Maddə 53. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerlərinə göndərilməsi
53.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və ya cəzaları bu cəza növü ilə əvəz edilmiş şəxslər cəzanın icrası yerlərinə müstəqil gedirlər. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti və ya icra məmuru məhkəmənin hökm və ya qərardadına əsasən məhkuma cəzanın icrası yerinə getmək haqqında göstəriş təqdim edir. Göstərişi alan məhkum göstərişdə müəyyən edilən vaxtda cəzanın icrası yerinə gəlməlidir.
53.2. Məhkum cəzanın icrası yerinə getmək haqqında göstərişi almaqdan və ya cəzanın icrası yerinə getməkdən, habelə digər formada cəzanın çəkilməsindən boyun qaçırarsa, bu halda məhkum məhkəmənin qərarı ilə polis orqanları tərəfindən yeddi gün müddətinə tutulur.
53.3. Tutulduqdan sonra məhkum, müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunan şəxslər üçün müəyyən edilmiş qaydada cəzanın icrası yerinə göndərilir və onun cəza çəkməkdən qərəzli boyun qaçırması müəyyən edildikdə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verilir.
53.4. Xüsusi müəssisənin müdiriyyəti tərəfindən məhkum qeydiyyata alındıqdan sonra ona beş gün müddətədək ailəsi ilə görüşmək üçün icazə verilə bilər.
53.5. Ailəsi ilə görüşməyə icazə verilmiş məhkum müəyyən olunmuş vaxtda xüsusi müəssisəyə qayıtmadıqda məhkəmənin qərarı ilə polis orqanı tərəfindən tutulur.
Dostları ilə paylaş: |