X fəsil. Cəzaçəkmə müəssisələrində rejim
Maddə 74. Cəzaçəkmə müəssisələrində rejim və onun əsas tələbləri
74.1. Cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini, onların hüquq və azadlıqlarının həyata keçirilməsini, işçi heyətinin və məhkumların şəxsi təhlükəsizliyini, müxtəlif kateqoriyalı məhkumların bir-birindən ayrı saxlanılmasını, cəzaçəkmə müəssisəsinin məhkəmə tərəfindən təyin edilmiş növündən asılı olaraq, müxtəlif saxlanılma şəraitini, cəzanın icrası şərtlərinin dəyişdirilməsini təmin edir.
74.2. Cəzaçəkmə müəssisələrində müdiriyyət tərəfindən cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında nəzərdə tutulmuş və məhkumlar üçün yerinə yetirilməsi məcburi olan gün bölgüsü müəyyən edilir.
74.3. Cəzaçəkmə müəssisələrində məhkumlar müəyyən olunmuş eyni formalı paltar geyinirlər. Geyim forması cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
74.4. Cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə, həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır.
74.5. Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.
74.6. Bu Məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla digər əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə, onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu Məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır. (16)
Dostları ilə paylaş: |