AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti


AŞIQ ƏLƏSGƏR POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR



Yüklə 2,86 Mb.
səhifə9/16
tarix31.01.2017
ölçüsü2,86 Mb.
#7268
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

AŞIQ ƏLƏSGƏR POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR.
Professor Sədnik Paşa Pirsultanlının yara­dıcılığında Göyçə aşıq məktəbinin parlaq zirvəsi Aşıq Ələsgərin fəaliyyəti və poeziyası haqqında apardığı araşdırmalar və tədqiqatlar çox əhəmiy­yətlidir.

Aşıq Ələsgər və onun ədəbi irsi Sədnik müəllim üçün folklora, aşıq poeziyasına sevgi, məhəbbət və möcüzə mənbəyidir. Buna görə də tədqiqatçı Sədnik Paşa Aşıq Ələsgər poeziya dünyasının elmi-nəzəri şərhini verməyə səmərəli səy göstərmişdir.

Folklorşünas Sədnik Paşa Pirsultanlının “Ələsgərşünaslıq” araşdırmalarını diqqətlə nəzər­dən keçirdikdə məlum olur ki, Aşıq Ələsgər poeziyası aktualdır, təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli poeziyadır.

Əsrlərin və minilliklərin qovşağında öz milli müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı sabahını qorumaq üçün milli, mənəvi, mədəni, ictimai, siyasi dəyərlərinə yenidən nəzər salmaq, onları saf-çürük edib gələcəyə həmişəyaşar dəyərlərlə yollanmaq zərurəti ilə üzbəüz qalmış­dır.

Gələcəyə gedən yol millətdən öz mənəvi-mədəni potensialını aktivləşdirməyi tələb edir. Aşıq Ələsgər yaradıcılığına marağın güclənməsi, televiziya ekranlarında onun şəxsiyyəti və yara­dıcılığı ilə bağlı müzakirələrin açılması təsadüfi tamamilə təbii və çox əhəmiyyətlidir.

Aşıq Ələsgərin yaradıcılığında milli aşıq sənəti və yaradıcılığı etalon səviyyəsinə çatmış­dır.Tədqiqatçı yazır:

“Aşıq poeziyasının Nizamisi sayılan Aşıq Ələsgər Alməmməd oğlu XIX əsrdə yaşamış el sənətkarlarının ən istedadlısıdır. Aşıq sənətini bir dağa bənzətsək, haradan baxırsan bax, ancaq oradan yenə Ələsgər zirvəsi görünür”1.

Folklorşünas tədqiqatçı, professor Sədnik Paşa Pirsultanlı zəngin Azərbaycan mədəniyyəti tarixində Aşıq Ələsgər poeziyasının, Aşıq Ələsgər sənətinin tükənməz və aktual, tərbiyəvi və təsirli, orijinal və estetik mahiyyətli olmasını tarixi mənbələr və rəsmi materiallar əsasında aydın şərh edir.

Müəllif iftixar hissilə yazır: “Aşıq Ələs­gərdən çox öyrənilən, nəşr olunan, araşdırılan, haqqında yazılan sənətkar olmamışdur. Lakin bununla belə, bu qüdrətli saz-söz azmanının bitib-tükənməyən zəngin ədəbi irsi elmi nəzəri baxımdan layiqincə öyrənilməmiş və onun haq­qında müasir tələblər səviyyəsində monoqrafik əsərlər yazılıb çap olunmamışdır. Aşıq Ələsgər xalq yaradıcılığı, aşıq ədəbiyyatı və sənəti tarixində xüsusi yeri olan görkəmli bir sənətkar kimi dönə-dönə araşdırılmalı, tədqiq edilib öyrənilməlidir”1

Aşıq Ələsgər özünün haqqında deyir:


Adım Ələsgərdi, mərdi-mərdanə,

On iki şəyirdim işlər hər yana.


Aşıq Ələsgərin şagirdlərindən Göyçədə-Daşkənddən Aşıq Nəcəf, Qızılvəngdən Aşıq Mus­­­tafa və Aşıq Yusif, Nərimanlıdan Aşıq Mikayıl, Aşıq İsa, Zoddan Aşıq Qasım və Aşıq Ağayar, Böyük Qaraqoyunludan Aşıq Əsəd, Böyük Məzrədən Aşıq Qiyas, Zərzibildən Aşıq Nağı və Aşıq Sayad, Ağkilsədən Aşıq Qurban və başqalarının adı qeydə alınmışdır. Əsl mənada qardaş oğlanlarından Növrəs İman və Aşıq Musa da onun istedadlı şəyirdlərindən idilər.

Aşıq Ələsgər “Xalq akademiyasında” təhsil almış, həm də “akademiyanın” yaşa­ma­sın­da və inkişaf etməsində var qüvvəsini əsirgəmə­mişdir. Ustadı Aşıq Alıdan dərs almış, sənət aləmində yetişmiş Aşıq Ələsgər gözəl şəyirdlər yetişdirmiş və zəngin ədəbi irs yaratmışdır.

Professor Sədnik Paşa Pirsultanlı yazır:

“Aşıq Ələsgər aşıqlıq sənətinin bütün sirlərinə bələd idi. O aşıqlıq sənətində savadsız deyildi. Aşıq Ələsgər müəyyən bir məktəbdə təh­sil almasa da, yazı-pozu bilməsə də, dövrünün, mühitinin alimi idi.

O, Aşıq Alı kimi kamil bir ustaddan dərs almış, köhnəliklə yeniliyin müba­ri­zə apardığı, oyanmış Göyçə mühitində yetiş­mişdi. Əgər belə demək olarsa, Aşıq Ələsgər xalq akademiyasını bitirmiş bir dahi idi”2

Sədnik müəllim yazır ki, Aşıq Ələsgər bizim qəlbimizdə, şüurumuzda, zehnimizdə, yad­daşımızda, sazımızda və sözümüzdədir. Aşıq Ələsgərin poeziyası Azərbaycan mədəniyyətinin hissiyyat zirvəsidir, varlığın bədii söz vasitəsidir, estetik duyğu kəhkəşanıdır.

Ələsgər poeziyası milli düşüncənin intel­let­kual potensiyası ilə idrak olunan şüur hadisə­sidir. Milli zehinin intellektual imkanları bu poeziyada bədii düşüncə kodu ilə dərk olunmuş estetik reallığa çevrilmişdir.

Aşıq Ələsgər poeziyası milli düşüncənin bütün fiziki-mənəvi təcrübəsini özündə kod­laş­dıran bədii yaddaş potensiyasıdır. Bu poeziyanın daşıyıcısı olan etnik-mədəni sistem həm bir fərd (yaradıcı subyekt), həm də bir kollektiv (etnos) olaraq bütün kosmoetnik atributları səviyyəsində Ələsgər yaradıcılığında tarixə-yaddaşa kodlaşıb;

Aşıq Ələsgər poeziyası Azərbaycan xalqı­nın bədii düşüncə stixiyasının mayasını-arxi­tek­tonik estetikasını, ruhunu- etnopsixoloji struktur estetikasını özündə birləşdiribdir.

Göründüyü kimi, Sədnik Paşa Pirsultanlı Ələsgəri “qəlbimizdə, şüurumuzda, zehnimizdə, yaddaşı­mızda, sazımızda, sözümüzdə” axtarıb kəşf etməklə onun sözü, sazı və sənətinin möcüzələr aləminə gedən yolu bütün dünyaya göstərmişdir.

Professor Sədnik Paşa Pirsultanlı Ələs­gərin etnik-mədəni düşüncə sistemində yaddaş­laşmış obra­zının struktur paradiqmalarını bərpa edərək yazmışdır: “Ələsgər dedikdə, Göyçə, Göyçə gölü, Çalmalı dağı, Miskin Abdal ocağı, Aşıq Ələsgərin ustadı Aşıq Alı, Daşkəndli Məmməd­hüseyn, Daşkəndli Aşıq Nəcəf, Aşıq Musa, Alın­calı Məhərrəm, Şişqayalı Aydın, Zodlu Sənətkar Abdulla, Növrəs İman, Ağkilsəli Şair Nəcəf, Ağbulaqlı Aşıq Kazım, Aqil, neçə-neçə saz-söz sərrafı göz önünə gəlir”.

Alimin bu intellektual izahatı bir bədii ricətdən çox uzaq məna sistemidir. Əslində, bu sistemdə Aşıq Ələsgər bir yaradıcı fərd olaraq öz fəlsəfi obrazı ilə boy verir və yaşayır.

Professor Sədnik Paşa Pirsultanlının Ələsgəri Göyçə yurduna və Göyçə gölünə, Çal­ma­lı dağına bənzətməsi intellektual təşbeh deyildir: insanın təbiətlə vəhdətinin ilahi-fəlsəfi idrakıdır.

Alim Aşıq Ələsgər şəxsiyyətini ana yurda bağlayan telləri bərpa etmiş, Göyçə təbiətinin- havasının, suyunun, dağının, meşəsinin Aşıq Ələsgərin varlığından keçərək necə səsə, sözə, musiqiyə kodlaşmasını göstərmişdir.

Professor Sədnik Paşa Pirsultanlı Miskin Abdalı, Aşıq Alını, onun şagirdi Aşıq Ələsgəri, müasirləri Daşkəndli Məmmədhüseyni, Daş­kəndli Aşıq Nəcəfi, Aşıq Musanı, Alıncanlı Məhərrəmi, Şişqayalı Aydını, Zodlu Sənətkar Aabdullanı, Növrəs İmanı, Ağkilsəli Şair Nəcəfi, Ağbulaqlı Aşıq Kazımı, Ağbulaqlı şair və neçə-neçə saz-söz sərrafını bir zaman müstəvisinə gətirib, zamanın geneoloji modelini Aşıq Ələsgər sənəti səviyyəsində bərpa edə bilmişdir.

Sədnik Paşa Pirsultanlının düşüncələrini kosmoetnik düşüncə kodu müstəvisində təhlil etdiyimiz zaman aydın olur ki, onun intellektual sistemində “Ələsgər” işarəsinin iki əsas qatı var:



  1. Azərbaycan-türk bədii düşüncəsinin Ələs­gər adlı insanının varlığında işarələnmiş səviyyə:

  2. Azərbaycan-türk bədii düşüncəsinin Ələs­gər adlı obrazında (simvolunda) işarələnmiş səviyyə.

Professor Sədnik Paşa Pirsultanlıya görə, Ələs­gər bir insan olaraq saz-söz şəcərəsinin konkret həlqəsi, bir simvol olaraq həmin şəcərənin özüdür. Onun varlığında, sözündə və sazında milli mədəniyyətin keçmişi də, bu günü də, gələcəyi də simvollaşıbdır. Milli mədəniyyətin zamandan, məqamdan asılı olmayaraq, bütün səviyyələri bizə Aşıq Ələsgəri nişan verir.

“O taylı, bu taylı çoxəsirlik aşıq poeziyasını əlçatmaz, əzəmətli bir dağa bənzətsək, bu dağa hansı səmtdən baxırsan bax, bu dağın zirvəsində sənət qartalı olan Aşıq Ələsgər görünər”.12

Azərbaycan elmi-intellektual düşüncəsində Aşıq Ələsgər sənətkarlığının humanizm qay­nağını görüb dəyərləndirmək professor Sədnik müəllimə qismət olmuşdur. O, Ələsgər yaradı­cı­lığının zirvəsində-sənət kodlarının mayasında duran humanist nüvəni kəşf etmişdir: “Aşıq Ələsgər bu ucalığı təkcə sənətkarlıqla yaratdığı gözəl qoşma və gəraylılarına, təcnis və dodaqd­əyməz təcnis­lə­rinə, divani və müxəmməslərinə görə deyil, o bu zirvəni həm də öz yüksək insani keyfiyyətləri ilə qazanmışdır. Öz yurdunu sevə-sevə gəzən, ona hərarətli nəğmələr qoşan sənətkar ömrü boyu həm öyrətmiş, həm də xalqdan öyrənmişdir.”1

Professor Sədnik Paşa Pirsultanlı Aşıq Ələsgərin poeziyasını mükəmməl oxuyub dərk etmiş, bu poeziyadan bədii-estetik zövq almış, onu şüurlu mənimsəmişdir.

Sədnik müəllim göstərmişdir ki, Aşıq Ələsgərin poeziyasındakı ictimai motivlər həqi­qəti əks etdirir. Ölkədəki iqtisadi və ictimai-siyasi bərabərsizlik o qədər güclənib ki, “biri al geyinir, tirmə qurşayır, biri üryan gəzir qarın içində”.

Aşıq Ələsgərin həyata açıq gözlü baxışı həmişə tam aydındır. Hətta bu yoxsulluq onun mənalı ömrünə, şəfalı həyatına çox ağır zərbələr vurduğuna görə demişdir:

Ələsgərəm, qərq olmuşam bu qəmə,

Yoxsulluğum dağ çəkibdir sinəmə.


Bahalıqdan, aclıqdan, xalqın acınacaqlı vəziyyətindən şikayət edən Aşıq Ələsgər poetik dilin qüvvəsi ilə demişdir:
Bar-ilahi, kim dözəcək,

Bu cəfaya dalbadal?


İstismarçı ictimai quruluşdan hamı nara­zıdır, hamı bu quruluşa və onun nümayən­dələrinə nifrət edir. Buna görə də Aşıq Ələsgər deyir:

Ələsgər qəlbinə saldın işığı,

Məclislər zinyəti, el yaraşığı,

Əzizliklə saxladığın aşığı,

Zəlilliklə imtahana çəkirsən.
Aşıq Ələsgər yaşadığı əsrdə “mərd igid­lər” yoxsul­luq­dan ölüm axtarır, ahuzar çəkir. Qüdrətli sənətkar alçalıb yaşamaqdansa, şərəfli ölümü üstün tutur və deyir:
Mərd iyidə ölüm haqdı dünyada,

Yoxsul olub ahuzarı çəkməyə”.


Professor Sədnik Paşa Pirsultanlı yazır:

“Aşıq Ələsgərin yaradıcılığı çoxşaxəli və çoxcəhətlidir. Onun şeirlərini mövzu əhatəsinə və məzmun prinsipinə görə əsasən üç qismə ayırmaq olar:



  1. “Qüdrətdən səngərli, qadalı dağların” tərənnümü ( təbiət təsvirləri).

  2. Gözəllərin vəsfi (lirik- aşiqanə motivlər).

  3. İctimai məzmunlu şeirlər (sosial-siyasi motivlər)”.

Aşıq Ələsgərin adı çəkiləndə Göyçə mahalı, Göyçə gölü, Çalmalı dağı xatırla­nır və oxucuya təsir edir. Aşıq Ələsgər deyir:
Bəylik, köylük, səylik olan məclisdə,

Qaç ki, orda xeyir, bərəkət olmaz.


Ələsgər elmində olma nabələd,

Düz danış sözündən qıxmasın qələt.

Şahiddə iman yox, bəydə ədalət,

Alimin də düz bazarın görmədim.


Göyçə aşıq məktəbinin zirvəsi, dahi söz sənətkarı Aşıq Ələsgər istismar dünyasına, ha­ram­korlara, ziyankarlara, istismarçılara, talan­çılara nifrət edir və deyir:
Aldanma dövlətə, uyma dünyaya,

Halaldan kəsb eylə özünə maya.


“İmkanı olanları insafa, imana, düz yola, “fağırın qeydinə” qalmağa çağıran Aşıq Ələs­gərin bu qəbildən söylədiyi öyüd-örnəklərdə və nəsihətlərdə Nizami didaktikasının ruhu görühür:
Zülm ilə enməz haqdan ucalan,

Yüksələr fağırın qeydinə qalan.


Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı Ələsgərin sosial didak­tikasında sözlə subyekt arasındakı müna­sibətlərin psixoloji səviyyədə olduğunu müəyyənləşdirmiş və göstərmişdir ki, Aşıq Ələsgər öz sözünə, şeirinin qüdrətinə, təsiredici gücünə tam inanır və buna görə də tam qətiyyətlə təəssüblə deyir:
Mənim sözüm yoldan azan mollanı,

Qaytarar yoluna müsəlman eylər.


Professor Sədnik Paşa Pirsultanlıya bütün bunlar Aşıq Ələsgərin poetik söz kodu vasitəsi ilə qurulmuş mənəvi-əxlaqi dünya modelini bədii-didaktik təsəvvürlər sistemində müəyyən­ləş­dirməyə və düzgün təsvir etməyə imkan vermişdir.

Professor Sədnik Paşa Pirsultanlı yazır: “Ustad sənətkarın özünəməxsus həyat fəlsəfəsi var. Onun qənaətinə görə haqq ilə nahaqqı bir-birindən ayırmaq istəyirsənsə, hər deyilənə inan­ma, gözünlə gör, qulağınla eşit, sonra inan:


Haqq ilə nahaqqı axtaran hakim,

Tapar qulaq ilə göz arasında.


Professor Sədnik müəllim yazır ki, Aşıq Ələsgər nəinki saz-söz meydanına çıxan ustadları, həm də yerini bilməyən, qarşısındakını yaxşı tanıma­yanları özünün kəskin hərbə-zorbaları ilə susdurmuş, onları ifşa etmiş və demişdir:
Söz uzansa həcv çıxar qurşağa,

Sözün dalın çox uzatma, hayıfsan.


Professor Sədnik Paşa Pirsultanlı Aşıq Ələsgər yaradıcılığını həm estetik möcüzəsi, həm də poetik intellektualizmi baxı­mından “sirlər dünyası” hesab edir. Ustad aşığın “Yeddidi”, “Ay nədən oldu”, “Deyilmi”, “Olur”, “Danışaq” və başqa qıfılbəndlərinin hələ də açılmadığını qeyd edir və bu iki misranı nümunə göstərir:

Bir kasa içində on dörd irəng var,

Qarası yeddidi, ağı yeddidi.
Bir kasanın dünya, on dörd rəngin gecə-gündüz, yeddi gecənin qara, yeddi ağın gündüz olduğunu deyənlər olubdur. Lakin bunlar dərya­dan bir damladır.

Professor Sədnik Paşa yazır: “Aşıq Ələsgərdən çox öyrənilən, nəşr olunan, araş­dırılan, haqqında yazılan sənətkar olmamışdır.

Lakin bununla belə bu qüdrətli saz-söz azmanının bitib-tükənməyən zəngin ədəbi irsi elmi-nəzəri baxımdan layiqincə öyrənilməmiş və onun haqqında müasir tələblər səviyyəsində monoqrafik əsərlər yazılıb çap olunmamışdır.

Aşıq Ələsgər Azərbaycan xalq yaradıcılığı, aşıq ədəbiyyatı və sənət tarixində xüsusi yeri olan görkəmli bir sənətkar kimi dönə-dönə araş­dırılmalı, tədqiq edilib öyrənilməlidir”1

Azərbaycan folklorşünaslıq elminin görkəmli nümayəndəsi professor Sədnik Paşa Pirsultanlının 1990-cı ildə bu elmi həqiqət onun on səkkiz ildən sonra çapdan çıxmış “Aşıq Ələsgər sənətkarlığı, Aşıq Ələsgər ucalığı” adlı məqaləsində göstərmiş və yazmışdır:

“Hər bir sənətkarın sənət meydanında yerini müəyyənləşdirən onun sənətkarlığıdır, sənətə bələdçiliyidir. Dərin biliyinə, zəkasına və fitri istedadına görə Aşıq Ələsgəri aşıq sənətinin memarı hesab edirlər”.2

XVI əsrdə Dirili Qurbani, XVII əsrdə Tufarqanlı Abbas, XVII-XVIII əsrdə Tikmədaşlı Xəstə Qasım, XVIII əsərdə Abdalgülablı Valeh, XIX əsrdə şəmkirli Hüseyn kimi sənətkarlar arasında sənətin fövqünə, sənətin zirvəsinə qalxa bilən Aşıq Ələsgər aşıq sənətinin həqiqi me­marıdır.

Ona görə ki, Aşıq Ələsgər aşıq yaradıcı­lı­ğının poetik və melodik sistemini,üsullarını, qay­dalarını çox əsaslı mənimsəmiş, aşıqlıq sənətinin zirvəsinə yüksəlmişdir.

Aşıq Ələsgər Qurbaninin yaratdığı altımış üç məsaili ilə, təcnis və divani şeir formaları ilə tanış olduqdan sonra, həmin səpkidə, yəni bu şəkildə gözəl şeirlər qoşmuşdur.

Dirili Qurbani öz yaradıcılığında iki təcnis yaratmışdırsa, Aşıq Ələsgər buna cavab olaraq iyrimi beş təcnis yaratmışdır.

Görkəmli sənətkar Tufarqanlı Abbas cığalı təcnisin bir nümunəsini (“Gözəl, göz ola”) yaratmışdırsa, Aşıq Ələsgər bunun müqabilində dörd cığalı təcnis yarat­mışdır.

Aşıq Ələsgər sələflərindən və xələflərin­dən irəli gedərək aşıq poeziyasına dodaqdəyməz təcnislər və cığalı təcnislər gətirmişdir.

Şeirin bu sənət növlərini, dilin qanunlarını, samit və sait səsləri bir-birindən seçməyi ba­ca­ran, cinaslarda gizlənən məna yükünü, məna çalarını bir-birindən fərqləndirməyi bacaran Aşıq Ələsgər bu işi həll etmiş, gözəl sənət inciləri yaratmışdır.

Aşıq Ələsgər cinaslardan istifadə edib təkcə cinas yaratmır, həm də təcnislər vasitəsilə cinasları yeni biliklərlə zənginləşdirir, dünya­görü­şünü artırır.

Qədim və zəngin Azərbaycan aşıq yaradı­cılığına ətraflı diqqət edib tədqiqat aparanda aydın olur ki, aşıq şeirinin bənzərsiz yaradıl­masında və təcnislərin inkişaf etdirilməsində Tikmədaşlı Xəstə Qasımın və Göyçə aşıq məktə­bi­nin görkəmli nümayəndəsi Aşıq Ələsgərin şərəfli xidmətləri olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı Aşıq Ələs­gərin yetişməsində Tikmədaşlı Xəstə Qası­mın zəngin yaradıcılığının rolunu yüksək qiy­mət­ləndirmiş və yazmışdır: “Tikmədaşlı Xəs­tə Qasımın məharətlə yazdığı qıfılbəndləri özündən sonra sənət meydanına gəlmiş neçə-neçə ustad aşığı çətinlik qarşısında qoymuş, günlərlə, aylarla düşünməyə, baş sındırmağa vadar etmişdir.

Onlardan bir neçəsini Aşıq Ələs­gər və onun qardaşı oğlu Növrəs İman açmış, bir sıra qıfılbəndləri hələ də bağlı qalmaqdadır”1

Məlumdur ki, aşıqların Xəstə Qasımdan təsirlənməsi təsadüfi deyildir. Çünki Xəstə Qasım elə bir sənətkar olmuşdur ki, Aşıq Ələsgər kimi saz-söz sərrafı ona biganə qala bilməmişdir. Xəstə Qasım şeirləri zəngin həyat müşahi­dələrinin məntiqi nəticələri kimi səslənir, insanı düşündürür, bədii zəvq verir, onun idrakına, şüuruna təsir edir, mənəvi aləmini saflaşdırır.

Aşıq Ələsgər bu şeir növü ilə tanış olandan sonra çox gözəl təcnislər yaratmışdır. Təcnisin və cığalı təcnisin memarı olan Aşıq Ələsgər müstəzad təcnisinin də ilk nümunəsini yarat­mışdır.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, Aşıq Ələsgər yaratdığı dodaqdəyməzi, dodaq­dəyməz cığalı təcnisi, müstəzad təcnisi, divan təcnisi heç kəs indiyə qədər yarada bilmə­mişdir.

Aşıq Ələsgər bu yaradıcılığı ilə sənətin fövqünə ucalaraq möcüzələr yaratmış, kəşflər etmişdir. Bu baxımdan, Aşıq Ələsgər novator aşıq yaradıcılığına yenilik gətirən, sənətkardır. Aşıq Ələs­gər anonim-cinaslar vasitəsilə təcnis binaları qurmuş, söz kərpiclərinin üst-üstə, yan-yana düzülüşündə də ustad olmuşdur.

Professor Sədnik Paşa Pirsultanlı yazır ki, Aşıq Ələs­gərin dodaqdəyməz təcnis sahəsindəki yaradıcılığını heç bir sənətkar bacarmamışdır. “Hələ Azər­baycan aşıq poeziyasında, Türk dünya­sının ozan-aşıq poeziyasında Aşıq Ələsgər kimi do­daq­dəyməz təcnisləri Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati kimi təcnis yazmağa girişən sənətkarlar ərsəyə gətirmişlər.

Yazılı və şifahi ədəbiyyatın sirrinə bələd olan bu sənətkarlar dodaqdəyməz təcnis, dodaqd­əy­məz cığalı təcnis yaratmağa girişmişlər.

Hələlik Ələsgərin bu şeir dənizinə qəvvas kimi girən, ordan üzüb çıxan, dodaqdəyməz təcnis binaları yaradan olmamışdır. Bu cəhətdən Aşıq Ələsgər sənət meydanına tək gəlib, tək gedibdir. Onun yaradıcılıq yolunu Seyfəli Pənah, Molla Cümə, Növrəs İman izləmişlər. Lakin Ələsgər zirvəsinə can atsalar da, zirvə yenə də Ələsgərə qalmışdır.

Azərbaycan aşıq şeirinin inkişafında Aşıq Ələsgərin yaratdığı şeirlər çox qiymətli, dəyərli, əhəmiyyətli və əbədiyaşar sənət inciləridir. Azər­baycan aşıq yaradıcılığında dodaqdəyməz təcnislərinin bünöv­rə daşlarını cinaslardan yo­nan, tağ daşlarını seçib cinas kərpiclərdən hörən Aşıq Ələsgər möhtəşəm təcnis binaları qurmuş, bu şeir şəklinin me­marı və bənnası olmuş, Türk dünyasında tanınmışdır.

Professor Sədnik müəllim Aşıq Ələsgər poeziyasını yüksək qiymətləndirir: “Mən qırx ildən artıq bir zaman içərisində Türk, Qazax və Qırğız, Uyğur və Qaraqalpaq, Türkmən və Öz­bək, Qaqauz və Qaraçay, Dağıstanda qumuk və noqay türklərinin ozan-aşıq yaradıcılığını, poezi­yasını incələyib öyrənmişəm.

Qoşquları və qırları izləmişəm, la­kin onların ədəbi irsləri içərisində Aşıq Ələsgərin dodaqdəyməz şeirlərinə bənzər bir nümunəyə rast gəlməmişəm.

Aşıq Ələsgər xüsusi fitri iste­dada malik bir novator aşıqdır. Onun poeziyası daxilində kəşflər və Ələsgər irsinin pəncərəsini açıb tanıtmışdır.

Göyçə aşıq məktəbinin görkəmli nüma­yən­dəsi Aşıq Ələsgər müdrik insan olmuşdur. Ona görə də tədqiqatçı yazır: “Aşıq Ələsgər irsi çox zəngindir. Ona görə də Aşıq Ələsgəri öyrən­mək bir nə­fərin, iki nəfərin işi deyil. Bunun üçün bir şöbə, bir institut lazımdır. Qazaxıstanda bir şöbə təkcə Canbulu öyrənir. Aşıq Ələsgərin sazı var, rəssam kimi fırçası yoxdur.

Göyçə aşıq məktəbinin ustadı Aşıq Ələsgərin ilhamı təbiətdən rəng alıb, obraz seçib, gözəl rəsm tablosu yaradıb oxuculara ərməğan vermişdir.

Görkəmli folklorşünas Sədnik Paşayev Aşıq Ələsgərin dastan yaradıcılığı ilə bağlı elmdə mövcud olan mübahisələrə aydınlıq gətirir və yazır: “Aşıq Ələsgərin sələflərindən Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Abdalgülablı Valeh və Şəmkirli Aşıq Hüseyn iri həcmli dastanlar yaradmışlar.

Bəs nə üçün aşıq sənətinin zirvəsində dayanan, aşıq şerinin hər növünü yaradanlar yeni şeirləri şəkilləndirib meydana çıxaran, dodaqdəyməz təcnislərin ilk nümunə­lərini yara­dan Aşıq Ələsgər iri həcmli dastan yaratmağa meyl göstərməyib?

Burada xüsusi qeyd etmək lazımdır ki, Aşıq Ələsgər XIX əsrdə yetişmiş realist bir sənət­kardır. Ələsgərə məc­lislərdə dastan söyləməyə macal qalma­mış­dır.

Toyu olan bəyə Aşıq Ələsgər hər məclisdə tərif demişdir. Hamı arzu etmişdir ki onun toyunu Aşıq Ələsgər etsin. Ona da qiymətli şeirlər düzüb-qoşsun. Aşıq Ələsgərin bütün de­yiş­mələri bir dastan qədər qiymətlidir. Həmin deyişmələrlə tanış olan aşıqlar ona rəngarəng, bir-birindən gözəl yurdlar düzəltmişlər.

Həcər xanım haqqında, Zöhrə xanım haq­qında, Nəfslə Mərifət haqqında şeirləri və deyişmələri real tarixi dastanlardır.

Dəli Alı haqqında, Səhnəbanu haqqında yazılan şeirlər hərəsi ayrı-ayrılıqda yaddaşlardan silinməyən bir dastandır. Göyçə aşıq mühitində realist dastanın ilkin nümunəsini Aşıq Ələsgərin ustadı Aşıq Alı yaratmışdır.

Aşıq Alının “Səfərnamə”sindən son­ra Çoban Məhəmmədin “Qars səfəri” meydana çıxmışdır. Bunlar nə qədər ürəkaçan olsa da, Aşıq Ələsgər dastan yaradıcılığının poetik və melodik sis­te­mini hamıdan gözəl bilmiş və özü­nün dastan ya­radıcılığını bu real ənənə üzərində qur­muş­dur”.

Professor Sədnik Paşa Pirsul­tanlı folklora bəslədiyi sevgi və məhəbbətlə folklorşünaslığa gəlmiş, Azərbaycan saz-söz sənətinə bağlı olmuş, sənətlə yaşamış və yaşayır. Onun Aşıq Ələsgər poeziyasına dərin məhəbbəti sənətkarlığı və alimliyi ilə əlaqədardır.

Professor Sədnik Paşa Pirsultanlı Aşıq Ələsgər haqqında həmişə yüksək poetik zövqlə bəhs etmişdir. O, bu mənada, Aşıq Ələsgər yaradıcılığını bir sənət məbədinə bənzədəndə də, bir söz ümmanına oxşadanda da bu böyük sənətkarın yaradıcılığına elmi qiymət verməklə yanaşı, bu qiymətə həm də poetik zinət ver­mişdir.

Aşıq Ələsgərin yaradıcı ilhamını kük­rəyib daşan dağ selinə rəngarəng şeir çiçəklərinə bənzətmişdir.

Böyük el nəğməkarı Aşıq Ələsgərin sağlığında həyatı və yaradıcılığı haqqında təd­qiqat aparan, əsər yazan olmamışdır. Onun haqqında yalnız qocaların yaddaşında yaşayan nağıllar, xatirələr qalmışdır.

Göyçə mahalının Ağkilsə kəndində anadan olan Aşıq Ələsgər Alməmməd oğlu (1821-1926) zəngin ədəbi irs yaratmışdır. Əkinçi və dülgər olan Alməmməd kişi saz çalıb söz qoşurmuş. Alməmməd kişi oğlanları Ələsgər, Salah, Xəlid, Məhəmmədi və qızları Fatma ilə Qızxanımı gözəl tərbiyə etmişdir.

Ailənin ilki Aşıq Ələsgər Kərbəlayi Qurban adlı bir varlıya nökərçilik edirdi. Onun Səhnəbanudan başqa övladı olmamışdır. Kəlbəcərli Qurban Ələsgərin xatirini istəyir. Ələsgər də Səhnəbanını sevir. Səhnəbanı da Ələsgərin vurğunu olur.

Kərbəlayı Qurbanın qardaşı pullu Məhər­rəm aranı qarışdırır, Səhnəbanını zorla oğlu Mustafaya alır. Aşıq Ələsgər dörd il nökərçilik eləmiş, yalnız bir inək qazanmışdı.

Alməmməd kişi Ələsgərə saz bağlatmış, onu qızılvəngli Aşıq Alıya şəyird vermişdi. Ələs­gər Aşıq Alıya beş il şəyird olmuş, klassik aşıq poeziyasını və saz havalarını mükəmməl öyrən­mişdir. 1845-1846-cı illərdə Göyçənin Qı­zıl­bulaq, indiki Çuxurlu kəndində qızılbulaqlı Böyük Ağa ilə Aşıq Alının təşkil etdikləri “im­tahan məclisi”ndə Ələsgər birincilik qazanmış, el-oba içərisində tanınmış və aşıqlıq fəaliyyətinə başlamışdır.

Aşıq Ələsgər Kəlbəcərin Yanşaq kən­dindən Nəbinin qızı Anaxanımla ailə həyatı qur­muşdur.

Aşıq Ələsgər istedadlı aşıq kimi tanınır və deyir:

Yaxşı hörmətinən, təmiz adınan,

Mən dolandım bu Qafqazın elini.

Pirə ata dedim, cavana qardaş,

Ana-bacı bildim qızı-gəlini.

Aşıq Ələsgərin Həsən, Bəşir, Həşim, Əbdüləzim, Talıb adlı beş oğlu, Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli və Zümrüd adlı altı qızı ol­muş­dur. O, övladlarını məhəbbətlə böyütmüş, xoşbəxt ailə sahibi etmişdir.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də vəfat etmiş, Ağkilsə kəndində dəfn olunmuşdur.

Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə 1971-ci ildə qəbrinin üzərində daş büstü qoyulmuşdur.

Aşıq Ələsgərin əsərləri nəşr edilmiş, haq­qında tədqiqat əsərləri yazılmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmiş, adı əbədiləş­dirilmiş, müqəddəs məzarı ziyarətgaha çevrilmişdir.

Qədim və zəngin tarixə malik olan Azər­baycan aşıq yaradıcılığı dünyada şöhrət qazanan və ədəbi irs yaradan ustad aşıqlar yetişdirmişdir.

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrinin həyatından, yaradıcılığından, poeziyasından ətraflı bəhs edən professor Sədnik Paşa Pirsultanlı onların fəaliyyətini ətraflı şərh edir və düzgün qiymətləndirir.

Aşıq Ələsgər haqqında professor Qara Namazov, professor Rüstəm Rüstəmzadə faydalı məqalələr yazmış, onun fəaliyyətini yüksək qiymətləndirmişlər.

Böyük el nəğməkarı, qüdrətli söz sərrafı, ustad Aşıq Ələsgərin dillər əzbəri olmuş müdrik kəlamlarından, hikmətli deyimlərindən Eldar İsmayıl çox maraqlı nümunələr toplayıb 1997-ci ildə nəşr etdirmiş və oxuculara hədiyyə vermişdir.

Aşıq Ələsgərin poeziyası hikmət dünyası, tərbiyə xəzinəsidir.


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin