Azərbaycan Respublikasının Ailə Məcəlləsi Qəbul edilmişdir: 28 dekabr 1999-cu IL, №781-iq


II bölmƏ NİKAHIN BAĞLANMASI VƏ NİKAHA XİTAM VERİLMƏSİ



Yüklə 0,67 Mb.
səhifə2/8
tarix06.03.2017
ölçüsü0,67 Mb.
#10452
1   2   3   4   5   6   7   8

II bölmƏ
NİKAHIN BAĞLANMASI VƏ NİKAHA
XİTAM VERİLMƏSİ

III fƏsil
Nikahın bağlanma qaydası vƏ şƏrtlƏri


Maddə 9. Nikahın bağlanma qaydası[1]
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

9.2. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər (AR-in 22 oktyabr 2002-ci il və 9 oktyabr 2007-ci il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 11 dekabr 2002-ci il; «Azərbaycan» q., 28 noyabr 2007-ci il).

Maddə 10. Nikah yaşı

10.1. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş 18 yaş (18) müəyyən olunur.

10.2. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Maddə 11. Nikahın bağlanma şərtləri

11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir.

11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

Maddə 12. Nikahın bağlanmasına mane olan hallar

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar);

12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.



Maddə 13. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi

13.1. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

13.2. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

13.3. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.


IV fƏsil
Nikaha xitam verilmƏsi


Maddə 14. Nikaha xitam verilməsinin əsasları

14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

14.2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.



Maddə 16. Nikaha xitam verilməsi qaydası

Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.



Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi

17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

17.2.1. Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

17.2.2. Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

17.2.3. Ər (arvad) cinayət törətməyə görə ən açı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.



17.3. Nikahın pozulması və bu barədə şəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).



Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması

Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq, məhkəmə qaydasında baxılır.



Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması

19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Maddə 20. Ərin (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması

21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür.

21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.



Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər

22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

22.2.3. Ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

22.2.4. Ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.



Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı

23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.

Maddə 24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası

24.1. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

V fƏsil
Nikahın etibarsızlığı


Maddə 25. Nikahın etibarsız sayılması

25.1. Bu Məcəllənin 10—12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər

26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:

26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı;

26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);

26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);

26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;

26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);

26.1.6. bu Məcəllənin 26.1.4— 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;

26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);

26.1.8. bu Məcəllənin 13.3-cü maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).

26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır.

Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar

27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.

27.2. Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər.

27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.

27.4. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.

Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri

28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla, etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır.

28.2. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.

28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi etibarsız sayılır.

28.4. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir.

28.5. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər.

28.6. Ər (arvad) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər.

28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman seçdiyi soyadı saxlaya bilər.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin