AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi kolleci Ad: Səməd Soyad: Abdullayev İxtisas: Maliyyə işi Qrup: 805 Kurs: 2


Büdcələrarası münasibətlər və onların tənzimlənməsi



Yüklə 186,05 Kb.
səhifə2/2
tarix09.04.2020
ölçüsü186,05 Kb.
#30795
1   2
büdcə quruculuğu və büdcə sistemi

Büdcələrarası münasibətlər və onların tənzimlənməsi

Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün səviyyəli büdcələr büdcələrarası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədirlər.

Büdcələrarası münasibətlər - müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə qarşılıqlı əlaqəsini ifadə edir.

Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır :


  • Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində gəlirlərin bölgüsü;

  • Azərbaycan Respublikasının büdcə sistemi səviyyəsində tənzimləyici gəlirlərin bölgüsü;

  • Azərbaycan Respublikasının büdcə hüququnun, Naxçıvan Muxtar Respublikasının büdcə hüququnun və yerli (bələdiyyə) büdcələri hüquqlarının eyniliyi;

  • Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli (bələdiyyə) büdcələrin Azərbaycan Respublikasının dövlət büdcəsi ilə münasibətlərinin eyniliyi.

Bu prinsiplərə uyğun olaraq dövlət büdcəsindən xərclərin bəzi hissəsinin yerli büdcələrə verilməsi mümkündür.

‘‘Büdcə sistemi haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə qarşılıqlı əlaqəsi gəlir mənbələrinin bölüşdürülməsi vasitəsilə həyata keçirilir. Öz gəlir mənbələri çatışmadıqda ayrı-ayrı bölgələrin təxirəsalınmaz sosial-iqtisadi problemlərini həll etmək üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və digər büdcələrə dotasiya, subvensiya, subsidiya verilməsi nəzərdə tutula, onlara büdcə borcu (ssuda) ayrıla bilər.

Hər bir büdcənin xərcinin təmin olunması üçün müvafiq gəlirləri olmalıdır. Büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərdən ibarətdir.

Büdcələrin xüsusi gəlirləri - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir növlərinin tam və ya qismən müvafiq büdcələrə təhkim edilməsidir.

Bu müvafiq büdcələrə, dövlət büdcədənkənar fondlarına Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təhkim olunmuş vergilər, gəlirlər, normativ aktlarla müəyyən edilmiş vergi olmayan gəlirlər, eyni zamanda əvəzsiz ödənişlər aiddir.

Büdcənin xüsusi gəlirlərinə qeyri-vergi gəlirləri aiddir:

- dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər;

- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, həmçinin müvafiq orqanların tabeçiliyində olan büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti, o cümlədən cərimələr, müsadirələr, kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər, həmçinin Azərbaycan Respublikasının bütün səviyyələrdə olan dövlət hakimiyyəti orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan vəsaitlər və icbari qaydada götürülən məbləğlər;

- Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəli büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər;

- digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.

Xüsusi gəlirlər yerli büdcələrin gəlirlərinin bir hissəsini təşkil edirlər. Yerli icra orqanlarının (bələdiyyələrin) üzərinə düşən funksiyaların yerinə yetirilməsi, bölgənin sosial-iqtisadi inkişafını, yerli büdcələrin tarazlaşdırılmasını həyata keçirmək üçün onlara dövlət büdcəsi (həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsi) tərəfindən büdcə tənzimlənməsi qaydasında tənzimləyici gəlirlər verilir.

Büdcələrin tənzimləyici gəlirləri - bu dövlət büdcəsinin yerli (bələdiyyə) büdcələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında təyin olunmuş maliyyə vəsaitidir.

Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.

Subsidiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Büdcə ssudası – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.


Diaqram 1. Dövlət büdcəsindən yerli büdcələrə ayrılan

dotasiyaların illər üzrə dinamikası



Diaqram 2. Bələdiyyələrə ayrılan dotasiyaların

dövlət büdcəsi xərclərində payı, (%-lə)



  1. Büdcə təsnifatı

Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq olunur. Büdcə təsnifatı büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, təşkilati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan mühüm tələbdir.

Büdcə təsnifatının strukturu aşağıdakı kimidir:

- Dövlət büdcəsi gəlirlərinin təsnifatı – qanunvericilik aktlarına uyğun olaraq büdcə sisteminin bütün səviyyəli həlqələrinin gəlirlərinin onların formalaşdırılması mənbələrinə müvafiq olaraq qruplaşdırılmasıdır.

- Dövlət büdcəsi xərclərinin funksional təsnifatı bütün səviyyəli büdcə xərlərinin qruplaşdırılması olmaqla dövlətin əsas funksiyalarının yerinə yetirilməsi məqsədilə büdcə vəsaitlərinin istiqamətlərini əks etdirir.

- Dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatı bütün səviyyəli büdcə xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılmasıdır. O, özündə cari və əsaslı xərc maddələrini birləşdirir.

- Dövlət büdcəsinin daxili və xarici maliyyələşmə mənbələrinin təsnifatı. Daxili maliyyələşmə mənbələri vergilərdən və qeyri-vergi ödənişlərindən, xarici maliyyələşmə mənbələri isə beynəlxalq maliyyə təşkilatlarından və xarici ölkələrdən alınan kreditlərdən ibarətdir.

- Dövlət daxili və xarici borcunun təsnifatı. Dövlət daxili borcları məqsədli əmanətlərdən, dövlət daxili uduşlu istiqrazlardan, xəzinə öhdəliklərindən, dövlət qiymətli kağızlarından, qısamüddətli istiqrazlardan, xəzinə veksellərindən, əhalinin əmanətlərinin indeksləşdirilməsindən ibarətdir. Dövlət xarici borcları xarici dövlətlərdən və beynəlxalq maliyyə təşkilatlarından alınmış borclardan ibarətdir.

- Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə təsnifatı büdcə vəsaitlərinin əsas sərəncamçılar üzrə bölgüsüdür.





  1. Müasir şəraitdə büdcə siyasətinin əsas istiqamətləri

Maliyyə siyasətinin ən mühüm istiqamətləri büdcə və vergi siyasətidir. Büdcə siyasəti müəyyən bir iqtisadi məqsədə nail olmaq üçün büdcənin həcm və tarazlığının tənzimlənməsidir. Vergi siyasəti – maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə tələbatlarının təmin olunması, habelə ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məcmuundan ibarətdir. Dövlət makroiqtisadi məqsədlərə, iqtisadi sabitliyin və ya tarazlığın təmin olunması, iqtisadi artım və inkişafa nail olmaq üçün büdcənin ümumi həcmini, büdcə xərclərinin maliyyələşdirilməsi formalarını müəyyənləşdirir. Büdcə siyasəti, iqtisadi tarazlıq, iqtisadi artım arasında müəyyən məqsəd-vəzifə əlaqələri mövcuddur. İqtisadi tarazlıq məcmu tələb və məcmu təklif tarazlığıdır. Bu tarazlığın təmin edilməsində büdcə siyasəti mühüm rol oynayır. Büdcə siyasətinin əsas istiqamətləri aşağıdakılardır: iqtisadi artımın təmin edilməsi, pul-kredit sisteminin, manatın kursunun sabitləşdirilməsi, vergi yükünün azaldılması, istehsalın stimullaşdırılması, dövlət büdcəsinin icrası baxımından xəzinədarlıq sisteminin təkmilləşdirilməsi, büdcə öhdəliklərinin tam yerinə yetirilməsi, dövlət borclarının və büdcə kəsirinin azaldılması, ödəmə qabiliyyətinin artırılması.

Büdcə siyasətinin səmərəliliyi aşağıdakı meyarlarla müəyyən edilir: ümumi daxili məhsulun dinamikası, bütövlükdə büdcə gəlirləri, xüsusilə vergilərin yığılma səviyyəsi, büdcə öhdəliklərinin yerinə yetirilmə səviyyəsi, büdcə kəsirinin kəmiyyəti və dövlət borcunun artım sürəti, dövlət borclarının xidmətinə yönəldilən maliyyə vəsaitlərinin həcmi, büdcə kəsirinin maliyyələşdirilməsi üçün istifadə edilən valyuta ehtiyatlarının məbləği, işsizliyin səviyyəsi, büdcə qanunvericiliyi və ona bərabər tutulan aktların yerinə yetirilmə dərəcəsi.

Büdcə prosesi – mərkəzi və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə reqlamentləşdirilmiş fəaliyyətidir. Onun məzmunu ölkənin dövlət və büdcə quruluşu, habelə müvafiq orqanların hüquqi və fiziki şəxslərin büdcə hüquqları ilə müəyyən edilir. Büdcə prosesinin iştirakçıları aşağıdakılardır : ölkə Prezidenti, qanunverici və icraedici orqanlar, pul-kredit tənzimlənməsini həyata keçirən orqanlar, dövlət maliyyə nəzarəti orqanları, büdcədənkənar dövlət fondları, büdcə vəsaitlərinin əsas sərəncamçıları, büdcə, vergi səlahiyyətləri verilən digər orqanlar.

Büdcə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

1. Maliyyə planlaşdırılması və proqnozlaşdırılması. Bu mərhələ ÜDM-un dövriyyəsi ilə əlaqədardır. Maliyyə vəsaitlərinin yaradılması, bölgüsü, yenidən bölgüsü və istehlakı prosesinin idarə edilməsi maliyyə planlaşdırılması vasitəsilə həyata keçirilir. Maliyyə planlaşdırılması iqtisadiyyatda təsərrüfatlararası nisbəti balanslaşdırır, əmək, maddi və maliyyə ehtiyatlarından səmərəli istifadə yollarını müəyyən edir. Maliyyə planlaşdırılması maliyyə planları sistemi ilə müəyyən olunur. Bu sistemə perspektiv və toplu maliyyə balansı daxildir. Perspektiv maliyyə planı ölkənin sosial-iqtisadi inkişaf proqnozuna əsaslanaraq özündə büdcə gəlirlərinin səfərbərliyə alınması üzrə imkanları, büdcənin əsas xərclərinin maliyyələşdirilməsini əks etdirən sənəddir. Büdcənin inkişaf proqnozunda onun gəlir və xərc hissələrinin inkişaf yollarının ehtimal qiymətləri kompleksi nəzərdə tutulur. Büdcə proqnozunun məqsədi mövcud konkret sosial-iqtisadi şəraitdə və perspektiv qiymətləndirmə əsasında büdcənin inkişafının əlverişli yollarını işləmək, əsaslandırmaq və onun möhkəmləndirilməsi üçün təkliflər hazırlamaqdan ibarətdir.

2. Büdcə prosesinin ikinci mərhələsi büdcə layihəsinin tərtibi, baxılması və təsdiqindən ibarətdir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlətin funksiyalarının iqtisadi və sosial proqnozlaşdırılmasında nəzərdə tutulan tədbirlərin maliyyə təminatının həyata keçirilməsi məqsədilə mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.



Maliyyə orqanlarından müvafiq büdcə layihələrini aldıqdan sonra, icra hakimiyyəti orqanları layihəyə baxış keçirir, zəruri hallarda düzəlişlər və əlavələr edirlər. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi Milli Məclis tərəfindən onun daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

3. Büdcə prosesinin digər mərhələsi onun icra edilməsidir. Bu prosesdə icra hakimiyyəti orqanları, maliyyə və vergi orqanları, kredit təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edirlər. Büdcənin icrası xəzinənin vahidliyi prinsipinə əsaslanır. Bu prinsip daxil olan gəlirlərin vahid büdcə hesabına köçürülməsini və nəzərdə tutulmuş bütün xərclərin vahid büdcə hesabından həyata keçirilməsini nəzərdə tutur.



4. Büdcə prosesinin son mərhələsi büdcənin icrasının təhlili və nəzarətdən ibarətdir. Büdcə ili ərzində maliyyə orqanları büdcənin tərtibi və icrasının nəticələri üzrə analitik iş aparırlar. Büdcə təhlilinin aparılmasında məqsəd aşağıdakılardan ibarətdir: büdcənin tərtibi və icrasının nəticələrinin qiymətləndirilməsi, hökumətin maliyyə-büdcə siyasətinin əsaslandırılması, büdcənin plan göstəricilərinin yerinə yetirilməsinə mane olan amillərin aşkarlanması, büdcənin tərtibi və icrası zamanı ehtiyatların aşkarlanması, büdcəyə gəlirlərin tam, vaxtında və stabil yığılmasının təmin edilməsi, büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olan amillərin aşkar edilməsi. Büdcənin icrasına nəzarət Milli Məclis və Hesablama Palatası tərəfindən həyata keçirilir.

Büdcə planlaşdırılması – dövlətin maliyyə siyasətinin tələblərinə uyğunlaşdırılan maliyyə planlaşdırılmasının tərkib hissəsidir.



Büdcə planlaşdırılmasının əsas prinsipləri aşağıdakılardır: büdcə məsələlərinin vahid hüquqi normalarla tənzimlənməsi, büdcə vəsaitlərinin ünvanlı və məqsədli şəkildə istiqamətləndirilməsi, illik büdcənin fasiləsiz planlaşdırılması, maliyyə göstəricilərinin stabilliyi, balans metodu.

ƏDƏBİYYAT

  1. M 66 Mirzəyeva A.Q. Maliyyə hüququ. Dərslik. Bakı; «Adiloğlu» nəşriyyatı, 2008, 424 səh.

  2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995.

  3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2000.

  4. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 2002.

Yüklə 186,05 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin