Elektrik dövrəsi – naqillər vasitəsilə bir-birinə birləşdirilmiş mənbə və
işlədicidən ibarət qapalı kontur. Elektrik dövrəsi bir və çoxkonturlu olur. Elektrik
dövrəsi aktiv (qalvanik element, akkumulyator) və passiv (xətlərin Omik
müqavimətləri, elektrik qəbulediciləri) elementlərdən ibarətdir. Elektrik dövrəsi
xətti və qeyri-xətti olur. Xətti elektrik dövrəsində çıxış və giriş kəmiyyətləri
arasındakı əlaqə xətti qanunlara tabe olur. Bu, Om qanunu şəklində ifadə olunur.
Qeyri-xətti dövrələrdə isə giriş və çıxış kəmiyyətləri arasındakı əlaqə müəyyən
qeyri-xətti qanun üzrə olur. Elektrik dövrəsinin giriş və çıxış kəmiyyətləri təsir
edən EHQ (gərginlik) və dövrədən keçən cərəyandan ibarətdir.