344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 345. Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma
345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.