X fəsil. Parklarda daxili xidmət
Parkda daxili qayda-qanun
283. Zirehli tank, avtomobil, artilleriya və digər texnikanın saxlanması, onlara
xidmət edilməsi və təmir olunması üçün hazırlanmış ərazi park adlanır.
Yerləşdirilmə şəraitindən asılı olaraq daimi və çöl parkları olur.
Daimi parklar alayın (briqadanın) daimi yerləşdiyi yerlərdə və təlim
mərkəzlərində (düşərgələrdə) təşkil edilir. Bu halda maşınlar və digər texnika qapalı
binalarda və ya talvarlar altında yerləşdirilir.
Parkda park növbətçisi üçün otaq, texniki nəzarət məntəqəsi, hərəkətin
təhlükəsizliyi, sürücülər və maşınların böyükləri üçün təlimat sinfi, təmizləmə və
yuyulma məntəqələri, yanacaqdoldurma məntəqəsi, texniki xidmət və təmir məntəqəsi,
texnikaya xidmət etmək üçün başqa binalar (yerlər) və lazımi məişət otaqları hazırlanır.
Çöl parkları qoşun çöl şəraitində müvəqqəti yerləşdikdə təşkil edilir. Onlar, bir
qayda olaraq, tabor (bölük) üçün ayrılır.
Parkların quruluşu və hazırlanması maşınların tez və rahat çıxmasını təmin
etməlidir.
284. Parkın ərazisi bölmələrə təhkim olunmuş sahələrə ayrılır. Sahələrin
sərhədləri göstəricilərlə işarə edilir. Daimi parkın ərazisi hasarlanır, yaşıllaşdırılır və
işıqlandırılır.
285. Parkda daxili qayda-qanunun təşkil edilməsi, silahların, döyüş texnikasının
və digər texnikanın, xüsusi tikililərin (qurğuların), anbarların düzgün saxlanması və
mühafizə olunması, təmizliyin gözlənilməsi və yanğına qarşı tədbirlərin yerinə
yetirilməsi üçün alay (briqada) komandirinin texniki hissə üzrə müavini, ştatda o,
nəzərdə tutulmadıqda isə avtomobil xidməti rəisi məsuliyyət daşıyır.
Bölmə komandirləri bölmələrə təhkim olunmuş texnikanın, binaların və park
ərazisi sahələrinin qaydada saxlanması üçün məsuliyyət daşıyırlar.
Alay (briqada) komandirinin icazəsi olmadan maşınların parkdan kənarda
saxlanılmasına yol verilmir.
286. Maşınlara texniki xidmət hər dəfə reysdən qayıdandan sonra, həmçinin
normativlərlə müəyyən edilmiş gediş məsafəsindən (saxlanılma müddətindən) sonra
göstəlirilir. Bundan əlavə, maşınlara mövsümü texniki xidmət də göstərilir.
Zirehli tank, avtomobil, artilleriya və başqa texnikanın yoxlanılması və onlara
xidmət edilməsi, həmçinin parkların hazırlanmasının tamamlanması və
abadlaşdırılması park-təsərrüfat günlərində və silahlara, döyüş texnikasına və digər
texnikaya xidmət edilməsi üçün ayrılmış vaxtda aparılır.
Alay (briqada) komandiri silahlara, döyüş texnikasına və digər texnikaya baxış
keçirdikdə parkların vəziyyətini də yoxlayır.
287. Parka, həmçinin parkdakı binalara, xüsusi tikililərə (qurğulara) yollar salınır
(tikilir), giriş yolları dəqiq müəyyən olunur və onlar həmişə hərəkət üçün yararlı halda
saxlanılır.
Yayda quru havada yollara su səpilir, qışda isə qardan təmizlənir.
Parkın ərazisində yollardan kənarda piyada və miniklə getmək qadağandır.
Parkda salınmış bütün yollarda maşınların hərəkət istiqamətini və sürətini
göstərən və digər yol işarələri qoyulur.
288. Maşınlar parkdan alay (briqada) komandirinin əvvəlcədən təsdiq etdiyi
naryada görə texniki cəhətdən saz halda və öz sürücüsü ilə buraxılır. Sürücülərdə
onların şəxsiyyətini təsdiq edən sənəd, sürücü vəsiqəsi və həmçinin alay (briqada)
komandirinin texniki hissə üzrə müavini (avtomobil xidməti rəisi) tərəfindən
imzalanmış yol vərəqəsi olmalıdır.
Şəxsi heyəti və partlayış təhlükəsi olan yükləri daşıdıqda, həmçinin maşınlar
uzaq reyslərə göndərildikdə və başqa hallarda kolona və hər bir maşına böyük təyin
olunur. Digər yüklər daşındıqda isə bir kolona bir böyük təyin edilir; bu halda
maşınlara böyük təyin olunmaya bilər.
Maşının (kolonun) böyüyü zabitlərdən, gizirlərdən və ya çavuşlardan təyin
olunur. O, maşınlardan (maşından) düzgün istifadə olunması, sürücülərin (sürücünün)
yol hərəkəti qaydalarına riayət etməsi, həmçinin maşınlarda (maşında) olan bütün şəxsi
heyətin intizamlı olması və təhlükəsizlik qaydalarına riayət etməsi üçün məsuliyyət
daşıyır.
Bölmə komandirləri maşınların böyüklərinə və sürücülərə tapşırığın məqsədi,
qaydası və yerinə yetirilməsi müddəti və hərəkətin təhlükəsizliyi tədbirləri barəsində
təlimat verirlər. Sürücülərin idarə etmək üçün maşını kimə olursa-olsun vermələri qəti
qadağandır.
Naryadda nəzərdə tutulmayan maşınlar müstəsna hallarda hərbi hissə
komandirinin icazəsi ilə parkdan buraxıla bilər.
İstirahət və bayram günlərində maşınların parkdan buraxılması minimuma qədər
azaldılır.
Avtomobil hissələrində və ştata görə komandirin texniki hərbi hissə üzrə müavini
(avtomobil xidməti rəisi) nəzərdə tutulmayan hərbi hissələrdə yol vərəqələrinin tərtib
edilmə qaydası hərbi hissə komandiri tərəfindən müəyyən edilir.
289. Maşınların parkdan çıxmağa hazırlığı bölmə komandirinin və ya onun
texniki «hissə üzrə müavininin (avtomobil xidməti rəisinin, tabor texniklərinin, böyük
texniklərin və bölük texniklərinin) rəhbərliyi ilə həyata keçirilir.
Parkda buraxılan maşınların texniki vəziyyətinə nəzarət texniki-nəzarət
məntəqəsinin rəisi tərəfindən həyata keçirilir.
290. Parkdakı daxili qayda-qanun və parkın günün nizam qaydaları alay
(briqada) üzrə əmrlə elan edilir.
Əmrdə müəyyən olunmamış vaxtda parka buraxılma və orada işləmə ancaq alay
(briqada) komandirinin icazəsi ilə ola bilər.
291. Şəxsi heyət işləmək və məşğələ üçün parka müəyyən olunmuş vaxtda
zabitlərin, gizirlərin və çavuşların komandası altında ancaq sıra ilə buraxılır.
Alay (briqada) zabitləri və gizirləri parka işləmək üçün müəyyən olunmuş vaxtda
şəxsiyyət vəsiqələri ilə buraxılırlar. Çavuşlar və əsgərlər xidmətlə əlaqədar parka tək-
tək gəldikdə, onlar alay (briqada) komandirinin texniki hissə üzrə müavininin
(avtomobil xidməti rəisinin) imzaladığı birdəfəlik buraxılış vərəqəsi ilə buraxılırlar.
Maşın çıxarmaq üçün gəlmiş maşın heyəti (sürücüləri) parka yol vərəqələrini
təqdim etməklə buraxılırlar.
Parkdakı maşınların və digər texnikanın yanına ancaq onlara təhkim olunmuş
şəxslər buraxılırlar.
Həyəcan, yaxud toplanış hallarında maşınlara və digər texnikaya buraxılma
qaydaları müvafiq təlimatlarla müəyyən edilir.
Alaydan (briqadadan) olmayan şəxslər parka ancaq alay (briqada) komandirinin
icazəsi ilə xüsusi təyin olunmuş hərbi qulluqçunun müşayiəti ilə buraxılırlar.
292. Maşınların mühərriklərini işəsalma açarlarının, eləcə də lyuk, park otaqları
və park darvazası açarlarının saxlanılması və verilməsi qaydası maşınların parkdan
vaxtında çıxarılmasını təmin etməli, həmçinin onların şəxsi heyət tərəfindən özbaşına
istifadə olunması hallarını istisna etməlidir.
Açarlar aşağıdakı qaydada saxlanılır:
a) maşınların mühərriklərini işəsalma və lyuk açarları — bir dəsti park
növbətçisində; digər dəsti bölük (tabor, alayın-briqadanın xüsusi bölmələri və xidmət
bölmələri) növbətçisində həyəcan, yaxud toplanış halları üçün yol vərəqələri ilə
birlikdə möhürlənmiş yeşiklərdə;
b) park otaqlarının və park darvazalarının açarları — bir dəsti park növbətçisində,
digər dəsti alay (briqada) növbətçisində möhürlənmiş yeşikdə.
293. Parkda daxili xidməti yerinə yetirmək üçün park növbətçisi, gün növbətçiləri
və yanğın halları üçün növbətçi yedəkçinin sürücü-mexaniki (sürücüsü) təyin edilir.
Gün növbətçiləri park növbətçisi tərəfindən parkın girəcəyində, iş vaxtı isə eləcə
də parkın ərazisində qoyulurlar.
Daimi və çöl parkları gecə-gündüz alay (briqada) komandiri tərəfindən təsdiq
edilmiş postlar tabelinə uyğun olaraq saatdarlarla mühafizə edilir.
294. Bütün saxlancların, döyüş texnikasının və digər texnikanın möhürlənmə
(plomblanma) qaydası alay (briqada) komandiri tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: |