4.Əkinçilikdə kalium balansı.
D.N.Pryanişnikov apardığı balans hesablamasına görə belə bir nəticəyə gəlmişdir ki, bitkinin torpaqdan çıxardığı kalium maddəsinin 70-80%-i gübrə şəklində torpağa qaytarılmalıdır. Lakin,qida maddələrin torpağa qaytarılması bitkilərin və torpaqların xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Məsələn, dənçilik təsərrüfatlarda kaliumun əsas hissəsi küləşdə olur və təsərrüfatın özündə qalır. Yem bitkilərində kaliumun əsas hissəsi peyinə daxil olur və yenidən onun tərkibində torpağa qayıdır. Kartof, çuğundur və tərəvəzçilik təsərrüfatlarında kaliumun əsas kütləsi əmtəəlik məhsulun tərkibində olmaqla təsərrüfatdan uzaqlaşır. Kaliumla zəngin torpaqlarda kalium tətbiq etmək olmaz.
Qumsal və torflu torpaqlarda kaliumun miqdarı azdır. Ona görə də bu torpaqlarda kaliumlu gübrələri 70-80 % qaytarmaya nisbətən daha çox tətbiq etmək lazımdır.
Təsərrüfatda kalium dövranını nizamlamaq üçün torpağa kaliumun daxilolma və ondan aparılma mənbələrini bilmək başlıca şərtdir. Kaliumun daxilolma mənbəsi dedikdə, yəni torpaqda üzvi və mineral gübrələrin, toxumun tərkibində daxil olması anlaşılır. Əgər bu mənbələrlə torpağa daxil olan kalium oradan uzaqlaşan kaliumun 70-80 %-ni təşkil edərsə, belə balans n o r m a l əgər az olarsa, m ə n f i balans hesab edilir.
Statistika məlumatlarına əsasən aparılmış hesablamalar (1986-ci ilin məlumatı) göstərir ki, 40 ilə yaxın bir müddətdə Azərbaycan əkinçiliyində kalium balansı mənfi olmuşdur. Belə ki, yığılan məhsulla torpaqdan kalium aparılması 36260-97199 ton ətrafında, torpağa kalium daxil olması isə 10813-46270 ton hüdudunda dəyişmişdir. Qeyd etmək lazımdır ki, 1965-ci ilə qədər kalium çatışmazlığı artmış, sonrakı müddətdə tədricən azalmışdır. Respublikamızın əkinşiliyində kalium çatışmazlığını ləğv etmək üçün torpağa əlavə olaraq 26692 ton təsiredici maddə hesabı ilə kalium və ya 64163 ton standart kalium gübrəsi vermək lazımdır.
Mövzu 26: Torpaqlarda kükürd birləşmələri və dinamikası. Plan: 1. IV qrupun əsas yarımqrup elementi olan kükürdün torpaqda üzvi və qeyri-üzvi birləşmələrinin miqdarı: kükürdün mineral duzları.