AZƏrbaycan respublikasi adindan qətnamə surəTİ 01 sentyabr 2016-cı IL



Yüklə 78 Kb.
PDF просмотр
tarix31.01.2017
ölçüsü78 Kb.

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

QƏTNAMƏ 

SURƏTİ 

01 sentyabr 2016-cı il  

  İş №2(106)1728/2016 

   Şirvan şəhəri 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Mülki  Kollegiyasının  hakimləri  Əkbərov  Kamran 

Hüseyn  oğlu  (sədrlik  edən,  məruzəçi),  Camalov  Etibar  Əli  oğlu  və  Əhmədov  İsmayıl  Həmid 

oğlundan  ibarət  tərkibdə,  Əmiraslanov  Hikmət  Abasqulu  oğlunun  katibliyi,  iddiaçı 

“Exspressbank”  Açıq  Səhmdar  Cəmiyyətinin  nümayəndəsi  Əhmədov  Fərid  Oqtay  oğlunun, 

cavabdeh  Mirzəyeva  Elnarə  Ağacan  qızının  iştirakları  ilə,  iddiaçı  “Exspressbank”  Açıq 

Səhmdar Cəmiyyətinin cavabdehlər Mirzəyeva Aynurə Ağacan qızına, Əsədova Qətifə Əlixan 

qızına,  Mirzəyeva  Kifayət  Hüseynqulu  qızına,  Mirzəyeva  Elnarə  Ağacan  qızına  və  Mirzəyev 

Bayram  Ağacan  oğluna  qarşı  kredit  borcunun  tutulması,  tələbin  ipoteka  qoyulmuş  əmlaka 

yönəldiməsi,  mənzildən  çıxarılma  və  mənzilin  boşaldılması  tələbinə  dair  Şirvan  Şəhər 

Məhkəməsinin  03  may  2016-cı  il  tarixli  2(032)1372/2016  saylı  qətnaməsindən  cavabdeh 

Mirzəyeva  Aynurə  Ağacan  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  Şirvan  Apellyasiya 

Məhkəməsinin  inzibati  binasında  (Şirvan  şəhəri,  Naxçıvan  küçəsi  3)  açıq  məhkəmə  iclasında 

apellyasiya qaydasında baxaraq, 



MÜƏYYƏN ETDİ: 

İddiaçı  «Expressbank»  ASC  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  edərək,  cavabdeh 

Mirzəyeva Aynurə Ağacan qızından 40.000 manat məbləğində əsas borcun və 8921,02 manat 

faiz  borcu  olmaqla  cəmi  48921,02  manat,  ipoteka  predmetinə  tutma  haqqında  bildirişlərin 

dövlət  qeydiyyatına  alınması  üçün  köçürülmüş  10  manat,  30  manat  xidmət  haqqının  və  iddia 

qaldırılması  üçün  ödənilmiş  30  manat  dövlət  rüsumunun  tutularaq  «Expressbank»  ASC-yə 

ödənilməsi,  cavabdeh  Əsədova  Qətifə  Əlixan  qızına  məxsus  olan  Şirvan  şəhəri  Xanlar 

küçəsində  yerləşən  30  saylı  fərdi  yaşayış  evinə  yönəldilməsi,  ipoteka  predmetinin  hərracda 

satılması üçün ilkin satış qiymətinin 40.000 manat  müəyyən edilməsi, açıq hərracda satılması 

və  satışdan  əldə  olunacaq  vəsait  hesabına  borcun  ödənilməsi,  ipoteka  predmeti  hərracda 

satıldıqda  Mirzəyeva  Aynurə  Ağacan  qızının,  Əsədova  Qətifə  Əlixan  qızının,  Mirzəyeva 

Kifayət  Hüseynqulu  qızının,  Mirzəyeva  Elnarə  Ağacan  qızının  və  Mirzəyev  Bayram  Ağacan 

oğlunun Şirvan şəhəri Xanlar küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evindən ən geci 1 ay 

ərzində  könüllü  olaraq  tərk  etmədikləri  halda,  həmin  fərdi  yaşayış  evindən  məcburi  qaydada 

çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Şirvan  Şəhər  Məhkəməsinin  03  may  2016-cı  il  tarixli  2(032)1372/2016  saylı  qətnaməsi 

(hakim Əliyev Ziya Müqərrəm oğlu) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Mirzəyeva 

Aynurə Ağacan qızından 40.000 (qırx min) manat məbləğində əsas borcun və 8921,02 (səkkiz 

min  doqquz  yüz  iyirmi  bir  manat  iki  qəpik)  manat  faiz  borcu  olmaqla  cəmi  48921,02  (qırx 

səkkiz  min  doqquz  yüz  iyirmi  bir  manat  iki  qəpik)  manat  tutularaq  iddiaçı  «Expressbank» 

ASC-nə  verilməsi,  borcun  ödənilməsi  ipoteka  ilə  yüklü  olan  Əsədova  Qətifə  Əlixan  qızının 

mülkiyyətində  olan  Şirvan  şəhəri  Xanlar  küçəsində  yerləşən  3  otaqlı,  144,8  kv.m  ümumi,  62 

kv.m  yaşayış,  82,8  kv.m  yardımçı  sahədən  ibarət  30  saylı  fərdi  yaşayış  evi  açıq  hərracda 

satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda ilkin satış 



 

qiyməti  40.000  manat  (qırx  min)  manat  müəyyən  edilməsi,  iddia  təmin  olundugundan  iddia 



qaldırılarkən  ödənilmiş  30  (iyirmi)  manat  dövlət  rüsumu  və  ipoteka  predmetinə  tutmanın 

yönəldilməsinə  dair  bildirişin  Daşınmaz  Əmlakın  Dövlət  Reyetrində  qeydə  alınması  üçün 

ödənilmiş  40  (qırx)  manat  Mirzəyeva  Aynurə  Ağacan  qızından  alinaraq  iddiaçi  «Bank 

Respublika»  ASC-nə  ödənilməsi,  iddiaçının  satışdan  əldə  edilən  pul  vəsaitinin  yuxarıda 

göstərilən  pul  tələblərinin  təmin  edilməsi  üçün  ipoteka  predmeti  hərracda  satıldıqda 

cavabdehlər  Mirzəyeva  Aynurə  Ağacan  qızının,  Əsədova  Qətifə  Əlixan  qızının,  Mirzəyeva 

Kifayət  Hüseynqulu  qızının,Mirzəyeva  Elnarə  Ağacan  qızının  və  Mirzəyev  Bayram  Ağacan 

oğlunun Şirvan şəhəri Xanlar küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evindən ən geci 1 ay 

ərzində  könüllü  olaraq  tərk  etmədikləri  halda,həmin  fərdi  yaşayış  evindən  məcburi  qaydada 

çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə iddia tələbi bu hissədə rədd edilməsi, 

qət edilmişdir. 

Qətnamədən  narazı  qalan  cavabdeh  Mirzəyeva  Aynurə  Ağacan  qızı  apellyasiya  şikayəti 

vermişdir. 

İŞİN HALLARI: 

İddiaçı «Expressbank» ASC-nin etibarnamə üzrə nümayəndəsi Sadıqov Ehtiram Atamalı 

oğlu  iddia  tələbini  onunla  əsaslandırmışdır  ki,  «Expressbank»  ASC-nin  Şirvan  filialı  ilə 

Mirzəyeva Aynurə Ağacan qızı arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli 500810-023/14 

saylı  “kredit  müqaviləsi”nə  əsasən  24  ay  müddətinə,  illik  18%  hesablanmaqla  40.000  manat 

kredit verildiyini, kreditin ödənilməsinin təminatı olaraq Əsədova Qətifə Əlixan qızı ilə həmin 

tarixli  ipoteka  müqaviləsi  bağlandığını,  Əsədova  Qətifə  Əlixan  qızına  məxsus  olan  Şirvan 

şəhəri  Xanlar  küçəsində  yerləşən  30  saylı  fərdi  yaşayış  evi  11.12.2014-cü  il  tarixli  500810-

0023/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka kimi yüklük edildiyini, 

cavabdeh  Mirzəyeva  Aynurə  Ağacan  qızının  11.12.2014-cü  il  tarixli,  500810-023/14  nömrəli 

kredit  müqaviləsi  üzrə  öhdəliklərini  lazımi  qaydada  yerinə  yetirmədiyindən  banka  40.000 

manat əsas kredit borcu və 8921,02 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi-

48921,02 manat borcun yarandığını, Mirzəyeva Aynurə Ağacan qızına xəbərdarlıq edilməsinə 

baxmayaraq  borcun  ödənilməsinin  təmin  edilmədiyini  bu  səbəbdən  də    tutmanın  İpoteka 

predmetinə  yönəldilməsi  barədə  bildirişin  verildiyini,  eyni  zamanda  reyestr  orqanına  ərizə 

göndərilərək  orada  qeydə  alındığını,  müddətin  keçməsinə  baxmayaraq  cavabdeh  bildirişə 

münasibət  bildirmədiyini  göstərərək  «Expressbank»  ASC-nin  irəli  sürdüyü  iddianın  təmin 

olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Cavabdeh Əsədova Qətifə Əlixan qızı birinci inistansiya məhkəmə iclası zamanı iddianı 

qismən  qəbul  edərək  izahatında  göstərmişdir  ki,  40.000  manat  məbləğində  kredit  qızı 

Mirzəyeva  Aynurə  Ağacan  qızı  götürmüş,  Aynurə  Mirzəyeva  hal-hazırda  işləmədiyini,  onlar 

isə  yaşlı  insan  olduğları  üçün  krediti  qaytarmağa  imkanları  olmadığını,  müəyyən  vaxt  verilsə 

krediti hissə-hissə qaytarmaq mümkün olduğunu bildirmişdir. 

Digər  cavabdehlər  Mirzəyeva  Kifayət  Hüseynqulu  qızı  və  Mirzəyev  Bayram  Ağacan 

oğlu birinci inistansiya məhkəmə iclası zamanı Əsədova Qətifə Əlixan qızının izahatına uyğun 

izahat vermişlər. 

Birinci  instansiya  məhkəməsi  iddia  tələbi  üzrə  yuxarıda  göstərilən  hüquqi  nəticəyə 

gəlmişdir. 



APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdehlərdən  biri 

Mirzəyeva  Aynurə  Ağacan  qızı  apellyasiya  şikayətini  onunla  əsaslandırmışlar  ki,  birinci 


 

instansiya  məhkəməsi  iddia  tələbini  təmin  edərkən  maddi  və  prosessual  hüquq  normalarını 



pozmuşdur.  Belə  ki,  məhkəmən  həddindən  artıq  şişirdilimiş  8921,02  manat  məbləğində  faiz 

borcu  nəzərə  almayaraq  iddiaçının  iddiasını  təmin  etmişdir.  Bundan  başqa  əsədova  Qətifə 

Əlixan qızının mülkiyyətində olan Şirvan şəhər Xanlar küçəsində yerləşən fərdi yaşayış evinin 

ilkin qiymətinin 40.000 manat dəyərində olmasını əsassız olaraq təmin etmişdir. Əlavə olaraq 

o  hal-hazırda  heç  bir  yerdə  işləmir,  aylıq  gəliri  və  yeri  yoxdur.  O,  bu  günə  kimi  şişirdilmiş 

8921,02 manat məbləğində faiz borcunu ödəmək iqtidarında deyildir. Göründüyü kimi birinci 

inistansiya  məhkəməsi  qeyd  olunan  qətnaməsində  həqiqəti  ifadə  edən  faktlar  qətiyyən  nəzərə 

alınmamış,  iş  tam  hərtərəfli  və  obyektiv  araşdırılmamış  və  nəticədə  qanunvericiliyin  tələbləri 

kobud surətdə pozulmuş və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. 

Qeyd  olunanları  nəzərə  alaraq  Şirvan  Şəhər  Məhkəməsinin  03  may  2016-cı  il  tarixli 

2(032)1372/2016  saylı  qətnaməsinin  ləğv  edilərək,  iddianın  qismən  təmin  edilməsinə  dair 

qətnamə çıxarılmasını xahiş etmişdir. 



TƏRƏFLƏRİN İZAHATI: 

Cavabdeh  Mirzəyeva  Elnarə  Ağacan  qızı  apellyasiya  icraatı  zamanı  vermiş  olduğu 

izahatında məhkəmə kollegiyasından qanuni qərar qəbul edilməsini xahiş etmişdir  

İddiaçı “Exspressbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Fərid Oqtay 

oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Şəhər Məhkəməsinin 03 may 2016-

cı  il  tarixli  2(032)1372/2016  saylı  qətnaməsinin  dəyişdirmədən  qüvvədə  saxlanılmasını  xahiş 

etmişdir. 

Cavabdehlər  Mirzəyeva  Aynurə  Ağacan  qızına,  Əsədova  Qətifə  Əlixan  qızına, 

Mirzəyeva  Kifayət  Hüseynqulu  qızına  və  Mirzəyev  Bayram  Ağacan  oğluna  qanunvericiliklə 

nəzərdə  tutulmuş  qaydada  məhkəmə  iclasının  yeri  və  vaxtı  barədə  məlumat  verilməsinə 

baxmayaraq,  məhkəmə  iclasında  iştirak  etməmiş  və  iştirak  etməməsinin  səbəbləri  barədə  heç 

bir  məlumat  verməmişdir.  Məhkəmə  Kollegiyası  Mülki  Prosessual  Məcəllənin  376.2-ci 

maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını 

mümkün hesab etmişdir. 



HÜQUQİ MƏSƏLƏLƏR: 

Azərbaycan  Respublikası  MPM-in  372.1-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya 

məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə  təqdim  olunmuş  sübutlar 

əsasında  mahiyyəti  üzrə  baxır.  Həmin  Məcəllənin  372.7-ci  maddəsinin  tələbinə  görə 

apellyasiya instansiya  məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,  məhkəmənin  maddi 

və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Birinci  instansiya  məhkəməsinin  qətnaməsindən  müəyyən  edilir  ki,  məhkəmə  iddia 

tələbinin  qismən  təmin  edilməsini  iş  üzrə  toplanmış  sübutlar,  kredit,  ipoteka  müqaviləsi  və  s. 

sənədlər ilə əlaqələndirmişdir. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdehlərdən  biri 

Mirzəyeva  Aynurə  Ağacan  qızı  vermiş  olduğu  apellyasiya  şikayətində,  Şirvan  Şəhər 

Məhkəməsinin  03  may  2016-cı  il  tarixli  2(032)1372/2016  saylı  qətnaməsinin  ləğv  edilərək, 

iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 

Məhkəmə  kollegiyası  Şirvan  Şəhər  Məhkəməsinin  03  may  2016-cı  il  tarixli 

2(032)1372/2016  saylı  qətnaməsinin  iddiaçı  tərəfindən  təmin  olunmayan  hissədə 

mübahisələndirilməməsini,  cavabdehlərdən  yalnız  biri  Mirzəyeva  Aynurə  Ağacan  qızı 

tərəfindən  birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticəni  qismən  mübahisələndirilərək 


 

apellyasiya  şikayəti  verilməsini  nəzərə  alaraq  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin 



qətnaməsinə ona münasibətdə baxlaraq hüquqi dəyərləndirmə aparılmalıdır. 

Azərbaycan  Respublikası  MPM-in  372.6-cı  maddəsinə  əsasən  apellyasiya  instansiyası 

məhkəməsi  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  əsaslılığını  onun  düzünə  və  ya 

dolayısı  ilə  mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv  edilməsinə  yönəldikdə  və  ya 

apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti 

bölünməz olduqda isə tam yoxlayır. 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumunun  “Azərbaycan 

Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372-ci  maddəsinin  apellyasiya  baxışının  hədləri 

barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci  maddələrinin tələbləri baxımından 

şərh  edilməsinə  dair”  20  may  2011-ci  il  tarixli  Qərarında  qeyd  edilir  ki,  “Azərbaycan 

Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  uyğun  olaraq  apellyasiya 

instansiyası  məhkəməsi  həmin  Məcəllənin  372.6-cı  maddəsində  nəzərdə  tutulduğu  hallarda 

birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  əsaslılığını  mübahisələndirilən  hissəsində 

apellyasiya  şikayətinin  dəlilləri  həcmində  yoxlayır.  Bununla  əlaqədar  olaraq,  apellyasiya 

instansiyası  məhkəməsi  qətnamənin  mübahisələndirilməyən  hissəsinə  toxunmamalıdır. 

Qətnamənin  tərəflərin  mübahisələndirilməyən,  onun  əsaslılığını  şübhə  altına  alınmayan 

hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi 

qiymətləndirilməlidir.”  Odur  ki,  məhkəmə  kollegiyası  cavabdeh  Mirzəyeva  Aynurə  Ağacan 

qızının apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 03 may 2016-cı 

il tarixli 2(032)1372/2016 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  iş  üçün  əhəmiyyətli 

olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı 

münasibətləri  üzrə  hüquqi  nəticəyə  gələrkən  tətbiq  edilməli  olan  maddi  və  prosessual  hüquq 

normalarını  tətbiq  etmişdir.  Buna  baxmayaraq  tərəflərin  ədalətli  məhkəmə  araşdırması 

hüququnun  qorunması  baxımından,  cavabdeh  tərəfin  apellyasiya  şikayətində  göstərdiyi 

dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət 

verilməsi  zəruridir.  Belə  ki,  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında” 

Avropa  Konvensiyasının  6-cı  maddəsində  qeyd  edilir  ki,  “Hər  kəs,  onun  mülki  hüquq  və 

vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun 

əsasında  yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsi  ilə,  ağlabatan  müddətdə  işinin 

ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həmçinin Azərbaycan Respublikası Mülki 

Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və 

ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası  məhkəməsi hansı dəlillərə 

əsasən  şikayətin  təmin  edilmədiyini  və  yaxud  qətnamənin  dəyişdirildiyini  göstərməyə 

borcludur. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlilləri  ilə  əlaqədar  iş  materiallarından 

aşağıdakı sübutları müəyyən etmişdir. 

İş  materiallarına  əlavə  edilmiş  «Expressbank»ASC-nin  Şirvan  filialı  ilə  Mirzəyeva 

Aynurə  Ağacan  qızı  arasında  bağlanmış  11  dekabr  2014-cü  il  tarixli,500810-023/14  saylı 

kredit (borc) müqaviləsindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 18% olmaqla 36 ay 

müddətinə  40.000  manat  kredit  verməyi,  borc  alan  isə  vaxtı-vaxtında  təqdim  edilmiş  cədvəl 

üzrə  borcu  və  faizləri  ödəməyi  öhdəsinə  götürmüşdür.  Tərəflər  arasında  yaranacaq  borcların 

ödənilməsinin  təminatı  məqsədi  ilə  həmin  müqavilənin  tərkib  hissəsi  hesab  edilən  11  dekabr 

2014-cü il tarixli 500810-023/14 İpoteka müqaviləsi bağlanılmışdır. 

İş  materiallarına  əlavə  edilmiş  «Expressbank»ASC-nin  Şirvan  filialı  ilə  Əsədova  Qətifə 

Əlixan  qızı  arasında  bağlanmış  11  dekabr  2014-cü  il  tarixli,500810-0023/14  saylı  kredit 

müqaviləsi  üzrə  borc  öhdəliklərinin  təminatı  məqsədi  ilə  tərəflərin  qarşılıqlı  razılaşmalarına 


 

əsasən 40 000 manat qiymətləndirilmiş Şirvan şəhəri Xanlar küçəsində yerləşən 30 saylı evin, 



3 otaqlı, 144,8 kv.m ümumi, 62 kv.m yaşayış, 82,8 kv.m yardımçı sahədən ibarət ev 11 dekabr 

2014-cü il tarixli 500810-0023/14 saylı müqavilə ilə İpoteka qoyulmuşdur. 

İş  materiallarına  əlavə  edilmiş  Azərbaycan  Respublikası  Əmlakın  Məsələləri  Dövlət 

Komitəsinin  yanında  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinin  Şirvan  şəhər  Ərazi 

İdarəsi tərəfindən 17.12.201ü-ci il tarixdə verilmiş seriya RX nömrə 0525569 olan cıxarışdan 

görünür  ki,  Reyestr  nömrəsi  911013002091-10301,  Qeydiyyat  nömrəsi  1314009363  olan 

Şirvan şəhəri, Xanlar küçəsindəki 30 evin  tam mülkiyyət hüququ üzrə Əsədova Qətifə Əlifxan 

qızının  adına  daşınmaz  əmlakın  dövlət  reyestrində  4  nömrəli  reyestr  kitabının  86  nömrəli 

vərəqində  qeydiyyata  alınmış  fərdi  yaşayış  evi  11.12.2014-ci  ildə-60  ay  müddətinə  40000 

manat müqabilində «Expressbank» ASC-nin “Şirvan” filialına ipoteka qoyulmuşdur. 

İş materiallarına əlavə edilmiş əsas məbləğin və faizlərin odənilməsi cədvəlindən görünür 

ki borclu hər ay 1016,74 manat ödəməklə borcunu və ona hesablanmış faizləri 18.12.2019-cu 

ildə ödəyib qurtarmalı idi. 

İş  materiallarına  əlavə  edilmiş  18.12.2014-cü  il  tarixli  qəbzdən  görünür  ki,  11  dekabr 

2014-cü  il  tarixli,  500810-0023/14  nömrəli  İpoteka  müqaviləsindən  görünür  ki,  Əsədova 

Qətifə Əlifxan qızının mülkiyyətindəki Şirvan şəhər Xanlar küçəsindəki 30 saylı fərdi yaşayış 

evi tərəflərin razılaşmasına görə 40.000 manat qiymətləndirilmişdir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  385.1-ci  maddəsinə  əsasən  borclu 

kreditorun  xeyrinə  müəyyən  hərəkətlər  etməli,  məsələn  pul  ödəməli,  əmlak  verilməli,  iş 

görülməli,  xidmət  göstərilməli,  kreditorun  isə  borcludan  vəzifəsinin  icrasını  tələb  etmək 

hüququ vardır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  425.1-ci  maddəsinə  əsasən  öz  hüquqlarını 

həyata  keçirərkən  və  vəzifələrini  icra  edərkən  tərəflərdən  hər  biri  vicdanlılığın  tələb  etdiyi 

tərzdə,  yəni  şərtləşdirilmiş  vaxtda  və  yerdə  lazımi  şəkildə,  öhdəliyin  şərtlərinə  və  bu 

Məcəllənin tələblərinə müvafiq surətdə, belə  şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə 

və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  445.1-ci  maddəsinə  əsasən  icranı 

gecikdirmiş  borclu  gecikdirmə  nəticəsində  vurduğu  zərər  üçün  və  gecikdirmə  zamanı 

təsadüfən  baş  vermiş  icra  mümkünsüzlüyünün  nəticələri  üçün  kreditor  qarşısında  məsuliyyət 

daşıyır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  445.2.1-ci  maddəsinə  əsasən  öhdəliyin 

onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi 

sayılır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  21,  442,  448.1  və  465.2-ci  maddələrinə 

əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa 

düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və 

hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin 

tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, 

o  cümlədən  müəyyənləşdirilmiş  müddətdə  icra  edilmədiyi  halda,  cərimə  ödəcəyini  vəd 

etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 

Məhkəmə kollegiyası yuxarıda iş materiallarının tədqiqindən müəyyən edir ki, cavabdeh 

tərəfindən iradə ifadəsi ilə bağlanmış  müqavilə şərtləri lazımı qaydada icra edilməmiş, bu isə 

öhdəliyinin  icrasında  gecikmələr  ilə  nəticələnməsinə  əsas  yaratmışdır.  Belə  olan  halda  isə 

iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. Ona görə ki, müqavilə 

üzrə qarşı tərəf öhdəliyi şərtləşdirilmiş qaydada icra etməmişdir.  

Məhkəmə  kollegiyası  verilmiş  apellyasiya  şikayətinin  dəlili  ilə  əlaqədar  aşağıdakıları 

qeyd etməyi zəruri hesab edir. 


 

“İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka 



öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində 

mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 

Mülki  Məcəllənin  317.1-ci  maddəsinə  əsasən  borclu  təminat  vasitəsi  ipoteka  olan  əsas 

öhdəliyi  icra  etmədikdə  və  ya  lazımınca  icra  etmədikdə,  ipoteka  saxlayan  daşınmaz  əşyanın 

satılmasını tələb edə bilər. 

“İpoteka  haqqında”  Azərbaycan  Respublikası  qanunun  33-cü  maddəsinə  əsasən  borclu 

əsas  öhdəliyi  icra  etmədikdə  və  ya  lazımınca  icra  etmədikdə  ipoteka  saxlayanın  tələbinin 

ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 

“İpoteka haqqında”  Azərbaycan Respublikası qanunun 10.1-ci maddəsinə əsasən ipoteka 

müqaviləsi  müstəqil  xarakter  daşımır  və  əsas  öhdəliklərin  icrasını  təmin  etmək  məqsədilə 

bağlanır.  İpoteka  müqaviləsi  əsas  öhdəliyin  qüvvədə  olduğu  müddət  ərzində  istənilən  vaxt 

bağlanıla bilər. 

Azərbaycan espublikasının Mülki məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat 

vasitəsi  ipoteka  olan  əsas  öhdəliyi  icra  etmədikdə  və  ya  lazımınca  icra  etmədikdə,  ipoteka 

saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.  

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  217.1-ci  maddəsinin  tələbinə 

görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 

Qətnamənin  qanuniliyi  dedikdə,  onun  mübahisəli  hüquq  münasibətinin  yarandığı  zaman 

qüvvədə  olan  maddi  hüquq  normalarına  və  işin  baxılması  zamanı  qüvvədə  olan  prosessual 

hüquq normalarına uyğun çıxarılması başa düşülür. 

Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və 

tərəflərin  qarşılıqlı  münasibətlərinə  uyğun  olması  başa  düşülür.  Qətnamə  o  vaxt  əsaslı  hesab 

edilir  ki,  onda  baxılan  iş  üçün  əhəmiyyətli  olan,  qanunun  tələblərinə  uyğun  olaraq  işə  aid 

edilən  və  mötəbər  sübutlarla  təsdiq  olunan  faktlar  əks  etdirilmiş  olsun,  məhkəmənin  iş  üzrə 

müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən 

hallar işin materiallarına uyğun olsun. 

Beləliklə  məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlilləri  üzrə  məcmu  halda 

dəyərləndirmə  apararaq  hesab  edir  ki,  apellyasiya  şikayətinin  dəlilləri  faktlar  nöqteyi-nəzərdə 

qanuni  və  əsaslı  olan  Şirvan  Şəhər  Məhkəməsinin  03  may  2016-cı  il  tarixli  2(032)1372/2016 

saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin 

edilməməli,  Şirvan  Şəhər  Məhkəməsinin  03  may  2016-cı  il  tarixli  2(032)1372/2016  saylı 

qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.2-ci  maddəsinə  əsasən 

birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti 

üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 

Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata  keçirilməsinin 

əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və 

qanuna müvafiq baxılması (127-ci  maddənin  II hissəsi),  məhkəmə icraatının çəkişmə prinsipi 

əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. 

İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Konvensiyanın  6-cı 

maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun 

əsasında  yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsi  ilə  işinin  ədalətli  araşdırılması 

hüququna malik olması təsbit edilmişdir. 

Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar 

əsasında  həyata  keçirilir.  Hakim  bütün  hallarda  prosesin  çəkişmə  prinsipini  təmin  etməli,  öz 

qərarını  yalnız  tərəflərin  çəkişmə  prinsipinə  əsasən  müzakirə  etdiyi  dəlillərlə,  onların  verdiyi 

izahatlarla,  sənədlərlə  əsaslandırmalıdır.  Məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və 


 

tam  baxdıqdan  sonra  həmin  sübutlara  tətbiq  edilməli  olan  hüquq  normalarına  müvafiq  olaraq 



qiymət  verir.  Məhkəmənin  qətnaməsi  qanuni  və  əsaslı  olmalıdır.  Qətnamə  iş  üzrə  müəyyən 

edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 

9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). 

Şərh olunanlara əsasən  və  Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 

393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 

QƏT ETDİ: 

Cavabdeh Mirzəyeva Aynurə Ağacan qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin 

edilməsin. 

Şirvan  Şəhər Məhkəməsinin 2(032)1372/2016 saylı 03 may 2016-cı il tarixli qətnaməsi 

cavabdeh Mirzəyeva Aynurə Ağacan qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. 

Qətnamə  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay  müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinə 

kassasiya şikayəti verilə bilər. 

Apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsindən  şikayət  verilməmişdirsə,  qəbul 

edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 

Sədrlik edən:  

imza var. 

Hakimlər: 

imzalar var. 

Əsli ilə düzdür, 

Sədrlik edən 



Kamran Əkbərov 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə