Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. (131)
Maddə 74-1. Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə
74-1.1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
74-1.2. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında bu Məcəllənin 75.1-ci maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir. (bax) (131)