Azərbaycan respublikasinin



Yüklə 0,76 Mb.
səhifə14/15
tarix02.01.2022
ölçüsü0,76 Mb.
#39758
1   ...   7   8   9   10   11   12   13   14   15
Azərbaycan Respublikasının Konstitusiyası

Hüquq və qanun

X fəsil


Qanunverİcİlİk sİstemİ

Maddə 147. Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi

I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.



Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar

I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1) Konstitusiya;

2) referendumla qəbul edilmiş aktlar;

3) qanunlar;

4) fərmanlar;

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.

IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.

V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.



Maddə 149. Normativ hüquqi aktlar

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

Maddə 150. Bələdiyyə aktları

I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.

II. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.


XI fəsil

Azərbaycan Respublİkasının Konstİtusİyasında dəyİşİklİklər



Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.



Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.



Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.



Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.


XII fəsil

Azərbaycan Respublİkasının Konstİtusİyasına əlavələr



Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.

III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.

V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.



Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.



Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.


Keçİd müddəaları

1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.

2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir.

3. Bu Konstitusiyanın 101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.

4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.

1995-ci il avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.

6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş sәlahiyyәtlәri yerli icra hakimiyyəti orqanları həyata keçirir.

7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.

8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.

10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir. Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.

11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.

12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin