I Strategiya: Mətni işarələmək. Bu strategiyadan birinci sinfin sonunda və ikinci sinifdə istifadə etmək faydalıdır. Həm məlumatlandırıcı, həm də təsviredici mətnin tədrisi zamanı bu strategiyadan istifadə edilə bilər. Hər hansı bir mətni oxuyan zaman müəllim uşaqlara tapşırır ki, onlar mətni oxuduqca aşağıdkı işarələrin mətn üzrə düzülməsini müşahidə etsinlər. Bununla müəllim praktik olaraq strategiyalı oxu nümunəsini şagirdlərə nümayiş etdirir:
* Mən artıq bunu bilirəm.
+ Bu mənim üçün yeni məlumatdır.
! Nə gözəl yenilik!
? Mən bunu başa düşmürəm.
Müəllim mətni oxuduqca hər abzasdan sonra dayanır, ucadan oxunmuş hissə haqqında danışır. Abzasın yanına yapışdırılmış qeyd vərəqinə işarələri yazır. O abzasın yanında qeydlər etməklə verdiyi qərarın səbəbini izah edir. Bu cür işarələrin yapışdırılması işi müstəqil oxu zamanı hər bir şagird tərəfindən yerinə yetirilir. Növbəti dərsdə işarələrlə bağlı məsələlər şagirdlərin oxusu zamanı müzakirə edilir. İşarələrin yapışdırılması strategiyası şagirdləri oxuya daha çox cəlb edir, düşünməyə yönəltmə, dərketmə, düşünmə səviyyələri yüksəlir.
Nümunə: I sinifdə Azərbaycan dili fənni üzrə “Ad günü” mövzusunda mətn tədris edilir. Mətn:
Səbinənin ad günü idi. Qohumları, yoldaşları onu təbrik etməyə gəlmişdilər. Onlar Səbinəyə hədiyyə gətirmişdilər. İlhamə ona kukla almışdı. O bilirdi ki, Səbinə kuklanı çox sevir. Vaqif ona marka albomu almışdı. Nərgiz şəklli kitab almışdı. Əli isə ona qızılgül gətirmişdi. Səbinə qızılgülü güldana qoydu. Görəsən daha çox hansı hədiyyə Səbinənin xoşuna gəldi? Mən bilirəm ki, hər bir insan öz ad gününü həvəslə gözləyir. Ətrafdakılara bu haqda heç nə deməsə belə, həmin gün insanın daxilində özü üçün bir bayram olur. Sanki hamıya demək istəyir: “Bilirsiniz, bu gün mənim ad günümdür”. Hər kəs həmin gün ən yaxın qohumlarının, dostlarının əhatəsində olmağa çalışır. (Oxudan əvvəl düşünmə).Mətndə haqqında oxuduğumuz Səbinə də belə edib. Səbinənin ad günü idi. Qohumları, yoldaşları onu təbrik etməyə gəlmişdilər. (Əlaqələndirmə). Onlar Səbinəyə hədiyyə gətirmişdilər. Görəsən ad gününə gələnlər nəyə görə müxtəlif hədiyyələr gətirirlər? (Sual vermək).İlhamə ona kukla almışdı. O bilirdi ki, Səbinə kuklanı çox sevir. Vaqif ona marka albomu almışdı. Nərgiz şəklli kitab almışdı. Əli isə ona qızılgül gətirmişdi. Səbinə qızılgülü güldana qoydu. Nəyə görə mətndə digərlərinin hədiyyələrinin haraya qoyulduğu haqqında məlumat verilmir, yalnız Əlinin gətirdiyi güllərin güldana qoyulduğu göstərilir?(Sual vermək). Görəsən daha çox hansı hədiyyə Səbinənin xoşuna gəldi?(Nəticə çıxarma). Sizcə hansı hədiyyə Səbinənin xoşuna gəldi? Nəyə görə belə qərara gəldiniz? (Oxudan sonra düşünmə). Sizə təqdim edilən hədiyyəni necə qəbul edərdiniz. (Təsəvvür etmə). Müəllim ucadan düşünməklə şagirdlrini düşündürür (oxudan əvvəl, oxu zamanı, oxudan sonra).