AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN
MÜLKİ KOLLEGİYASI
07 noyabr 2016-cı il
№ 2(105)-2323/2016
Sumqayıt şəhərində
Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,
Hakimlər Azər Qəmbər oğlu Hüseynov və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə,
Zümrüd Ruslan qızı Abbaslının katibliyi,
İddiaçının nümayəndəsi: Həsən Xosaxan oğlu Əsədov,
Cavabdehin nümayəndəsi: Rəşad Nizami oğlu Qasımovun iştirakları ilə,
İddiaçı Ağayev Araz Oqtay oğlunun cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə və Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon
Şöbəsinin Hərbi Həkim Komissiyasına qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair mülki iş
üzrə Abşeron Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən
verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N E T D İ:
Abşeron Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva)
iddiaçı Ağayev Araz Oqtay oğlunun cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə və Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin Hərbi
Həkim Komissiyasına qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddianın təmin edilməməsi
qət edilmişdir.
İ Ş İ N H A L L A R I:
İddiaçı Ağayev Araz Oqtay oğlu cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə və Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin Hərbi
Həkim Komissiyasına qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddia ərizəsi ilə
məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə
Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsi və Azərbaycan Respublikası Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə
Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin Hərbi Həkim
Komissiyasından mənəvi ziyana görə 5000 manat pulun, maddi ziyana görə 30.000 manatın alınaraq
ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə
Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin Hərbi Həkim
Komissiyasının qərarına əsasən hərbi xitmətə yararlı hesab edilməklə 22.07.2014-cü il tarixə həqiqi
hərbi xidmətə göndərilmişdir. Silahlı Qüvvələrin 930 saylı hərbi hissəsində 07.05.2015-ci il tarixə
kimi xidmət keçmişdir. Belə ki, o hərbi təlimlər zamanı tənginəfəslik olduğundan 01.04.2015-ci il
tarixdə tibbi müayinədən keçmiş, bu məqsədlə onu 10.04.2015-ci il tarixdə müayinə üçün 230 saylı
hərbi hissəyə göndərilmişdir. 16.04.2015-ci il tarixdə ixtisaslaşdırılmış bölmədə müayinə olunduqdan
sonra məlum olmuşdur ki, onda anadangəlmə ürək qüsuru olmuş və o 17.04.2015-ci il tarixdən 07
may 2015-ci il tarixə kimi müalicə olunmuş və Hərbi Həkim Komissiyasının 07 may 2015-ci il tarixli
qərarına əsasən o Sülh dövrünə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab
edilməklə hərbi xitmədən təxris olunmuşdur və bu barədə müvafiq olaraq ona 929 nömrəli
şəhadətnamə verilmişdir. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə
Dövlət Xidmətinin Abşeron
Rayon Şöbəsnin Hərbi Həkim Komissiyası onu müayinə etmiş və hər hansı bir xəstəlik olmadığını
müəyyən edərək hərbi xitmətə yararlı olması müəyyənləşdirilmişdir. Bu qərara əsasən hərbi xidmətə
yollanmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, onun xəstəliyi olduqca ağır xəstəlikdir və bu
xəstəlik nəticəsində hərbi hissədə hərbi təlimlər zamanı ürək dayanmasından ölə bilərdi.
Cavabdehlərin bu səhvləri ona həm maddi baxımdan, həm də mənəvi baxımdan olduqca böyük zərər
vurmuşdur. Belə ki, belə bir xəstəliyin onda olması cavabdehlər tərəfindən vaxtında müəyyən
edilsəydi, o 11 ay hərbi xidmət keçmədən əvvəldən xəstə olduğunu bilərdi. Həmçinin digər tərəfdən
ali təhsilli kimi hərbi xidmətini başa çatdırmağına 1 ay qalmış o hərbiyə yararsız kimi hərbi
xidmətdən təxris olunmuşdur. Həmçinin bu xəstəliyin vaxtında müalicə olunmaması nəticəsində onun
xəstəliyinin dairəsi genişlənmişdir. Məlum olduğu kimi hərbi xidmətdə təlimlər ağır keçir və bu
təlimlərin ağırlığına görə və ürəyində əvvəldən qüsurlar olduğundan bu xəstəlik fəsadlar verməklə
digər bədən orqanlarına da təsir etmişdir ki, hazırda da bu xəstəliyin tam müalicəsi küllü miqdarda
xərc tələb edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini
məhkəmədən xahiş etmişdir.
Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
VƏ TƏRƏFLƏRİN İZAHATLARI:
İddiaçı A.O.Ağayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mühüm
əhəmiyyəti olan faktiki halları tam araşdırmamışdır. Məhkəmə iclası zamanı o, bütün subutları
məhkəməyə təqdim etsədə, məhkəmə tərəfindən nəzərə alınmamış və cavabdehlər məhkəmənin
hazırlıq iclasında iştirak etsələrdə baxış məhkəməsində Hərbi həkim Komissiyası iştirak etmədən işə
baxılaraq qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası
MPM-nin 77, 88 və 217.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Abşeron Rayon
Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
İddiaçı A.O.Ağayevin nümayəndəsi H.X.Əsədov apellyasiya şikayətinin dəlillərini müdafiə
etdi, ona oxşar izahat verdi, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən
xahiş etdi.
Cavabdehin nümayəndəsi R.N.Qasımov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi,
məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən
saxlanılmasını məhkəmədən xahiş etdi.
İş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət
Xidmətinin Abşeron Rayon Şöbəsinin Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəmə iclasının
vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan
məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən
məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında
məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə
baxmağa haqlıdır.
Məhkəmə kollegiyası mərucəçi hakimi, tərəflərin nümayəndələrinin izahatını dinləyib,
apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab
edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə
təmin edilməməlidir.
H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:
İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı
tərəfindən ona dəymiş ziyanın cavabdeh tərəfindən olduğunun sübuta yetirilməməsinə istinad
etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin
məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.
Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı
ilə mübahisə edilən hissəsi üzrə, apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə
yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən
2
mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya
şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət
etməsini yoxlayır.
Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı A.O.Ağayevin apellyasiya şikayəti iş
üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apelyasiya şikayətində və ona
etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə
məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi
tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə
hüquqi qiymət verilməlidir.
İş materiallarında olan 07 may 2015-ci il tarixli 929 nömrəli xəstəlik haqqında şəhadətnamənin
surətindən görünür ki, A.O.Ağayev sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə
məhdud yararlıdır.
İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzi Ürək cərrahiyyəsi şöbəsi tərəfindən verilmiş Exodopplerkardioqrafiya
Müayinəsindən görünür ki, A.O.Ağayevdə təsadüf aortal qapağın ikitaylı olması aşkarlanmış və
“anadangəlmə ürək qüsuru: ikitaylı aortal qapaq. Aortal qapaq çatışmazlığı” diaqnozu müəyyən
edilmişdir.
İş materiallarında olan SX № 0144962 saylı hərbi biletin surətindən görünür ki, A.O.Ağayev
hərbi xidmətdə sürücü vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquq
nəticələrinin baş verməsi ilə bağlanan digər əsas və hadisələrlə yanaşı, başqa şəxsə zərər vurulması da
mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından birini təşkil edir.
Həmin Məcəllənin 21.1-ci maddəsi ilə müəyyən edilir ki, zərərin əvəzinin ödənilməsini tələb
etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu
şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə
tutulmasın.
Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrində nəzərdə tutulur ki, mülki hüquq pozuntusu
(delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər
vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir
(hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb
edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla mülki hüquq pozuntusunun baş verməsini sübut
etməli, mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın deliktin
törədilməsində təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında
səbəbli əlaqənin olması sübut yetirilməlidir.
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Abşeron Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə cəlb edilən zaman
səhhətindən şikayətinin olduğunu və anadangəlmə ürək qüsurunun olduğunu iddia etsə də, Müdafiə
Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq 4
tibbi müayinədən keçirilən zaman səhhətindən şikayətinin olması barədə hər hansı sübutu
məhkəməyə təqdim etməmişdir.
Mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər vuranın
deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər
arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda iddiaçı ona vurulan zərərin məhz
cavabdehin hərəkətləri nəticəsində baş verməsinə dair, yəni sağlamlıq vəziyyətinə görə hərbi xidmətə
yararlı hesab edilməklə müddətli həqiqi hərbi xidmətə cəlb edildiyi zaman cavabdehin təqsirli
hərəkətləri nəticəsində iddiaçının səhhətində olan problemlərlə əlaqədar ona maddi və mənəvi ziyanın
vurulması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatının dəlillərinə hüquqi qiymət verərək
hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı mülki deliktin törətməsi faktı öz təsdiqini
tapmamış və iddiaçı bu pozuntuların mövcud olması barədə məhkəməyə hər hansı mötəbər və ya
tutarlı sübut növləri təqdim etməmişdir.
Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və
3
etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq
münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun
pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri
bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının
qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb
edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan
kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı
prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya
çıxır.
Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci
il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları
çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio
(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut
kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib
olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68).
Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları
qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93).
Məhkəmə iddiaçının dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir
və hesab edir ki, onlar iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya qarşı mülki deliktin törədilməsi
hissəsində qanuni və əsaslı təmininə əsas ola bilməz.
İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya
Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların
şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri
olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa
anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət,
işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik
hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə
mənəvi sarsıntı, iztirab verir.
Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin
şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların
hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud
əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki
iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların
nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar
məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi
haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7
saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki,
“zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin
və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi
dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi
zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət
və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə
mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını
müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə
olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini,
zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini,
zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa
borcludur.”
4
Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf,
bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini,
cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini
(qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda iddiaçı mənəvi sarsıntı və
iztirablara məruz qalmasının nədə ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət
(hərəkətsizlik) nəticəsində baş verməsinə, cavabdehin təqsirinə, hansı mənəvi sarsıntı və iztirablar
keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 5000 (beş min) manat miqdarında
hesablanmasının əsaslandırdığına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə
də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir.
Məhkəməyə təqdim edilmiş 2014-cü il iyul ayında keçirilmiş 34 saylı Çağırışçısının Uçot
Kartasından görünür ki, A.O.Ağayev sağlamdır, özünün sağlamlığından şikayətinin olmaması barədə
A.Ağayev tərəfindən qeyd edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə
yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin
Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya
məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki,
məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də
araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv
edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, apellyasiya
şikayəti təmin edilməməlidir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci
maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T
E T D İ:
İddiaçı Ağayev Araz Oqtay oğlunun apellyasiya şikayəti təmin edilməsin.
Abşeron Rayon Məhkəməsinin iş üzrə 24 iyun 2016-cı il tarixli 2(012)-3989/2016 saylı
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi
gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi
vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə
bilər.
Sədrlik edən
Gülnarə Tağızadə
Hakimlər
Azər Hüseynov
Telman Quliyev
5
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür,
Sədrlik edən
Gülnarə Tağızadə
6
7
8
9
Dostları ilə paylaş: |