19
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
Respublikamızda yeni hazırlanan kurikulumun başlıca məqsədlərindən biri də
dünyanı və özünü dərk edə bilən aydın təfəkkürə, geniş dünyagörüşə malik
şəxsiyyətin formalaşdırılmasıdir. Elə buna görə də şagirdlərə dünya haqqında
doğru, dürüst məlumatlar verilməlidir.
Məlumdur ki, dünya tam və bütövdür. Yəni burada maddi və mənəvi nə varsa
bir-biri ilə qarşılıqlı əlaqədədir. Belə olduqda canlılar aləmindən bəhs edən
biologiya fənni üzrə şagirdlərin əldə etdikləri bilik və bacarıqlar da digər elmlərlə
məntiqi əlaqəyə əsaslanmalıdır.
Bu baxımdan biologiya fənn kurikulumunun hazırlanması zamanı canlı
orqanizmlərin quruluşu, bioloji proseslər, canlıların bir-birilə və ətraf aləmlə
əlaqəsi haqqında bilik və bacarıqların, fizika, kimya, coğrafiya və s. elmlərlə
əlaqəli şərhi diqqət mərkəzində saxlanılmışdır.
Biologiya fənninin təlimində inteqrasiya iki istiqamətdə həyata keçirilir:
Fəndaxili (üfüqi, şaquli) inteqrasiya
Fənlərarası inteqrasiya
Fənndaxili inteqrasiya
Fənndaxili inteqrasiya ənənəvi təhsil sistemindən fərqli olaraq biologiya fənn
kurikulumunda canlılar aləmi barədə bilik və bacarıqlar biologiyanın sahələrinin
(botanika, zoologiya, insanın anatomiya, fiziologiya və gigiyenası, ekologiya və s.)
ayrı-ayrılıqda təqdim edilməsi ilə deyil, canlıların quruluşunun, onlarda baş verən
fiziki, kimyəvi, bioloji proseslərin, canlıların bir-biri ilə, ətraf mühitlə qarşılıqlı
əlaqəsinin vəhdəti kimi təqdim edilmişdir. Bununla da canlılar aləminin və
bütövlükdə dünyanın vahid bir sistem kimi qavranılmasına nail olmaq mümkün
hesab edilmişdir.
20
Bu bilik və bacarıqlar hər bir təhsil səviyyəsində şagirdin yaşına və əvvəllər
əldə etdiyi bilik və bacarıqlara uyğun olaraq təqdim edilir. Hər sinifdə əvvəlki
mərhələdə verilən biliklərin genişləndirilməsi və dərinləşdirilməsinin nəticəsi
olaraq “spiralvari” prinsipə əməl edilir.
Ümumi orta təhsil səviyyəsinin VI sinfində şagirdlər canlılara xas əlamətlər,
canlıların quruluşu, orqanizmlərin təşkili səviyyələri, bioloji proseslərin
xüsusiyyətləri, bitki və heyvanların insan sağlamlığında rolu, onlara qulluq barədə
sadə bilik və bacarıqlara yiyələnirlər.
VII sinifdə artıq konkret olaraq canlıların müxtəlifliyi, təsnifatı, müxtəlif
orqanizmlərdə gedən həyati proseslər, müxtəlif canlıların insan orqanizmində
törətdiyi xəstəliklər, dərman bitkilərindən təyinatına görə istifadə, respublikanın
flora və faunasının qorunma yolları ilə bağlı bilik və bacarıqların formalaşdırılması
nəzərdə tutulur.
VIII sinifdə insan orqanizminin bir vahid kimi qavranılması məqsədi ilə insan
orqanizminin hüceyrəvi quruluşunun, orqanizm üçün zərərli olan vərdişlərin,
zədələnmələr və xəstəliklər zamanı ilkin yardım göstərilməsinin əhəmiyyəti nəzərə
alınmaqla, formalaşdırılacaq bacarıqlar insan orqanizmi barədə verilən digər
məlumatlardan önə keçirilmişdir. Beləliklə, şagirdə ümumi orta təhsil səviyyəsində
VI - VIII siniflərdə biologiya fənni üzrə canlılar, onların quruluşu, həyatı
xüsusiyyətləri, bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsi o cümlədən insanın
biososial mahiyyəti haqqında zəruri bilik və bacarıqlar məntiqi ardıcıllıqla və
inkişaf etdirilməklə təqdim edilir.
IX sinfin sonunda ümumi orta təhsil səviyyəsi başa çatır. Bunu nəzərə alaraq
IX sinifdə bioloji bilik və bacarıqlar fənnin əhatə etdiyi bioloji qanunauyğunluqların
tədrisi ilə yekunlaşdırılır. Canlıları öyrənən digər elm sahələri- sitologiya,
histologiya, biokimya elmləri, canlıların kimyəvi tərkibi, irsi xəstəliklər, reproduktiv
sağlamlıq, insanın ali sinir fəaliyyətinin mexanizmləri, regional ekoloji problemlər
bu sinifdə bir qədər sadə, lakin əlaqələndirilmiş formada verilir.
Nəticədə ümumi orta təhsil səviyyəsində (VI–IX siniflərdə) canlıların
quruluşu, təsnifatı, həyati prosesləri, insan və onun sağlamlığı, biologiyanın
ümumi qanunauyğunluqları əlaqələndirilərək bir sistem halında tədris edilir.
Ümumi orta təhsil səviyyəsində canlılar barədə sistemli biliklər tam orta təhsil
səviyyəsinin X–XI siniflərində genişləndirilir və dərinləşdirilir.
X sinifdə bakteriyalardan başlayaraq insana qədər canlıların bütün təsnifat
səviyyələri əhatə olunmaqla daxili və xarici quruluşu, qidalanması, tənəffüsü,
orqanizmlərdə suyun və digər maddələrin daşınma xüsusiyyətləri və s. proseslər
21
müqayisəli təqdim edilir. Bununla da canlıların bir sistem təşkil etdiyi, sadədən
mürəkkəbə doğru inkişafı və dəyişiklikləri, orqanizmin quruluşu və həyati
xüsusiyyətlərində mükəmməlləşmə haqqında şagirdlərdə tam təsəvvür yaranmış
olur.
X sinifdə canlıların çoxalması və inkişafı, hüceyrənin elektron mikroskopu
səviyyəsində quruluşu, onun kimyəvi tərkibi, canlıların təkamülü və təkamülün
dəlilləri, qlobal ekoloji problemlər, ekoloji tarazlığın qorunması, yoluxucu
xəstəliklər məlumat verilir. XI sinifdə seleksiya onun qanunları, biotexnologiya,
bionika, regional ekoloji problemlər, sağlam ailənin qurulmasında sağlam həyat
tərzinin rolu ilə bağlı bilik və bacarıqlar əhatə olunur, bioloji qanunauyğunluqlar
daha elmi və məntiqi əsasda şagirdlərə çatdırılmaqla biologiya fənninin tədrisi
yekulaşdırılır. XI sinfin sonunda canlılar aləmi haqqında geniş məlumata malik olan
şagird gələcəkdə biologiya elminin hər hansı sahəsi üzrə elmin dərinliklərinin
öyrənilməsinə hazırlanır.
Dostları ilə paylaş: |