Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016
2.3.4 Qeyri-neft ixrac portfelində qeyri-ənənəvi məhsulların ixracının qeyri-neft ümumi daxili məhsula təsirinin qiymətləndirilməsi (seçilmiş məhsullar üzrə)
Model 3-də apardığımız ekonometrik qiymətləndirmənin eynisi olaraq burada qeyri-neft sektorunda seçdiyimiz 16 mal qrupu üzrə ixrac portfelində 13 qeyri-ənənəvi mal qrupu üzrə ixracda olan artım tempinin toplam qeyri-neft ÜDM-nun artım tempinə olan ekonometrik təsirləri araşdırılmışdır. Model qurarkən nəzərə almaq vacibdir ki, dəyişənlərin loqarifmalarının birinci tərtib fərqi həmin dəyişənlərin böyümə nisbətlərini verir. Yəni d(lnx) x dəyişəninin böyümə nisbətini verir. Ona görə də biz dəyişənlərin loqarifmalarının birinci tərtib fərqi ilə modeli quracağıq. Hipotezə əsasən reqressiya tənliyi aşağıdakı şəkildə olacaqdır:
d(logGRNOGDP) = α + β * d(logGRNTC) (2.11)
Burada:
GRNOGDP-qeyri-neft ümumi daxili məhsul üzrə artım tempi
α - sabit (avtonom) hədd;
β - meyillilik əmsalı;
GRNTC- toplam qeyri-neft sektorunda qeyri-ənənəvi məhsulların ixracındakı artım tempi ( seçilmiş 13 növ qeyri-ənənəvi məhsul qrupu üzrə)
Qiymətləndirmə aparılması üçün verilmiş məlumatlar 1995-2014-cü illər aralığınıda nominal qeyri-neft ÜDM və 1995-2014-cü illər aralığında qeyri-neft sektorunda 16 mal qrupu üzrə seçilmiş 13 qeyri-ənənəvi mal qrupu üzrə ixrac məlumatlarıdır. Əsas dəyişənlərdə baş verən dəyişmələrin asılı dəyişəndə olan dəyişmələri izah etməsinin qənaətbəxş olmasını tədqiq etmək üçün aşağıdakı hipotezlər qurulmuş və test edilmişdir:
H0 – Qeyri-neft sektoru üzrə seçilmiş qeyri-ənənəvi mal qrupu üzrə ixracının artım tempində baş verən dəyişmələr qeyri-neft ÜDM-nin artım tempində dəyişməni müəyyən edir. Həmin asıllıq ekonometrik üsulla müəyyən edilə bilər.
H1 - Qeyri-neft sektoru üzrə seçilmiş qeyri-ənənəvi mal qrupu üzrə ixracının artım tempində baş verən dəyişmələr qeyri-neft ÜDM-nin artım tempində dəyişməni müəyyən edə bilmir. Həmin asıllığın ekonometrik üsulla müəyyən edilə bilməsi mümkünsüzdür.