Maddə 1203. Məcburi pay almaq hüququndan məhrumetmə
1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
Maddə 1204. Məcburi payın vəsiyyət üzrə vərəsələrə keçməsi
Məcburi pay almaq hüququndan məhrum edilmiş vərəsənin payı vəsiyyət üzrə vərəsələrə keçir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).
LXVII fƏsil
VƏsiyyƏt tapşırığı (leqat)
Maddə 1205. Vəsiyyət tapşırığı anlayışı
Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı — leqat).
Maddə 1206. Vəsiyyət tapşırığının predmeti
Vəsiyyət tapşırığının predmeti miras əmlaka daxil olan əşyaların vəsiyyət tapşırığını alanın (leqatarinin) mülkiyyətinə, istifadəsinə və ya digər əşya hüququ ilə verilməsi, mirasa daxil olmayan əmlakın əldə edilməsi və ona verilməsi, müəyyən işin görülməsi, xidmətlərin göstərilməsi və i.a. ola bilər.
Maddə 1207. Vəsiyyət tapşırığına əsasən yaşayış otağından istifadə
Vəsiyyət edən yaşayış evinin, mənzilin və ya digər yaşayış otağının keçdiyi vərəsənin üzərinə miras açılanadək bir ildən az olmayan müddətdə miras qoyanla birlikdə yaşamış şəxsə otaqdan və ya onun müəyyən hissəsindən ömürlük istifadə hüququ vermək vəzifəsini qoya bilər. Yaşayış otağına mülkiyyət hüququ sonradan başqasına keçdikdə ömürlük istifadə hüququ qüvvədə qalır.
Maddə 1208. Yaşayış otağından ömürlük istifadə hüququnun özgəninkiləşdirilməməsi
1208.1. Yaşayış otağından ömürlük istifadə hüququ özgəninkiləşdirilmir və vəsiyyət tapşırığını alanın vərəsələrinə keçmir.
1208.2. Əgər vəsiyyətnamədə ayrı hal nəzərdə tutulmayıbsa, yaşayış otağından ömürlük istifadə hüququ vəsiyyət tapşırığını alanın ailə üzvlərinin həmin otaqda yaşamasına əsas vermir.
Maddə 1209. Vəsiyyət tapşırığının icra hədləri
Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vərəsə həmin tapşırığı, miras qoyanın borclarından ödəməli olduğu hissəni çıxmaqla, vəsiyyət edilmiş mirasın həqiqi dəyəri hədlərində icra etməlidir.
Maddə 1210. Vəsiyyət tapşırığının başqa vərəsələr tərəfindən icrası
Əgər vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsə miras açılanadək ölərsə və ya mirasdan imtina edərsə, vəsiyyət tapşırığını icra etmək vəzifəsi onun payını almış digər vərəsələrə keçir, bu şərtlə ki, vəsiyyətdən ayrı hal irəli gəlməsin.
Maddə 1211. Vəsiyyət tapşırığının icrasına xitam verilməsi
Vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsənin öldüyü halda, əgər vəsiyyət tapşırığının icrası onun iştirakı olmadan mümkün deyildirsə, vəsiyyət tapşırığını icra etmək öhdəliyinə xitam verilir.
Maddə 1212. Vəsiyyət tapşırığının mirasdakı paya mütənasib surətdə icrası
Vəsiyyət tapşırığının icrası bir neçə vərəsəyə həvalə olunduqda, əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, onlardan hər biri vəsiyyət tapşırığını mirasdakı payına mütənasib surətdə icra edir.
Maddə 1213. Vəsiyyət tapşırığının icrası müddəti
Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığının miras açılan gündən hesablanan üç illik iddia müddəti ərzində icra olunmasını tələb edə bilər.
Maddə 1214. Məcburi pay alınarkən vəsiyyət tapşırığı
Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vəsiyyət üzrə vərəsənin məcburi pay almaq hüququ da olduqda, o, vəsiyyət tapşırığını yalnız vəsiyyət edilmiş əmlakın məcburi paydan əlavə aldığı hissəsi həddində icra edir.
Maddə 1215. Vəsiyyət tapşırığını alanın məsuliyyəti
Vəsiyyət tapşırığını alan miras qoyanın borcları üçün məsuliyyət daşımır.
Maddə 1216. Vəsiyyət tapşırığından imtina
Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığını qəbul etməkdən imtina edə bilər. Bu halda mirasın müvafiq hissəsi vəsiyyət tapşırığının həvalə olunacağı vərəsəyə qalır.
Maddə 1217. Vəsiyyət tapşırığının icrasından azad edilmə
Əgər vəsiyyət tapşırığını alan onu qəbul etməkdən imtina edərsə, vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsə onu icra etmək vəzifəsindən azad edilir.
Maddə 1218. Vəsiyyət tapşırığının vərəsələrə keçməsi
Əgər vəsiyyət tapşırığını alan miras açıldıqdan sonra vəsiyyət tapşırığının qəbuluna razılıq verməyə macal tapmadan ölərsə, vəsiyyət tapşırığını almaq hüququ tapşırığı onun əvəzinə qəbul edəcək vərəsələrinə keçir.
Maddə 1219. Ümumi faydalı məqsədlər üçün vəsiyyət tapşırığı
1219.1. Vəsiyyət edən vərəsəyə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasını tapşıra bilər. Bu hərəkət həm əmlak, həm də qeyri-əmlak xarakteri daşıya bilər.
1219.2. Əgər tapşırılmış hərəkət əmlaka aiddirsə, vəsiyyət tapşırığını tənzimləyən normalar tətbiq edilir.
1219.3. Vəsiyyətdə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasının tapşırıldığı vərəsənin öldüyü halda bu öhdəliyin icrası mirası qəbul etmiş digər vərəsələrə keçir.
1219.4. Vərəsəyə tapşırılmış hərəkətin icrasını ondan vəsiyyətnamənin icraçısı, beləsi olmadıqda isə hər hansı vərəsə, habelə maraqlı siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı və dini təşkilat, fond, dövlət hakimiyyəti və ya yerli özünüidarə orqanları məhkəmə yolu ilə tələb edə bilərlər.
LXVIII fƏsil
VƏsiyyƏtnamƏnin dƏyişdirilmƏsi vƏ ya lƏğvi
Maddə 1220. Vəsiyyətnamənin dəyişdirilməsi imkanları
1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
1220.0.2. notariat orqanına ərizə verməklə;
1220.0.3. vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
Maddə 1221. Ləğv edilmiş vəsiyyətnamənin bərpasının yolverilməzliyi
Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz.
Maddə 1222. Bir neçə vəsiyyətnamə
Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır.
Maddə 1223. Notariat vəsiyyətnaməsinin üstünlüyü
1223.1. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.
1223.2. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
Maddə 1224. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları
1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür:
1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə;
1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə;
1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə.
Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı
1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Maddə 1226. Ayrı-ayrı vəsiyyət sərəncamlarının etibarsızlığı
1226.1. Mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır.
1226.2. Əgər kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət edilmişdirsə, vəsiyyətnamənin bu cür sərəncamı etibarsızdır.
1226.3. Vərəsənin mirası müəyyən dövr üçün və ya miras qoyanın öldüyü gündən deyil, sonralar alacağı barədə, habelə vərəsənin ölümündən sonra mirasın kimə keçməli olduğu barədə vəsiyyət sərəncamı etibarsızdır.
Maddə 1227. Vəsiyyət sərəncamının icrasının qeyri-mümkünlüyü nəticəsində etibarsızlığı
Vəsiyyət sərəncamı vərəsə tərəfindən sağlamlıq vəziyyətinə və ya digər obyektiv səbəblərə görə yerinə yetirilə bilmədikdə vərəsənin iddiası üzrə etibarsız sayıla bilər.
Maddə 1228. Vəsiyyət sərəncamlarından birinin etibarsızlığının nəticələri
Əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır.
Maddə 1229. Vəsiyyətnamənin etibarsızlığı halında mirasın alınması
Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər.
Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi
Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
Maddə 1231. İddia verilməsi müddəti
1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.
1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.
LXIX fƏsil
VƏsiyyƏtnamƏnin icrası
Maddə 1232. Vəsiyyətnamənin icrası subyektləri
Vəsiyyətnamədə göstərişin olmadığı halda onun icrası vəsiyyət üzrə vərəsələrin öhdəsinə qoyulur. Vərəsələr vəsiyyətnamənin icrasını qarşılıqlı razılaşmaya əsasən özlərindən birinə və ya başqa şəxsə etibar edə bilərlər.
Maddə 1233. Vəsiyyətnamənin icraçısının təyin edilməsi
Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.
Maddə 1234. Vəsiyyətnamənin icrasından imtina
Vəsiyyətnamənin icraçısı vəsiyyət edənin onun öhdəsinə qoyduğu vəzifədən istənilən vaxt imtina edə bilər. Bu barədə o, vəsiyyət üzrə vərəsələri qabaqcadan xəbərdar etməlidir.
Maddə 1235. Vəsiyyətnamənin icraçısının üçüncü şəxs tərəfindən təyin edilməsi
Vəsiyyət edən vəsiyyətnamənin icraçısını təyin etməyi üçüncü şəxsə tapşıra bilər. Həmin şəxs miras açıldıqdan sonra dərhal vəsiyyətnamənin icraçısını təyin etməli və bu barədə vərəsələrə məlumat verməlidir. O, həmin tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə də o, vərəsələrə ləngimədən məlumat verməlidir.
Maddə 1236. Vəsiyyətnamənin tamamilə və ya qismən icrası
Vəsiyyətnamənin icraçısına vəsiyyətnaməni tamamilə və ya onun ayrı-ayrı sərəncamlarını icra etmək tapşırıla bilər.
Maddə 1237. Mirasın mühafizə və idarə edilməsi
Mirasın açıldığı andan vəsiyyətnamənin icraçısı mirası mühafizə və idarə etməyə başlamalıdır; o, vəsiyyətnamənin icrası üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməyə səlahiyyətlidir. Bu səlahiyyət daxilində vərəsələr mirası idarə etmək hüququnu itirirlər.
Maddə 1238. Mirasın bir neçə icraçı tərəfindən mühafizə və idarə edilməsi
Əgər vəsiyyətnamənin bir neçə icraçısı vardırsa, təkbaşına hərəkətlərə yalnız mirasın mühafizəsi məqsədilə yol verilir, qalan hallarda onlar arasında razılıq zəruridir.
Maddə 1239. Vəsiyyətnamənin icrası xərclərinin əvəzinin ödənilməsi
1239.1. Vəsiyyətnamənin icraçısı öz vəzifələrini əvəzsiz yerinə yetirir, hərçənd, vəsiyyətnamədə nəzərdə tutulmuşdursa, muzd da ala bilər.
1239.2. Vəsiyyətnamənin icraçısı əmlakın mühafizəsinə və idarə edilməsinə çəkdiyi zəruri xərclərin əvəzinin mirasdan ödənilməsi hüququna malikdir.
1239.3. Vərəsə olmayan vəsiyyətnamə icraçısı, bu Məcəllənin 1249-cu maddəsində nəzərdə tutulan hallardan başqa, digər xərcləri mirasdan ödəyə bilməz.
Maddə 1240. İcraçının hesabatı
Vəsiyyətnaməni icra etdikdən sonra vəsiyyətnamənin icraçısı vərəsələrin tələbi ilə onlara öz fəaliyyəti barəsində hesabat verməyə borcludur. Vəsiyyətnamənin icraçısı öz funksiyalarını bütün vərəsələr mirası qəbul edənədək yerinə yetirir.
Maddə 1241. Vəsiyyətnamə icraçısının kənar edilməsi
Vəsiyyətnamənin icraçısı öz vəzifələrini yerinə yetirmədikdə, maraqlı şəxs icraçının kənar edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Maddə 1242. Vəsiyyətnamə icraçısının məsuliyyəti
Əgər vəsiyyətnamənin icraçısı vəsiyyətnamə ilə onun öhdəsinə qoyulmuş vəzifələrin icrasından qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kənara çıxarsa və bununla da vərəsələrə zərər vurarsa, bu zərər üçün məsuliyyət daşımalıdır.
LXX fƏsil
Mirasın qƏbul edilmƏsi vƏ onun
qƏbulundan imtina olunması
Maddə 1243. Mirasın qəbul edilməsi
1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
1243.4. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunması sayılır (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).
Maddə 1244. Mirasın fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi
Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
Maddə 1245. Mirasın nümayəndə vasitəsilə qəbul edilməsi
Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
Maddə 1246. Mirasın qəbul edildiyi müddət
Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər.
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Maddə 1247. Mirasın qəbul edilməsinin xüsusi müddəti
Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət üç aydan az olduqda isə üç ayadək altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.
Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması
1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
Maddə 1249. Mirasa dair sərəncam verilməsinin yolverilməzliyi
Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.
Maddə 1250. İddia qaldırılanadək alınmış gəlirə hüquq
Əgər qanun üzrə vərəsə vəsiyyətnamənin olduğunu bilmədən mirasa sahiblik etməyə başlayarsa, vəsiyyət üzrə vərəsə isə vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə və ya qanun üzrə və vəsiyyət üzrə vərəsələr qanun üzrə daha yaxın vərəsələrin olduğunu və ya başqa vəsiyyətnamənin olduğunu bilməzlərsə, iddia qaldırılanadək mirasdan aldıqları gəlir onlara qalır; onlar mirasa qoyduqları bütün kapitalı da tələb edə bilərlər.
Maddə 1251. Mirasdan ayrı-ayrı əşyaların satılmasının nəticələri
Əgər mirasa daxil olan əşyalar mübahisə başlananadək satılarsa, alqı-satqı etibarlı sayılır və qüvvədə qalır, əşyaların satışından götürülən məbləğ isə həqiqi vərəsəyə verilir.
Maddə 1251. Mirasa daxil olan ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz şəxsin sərəncam verməsinin nəticələri
Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o, bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə yeni redaksiyada).
Maddə 1252. İrsi transmissiya
Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri
1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.
1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.
Maddə 1254. Mirasın siyahısı
Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.
Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi
Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Maddə 1256. Mirasın qəbulundan imtina müddəti
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi
1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
Maddə 1258. Vərəsənin kənd təsərrüfatı təyinatlı torpağı qəbul etməkdən imtina etməsi
Kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan imtina sayılmır.
Maddə 1259. Mirasdan bir neçə payın qəbul edilməsi
Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər.
Maddə 1260. Mirasın bir hissəsindən imtina
Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər.
Maddə 1261. Başqa şəxslərin xeyrinə imtina
Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi
Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
Maddə 1263. Yeganə vərəsənin mirasdan imtina etməsi
Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
Maddə 1264. Bir neçə vərəsənin xeyrinə imtina
Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.
Dostları ilə paylaş: |