edir.
Alay (briqada) növbətçisi sutkalıq naryadın xidməti vaxtı aşkar edilmiş və
növbətçiliyi təhvil verənə qədər aradan qaldırılması mümkün olmayan bütün
çatışmazlıqlar və eləcə də növbətçilik vaxtı alayda (briqadada) baş vermiş daxili qayda-
qanunun digər pozuntuları barədə növbətçiliyin qəbulu və təhvili kitabında (14 saylı
əlavə) müvafiq qeydlər edir. Alay (briqada) növbətçisi növbətçiliyin qəbulu və təhvili
kitabını baxmaq üçün hər gün alay (briqada) komandirinə təqdim edir.
243. Alay (briqada) növbətçisi aşağıdakı şəxsləri qarşılayır və alayın (briqadanın)
yerləşdiyi ərazidə müşayiət edir:
Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli
Məclisinin Sədrini, Azərbaycan Respublikasının Baş nazirini, Azərbaycan
Respublikasının müdafiə nazirini;
hərbi hissə Naxçıvan Muxtar Respublikasında yerləşirsə, Respublika Milli
Məclisinin Sədrini və Baş nazirini;
general polkovnikləri və admiralları, eləcə də alay (briqada) komandirindən
yüksək vəzifəli bütün birbaşa rəisləri və təftiş aparmağa (yoxlamağa) rəhbərlik etmək
üçün təyin olunmuş şəxsləri.
Alay (briqada) növbətçisi bu şəxsləri qarşılayarkən, «Farağat» komandası və
sonra onlara raport verir.
Məsələn: «Yoldaş general-leytenant. Üçüncü motoatıcı alay (briqada) taktiki
təlimdədir (filan rayonda). Alay (briqada) növbətçisi kapitan Pənahov».
Alay (briqada) növbətçisi göstərilən şəxslərin gəlişi barədə dərhal alay (briqada)
komandirinə və ya onu əvəz edən şəxsə məlumat verməlidir.
Gələn komandiri (rəisi) alay (briqada) komandiri qarşıladıqda və ona raport
verdikdə alay (briqada) növbətçisi ancaq özünü təqdim edir.
Alaya (briqadaya) yuxarıda göstərilməyən generallar və admirallar, həmçinin öz
hərbi hissəsindən olmayan böyük zabitlər gəldikdə, alay (briqada) növbətçisi özünü
təqdim edir, məsələn: «Yoldaş general-mayor. Alay (briqada) növbətçisi kapitan
Əliyev». Sonra onları alay (briqada) komandirinin və ya onu əvəz edən şəxsin yanına
müşayiət edir. Öz hərbi hissəsindən olmayan, başqa hərbi qulluqçuların şəxsiyyəti və
gəlməsinin məqsədi müəyyən edildikdən sonra, onlar birdəfəlik buraxılış vərəqəsi ilə
alaya (briqadaya) buraxılırlar.
244. Alay (briqada) növbətçisində alay (briqada) növbətçisi və onun köməkçisi
üçün təlimatlar; həyəcan siqnalı, yaxud toplanış və səfərbərlik elan olunacağı hallar
üçün təlimatlar olan zərflər; alayın (briqadanın) günün nizam qaydaları; səhər idman
gimnastikasının aparılması planı, geyim formalarının variantları; yanğın təhlükəsizliyi
tədbirləri təlimatı; ərazinin alay (briqada) bölmələrinə təhkim edilmə sxemi; düşmənin
kütləvi qırğın silahı işlədəcəyi hal üçün təlimat; telefon stansiyalarının və vəzifəli
şəxslərin şərti çağırış (siqnallarının) cədvəli; silahların və döyüş sursatının verilməsi
kitabı; həbs edilənlər kitabı; növbətçiliyin qəbulu və təhvili kitabı; qarovulu
yoxlamaqdan ötrü birdəfəlik vəsiqələrin nümunələri və nizamnamələr olmalıdır.
Alay (briqada) növbətçisinin köməkçisi
245. Alay (briqada) növbətçisinin köməkçisi kiçik zabitlərdən, gizirlərdən və ya
çavuşlardan təyin olunur. O, alay (briqada) növbətçisinə tabedir və onun bütün
göstərişlərini yerinə yetirir.
246. Zabitlərdən təyin olunmuş alay (briqada) növbətçisinin köməkçisinə alayın
(briqadanın) sutkalıq naryadının bütün nəfərləri tabedirlər; alayın (briqadanın) daxili
qarovuluna münasibətdə isə o, Qarnizon və qarovul xidmətləri nizamnaməsinin
qarovullar növbətçisi köməkçisinə aid olan göstərişlərini rəhbər tutmalıdır.
Gizirlərdən təyin olunmuş alay (briqada) növbətçisi köməkçisinə, zabitlər istisna
olmaqla, çavuşlardan təyin olunduqda isə zabitlər və gizirlər istisna olmaqla, sutkalıq
naryadın bütün nəfərləri tabedirlər.
Nəzarət-buraxılış məntəqəsi növbətçisi
247. Nəzarət-buraxılış məntəqəsi növbətçisi gizirlərdən və ya çavuşlardan təyin
olunur. O, alaya (briqadaya) gələn şəxslərin düzgün buraxılmasına, həmçinin hər hansı
əmlakın alaydan (briqadadan) düzgün çıxarılmasına (aparılmasına) və ya gətirilməsinə
cavabdehdir. Nəzarət-buraxılış məntəqəsi növbətçisi alay (briqada) növbətçisinə və
onun köməkçisinə tabedir. Ona nəzarət-buraxılış məntəqəsi növbətçisinin köməkçiləri
tabedirlər.
Köhnə və yeni növbətçilər növbətçiliyin təhvili və qəbulu haqqında alay (briqada)
növbətçisinə məlumat verirlər.
248. Nəzarət-buraxılış məntəqəsi növbətçisinin vəzifəsidir:
ancaq siyahısı alay (briqada) komandiri tərəfindən təsdiq edilmiş şəxslərin icazəsi
ilə, həmçinin alay (briqada) növbətçisinin göstərişi ilə birdəfəlik icazə vərəqələri
vermək;
gələnlərin şəxsiyyətini təsdiq edən sənədləri diqqətlə yoxlamaq və onları ancaq
alay (briqada) növbətçisinin, onun köməkçisinin və ya alayın (briqadanın) yerləşdiyi
əraziyə keçməyə icazə vermək hüququ olan şəxslərin icazəsi ilə içəri buraxmaq;
sənədlərinin düzgünlüyünə şübhə etdiyi şəxslər barədə alay (briqada)
növbətçisinə məlumat vermək;
formaya uyğun geyinməmiş və zahiri görkəmi səliqəsiz olan müddətli xidmət
hərbi qulluqçularına alayın (briqadanın) yerləşdiyi ərazidən çıxmağa icazə verməmək;
nəzarət-buraxılış məntəqəsində olmaq; alay (briqada) növbətçisinin icazəsi ilə
xidməti işlərlə əlaqədar getdikdə, köməkçisini öz əvəzinə qoymaq;
köməkçilərinin xidməti düzgün yerinə yetirmələrinə nəzarət etmək;
alay (briqada) komandiri və onun müavinləri gəldikdə, onları qarşılamaq və
özünü təqdim etmək.
249. Nəzarət-buraxılış məntəqəsi növbətçisi generalları, admiralları və öz hərbi
hissəsindən olmayan zabitləri qarşılayır və özünü təqdim edir, məsələn: «Yoldaş
general-mayor. Nəzarət-buraxılış məntəqəsi növbətçisi çavuş Vəliyev». Sonra o,
gələnlər haqqında dərhal alay (briqada) növbətçisinə məlumat verir.
250. Nəzarət-buraxılış məntəqəsi növbətçisində nəzarət-buraxılış məntəqəsi
növbətçisi və onun köməkçisi üçün təlimatlar, həyəcan siqnalı, toplanış və yanğın
təhlükəsizliyi tədbirləri üçün təlimatlar; günün nizam qaydaları; alayın (briqadanın)
yerləşdiyi əraziyə girməkdən və ya oradan əmlak aparmaqdan ötrü icazə verməyə
hüququ olan şəxslərin siyahısı; məzuniyyət biletinin, ezamiyyət vərəqəsinin, buraxılma
vərəqəsinin, buraxılış və yol vərəqələrinin nümunələri və nizamnamələr olmalıdır.
Dostları ilə paylaş: |