5. Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası
43. Sənədlərə aşağıdakı əlavələr ola bilər:
43.1. müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr;
43.2. əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr;
43.3. müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr.
Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrdə sənəd üçün zəruri olan elementlərin hamısı (adı, başlığı, məzmun üçün məsul olan şəxslərin imzaları, razılaşdırma, təsdiqetmə haqqında qeydlər və s.) olmalıdır.
44. Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edilən əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin “__”________il tarixli ____nömrəli əmri ilə təsdiq edilmişdir. [31]
Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən, lakin həmin sənədlə təsdiq edilməyən əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin “__”_________il tarixli ____ nömrəli əmri ilə təsdiq edilmiş Təlimata 1 nömrəli əlavə [32]
Sərəncam mahiyyətli sənədə həmin sənədlə təsdiq edilməyən bir neçə əlavə olduqda, onların sıra nömrələri ardıcıllıqla yazılır (“... 2 nömrəli əlavə”, “... 3 nömrəli əlavə” və s.).
45. Əgər sənədlərə (sərəncam mahiyyətli sənədlər istisna olmaqla) mətndə adı çəkilən qoşmalar vardırsa, qoşmanın mövcudluğu haqqında qeyd mətndə sənəddəki imzadan əvvəl aşağıdakı formada tərtib edilir:
Qoşma: 20 vərəq, 3 nüsxə.
Əgər sənədə mətndə adı çəkilməyən qoşmalar əlavə edilmişsə, onların adları qoşma haqqında qeyddə vərəqlərin və nüsxələrin miqdarı göstərilməklə sadalanır (məsələn:
Qoşma: 1._______________ illərə aid daimi mühafizə olunan işlərin siyahısı
- 5 vərəq, 4 nüsxə. [33] 2. ______________illərə aid vaxtı keçmiş sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt - 2 vərəq, 3 nüsxə).
Əgər əsas sənədə qoşması olan sənəd əlavə edilirsə, əlavənin mövcudluğu haqqında qeyd aşağıdakı formada tərtib edilir:
Qoşma: (sənəd növünün, təşkilatın və ya sənəd tərtib edənin adı, sənədin tarixi və nömrəsi) və ona əlavə: cəmi 5 vərəq.
Əgər qoşmalar kitab şəklində bağlanmışdırsa, vərəqlərin miqdarı göstərilmir.