Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Kimya və Biologiya fakültəsi Kimya və Biologiya müəllimliyi
İhtisasının 406 qrup tələbəsi Şükürlü Nərmin Şahin qızının
Anatomiya fənnindən “Ürək – damar sistemi” mövzusunda
Sərbəst İşi
Elmi rəhbər :b. Ü. F. d, dos, Mehdizadə Nizam
BAKI-2020
Orqanizmdəki həyati proseslərin yerinə yetirilməsi fasiləsiz olaraq orqanizmə xaricdən qida maddələrinin, oksigen və suyun daxil olması, bunların mübadiləsi və bu maddələrin toxuma və hüceyrələrə çatdırılması, son məhsulların xaric edilməsi kimi vacib bir prosesdir.
Bu sistemdə orqanizmdəki qan və limfa kimi mayelərin fasiləsiz hərəkətini təmin edən borulu sistem mövcuddur ki, buna da ürək-damar sistemi adı vermişlər. Bu sistemin mərkəzində ürək yerləşməklə ondan çıxan və ona gələn damarlar hesabına fasiləsiz mayelərin - qan və limfanın hərəkəti təmin olunur, mürəkkəb bir proses həyata keçirilir. Damar sistemi özü də iki yerə ayrılır: 1) qan damar sistemi və 512) limfa sistemi. Qeyd etdiyimiz kimi qan-damar sisteminin mərkəzində ürək və ondan çıxan damarlarla periferik - ucqar sahələrlə əlaqə yaradılmışdır. Bu damarların da ürəkdən çıxanlarına arteriyalar, ürəyə gələnlərə venalar deyilir. Arteriaların sonunu, venaların başlanğıcını təşkil edənləri isə kapilyarlar damarlar adlandırırlar.
Kapilyarların önündə yerləşən arterialara arteriola, kapilyarların sonunda isə yaranan venalara venullalar deyilir.
Orqanizmdə olan qan funksiyasını yerinə yetirdikdən sonra venalar vasitəsilə ürəyə-9 gətirilir və buradan ağciyərlərə aparılır və qazlar mübadiləsi getdikdən sonra yenidən ürəyin sol qulaqcığına çatdırılır. Qan ürəyin sol mədəciyinə keçərək oradan isə böyük qan dövranı arterial damarların ən böyüyü olan aorta vasitəsilə başlayaraq sonradan arterialara ayrılmaqla bütün toxuma və hüceyrələrə qədər arterial qan çatdırılır. Arterial damarlarda olan qan tərkibindəki qidalandırıcı maddələri və oksigeni kapilyar damarlara keçdikdən sonra, toxuma və hüceyrələrə, hüceyrəarası maddələrə çatdırırlar və nəticədə maddələr mübadiləsindən alınan son məhsulları və karbon qazını qəbul edən qan kapilyarları vasitəsilə venalara keçərək ürəyin sağ qulaqcığına, oradan sağ mədəciyə və buradan ağciyər arteriyaları vasitəsilə nahyət ağciyərlərə çatdırılır. Ağciyərlərdə qazlar mübadiləsi getdikdən sonra ağciyər venaları vasitəsilə ürəyin sol qulaqcığına, oradan da sol mədəciyə və yenidən aorta vasitəsilə böyük qan dövranı başlayır. Ürəyin sağ mədəciyindən ağciyər kötüyü arteriyası ilə başlayıb ağciyərlərə və orada qazlar mübadiləsi getdikdən sonra ağciyər venaları vasitəsilə ürəyin sol qulaqcığına çatdırılan qan dövranına kiçik qan dövranı deyilir. Kiçik qan dövranında qeyd etdiyimiz kimi, ürəyin sağ mədəciyindən çıxan damara ağciyər kötüyü arteriyası deyilir. Bu arteriya sonradan sağ və sol ağciyərlərə ayrılan ağciyər arteriyalarına şaxələnir və ağciyər qapısından icəri daxil olaraq əvvəl arteriollara və sonda alviolların üzərini örtən kapilyarlara keçirlər. Bu baxımdan damarların ürəkdən çıxdığına görə ona arteriya deyilir, ancaq onun daxilində venoz qan olur. Eləcə də ağciyərlərdə qazlar mübadiləsi getdikdən sonra ürəyin sol qulaqcığına gedən damarlara ağciyər venaları deyilir, lakin tərkibində arterial qan daşınır. Sol qulaqcığa daxil olmuş qan sol mədəciyə və oradan da böyük qan dövranının başlanğıcını təşkil edən aorta soğanağına ötürülür, beləliklə də böyük qan dövranı başlayır.
Ürək-qan damar sistemi orqanizmdə mühüm əhəmiyyət kəsb edir. Bu sistem vasitəsilə orqanizmin bütün üzvlərilə, toxuma və hüceyrələrilə əlaqə yaranır, eləcə də toxuma və hüceyrələrə qlükoza, amin turşular, polipeptidlər, yağlar, vitaminlər, mineral maddələr, su və oksigen kimi mühüm əhəmiyyət kəsb edən maddələri çatdırılır. Mübadilə nəticəsində əmələ gələn son məhsullar qan vasitəsilə ifrazat və tənəffüs orqanlarına çatdırılaraq xaric edilir ki, buna da qanın daşıyıcı və ifrazat funksiyası deyilir.
Qana xüsusi orqanlardan hormonlar və bioloji aktiv maddələr daxil olaraq orqan və toxumalara çatdırılır ki, bu da orqanizmdə müəyyən qarşılıqlı əlaqələrin yaranmasına, funksiyaların tənzimlənməsinə səbəb olur.
Qan orqanizmdə həm də qoruyucu funksiya yerinə yetirir. Belə ki, qanda olan leykositlər mikrobları və yad cisimləri neytrallaşdırırlar, faqositoz funksiyasının yerinə yetirərək, yad cisimləri zərərsizləşdirirlər və sairə kimi qoruyucu funksiya yerinə yetirirlər. Bu - dediklərimizdən aydın olur ki, qan özünün mürəkkəb funksiyalarını ancaq daim dövr etdikdə yerinə yetirir. Qanın hərəkəti ürək-qan damar sisteminin hesabına baş verir ki, əgər bu proses dayanarsa, hərəkət baş verməzsə həyat üçün vacib olan qidalandırıcı maddələrin və oksigenin çatışmamasından ölüm baş verər.
Ürək-qan damar sisteminin filogenestik xüsusiyyətləri.
İbtidai canlılarda ürək və qan-damar sistemi tam müəyyənləşdirilməyib. Belə ki, hətta nəştərcədə də ürək olmur. Sonrakı canlılarda təkamül nəticəsində orqanizmində olan qan qarın aortası vasitəsilə qəlsəmələrə gətirilərək qazlar mübadiləsi aparılır. Mübadilədən sonra orqanizmdə olan qan bel aortası vasitəsilə bədənin ayrı-ayrı nahiyyələrinə verilir. Bel aortasından üzvlərə məxsus visseral, divarlara məxsus pariental şaxələr ayrılır. Bel aortasından arxaya venalar keçir və bu venalar vena sinusa açılır. Vena sinusdan ara maddə başlayır. Balıqlarda ürək 2 kameralı olur. Başın aortasından qanı gətirici damarlar vasitəsilə qəlsəmələrə verilir və mübadilədən sonra qan bel aortasına və buradan isə vena sinusa keçən qan ürəyə açılır. Ürəkdən isə arterial konus başlanır. Ürək iki kameralı olub qulaqcıq və mədəcikdən təşkil olunur. Amfıbilərdə, qurbağada ürək 3 kameralı 2 qulaqcıq, 1
mədəcikdən ibarət olur. Sürünənlərdə də ürək 3 kameralı olur. Ancaq timsahda ürək 4 kameralı olur. Quşlarda və məməlilərdə ürək 4 kameralı, 2 qulaqcıq və 2 mədəcikdən ibarət olur.
Damarların quruluşu.
Orqanizmdə olan ən böyük damarlara aorta, ağciyər kötüyü, aşağı və yuxarı boş venalar və ağciyər venaları aiddir. Ümumiyyətlə qan damarları, arterial, venoz və kapilyar qan damarlarına ayrılırlar.
Arterial damarlar ürəkdən çıxaraq bütün orqan və toxumalara qədər gedir. Quruluşuna gəldikdə arteriaların divarları daxildən xaricə doğru intima qişası, orta saya əzələ qişası və xarici lifli birləşdirici toxumadan təşkil olunmuş qatlardan ibarətdir. Arterial damarın divarlarında olan saya əzələ liflərinin sayı az elastik liflərin sayı daha çox olur. Ancaq arterialar ürəkdən uzaqlaşdıqca elastik liflərin sayı azalır, əzələ liflərinin sayı isə artır. Bu da, ürəyin yığılmaları zamanı qanın damarlarda axmasına qanunauyğun şərait yaradır. Belə ki, aortaya vurulan qanın təzyiqinə müvafıq olaraq dalğavari yayılma baş verir ki, bu da arteriaların ürəkdən uzaqlaşdıqca əzələ liflərinin yığılmaları hesabına davam etdirilir.
Venaların divarları da üç qatdan ibarətdir. Bunlar da intima, orta saya əzələ qişası və xarici lifli birləşdirici toxuma liflərindən ibarətdir. Ancaq venaların divarlarında bir sıra uyğun və fərqli cəhətləri vardır. Belə ki, arterialardan fərqli olaraq venaların divarlarının orta qişasında elastik və saya əzələ lifləri azlıq, əvəzində birləşdirici toxumalar üstünlük təşkil edir. Bunlarda elastiklik az olduğu üçün zədələndikdə tez qapanırlar. Bu həm də burada yerləşən büzücü əzələlərin hesabına baş verir. Venaların başlanğıcı kapilyarlardan sonra venullaları əmələ gətirirlər. Venullalar da endotel və xarici qişadan ibarət olduqları üçün daha da elastiklik cəhətdən zəif olurlar. Venaların divarlarındakı bu elastikliyin və saya əzələ liflərinin az olması, venalarda qanın axma istiqamətinin periferiyadan mərkəzə-yəni aşağıdan yuxarıya doğru olması, onlarda qanın axma sürətinin də aşağı olmasına səbəb olur. Ancaq venaların daxilində intima qişadan əmələ gələn qapaqcıqlar vardır ki, bunlar damarın divarlarında olan əzələlərin yığılması hesabına biri-birinə yaxınlaşaraq qanın geri axmasının qarşısını alır və irəli itələyirlər. Eləcə də ürəyin sağ qulaqcığının yığılaraq yenidən açılması zamanı və döş boşluğundakı mənfı təzyiq, venalarda qanın sorularaq ürəyə çatdırılmasında və düzgün cərəyan etməsində əhəmiyyətli rol oynayırlar.
Kapilyar damarlar arteriolların sonunu və venullaların başlanğıcını təşkil etməklə yanaşı qan dövranını tamamlayır, toxuma və hşüceyrələr arasında əlaqə yaratmaqda, mübadilədə iştirak etməkdə mühüm bioloji əhəmiyyət kəsb edirlər. Kapilyar damarlar birqatlı yastı endoteldən ibarətdir. Kapilyarların divarlarında əzələ və birləşdirici toxuma olmadığı üçün burada qan çox zəif sürətlə hərəkət edir ki, bu da mübadilənin gedişini yaxşılaşdırır. Həmçinin qanla daşınan maddələrin kapilyarların divarlarından nüfuz etməyə imkan yaradır.
Damarlar ürəkdən çıxdıqdan sonra müxtəlif nahiyyələrdə şaxələnmələr verirlər. Belə ki, arteriyalar monopodial və dixotomik tipli iki şaxələnmə verirlər. Monopodial tipli şaxələnmədə əsas damar uzun olub növbə ilə şaxələr verərək orqanlara ayrılır. Dixotomik tipli şaxələnmədə isə damar qısa olur və hacalanma şəkilində şaxələr verir.
Bədəndə damarların yayılma qanunauyğunluqları mövcuddur. Belə ki, bədəndə arteriya və venaların şaxələnməsi-yayılması cinsdən, yaşdan və fərdi xüsusiyyətdən asılıdır. Belə ki, nəştərçədə arterial və venoz damarlar bədənə boylama istiqamətində yayıldığı üçün magistral damarlardan ayrılırlar. Balıqlarda və nəştərçədə olan bu əlamətlər insana qədər saxlanılmışdır. Bu vəziyyət insanlarda qabırğaarası arteriyaların yayılmasında təzahür olunur.
Heyvanların sudan quruya keçməsi ilə əlaqədar olaraq ətraflara uyğun magistral damarların yaranması müşahidə olunur. Bu üzvlərlə damarlar arasında paralellik əlamətin olmasını təsdiqləyir. Məsələn bazu nahiyyəsində I sümük və 1 arteria, saiddə 2 sümük 2 arteriya və sairə. Bunlarla yanaşı orqan və üzvün səthində olan əlavə damarlar üzvlərə içəri tərəfdən qan aparırlar. Damarların belə yerləşməsi həm də onların qorunmasını təimn edir.
Orqanizmdə qidalandırıcı damarlar üzvə yaxın məsafədə yerləşir. Ancaq həcmləri tez-tez dəyişən orqanlarda və üzvlərdə gətirici damarlar orqana daxil olmamışdan əvvəl ətraf kələflər əmələ gətirirlər. Bu da qanla təchizatı yaxşılaşdırır. Hərəkət çox olan nahiyyələrdə anestomozlar daha çox olur ki, bu da üzvlərin paralel qanla təchizatını yaxşılaşdırır.
Orqanizmdə olan damarlar çoxlu yan şaxələr verməklə də bir-birilə birləşmə əmələ gətirirlər ki, buna da
Anastomozlar deyilir. İki qonşu damarları birləşdirən şaxəyə anostomoz şaxə deyilir. Anastomozlaşmanın böyük əhəmiyyəti vardır. Belə ki, orqanda olan damarlardan biri tutularsa və ya kəsilərsə həmin sahəni qidalandıran damarın yaxınlığındakı damar anastomoz əmələ gətirir ki, o nahiyyəni qanla təchiz edir. Anastomozlar yerləşdiyi sahəyə və damarlara müvafiq olaraq qövs və tor şəkilində olurlar. Qövs şəkilində olan anastomozlara ovucun səthi və dərin qövslərini, ayaqaltı qövsləri misal göstərmək olar. Tor şəkilli anastomozlara oynaqların üzərindəki şaxələn¬məni göstərmək olar. Damarların bir səthində anastomozlaşmasından əmələ gələn adi tordan başqa, bir də qəribə tor adlanan şaxələnmə müşahidə olunur. Bu halda arteriya kapilyar şəkilində yumaqcıq əmələ gətirdikdən sonra yenə birləşib arteriya yaradırlar. Buna misal olaraq böyrəklərin nefronlarında, böyrək cisimciyində arteriyaların kapilyara keçməsini və yenidən birləşərək çıxıcı arteriyanı əmələ gətirməsini göstərmək olar.
Orqanizmdə magistral damarlardan ayrılaraq onunla müəyyən məsafədə paralel gedərək sonradan yenə onunla birləşən kiçik damarlara da təsadüf olunur ki, bunlara kollateral (dolanma) damarlar deyilir. Əgər magistral damar tutularsa və ya kəsilərsə onda kollateral damarlar yavaş-yavaş genişlənərək magestral damarın işini yerinə yetirir ki, buna da kollateral qan dövranı deyilir.
Arterialarda daha bir qanunauyğunluq mövcuddur ki, bir-birinə yaxın olan arterialar kapilyar sistemə keçməmişdən əvvəl bir-birilə anastomozlaşırlar. Lakin bəzi orqanlarda arteriaların kapilyar önü anastomozları olmur. Bu cür damarlara uc arterialar deyilir. Bu arteriaların tutulması zamanı onların qidalandırdıqları sahələr qansızlaşır və həmin sahədə nekroz və ya yerli ölüm baş verir ki, burada infarkt adlanan proses baş verir.
Ədəbiyyat
Mehdizadə Nizam. Mühazirə mətni
2.Əliyev Ə. H, Məhərrəmova Ş. A, Əliyeva F. Ə. “İnsan anatomiyası”- “Bakı Universiteti nəşriyyatı 2017”
Dostları ilə paylaş: |