Maddə 76. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə
76.1. Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması (bax), intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.
76.4-1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır.
76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:
76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə (bax) və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur);
76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. (61, 63, 131)