AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Kafedra: Tarix və Fəlsəfə
Fakultə: Siyasi və ictimai elmlər
Qrup: 128 TM
Fənnin adı: XI Qırmızı ordunun Azərbaycanın işğalı və I Respublikanın süqutu
Müəllim: Arif Əliyev
Mövzu: Azərbaycan – Ermənistan münaqişəsi
Tələbə: Zeynalov Məhəmməd
BAKI-2021
Plan
Münaqişənin tarixi.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ərazi müddəaları.
Ermənilərin DQMV müddəaları.
Ədəbiyyat siyahısı.
Münaqişənin tarixi
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 5))
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu.
Ermənilərin Qafqazda məskunlaşdırılması müxtəlif dövrlərdə mərhələli şəkildə həyata keçirilmişdir. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalamışdır. "Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında" adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu.
1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalamışdır.
1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman vermişdir. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunmuşdur. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş vermişdir.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828- 1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.
Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi.
Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar.
1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz vətənindən didərgin salınmışdır. Bu dövrdə Bakıda və Şamaxıda ermənilərin həyata keçirdiyi kütləvi soyqırımı aktları daha dəhşətli olmuşdur. Bakıda 30 minə yaxın insan xüsusi qəddarlıq və amansızlıqla məhv edilmişdir. Şamaxının 58 kəndi xarabazara çevrilmiş, 7 min nəfər insan öldürülmüş (onlardan 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olmuşdur), Quba qəzasında müsəlmanların yaşadığı 122 kənd yandırılmış və dağıdılmışdır. Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilmişdir. Bu kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən olmuşdur. Zəngəzur qəzasında da eyni üsullarla 115 kəndi vəhşicəsinə darmadağın edən ermənilər İrəvan quberniyasında 211, Qarsda 92 kəndi talan edərək yandırmışlar.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Həm Gülüstan, həm də Türkmənçay müqavilələri bunu bir daha təsdiqləyirdi. Azərbaycan ərazilərini etnik baxımdan bölmək cəhdləri nəticə etibarilə ölkənin siyasi və coğrafi anlamda parçalanmasına gətirib çıxarmalı idi. Nə qədər ağrılı olsa da, baş verən hadisələrin təhlili və tarixi xronologiya bu planların müəyyən hissəsinin yerinə yetirildiyini təsdiqləyir. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident kitabxanası, “Ermenistan – Azərbaycan münaqişəsi”, Bakı – 2017. (səh. 7))
Dostları ilə paylaş: |