Maddə 333. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə—
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.2. Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.3. Zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan artıq, lakin üç aydan çox olmayaraq törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi—
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.6. Bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.