Maddə 7. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları 7.1. Azərbaycan Respublikasının Dövlət Himninin hərbi qulluqçular tərəfindən ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi” ilə, xüsusi rütbəli şəxslərə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının (Prezidentin)müəyyən etdiyi orqanlar (qurumlar)(FHN,Ədliyyə Nazirliyi,DİN,Gömrük Komitəsi,Miqrasiya Xidməti) tərəfindən müəyyən edilir.
7.2. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” ilə tənzimlənir.
7.3. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının(Prezidentin) müəyyən etdiyi orqan (qurum)(NK) tərəfindən müəyyən edilir.
7.4. İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir.
7.5. Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.
7.6. Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir.
7.7. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir.