334.1. Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.2. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.