Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru,professor Q.Məşədiyev
filologiya üzrə fəlsəfə doktoru M.Əsədova
Zülfiyyə Quliyeva (İbrahimova)
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
ƏDƏBİ DİL ONOMASTİKASINDA KLASSİK VƏ DİNİ ONOVAHİDLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
(Cəlil Məmmədquluzadənin bədii əsərləri əsasında)
Açar sözlər: satirik üslub, onomastika, antroponim, komizm, üslubi xüsusiyyətlər
Ключевые слова: сатирический стиль, ономастика, антропоним, комизм, стилистические особенности
Key words: satirecal style, onomastics, antropohym, comic, stylistic-feature.
Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edən Cəlil Məmmədquluzadə yaradıcılığı ədəbi dil tariximizdə, ədəbi dilimizin üslubi imkanlarının zənginləşməsində əsas rol oynayır. Məlumdur ki, Cəlil Məmmədquluzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və bədii publisistikasında satirik üslubun aparıcı və yaradıcı nümayəndələrindən biri kimi, Azərbaycan üslubi onomastikasının zənginləşməsinə öz sanballı töhfələrini vermişdir. Başqa sözlə, onun yaradıcılığında istifadə olunmuş onomastik vahidlər Mirzə Cəlil komizminin ərsəyə gəlməsində mühüm vasitələrdən biri kimi çıxış etmişdir.
Son dövrlərdə Cəlil Məmmədquluzadə yaradıcılığının ən böyük tədqiqatçılarından biri akad. İsa Həbibbəyli, böyük ədibin ədəbi irsinin Azərbaycan mədəniyyəti, azərbaycançılıq ideologiyasının formalaşması yönündə dəyər kəsb edən cəhətlərindən biri kimi onun dil-üslub orijinallığını da xüsusi vurğulayaraq yazmışdır: “Mirzə Cəlil Məmmədquluzadənin bədii nəsri Azərbaycan ədəbiyyatında yeni bir hadisə idi. Real həyat hadisələrinin tipik bədii vasitələrlə təqdimi, zəhmətkeş insanların qəribə taleyi, milli oyanış və dirçəlişə çağırış, sadə və koloritli dil-üslub yazıçının bədii nəsrinin başlıca istiqamətini təşkil edir” [1, s.13].
Bədii ədəbiyyatda komizm üsullarının araşdırılmasına dəyərli monoqrafiya həsr etmiş professor Qəzənfər Kazımov yazır: “Satira və yumor yaratma texnikasının, komizm üsullarının öyrənilməsi üslubiyyatın ən mühüm vəzifələrindəndir. Çünki komik sənətkarın yazı maneraları dilin leksik, frazeoloji və qrammatik imkanları ilə yanaşı, bədii-estetik keyfiyyətlərini də zənginləşdirir. Üslubiyyat elmində bu istiqamətdə aparılan tədqiqat dilin estetik imkanlarını üzə çıxarmaqla yanaşı, zəngin satira təcrübəsi əsasında komizm vasitə və üsulları ilə bağlı ümumiləşdirmələrə də kömək edir [2, s. 9].
Bu nəzəri əsaslara söykənsək, Cəlil Məmmədquluzadənin bədii əsərlərinin dili də elmi araşdırmalar üçün zəngin material verir. “Bədii dildə üslub məsələlərindən söz açan A.Axundov yazır: “Kiçik adamların: Məhəmmədhəsən əmilərin, müsibətli Zeynəblərin, usta Zeynallara, biçarə Novruzəlilərin faciəli həyatını qələmə alıb, onların özü üçün yazan Mirzə Cəlil öz əsərlərinin dilinə fikir vermişdir [3, s. 33]. Onu da nəzərə almaq lazımdır ki, onomastik vahidlərdən yararlanmaqda istər C.Məmmədquluzadə, istərsə də onun qələm və məslək yoldaşları, əqidə dostları olan başqa vətənpərvər mollanəsrəddinçilər zəngin ənənələrə malik olan klassik Azərbaycan və Şərq poeziyasından yetərincə bəhrələnmişlər. Bu bəhrələnmənin elmi əsaslarını tədqiq etmiş görkəmli dilçi alim, akademik Tofiq Hacıyev belə bir ümumiləşdirici nəticəyə gəlmişdir ki, satirik üslubda işlədilmiş antroponim və toponimlərin bir qrupu klassik ədəbiyyatdan gəlirsə, “ikinci qisim xüsusi isimlərə klassik lirik üslubda ya tamamilə təsadüf olunmur, ya da çox nadir hallarda rast gəlmək mümkündür” [4, s. 73]. Aydındır ki, klassik ədəbiyyatdan gələn antroponimlər satirik ədəbiyyatda, o sıradan Cəlil Məmmədquluzadə yaradıcılığında daha çox ezop dili süzgəcindən keçirilməklə istifadə olunursa, bəzən həm klassik poeziyada, həm də satirik ədəbiyyatda eyni və ya yaxın poetik funksiya daşıyan onomastik vahidlərə də təsadüf etmək mümkündür. Ancaq təbii ki, bu, satirik ədəbiyyatın aparıcı üslubi xüsusiyyəti deyil və klassik poeziyadakı adlardan istifadə edildikdə həmin adların müstəqim mənalarına satirik-yumoristik çaların qarışdırılması bu ədəbiyyatın qarşıya qoyduğu ideya-estetik məqsədlərdən irəli gəlir.
Onu da yaddan çıxarmayaq ki, əsasən islam mədəniyyəti kontekstində formalaşmış klassik Azərbaycan poeziyasında sıx-sıx işlənmiş dini onomastika həm birbaşa, həm də dolayısı yolla XIX-XX yüzilliklərin satirik ədəbiyyatına da keçmiş və uyğun üslubi çalarlarda işlənmişdir. Klassik poeziya ilə yanaşı, şifahi xalq ədəbiyyatı və canlı xalq dili onomastikası da satirik ədəbiyyatda işlənən adların arsenalının zənginləşməsində müstəsna rol oynamışdır. Bütün bu qaynaqların elmi təsviri və satirik ədəbiyyata təsir üsullarının araşdırılması ayrıca bir müstəqil tədqiqatın mövzusu olduğundan, yalnız bəzi müqayisələr aparmaqla kifayətlənmək istərdik. Onu da qeyd etmək yerinə düşər ki, satirik üslubda antroponim yaradıcılığında ənənənin rolu nisbətən zəifdir və bunu xüsusi vurğulayan tədqiqatçılar belə qənaətə gəlmişlər ki: “Klassik poeziyanın zəngin leksikonu olmuşdur, lakin yaradılan yeni satirik üslub üçün bu lüğət ehtiyatı eynən yaramır. Bu lüğəti “parçalamaq”, ənənəni “sındırmaq” və poeziya lüğətini yeniləşdirmək lazım idi [5, s. 6].
Anadilli ədəbiyyatımızın ilk klassik örnəklərindən olan İzzəddin Həsənoğlunun ilk qəzəlində işlədilmiş “Dilbər” antroponimi klassik Şərq poeziyasında çox geniş yayılmış bir obraz olub, fars dilindən tərcümədə “ürək aparan, könül aparan” mənasını verir və sevgili, gözəl məzmununu özündə ifadə edir [6, s.73] (bax: Cəlil Məmmədquluzadənin “Şəhər və kənd” hekayəsində Dilbər obraz – [1, 323]. Həsənoğlunun qəzəlində işlənmiş “dilbər” də göstərilən mənaları ehtiva edir. Maraqlıdır ki, qəzəlin birinci misrasında şair sanki “dilbər” sözünün ifadə etdiyi hərəkət, fəaliyyət mənasını açaraq bunu türk dilində vermişdir:
Dostları ilə paylaş: |