AZƏrbaycan respublikasi maliYYƏ naziRLİYİNİn kollegiyasi qərar



Yüklə 164,8 Kb.
tarix07.03.2017
ölçüsü164,8 Kb.
#10506


Layihə

AZƏRBAYCAN RESPUBLİKASI

MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
_____ «___» _________2014-cü il

Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının təsdiq edilməsi haqqında

“Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası



QƏRARA ALIR:

1. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” (əlavə olunur) təsdiq edilsin.

3. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Nazir Samir Şərifov





Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin




___ _____________ 2014-cü il tarixli

Q-___ №-li kollegiya qərarı ilə təsdiq edilmişdir.






Layihə

Fİzİkİ şəxslərə təqdİm edİlən Kredİt müqavİlələrİ üzrə borcalanın həyatının ölüm halından və əmək qabİlİyyətİnİn İtİrİlməsİ hallarından sığortası üzrə
s ı ğ o r t a q a y d a l a r ı

Bakı 2014

1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2014-cü il tarixli 398 saylı Sərəncamına uyğun olaraq hazırlanmışdır və kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası üzrə qaydaları müəyyən edir.

1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

1.3. Bu Qaydalar, habelə bu Qaydalara Əlavədə nəzərdə tutulmuş sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə (Əlavə 1) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.

2. Əsas anlayışlar


  1. Qaydalarda aşağıdakı əsas anlayışlar istifadə olunur:

  1. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan «____________ Həyat» sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti;

  2. sığortalı – sığorta haqqı ödəyərək həyatını ölüm halından, yaxud əmək qabiliyyətini itirilməsi hallarından sığorta etdirən, sığorta müqaviləsinin tərəfi olan kredit müqaviləsi üzrə borc alan fiziki şəxs;

  3. sığorta olunan – həyatı ölüm halından, əmək qabiliyyəti itirilməsi hallarından sığortalanmış kredit müqaviləsi üzrə borc alan fiziki şəxs;

  4. faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;

  5. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya sığorta olunana) verilən sənəd;

  6. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

  7. bədbəxt hadisə – kənar fiziki təsirlə əlaqədar olan və sığorta olunanın sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə;

  8. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  9. sığorta haqqı – kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm, əmək qabiliyyətinin itirilməsi risklərinin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  10. sığorta tarifi - sığorta haqqının hesablanması üçün sığorta məbləğinə tətbiq edilən faizlə ifadə olunan dərəcə.


3. Sığortanın sinifləri
3.0. Bu Qaydalara əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərinə aid edilirlər:

3.0.1. həyatın ölüm halından sığortası;

3.0.2. əmək qabiliyyətinin itirilməsi hallarından sığorta.
4. Sığorta obyekti, sığortanın predmeti və sığorta riskləri
4.1. Bu Qaydalara görə sığorta obyekti sığorta olunanın həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir.

4.2. Bu Qaydalara görə sığorta predmeti kredit müqavilələri üzrə borc alan fiziki şəxslərdir.

4.3. Aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır:

4.3.1. I və II qrup əlillər;

4.3.2. narkoloji, psixonevroloji, vərəm, dərivenereoloji dispanserlərdə uçotda olan şəxslər;

4.3.3. onkoloji, xroniki ürək-damar və QİÇS xəstələri.

4.4. Sığortaçı sığorta müqaviləsinə əsasən aşağıdakı risklərdən sığorta təminatı verir:

4.4.1. sığorta olunanın ölməsi;

4.4.2. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması.
5. Sığorta hadisəsi və sığorta təminatında məhdudiyyətlər
5.1. Bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur.

5.2. Aşağıdakılar nəticəsində baş verən hadisələr sığorta hadisəsi hesab edilmir:

5.2.1 sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı, bir şərtlə ki, o üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasın;

5.2.2. hərbi əməliyyatlar, vətəndaş qarşıdurmaları, hərbi çevrilişlər və xalq ixtişaşları, nüvə, bioloji və kimyəvi vasitələrdən istifadə etməklə həyata keçirilən terrorçuluq, həmçinin sığorta olunanın hərbi xidmət keçməsi, hərbi toplanışlarda, təlimlərdə iştirak etməsi;

5.2.3. sığortalının (sığorta olunanın) və ya faydalanan şəxsin sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkətlər;

5.2.4. sığorta olunanın sığorta hadisəsi hesab edilə bilən hadisə ilə birbaşa əlaqəsi olan qanunazidd hərəkətləri;

5.2.4. sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;

5.2.5. nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;

5.2.6. sığorta olunanın özünun idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;

5.2.7. sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması.


6. Sığorta müqaviləsinin bağlanması
6.1.Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə bu Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir.

6.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:

6.2.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;

6.2.2. sığortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin və bu Qaydaların bir nüsxəsinin verilməsi yolu ilə.

6.3. Bu Qaydaların 6.2.2-ci bəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.

6.4. Bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər

6.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir:

6.5.1. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;

6.5.2. sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.

6.6. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.

6.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər.

6.8. Sığortaçı sığortalıya sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Qaydaların 6.2.1.-ci bəndində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.


7. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi

  1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.

  2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.


8. Sığorta müddəti və sığorta ərazisi

8.1. Sığortanın müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.

8.2. Sığorta müqaviləsi həmin müqavilədə müəyyən edilmiş tarixdən qüvvəyə minir.

8.3.Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixindən yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayaraq ödənilmiş olsun.

8.4. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.

8.5. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət qoyulmur.


9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri
9.1. Sığortalının hüquqları:

9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;

9.1.2. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq;

9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;

9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;

9.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

9.2. Sığortalının vəzifələri:

9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;

9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;

9.2.3.sığorta hadisəsi baş verdikdə sığortaçını bu barədə bildiyi və ya bilməyə borclu olduğu andan 30 (otuz) təqvim günü müddətində yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;

9.2.4.sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;

9.2.5. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;

9.2.6. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən səhhəti ilə bağlı hallar barədə bildiyi tarixdən 5 iş günü müddətində sığortaçıya yazılı məlumat vermək:

9.2.6.qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;

9.3. Sığortaçının hüquqları:

9.3.1.sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;

9.3.2. sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən beş ildən çox müddət keçməmişdirsə həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
9.3.3. sığorta olunanın ölməsinə səbəb olan hadisənin baş verməsi faktı üzrə cinayət işinin başlanması halında səlahiyyətli orqanın müvafiq qərarının çıxmasına qədər sığorta ödənişini həyata keçirməyi təxirə salmaq;

9.3.4.qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

9.4. Sığortaçının vəzifələri:

9.4.1. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;

9.4.2. sığorta hadisəsi baş verdikdə bu Qaydaların 10-cu bəndində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermək, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək.

9.4.3. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;

9.4.4. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

10.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;

10.1.2. sığortalı öldükdə;

10.1.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

10.1.4. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;

10.1.5. sığorta marağı artıq mövcud olmadıqda;

10.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

10.1.7. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.

10.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə
11.1. Bu Qaydaların 10.1.-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Qaydaların 11.2.-ci bəndi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.

11.2. Sığorta müqaviləsinə bu Qaydaların 10.1.7.-ci bəndinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə sığortalının və ya sığortaçının sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılır.


12. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
12.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.

12.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.

12.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.

12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1.-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

12.5. Sığorta müqaviləsi bu Qaydaların 10.2.-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 11.3.-cü və 12.4.-cü bəndlərin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13. Sığorta haqqı və sığorta məbləği
13.1. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.

13.2. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 13.3-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

13.3. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

13.4. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.

13.5. Sığorta müqaviləsi üzrə sığorta məbləğinin son həddi kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında sığorta müqaviləsində müəyyənləşdirilir.

14. Sığorta hadisəsi barədə məlumatlandırma
14.1. Sığorta hadisəsi baş vedikdə sığortalı və ya digər faydalanan şəxs sığortaçını bu barədə bildiyi və ya bilməli olduğu andan 30 (otuz) təqvim günü müddətində yazılı şəkildə məlumatlandırmalıdır.

14.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

14.3. Bu Qaydaların 14.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
15. Sığorta ödənişinin verilməsinin əsasları
15.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

15.1.1. sığorta şəhadətnaməsi;

15.1.2. sığorta ödənişinin alınması barədə faydalanan şəxsin (şəxslərin) sığorta tələbi;

15.1.3. kredit müqaviləsinin surəti;

15.1.4. kredit müqaviləsi üzrə sığorta olunanın faydalanan şəxs olan borc verənə sığorta ödənişinin verildiyi tarixə ödəməli olduğu məbləğ barədə müvafiq bankın verdiyi arayış;

15.1.5. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənəd;

15.1.6. sığorta olunan sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda onun ölümü haqqında şəhadətnamənin surəti, ölümünün səbəbi haqqında tibbi arayış;

15.1.7. sığorta olunanın əmək qabiliyyətinin itirilməsi halında ona əlillik dərəcəsinin təyin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının rəyi.


16. Sığorta ödənişinin verilməsi ilə bağlı tələblər
16.1. Sığorta olunan öldüyü halda borc verən olan faydalanan şəxsə sığorta ödənişi ona sığorta olunanın kredit müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə qalan borc məbləğində verilir. Sığorta ödənişi qeyd olunan məbləğdən çox olduqda qalan məbləğ sığorta müqaviləsində göstərilən digər faydalanan şəxsə, belə şəxs mövcud olmadıqda isə sığorta olunanın vərəsələrinə ödənilir.

16.2. Sığorta olunanın əmək qabiliyyətinin daimi itirilməsi halında borc verən olan faydalanan şəxsə sığorta ödənişi ona sığorta olunanın kredit müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə qalan borc məbləğində verilir. Sığorta ödənişi məbləği qeyd olunan məbləğdən çox oldudqa qalan məbləğ sığorta olunana verilir.

16.3. Sığorta olunanın əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında borc verən olan faydalanan şəxsə sığorta ödənişi ona borc alan olan sığorta olunanın kredit müqaviləsi üzrə ona əlillik dərəcəsi müəyyən edilmiş müddət ərzində qaytarmalı olduğu məbləğdə ödənilir.
17. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti

17.1. Bu Qaydaların 15.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

17.2. Sığortaçı sığorta ödənişini bu Qaydaların 17.1.-ci bəndi ilə müəyyən olunmuş müddətdə həyata keçirmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
18. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
18.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

18.1.1. baş vermiş hadisənin bu Qaydaların 5.2.-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilməməsi;

18.1.2. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 13.2-ci bəndində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməmiş olması;

18.1.3. bu Qaydaların 18.2.-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;

18.2. bu Qaydaların 18.1.3.-cü bəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

19. Mübahisələrin həlli qaydası

19.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.

19.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.

19.3. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs sığorta nəzarəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə) şikayət ərizəsi ilə müraciət edə bilər.



Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası üzrə Sığorta Qaydaları”na ƏLAVƏ.

FİZİKİ ŞƏXSLƏRƏ TƏQDİM EDİLƏN kredİt müqavİlələrİ üzrə borcalanın həyatının ölüm halından və əmək qabİliyyətİnİn İtİrİlməsİ hallarından sığortası Üzrə
SIĞORTALANMA HAQQINDA ƏRİZƏ


1. Həyatını ölüm halından və əmək qabiliyyətini itirilməsi hallarından

sığorta etdirən şəxs haqqına məlumat:







Adı, soyadı və atasının adı:







Doğum tarixi:







Şəxsiyyət vəsiqəsi №-si :







Şəxsiyyət vəsiqəsinin Pin kodu:







Ünvanı:







Əlaqə telefonu:







Ailə vəziyyəti:







Qadınlar üçün – qızlıq soyadı:







İş yeri:







Vəzifəsi (işlədiyi yerdə tutduğu vəzifə və həmin vəzifənin aid olduğu sahə göstərilməklə):







Sığorta etdirən şəxsin imzası:




2. Kredit və tələb olunan sığorta təminatı barədə:







Sığorta müddəti:







Kreditin həcmi:







Kredit götürülən Bank (Faydalanan şəxs) və onun ünvanı:







Kredit götürülməsinin məqsədi:







Hal-hazırda sizin kredit borcunuz varmı?

bəli /xeyr




Əgər varsa,ödənilməmiş kreditin məbləğini göstərin:
















Sığorta məbləği:







Sığorta haqqı:







Sığorta etdirən şəxsin imzası:




3. Həyatını ölüm halından və əmək qabiliyyətini itirilməsi hallarından sığorta

etdirən şəxsin sağlamlığının vəziyyəti barədə suallar:







Boy (sm) / Çəki (kq):










Qadınlar üçün: Siz hamiləsinizmi?

bəli /xeyr







Əgər hamiləsinizsə, hamiləliyin neçənci ayındasınız?










Əgər siz aşağıdakı suallardan hər hansı birinə müsbət cavab vermisinizsə, bu halda zəhmət olmasa müalicə aldığınız tibb müəssiəsi və həkim, müraciət etdiyiniz tarix və müalicənin müddəti və eləcə də müalicənin nəticəsi barədə məlumatı təqdim edin:



















Siz aşağıda adları çəkilən xəstəliklərə tutulmusunuzmu?










а)

Epilepsiya, özündən getmə və ya psixika və əsəb sisteminin pozulması.

bəli /xeyr






b)

Astma, bronxit, plevrit, sətəlcəm, vərəm və digər ağ ciyər xəstəlikləri.

bəli /xeyr







c)

Döş qəfəsində ağrılar, yüksək qan təzyiqi, ürək döyüntüsü, tənginəfəslik, beyin qan dövranının pozulması və ya digər ürək-damar sistemi ilə bağlı problemlər.

bəli /xeyr






d)

Həzm sisteminin pozulması, mədə və on iki barmaq bağırsağının pozulması, xroniki və ya vaxtaşırı ishal və ya bağırsaqlarla bağlı olan şikayətlər.

bəli /xeyr







e)

Diabet və ya böyrəklər, qaraciyər, sidik kisəsi və sidik cinsiyyət sistemi ilə bağlı pozulmalar.

bəli /xeyr







f)

Revmatik qızdırma, artrit, podaqra və ya sidik və ya oynaqlarla bağlı xəsətliklər.

bəli /xeyr







g)

Vəzilərin böyüməsi və ya xərçəngin, şişin digər formaları və qanla bağlı pozulmalar.

bəli /xeyr







h)

Aydın olmayan, vaxtaşırı və ya daimi davam edən qızdırma, çəkinin azalması, hər hansı dəri xəstəlikləri.

bəli /xeyr







i)

Cinsiyyət sistemi ilə keçən xəstəliklər (məs.siflis, qonoreya) və ya hər hansı virus xəstəlikləri (Hepatit B, QİÇS) ilə bağlı məsləhət, müalicə almış və ya qan analizi vermisinizmi?

bəli /xeyr







j)

Göz, qulaq, burun, udlaq və ağız boşluğu ilə bağlı xəstəlik və ya pozulmalar.

bəli /xeyr







k)

Hal-hazırda Siz dərman preparatları qəbul edirsinizmi?

bəli /xeyr







l)

Siz qan preparatarı ilə müalicə almısınızmı və ya qan köçürülməsinə məruz qalmısınızmı?

bəli /xeyr







Sizin valideynləriniz, bacı və qardaşlarınızdan kimsə diabet, insult, ürək xəstəlikləri, xərçəng, vərəm və ya ruhi xəstəlikərdən ölüb və ya əziyyət çəkibmi?

bəli /xeyr







Zəhmət olmasa ətraflı məlumat təqdim edin (öldüyü yaş):







Sığorta etdirən şəxsin imzası:







4. Həyatını ölüm halından və əmək qabiliyyətini itirilməsi hallarından

sığorta etdirən şəxsin həyat tərzi barədə suallar:







Hər hansı suala «bəli» cavabı verirsinizsə, bu halda zəhmət olmasa daha ətraflı məlumatı təqdim edin.










а)

Son 12 ay ərzində siqaret çəkmisinizmi?

bəli /xeyr










Əgər cavab müsbətdirsə, onda gün ərzində çəkilən siqaretlərin orta sayını göstərin:










b)

Əgər siqaret çəkməyi dayandırmısınızsa, bu həkimin məsləhəti ilə bağlıdırmı?

bəli /xeyr







c)

Pivə, şərab və digər spirtli içkilər qəbul edirsinizmi?

bəli /xeyr










Əgər cavab müsbətdirsə, onda ay, həftə və ya gün ərzində qəbul edilən içkilərin həcmini göstərin :









d)

Nə vaxsa həkimin təyin etmədiyi dərman preparatlarını qəbul etmisinizmi?

bəli /xeyr







e)

İşiniz təhlükəli sayılan əmək fəaliyyəti və ya məşğuliyyətlə bağlıdırmı? Məsələn: aviasiya (təyyarələrdə qeyri-müntəzəm reyslər həyata keçirən uçuşlar), mədən sənayesi və ya avtomobil yarışları?

bəli /xeyr







f)

Siz ölkəni uzun müddətə tərk edirsinizmi?

bəli /xeyr







Sığorta etdirən şəxsin imzası:






5. Digər sığorta təminatları barədə məlumat:







Əgər hər hansı suala «bəli» cavabı verirsinizsə, bu halda zəhmət olmasa daha ətraflı məlumatı təqdim edin.










a)

Son 2 il ərzində həyat sığortası üzrə digər sığorta şirkətinə müraciət etmisinizmi?

bəli /xeyr







b)

Hal-hazırda həyat sığortası üzrə sığortalanmış sayılırsınızmı ?

bəli /xeyr










Əgər cavab müsbətdirsə, onda sığorta müqavilələrinin sayını və sığorta məbləğini göstərin:










c)

Həyat sığortası üzrə Sizin ərizəniz nə vaxtsa müəyyən müddətə təxirə salınıb və ya xüsusi şərtlərlə qəbul edilibmi?

bəli /xeyr







Sığorta etdirən şəxsin imzası:








BƏYANNAMƏ




Mən təsdiq edirəm ki, bu ərizədə qoyulan suallara verdiyim cavablar həqiqətə uyğundur. Səhhətimlə əlaqədar baş verən və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan bütün dəyişikliklər barədə Sığortaçıya məlumat verəcəyimlə bağlı sığorta müqaviləsi üzrə öhdəlik daşıdığımı bilirəm. Lazım olan halda sığortaçının məni müalicə edən həkim və ya sığortalanmaq üçün ərizə verdiyim digər sığortaçıdan səhhətimlə bağlı məlumat almasına etiraz etmirəm.
Mənə məlumdur ki, bu Sığortalanma haqqında ərizə mən və Sığortaçı arasında bağlanacaq sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsini təşkil edəcək və ərizədə həqiqətə uyğun olmayan məlumatların verilməsi sığortaçı tərəfindən sığorta müqaviləsinə xitam verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsas ola bilər.

























Adı,soyadı və atasının adı




İmza




Tarix


















Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin