Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası fakultə



Yüklə 382.5 Kb.
səhifə1/5
tarix16.07.2017
ölçüsü382.5 Kb.
  1   2   3   4   5



Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası
FAKULTƏ: Siyasi idarəetmə

KAFEDRA: Dövlət idarəçiliyinin hüquq təminatı

İSTİQAMƏT: Hüquqşünaslıq

İXTİSAS: Hüquqşünaslıq

QRUP: 151

ŞÖBƏ: Əyani

Azərbaycan Respublikasın qanunvericiliyində yerli özünüidarəetmənin hüquqi əsasları”

mövzusunda

BURAXILIŞ İŞİ


TƏLƏBƏ: Saleh Əliyev

ELMİ RƏHBƏR: h.e.n. Ş.Kərimov

KAFEDRA MÜDİRİ: dos., h.e.n. S.Səlimov
BAKI-2006

MÜNDƏRİCAT
GİRİŞ........................................................................................................................3
I FƏSİL. YERLİ ÖZÜNÜİDARƏETMƏNİN NƏZƏRİ ƏSASLARI
1.1 Yerli özünüidarənin anlayışı................................................................................5
1.2 Yerli özünüidarə xalq hakimiyyəti forması kimi.................................................7
1.3 Yerli özünüidarə sahəsində beynəlxalq təcrübə................................................10
II FƏSİL. AZƏRBAYCAN RESPUBLKASINDA YERLİ ÖZÜNÜİDARƏNİN TƏŞKİLATİ-HÜQUQİ ƏSASLARI
2.1 Azərbaycan Respublikasında yerli özünüidarənin təşkili..................................17
2.2 Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri..........................25
2.3 Vətandaşların yerli özünüidarədə iştirak formaları...........................................32
III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA YERLİ ÖZÜNÜİDARƏNİN FUNKSİONAL-HÜQUQİ ƏSASLARI
3.1 Bələdiyyələrin maliyyə fəaliyyəti......................................................................35
3.2 Bələdiyyələrin torpaq və su təsərrüfatı sahəsində idarəçiliyi............................39
3.3 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət......................................................41
NƏTİCƏ.................................................................................................................45
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT...............................................................48


GİRİŞ
Yerli özünüidarə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Təsadüfü deyil ki, 1995-ci ildə ümumxalq səsverməsi-referendumda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında yerli özünüidarəetməyə xüsusi bölmə ayrımışdır. Konstitusiyanın IV bölməsi “Yerli özünüidarəetmə” adlanır. Məhz bu baxımdan yerli özünüidarənin öyrənilməsi, onun tədqiqi böyük əhəmiyyətə malikdir.

Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil.1

Dövlət idarəçiliyi özünün miqyasına və realizə olunma xüsusiyyətinə görə iki əsas növə ayrılır: mərkəzi dövlət idarəçiliyi və yerli dövləd idarəçiliyi. Bu iki növün arasında duran regional idarəçilik də mövcuddur, lakin regional idarəçilik nadir hallarda xüsusi təşkilati formalara malik olur. Bu da onunla bağlıdır ki, idarəetmənin əsas funksiyaları regional səviyyədə deyil, mərkəzi və yerli səviyyə-də həyata keçirilir.

İdarəçilik sistem kimi təşkil olunan istənilən varlığın (sosial, bioloji və s.) ayrılmaz xüsusiyyətidir. İstər daxildən, istərsə xaricdən idarə olunmayan sistemin olması qeyri mümkündür. İdarəçilik növləri içərisində ən mürəkkəbi və çoxşaxəlisi dövlət idarəçiliyidir. Dövlətin qarşısında saysız-hesabsız problemlər durur. Bu problem-lərin müxtəlif təbiətliliyi, ictimai əhəmiyyət dərəcəsinin qeyri-bərabərliyi və s. həmin problemlərə müxtəlif yanaşma tələb edir. Dövlət bəzən bu qədər çox müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir və bu imkanlar bir çox hallarda düzgün bölüşdürülmür. Nəticədə dövlət üçün əlavə, mənfi nəticələr verən idarəçilik yükü ortaya çıxır. Bir növ dövlətin idarəetmə imkanlarına uyğun gəlməyən əlavə tənzimləmə sahəsi yaranır ki, dövlət bunun öhdəsindən çətinliklə gəlir. Bir çox hallarda da qarşıya qoyulan məqsədə nail olmaq olmur və ortaya yeni problemlər çıxır. Bundan yayınmağın ən faydalı yolu idarəçilik yükünün səmərəli şəkildə paylanmasıdır. Bu, dövlət idarəetməsində idarə olunan obyektlərin bəzilərinə özü-özünü idarəetmək imkanlarının veril-məsidir. Bunun üçün obyektin hansı sahələrdə, hansı həddə qərarlar qəbul edəcəyi müəyyənləşdirilir və dövlət operativ müdaxilə hüququnu saxlamaqla həmin sahəyə toxunmur.

Yerli özünüidarə sadəcə bu səbəbdən yaranmır. Yerli özünüidarəetmənin yaranması zərurəti həm də idarəetmənin özünün ümumi məqsədlərindən doğur. Hər bir idarəçilikdə məqsəd qarşıya qoyulmuş hədəflərə ən optimal, səmərəli üsullarla nail olmaqdır. Dövlət idarəetməsində də bu belədir və əsas üsullarından biri idarə olunan obyektin marağının nəzərə alınmasıdır. Bu zaman idarə olunanın marağının ödənilməsi qarşıya qoyulan məqsədlə və ya idarə edənin davranışı ilə əlaqələndirilir və nəticədə də idarə olunanın lazımi istiqamətdə müstəqil fəaliyyəti stimullaşdırılır. Bu zaman dövlət idarəetməsinin əsas funksiyalarından biri olan daimi nəzarət funksiyasını yerinə yetirməkdən qismən azad olur. Dövlət öz işlərinin bir hissəsini müəyyən subyektlərə verir və bununla da, idarəçilik resurslarına qənaət olunur, ikincisi, idarəçilik verilən subyektlərə məsələləri öz nöqteyi-nəzərincə və deməli, öz marağına uyğun həll etmək imkanı verməklə onun qarşıya qoyulan məqsədlərə çatmaq istəyini stimullaşdırır və beləliklə, özünü idarəetmənin səmərəli olması müəyyən qədər təmin olunmuş olur. Məlumdur ki, yerli problemləri həmin yerin sakinlərindən yaxşı kimsə bilə bilməz. Bilsə belə, bu problemin həllində onlar qədər maraqlı ola bilməz, o baxımdan ki, əldə ediləcək müsbət nəticədə yerli sakinlərin maraqları təmin olunacaq. Yerli əhalinin marağı şəxsi deyil, ictimai maraqdır və bu maraq ümumictimai maraqları təmin etməli olan dövlətin maraqları ilə üst-üstə düşür. Dövlət yerli sakinləri idarəçilikdə maraqlı etməklə özünün də maraqlarını ödəmiş olur. Bununla da dövlət idarəçilik imkanlarına qənaət edir və idarə olunan subyekt dövlətin maraqlarına daxil olan istiqamətdə hərəkət etməklə idarəçilik məqsədlərinə nail olmanı tezləşdirir. Yerli idarərəçilik dövlət orqanları tərəfindən həyata keçirilir. Bu zaman mərkəzdən verilən göstərişlər və özlərinin səlahiyyətləri çərçivəsində dövlət orqanları ərazinin problemlərini həll edirlər. Lakin yuxarıda göstərdiyimiz faktorlar (birincisi, dövlət idarəçilik imkanlarına qənaət, ikincisi, dövlətin idarəçilik yükünün azaldılması, üçüncüsü, idarəetmənin səmərəli olması və dövlətin maraqlarının ödənilməsi) dövləti idarəetmə funksiyası-nı müxtəlif qurumlarla bolüşdürməyə sövq edir. Nəticədə də yerli özünüidarəetmə ortaya çıxır.

Yerli özünüidarəetmə bütün deyilənlərdən göründüyü kimi dövləti fəaliyyətə yaxın fəaliyyətdir. Eyni ilə dövlət idarəçiliyi kimi bu idarəçilik də ictimai maraqların təmin olunmasına yönəlib. Bunu o da sübut edir ki, yerli özünüidarəetmə bir sıra sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən muxtariyyatın verilməsidir. Burada yerli kollektivin marağı stimullaşdıran vasitə kimi çıxış etməsinə səbəb odur ki, o, yerli kollektivə öz marağına uyğun davranış forması seçməyə imkan verir.

Mövzu üzərində işləyərkən ilk növbədə yerli özünüidarəetmə sahə üzrə mövcud nəzəri biliklər təhlil edilmişdir. Yerli özünüidarənin müstəqil Azərbaycan üçün yeni bir təsisat olmasını qəbul edərək bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu deyə bilərik. Biz də işimizdə bu istiqamətə xüsusi önəm vermişik.

İkinci və üçüncü fəsillər isə konkret olaraq Azərbaycanla, daha dəqiq desək Azərbaycan Respublikası qanunvericiliyi ilə bağlıdır. Yəni ikinci fəsildə Azərbaycan Respublikasında yerli özünüidarənin təşkililati və struktur məsələlərinə diqqət yetirilmişdir. Burada bələdiyyələr, bələdiyyə orqanları, onların vəzifəli şəxslərinin milli qanunvericiliyə əsasən anlayışı verilmiş, onların hüquqi statusu; hüquq və vəzifələri, normal fəaliyyətləri üçün təminatlar və s. göstərilmişdir. Eyni zamanda vətandaşların yerli özünüidarə iştirak formaları da məhz bu fəsildə verilmişdir. Üçüncü fəsildə isə bələdiyyələrin fəaliyyətinin əsas istiqamətləri haqqında şərh verilmişdir.



I FƏSİL.YERLİ ÖZÜNÜİDARƏETMƏNİN NƏZƏRİ ƏSASLARI
1.1 Yerli özünüidarənin anlayışı

Yerli özünüidarəetmənin vahid elmi anlayışı yoxdur və ayrı-ayrı müəlliflər tərəfindən müxtəlif cür izah edilir. Məsələn, İ.İ.Yevtixiev “sosial qruplar tərəfindən dövlətin daxili idarəetməsinin obyektiv hüququn sərhədləri daxilində idarəçilik mərkəzlərinin seçkilər vasitəsi ilə yaradılması və özünüidarəetmə orqanlarının muxtariyyəti şərtləri ilə sərbəst həyata keçirilməsi”, B.E.Nolde “ dövlətin funksiyalarının bu və ya digər dərəcədə müstəqil şəxs və ya təşkilat tərəfindən həyata keçirilməsi forması”, B.N.Çiçerin “təmsilçiliyin və məsuliyyətin yerli idarlərə təhvil verilməsi” kimi xarakterizə etmişlər.2

Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı başa düşülür. Bu anlayış 15 oktyabr 1985-ci ildə Avropa Şurası dövlətlərinə imzalamaq üçün təqdim edilmiş və 1 sentyabr 1988-ci ildə qüvvəyə minmiş “Yerli özünü-idarəetmə haqqında Avropa Xartiyası”nın 3-cü maddəsində verilmişdir. (28 dekabr 2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisində ratifikasiya edilmişdir) Göründüyü kimi, Xartiyada da birbaşa göstərilir ki, yerli özünüidarə dövlət işlərinin yerinə-yetirilməsidir. Lakin bu hər cür deyil öz mənafeyi naminə həyata keçirilən dövlət işlərin idarə olunmasıdır. Yəni yerli əhəmiyyətli məsələlərin həllini öz üzərinə götürməsidir. Başqa sözlə, dövlət yerli əhaliyə özünü idarə etmək imkanı verir. Əlamətlərdən biri də yerli özünüidarəetmənin qanun çərçivəsində və öz məsuliyyəti ilə həyata keçirməsidir. Məsuliyyət yerli özünüidarəetmənin atributiv əlaməti olan muxtariyyatdan yaranır. Muxtar subyekt davranışına görə yalnız özü məsuliyyət daşımalıdır. Anlayışa görə yerli özünüidarəetmə nizamasalma və idarəetmə hüququdur. Buradan aydın olur ki, yerli özünüidarəetmə, sadəcə, icraedici-sərancamverici (idarəetmək hüququ) fəaliyyəti deyil, müəyyən qədər normayaradıcılığını da özündə ehtiva edir. Məcburi qayda müəyyən etmədən yerli özünüidarə orqanlarının tam muxtar olacağını düşünmək qeyri-mümkündür. Xartiyadakı real bacarıq ifadəsi yerli özünüidarəetmənin təminatlarını nəzərdə tutur. Bu təminat həm hüquqi, həm də maddi olmalıdır. Belə ki, qanunvericilik səviyyəsində hüquqi təminatları olmayan və ya belə təminatı olub, lakin səlahiyyətlərinə uyğun maddi cəhətdən təchizatı olmayan yerli idarəçilik qarşıya qoyulan məqsədi tam ödəyə bilməz.

Yerli özünüidarəetməni, həqiqətən, özünüidarəetmə kimi təşkil edən onun formalaşma üsuludur. Yerli özünüidarəetmə ərazi kollektivinin və dolayısı ilə hər bir vətandaşın dövlətlə və cəmiyyətlə qarşılıqlı münasibətləribdə özünüifadə üsuludur. Tamamailə yuxarıdan təşkil edilməklə və təyinatla qurulan idarəçilik özünüidarə adlana bilər, lakin mahiyyətcə özünüidarəetmə ola bilməz. Odur ki, həm beynəlxalq aktlarda, həm də milli qanunvericilikdə yerli özünüidarəetmənin təşkili üsulu kimi əhali tərəfindən seçilmə göstərilir. Deyilənlərə əsasən yerli özünüidarəetmənin əsas əlamətlərini ayırmaq olar:



  1. Yerli özünüidarəetmə sistematik, ictimai fəaliyyət sferasıdır

  2. Bu fəaliyyət yerli sakinlərin mənafeləri ilə bağlıdır və bu mənafelər idarəetmənin səmərəliyi üçün nəzərə alınır

  3. Bu fəaliyyət qeyri-dövlət fəaliyyətidir

  4. Onu xüsusi subyektlər-seçkili qeyri dövlət orqanları həyata keçirir

Yerli özünüidarəetmə müəyyən prinsiplərə söykənir. Bu prinsiplər yerli özünüidarəetmənin təşkili ilə bağlı qanunvericilik konsepsiyasını, onun təşkili məqsədlərini, müstəqilliyinin əsaslarını özündə yığcam şəkildə əks etdirir. Prinsiplər ölkədən-ölkəyə fərqlidir, ancaq bir sıra prinsiplər vardır ki, onlar beynəlxalq hüquqi aktlarda təsbit olunublar. Bu prinsiplər yerli özünüidarəçiliyi özünüidarəetmə kimi xarakterizə edir və onların fəaliyyəti üçün zəruri minumum təminatları əks etdirir. Yerli özünüidarəetmənin əsas prinsiplərinə aşağıdakılar aiddir:

1) Yerli özünüidarəetmənin əsasları konstitusion səviyyədə təsbit olunur. Bu da təsadüfü deyil, konstitusion səviyyədə təsbit edilmə yeri özünüidarəetməyə nə qədər əhəmiyyət verdiyini göstərir və onun qanunvericilik bazasının sabitliyini təmin edən vasitə kimi çıxış edir. Cari qanunvericilik dəyişsə də, yerli idarəetmənin konstitusion səlahiyyətləri və konstitusion müddəalar dəyişə bilməz. Bu isə yeri idarəetmənin qanunvericiliyin və digər hakimiyyət orqanlarının dəyişən siyasətinin mənfi təsirinə məruz qalmaqdan xilas edir.

2) Yerli özünüidarəetmə öz səlahiyyətləri çərçivəsində tam müstəqil və sərbəstdir. Bu prinsip yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin toxunulmazlığında əks olunur. Onun səlahiyyətləri bir-başa konstitusiyada təsbit edilir və mürəkkəb dəyişdirilmə qaydasına malikdir. Bu səlahiyyətlər artırıla bilər (sadə üsulla, konstitusiyaya dəyişiklik edilmədən), amma heç bir orqan tərəfindən azaldıla bilməz və onların icrasına müdaxilə yolverilməzdir. Onun müstəqilliyi üçün qanunvericilik təşkilati, maliyyə və s. təminatlar nəzərdə tutur.

3) Yerli özünüidarəetmə yalnız seçkilər yolu ilə təşkil oluna bilər və ya ən azından mütləq seçkilər yerli özünüidarənin təşkilində mühüm rol oynamalıdır. Yerli özünüidarəetmə seçkilərlə təşkil olunmalıdır ki, ərazi əhalisinin etibar etdiyi və onu daha yaxşı tanıyan adamlar yeri idarəetməyə qoşula bilsinlər. Yerli özünüidarəetmənin səmərəliyi seçkilərdən birbaşa asılıdır. Seçkilərə qoyulan şərtlər və seçkilərin keçirilməsi qaydası digər hakimiyyət orqanlarına seçkilərin keçirilməsi qaydası ilə oxşardır.

4) Yerli özünüidarəetmənin fəaliyyətinin real təminatları. Yerli özünüidarəetməyə müxtəlif vasitələrlə müstəqil fəaliyyət göstərmək üçün imkan yaradılmalıdır. Bütün bu prinsiplər bir-biri ilə sıx bağlıdır və biri digərini tamamlayır. Məsələn, yerli idarəetmənin səlahiyyətlərinin toxunulmazlığı onun müstəqilliyini şərtləndirən amillərdən biridir və sonuncu prinsipi bunsuz tam mənası ilə başa düşmək qeyri-mümkündür.

Prinsiplər daim inkişafdadır və dəyişə bilər. Avropada yerli özünüidarəetmənin prinsiplərinə aşağıdakıları aid etmək olar:



  • yerli özünüidarəetmənin seçkilər əsasında formalaşması

  • yerli özünüidarəetmə subyektlərinə verilən səlahiyyətlərin onların fəaliyyətinə uyğun gəlməsi

  • yerli özünüidarəetmənin müdafiəsi

  • yerli özünüidarə işçilərinin yüksək muxtariyyəti

  • peşəkar və yaxşı hazırlanmış şəxsi heyət, münasib əmək haqqı

  • yerli özünüidarə nümayəndələrinin həvəsləndirilməsi, səlahiy-yətlərinin icrası üçün geniş imkanların verilməsi

  • yerli özünüidarəetmənin öz maliyyə vəsaitinin olması

Ayrı-ayrı ölkələrdə müxtəlif adla adlandırılmasına baxmayaraq, bir qayda olaraq, yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyə ərəb sözü olub “ölkə, ölkəni idarə edən yer” deməkdir. Bir çox Avropa dillərində bu sözün qarşılığı kimi “munisipasiya” və ya “munisipalitet” sözü işlədilir. Latın mənşəli bu söz qədim Roma imperiyasında bizim eranın III əsrindn başlayaraq işlədilmişdir. Roma imperiyasında İtaliyanın özündən kənarda yerləşən və ona tabe olan özünüidarəetmə hüququna malik, əhalisi qismən və ya tam həcmdə Roma vətandaşlığını qəbul etmiş şəhərlərə munisipasiya deyilirdi. O dövrdə şəhərlərin özünüidarə hüququ, indi qəbul olunduğu kimi, xalqın özünüidarəetmə hüququ ilə əlaqələndirilmirdi və təbiətinə görə demokratik deyildi. Bu yerli özünüidarəetmə zərurətdən doğurdu. Belə ki, İtaliya ərazisindən uzaqda yerləşən şəhərlərin mərkəzdən birbaşa idarə olunması çətinlik törədirdi və bu da yerli xarakterli işlərin idarə olunması üçün həmin şəhərlərə özünü idarə etmək imkanının verilməsini tələb edirdi.

Yerli özünüidarəetmə qədim tarixə malik olsa da özünüidarəetmənin demokratik vasitəsi kimi çox-çox sonralar formalaşıb. Bu mənada bələdiyyələr hüquqi dövlətə məxsus sosial təsisatın, vətəndaş cəmiyyətinin qurulmasında vasitədir.

Bələdiyyələr və ya seçkili yerli özünüidarə orqanları yerli özünüidarəetmə sisteminin tərkib hissəsidir. Bu sistem yalnız bələdiyyələrlə məhdudlaşmır. Yerli özünüidarəetmə sisteminə lokal xarakterli məsələləri əhalinin özü tərəfindən həll etməyə imkan verən üsul və vasitələr, o cümlədən yerli referendum, yerli seçkilər və sair aiddir. Bələdiyyələr özü bir sistem kimi müstəqildir və dövlət orqanları sisteminə birbaşa tabe deyil. Bələdiyyələrin öz aralarında tabeçilik münasibətləri yoxdur. Bələdiyyə idarəçilik sistemi həm seçkili orqanları, həm də onlara tabe olan yerli inzibati xidməti əhatə edir.


1.2 Yerli özünüidarə xalq hakimiyyəti forması kimi

Yerli özünüidarə orqanları istənilən demokratik quruluşun əsaslarından birini təşkil edirlər. Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ bütün dövlətlər üçün ümumi olan demokratik prinsiplərə aiddir. Bu hüquq bilavasitə məhz yerli səviyyədə həyata keçirilə bilər. Hər vətəndaş yaşadığı dövlətin konstitusiya quruluşundan asılı olmayaraq, istər bu, monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq - istər bu, federasiya olsun yaxud unitar dövlət olsun, özünü ilk növbədə yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir; o, burada onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər. Real hakimiyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilər. Özünüidarənin müdafiəsi və möhkəmləndirilməsi demokratiya və dövlətin desentralizasiyası prinsiplərinə uyğundur və bu, demokratik yolla yaradılmış və öz səlahiyyətləri, bu səlahiyyətlərin həyata keçirilməsi qaydası və bunun üçün lazımi vasitələr barədə geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunun zəruriliyini nəzərdə tutur.

Bunun üçün bir sıra şərtlərə əməl olunmalıdır:

1. Səlahiyyətlərin bölüşdürülməsi baxımından:



  • Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna uyğun olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.

  • Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, onların səlahiyyətlər dairəsindən çıxarılaraq digər hakimiyyət orqanının səlahiyyətinə verilməmiş hər hansı bir məsələ üzrə öz şəxsi təşəbbüslərinin həyata keçirilməsi üçün tam sərbəst hərəkət edə bilərlər.

  • Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

  • Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır. Bu səlahiyyətlər bu və ya digər mərkəzi, yaxud regional hakimiyyət orqanı tərəfindən yalnız qanun təyin etdiyi hüdudlar daxilində iddia edilə və ya məhdudlaşdırıla bilər.

  • Mərkəzi və ya regional orqanlar tərəfindən səlahiyyətlərin göndərilməsi zamanı yerli özünüidarə orqanları bu səlahiyyətlərin həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq üçün mümkün olduğu qədərində sərbəstliyə malik olmalıdır.

  • Bilavasitə yerli özünüidarə orqanlarına aid olan istənilən qərarların planlaşdırılması və qəbul edilməsi prosesində mümkün olduğu qədər, vaxtında və müvafiq formada bu orqanlarla məsləhətləşmək zəruridir.

2. Ərazi əsasları baxımından:

  • Yerli ərazi bölgüsü ilə əlaqədar hər hansı bir dəyişiklik zamanı öncədən müvafiq yerli özünüidarə orqanları ilə məsləhətləşmək zəruridir, qanunun yol verdiyi hallarda bu dəyişikliklər referendum keçirilməsi yolu ilə edilə bilər.

3. İnzibati struktur və vasitələrin yerli özünüidarə orqanlarının vəzifələrinə müvafiqliyi baxımından:

  • Yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik müddəalarını pozmadan özləri öz daxili inzibati strukturlarını müəyyən etmək imkanına malik olmalıdırlar ki, yerli tələbatlara cavab verə və səmərəli idarəetməni təmin edə bilsinlər.

  • Yerli özünüidarə orqanları qulluqçularının iş şəraiti elə olmalıdır ki, təcrübə və bacarığın nəzərə alınması prinsipi əsasında yüksəkixtisaslı kadrların seçilməsini təmin etmək mümkün olsun; buna görə peşə hazırlığı, əmək haqqının ödənilməsi və qulluq üzrə irəliləmə üçün müvafiq şəraitin təmin edilməsi zəruridir.

  • Yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin statusu baxımından

  • Yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin sərbəst həyata keçirilməsini təmin etməlidir.

  • Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar çəkilmiş xərclərinə müvafiq pul kompensasiyasını almağa, habelə zərurət yarandıqda, mənfəətə, yaxud qazanca görə müvafiq kompensasiya və müvafiq sosial sığortaya görə kompensasiya almağa ona imkan verməlidir.

  • Yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan funksiyalar və fəaliyyət yalnız qanunla və ya əsas hüquqi prinsiplərlə müəyyən edilə bilər.

4. Yerli özünüidarə orqanlarına inzibati nəzarət baxımından:

  • Yerli özünüidarə orqanları üzərində hər hansı inzibati nəzarət yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tutulmuş forma və hallarda həyata keçirilə bilər.

  • Yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati nəzarət bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət həmçinin yerli özünüidarə orqanlarının onlara verilmiş səlahiyyətləri necə yerinə yetirmələrinə yuxarıda duran hakimiyyət orqanlarının nəzarətini də əhatə edə bilər.

  • Yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə həyata keçirilməlidir ki, nəzarətedici orqanın müdaxilə dərəcəsi, bu müdaxilənin müdafiə etməyi nəzərdə tutduğu mənafenin əhəmiyyətinə uyğun olsun.

5. Yerli özünüidarənin maliyyəsi baxımından:

  • Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində öz funksiyalarını həyata keçirəcəkləri zaman sərbəst surətdə istifadə edə biləcəkləri kifayət qədər şəxsi maliyyə vəsaitinə malik olmalıdır.

  • Yerli özünüidarə orqanlarının maliyyə vəsaiti konstitusiyanın və qanunun onlara verdikləri səlahiyyətlərə uyğun olmalıdır.

  • Yerli özünüidarə orqanlarının maliyyə vəsaitinin ən azı bir hissəsi yerli rüsum və vergilərin hesabına daxil olmalıdır ki, bunların da ölçüsünü yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi hədlərdə təyin etməkdə haqlıdır.

  • Yerli özünüidarə orqanları vəsaitinin əsaslandığı maliyyə sistemləri kifayət qədər çeşidli və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı yaranmış xərclərin dəyişilməsi prosesini gerçək imkanlar daxilində izləmək mümkün olsun.

  • Maliyyə baxımından daha zəif yerli özünüidarə orqanlarının müdafiəsi yerli orqanların maliyyələşdirilməsinin potensial mənbələrinin və onların üstündə olan xərclərin qeyri-bərabər bölüşdürülməsi nəticələrinin təshih edilməsi üçün nəzərdə tutulmuş maliyyə tarazlaşdırılması prosedurunun və ya ekvivalent tədbirlərin işə salınmasını tələb edir. Bu cür prosedur və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri daxilində seçmək azadlığını məhdudlaşdırmamalıdır.

  • Yenidən bölüşdürülmüş vəsaitin verilmə qaydasının yerli özünüidarə orqanları ilə lazımi surətdə razılaşdırılması zəruridir.

  • Yerli özünüidarə orqanlarına maliyyə yardımının verilməsi imkan daxilində konkret layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Maliyyə yardımının verilməsi yerli özünüidarə orqanlarının öz şəxsi səlahiyyətləri sahəsində öz siyasətini seçmək azadlığının ziyanına olmamalıdır.

6. Hüquqi mudafiə baxımından:

  • Yerli özünüidarə orqanları onların öz səlahiyyətlərini sərbəst surətdə həyata keçirilməsini və ölkənin Konstitusiya və qanunvericiliyi ilə təsbit edilmiş yerli özünüidarə prinsiplərinə əməl edilməsini təmin etmək üçün məhkəmə müdafiəsi hüququna malik olmalıdır.

7. Yerli özünüidarə orqanlarının birləşmək hüququ baxımından:

  • Yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata keçirərkən, ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi məqsədilə digər yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək və qanunun müəyyən etdiyi hüdudlar daxilində, onlarla birləşmək hüququna malik olmalıdır.

  • Hər bir dövlətdə yerli özünüidarə orqanlarının ümumi mənafelərin müdafiəsi və irəliləyişi naminə birliklərə və yerli özünüidarə orqanlarının beynəlxalq birliyinə daxil olmaq hüququ tanınmalıdır.

  • Yerli özünüidarə orqanlarına qanunun müəyyən edə biləcəyi şərtlər əsasında, digər dövlətlərin bu cür orqanları ilə əməkdaşlıq etmək hüququ verilməlidir.


Каталог: referatlar -> huquq
huquq -> Lisenziyalarla mübadilə üzrə beynəlxalq möqavilələrin növləri və məzmunu
referatlar -> Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları
referatlar -> Recept: 4 zuvala hamir uchun: 2 ta tuhum,800gr suv,ta`bga ko`ra tuz. 1kilo ot goshti,1 kilo mol goshti,zira. 600gr yog`.
referatlar -> Auditin yaranması və təşəkkül tapması
huquq -> Mülki hüququn predmeti və prinsipi
huquq -> Idarəetmənin anlayışı, xüsusiyyətləri, üsulları və funksiyaları
huquq -> Psixi proseslərin sistemi. Duyğu və qavrayış
huquq -> ƏZİzov ceyhun Həmid oğlu, bdu-nun Cinayət hüququ və кriminоlogiya kafedrasının magistrantı qulluğa səHLƏnkar yanaşma cinayəTİ: problemlər və TƏKLİFLƏR


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə