Maddə 308-2. Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə
308-2.1. Satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda —
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.2. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda —
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.3. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda —
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda —
cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində «xeyli miqdar» dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində «külli miqdar» dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində «satınalan təşkilat» dedikdə, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür. (123)