6. Qazan xanın islahatları
Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək üçün Qazan xan bir sıra islahatlar-torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. Torpaq islahatının əsasını monqol qoşun hissələrində qulluq edənlərə torpaq sahələrinin verilməsi- iqta təşkil edir. İqta inci və divan torpaqları, həmçinin bayrat adlanan istifadəsiz torpaqlardan verilirdi. Torpaqla birlikdə suvarma şəbəkələri və s. iqta sahiblərinə verilir. Qazan xanın 1303-cü ildə verdiyi fərmanla kəndlilərin yerini dəyişməsi qadağan edilir (3, s. 68). İqta torpaqları satıla, bağışlana bilməz. İqta sahiblərinin ölümündən sonra onun hərbi işini davam etdirən şəxsə verilir. Qazan xan bayrat torpaqların becərilməsi üçün tədbirlər gördü: sahələr qeydə alındı, sahibkarlığı müəyyənləşdirildi, sahibsiz torpaqlar divanın sərəncamına verildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı. Həmin torpaqlar yeni sahibkarlara paylandı, bunların hüquqları divan sənədləri ilə qanuniləşdirildi. Qazan xanın vergi islahatı vergilərin növləri, həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qanun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, vergi məbləği lövhələrə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni vergilərin toplanması qadağan olundu. Vergi toplanması divana həvalə olundu. Məhkəmə sahəsində islahat keçirildi-qazı vəzifəsinə layiqli din xadimləri təyin olundu. 30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu. Qazi vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınması tətbiq olundu. Qazan xanın rabitə sahəsində tədbirləri vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Əsas yollarda hər 3 fərsəxdən (20 km.) bir rabitə dayanacaqları-yamlar yaradıldı. Yamlara əmirlər təyin olundu. Yollarda karvansaralar tikildi. Qazan xan ticarətin inkişafını təmin etmək üçün vahid pul sistemi yaratdı, çəki və ölçü vahidlərini sabitləşdirdi, ticarət yollarında və bazarlarda gömrük toplanması, karvanların, ticarət mərkəzlərinin qorunması üçün əsaslı tədbirlər gördü. Qazan xanın islahatları ilk vaxtlar təsirli nəticələr verdi, lakin XIV əsrin 30-cu illərində ölkənin iqtisadi vəziyyəti yenidən pisləşməyə başladı. Əbu Səidin dövründə mərkəzi hakimiyyətin zəifləməsi, Xorasanda, Gürcüstanda və başqa vilayətlərdə baş vermiş iğtişaşlar, Qzıl Ordu xanlarının Azərbaycana yürüşləri ölkənin təsərrüfatına, iqtisadiyyatına güclü zərbə vurdu. Çobani əmiri Əşrəfin zülm və çapqınlıqla topladığı vəsait və mal-dövlət 17 xəzinədə saxlanılırdı. Sonralar, Əşrəf Təbrizdən qaçmağa cəhd göstərərkən, onun əmlakını daşımaq üçün 10.000 dəvə və 4000 qatır lazım olmuşdur. Azərbaycan əhalisi Çobani feodallarının zülmündən təngə gəlib vətəni tərk edirdi. XIV əsrin 80-cı illərində ölkədə başlanan feodal çəkişmələri yenidən iqtisadi böhrana gətirib çıxardı. Toxtamış və Teymurun ara verməyən hücumları, daxili ara müharibələri şəhərlərin, kəndlərin dağılmasına, təsərrüfatın daha da geriləməsinə səbəb oldu.
Dostları ilə paylaş: |