1990-cı illərdə Azərbaycan tam olaraq SSRİ və onun varisi olan Rusiya silahından, hərbi texnikasından asılı vəziyyətdə idi. Həmçinin, Azərbaycan Respublikası yeni müstəqillik əldə etdiyi dövrdə ordu quruculuğu aşağı səviyyədə idi. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanun qəbul etmişdi. Onun ilk hissələri dekabrın 8-də cəbhəyə yola salınmışdı. İlk vaxtlar könüllülük əsasında qurulmuş, təcrübəli hərbçiləri az olan orduda ciddi nizam-intizam yaratmaq mümkün deyildi. Hərbi hissələrə müxtəlif siyasi qüvvələrin təsiri böyük idi. Bəzi ictimai təşkilatların, məsələn, AXC-nin, hətta ayrı-ayrı şəxslərin hərbi dəstələri vardı. Hərb sənətini mükəmməl bilən sərkərdələr çatışmırdı. Baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə pozuculuqla məşğul olan satqınlar soxula bilmişdi. Güclü informasiya axınına yol verilirdi. Orduda korrupsiya baş alıb gedirdi. Hərbi hissələrdən silah, sursat, yanacaq oğurlanır, hətta düşmənə satılırdı. Fərariliyə qarşı ciddi mübarizə aparılmırdı.
Bu sahədə xalqın maraqlarına cavab verən dönüşə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə nail olmaq mümkün oldu. Azərbaycan müstəqil olmadığı zaman qəhrəmanlıq ənənələrimizin davam etdirilməsi, zəngin hərb tariximizin canlandırılması, gənclərin bu qəhrəmanlıq nümunələri üzərində tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi fikirləri həmişə ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun ən yaxşı ənənələrini yeni səviyyədə, yüksək keyfiyyətdə davam etdirən müasir ordumuzun əsasını da məhz ulu öndər Heydər Əliyev qoymuşdur. Bu istiqamətdə köklü dəyişikliklər isə onun radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciətindən başlayır. Bu tarixi müraciətdən sonra ordu quruculuğu sahəsində başlanan uğurlu işlər atəşkəs dövründə daha yaradıcı şəkildə davam etdirildi və qısa müddətdən sonra Azərbaycan Ordusu çox qüdrətli bir qüvvəyə çevrildi. Prezident Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini çox böyük məmnunluqla qeyd etmişdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətmizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır". Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, yaradılmasının 100-cü ildönümü ərəfəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu dövlət quruculuğunun prioritet istiqamətinə çevrilmişdir. Nəticədə, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsində, onun dünyanın ən müasir silah və hərb texnika ilə təchiz edilməsində, ordunun infrastrukturunun yenilənməsində, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsində keyfiyyətcə yeni bir mənzərə meydana çıxmışdır. 2005-ci il dekabrın 16-da yaranan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi hərbi məhsullardan İnam, Zəfər-K və Zəfər tapançalarını, müxtəlif mm-lik minaatanları, əl qumbaraatanı, tüstü qumbarasını, qəlpəli minalı atəş yığımını və s. qeyd etmək olar. 2014-cü ildə Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısı idi. Azərbaycan silahları əsasən İsrail, Türkiyə, Ukrayna, Belarus, Rusiya və Pakistandan idxal edir. 2021-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 64-cü yerdə qərarlaşıb. 2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.İkinci Qarabağ müharibəsi zamanı ordumuz məhz Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü tədbirlərin nəticəsində qalib gəldi. Ordumuzdakı ruh yüksəkliyi və vətən sevgisi bütün müharibə dövrü ərzində özünü daha qabarıq şəkildə göstərdi. Bu gün inkişafının ən yüksək səviyyəsində olan Azərbaycan Ordusu həm də AXC ordusunun ən yaxşı ənənələrinə yeni bir məzmun verməklə müstəqilliyimizin qarantına çevrilmişdir.