Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir


Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi



Yüklə 6,29 Mb.
səhifə38/40
tarix14.04.2017
ölçüsü6,29 Mb.
#14069
1   ...   32   33   34   35   36   37   38   39   40

Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi

Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər.



Maddə 1155. Mirasa daxil olmayan əmlak

1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.

1155.2. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.

Maddə 1156. Vəsiyyətnamədə nəzərdə tutulan əmlakın artırılmasının nəticələri

Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur.



Maddə 1157. Miras şərikləri

Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.



Maddə 1157-1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi

1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.

1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.

1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir).

Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ

1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.

1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.

LXIII fƏsil
Qanun üzrƏ vƏrƏsƏlik

Maddə 1159. Qanun üzrə vərəsələr

1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1159.1.1. Birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

1159.2. İkinci növbədə — ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

1159.3. Üçüncü növbədə — həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

1159.4. Dördüncü növbədə — xalalar və bibilər, dayılar və əmilər.

1159.5. Beşinci növbədə — xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik

Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.



Maddə 1161. Vərəsəlik zamanı əmək qabiliyyəti olmayan şəxslərin hüquqları

Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər.



Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ

Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.



Maddə 1163. Boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyəti

Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.



Maddə 1164. Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə

Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.



Maddə 1165. Vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi

1165.1. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir. (30)



1165.2. Səhmlər və ya birgə əmlakdakı hissə, pay şəklində əmlakın vərəsələri olmadıqda, bu əmlak həmin hüquqi şəxslərə keçir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

LXIV fƏsil
VƏsiyyƏt üzrƏ vƏrƏsƏlik

Maddə 1166. Vəsiyyət anlayışı

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.



Maddə 1167. Vəsiyyət edə bilən şəxs

Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.



Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi

Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.



Maddə 1169. Birgə vəsiyyətnamə

Vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.



Maddə 1170. Vəsiyyət edənin payları müəyyənləşdirməsi

1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

1170.2. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar.

Maddə 1171. Mirasın vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülməsi

Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.



Maddə 1172. Vəsiyyətnamədən kənarda qalmış əmlaka vərəsəlik

Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.



Maddə 1173. Vəsiyyət üzrə vərəsələr arasında payların mütənasib artırılması

Yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır.



Maddə 1174. Miras payının müəyyənləşdirilməsində üçüncü şəxsin iştirakının yolverilməzliyi

Vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz.



Maddə 1175. Vərəsələri dəqiq müəyyənləşdirməyin mümkün olmaması

Əgər vəsiyyət edən vərəsənin şəxsiyyətini bir neçə şəxsə uyğun gələ bilən əlamətlərlə müəyyənləşdirmişdirsə və onlardan hansını nəzərdə tutduğunu təyin etmək mümkün deyildirsə, onların hamısı bərabər pay hüququ ilə vərəsə sayılırlar.



Maddə 1176. Vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə

1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

1176.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

Maddə 1177. Vərəsəlik hüququnun saxlanması

Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.



Maddə 1178. Qanun üzrə vərəsəliyin yolverilməzliyi

Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr bərabər paylarına mütənasib surətdə alırlar.



LXV fƏsil
VƏsiyyƏtnamƏnin forması

Maddə 1179. Notariat forması

1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı müvafiq icra hakimiyyəti orqanları (42) təsdiqləsin.

Maddə 1180. Vəsiyyətnamənin notarius tərəfindən yazılması

1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

Maddə 1181. Notariusa bərabər tutulan şəxslər

Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar:

1181.1. xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya əlillər, və qocalar sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri — əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa; (30)

1181.2. axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi — əgər vəsiyyət edən belə ekspedisiyadadırsa;

1181.3. dəniz və ya hava gəmisinin kapitanı — əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə;

1181.4. hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) — əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə;

1181.5. azadlıqdan məhrumetmə yerinin rəisi — əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.

Maddə 1182. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması

Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.



Maddə 1183. Lal-kar və kor şəxsin vəsiyyətnaməsi

1183.1. Əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

1183.2. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.

1183.3. Əgər vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır.

1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.



Maddə 1184. Vəsiyyətin şahidləri

Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.



Maddə 1185. Vəsiyyətnamə sirri

Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.



Maddə 1186. Ev vəsiyyətnaməsi

Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.



Maddə 1187. Vəsiyyətnamənin notariusda saxlanması Vəsiyyətnamənin depozitə qoyulması (42)

1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər müvafiq vəzifəli şəxsə) verə bilər; həmin şəxslərin orada olması onların zərfdəki imzaları ilə təsdiqlənir.

1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. (42)

1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya digər müvafiq vəzifəli şəxsdə Azərbaycan Respublikasının konsulluqlarında (42)) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.



Maddə 1188. Vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtibi

Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.



Maddə 1189. Qapalı vəsiyyətnamə

1189.1. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar.

1189.2. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.

Maddə 1190. Vəsiyyətnamənin tərtib edildiyi tarix

Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur.



Maddə 1191. Maraqlı şəxslərin vəsiyyətnamənin məzmunu ilə tanış olması

Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.



Maddə 1192. Ehtiyat vərəsə

1192.1. Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər.

1192.2. Bu Məcəllənin 1134—1136-cı maddələrinə görə vərəsə ola bilən istənilən şəxs ehtiyat vərəsə ola bilər.

LXVI fƏsil
Mirasda mƏcburi pay

Maddə 1193. Mirasda məcburi pay anlayışı

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.



Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an

Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.



Maddə 1195. Məcburi payın həcminin müəyyənləşdirilməsi

Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.



Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi

Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.



Maddə 1197. Alınmış əmlakın məcburi paya daxil edilməsi

Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur.



Maddə 1198. Vəsiyyət tapşırığından imtinanın nəticələri

Məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir.



Maddə 1199. Vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan məcburi payın ayrılması

Əgər vəsiyyətnamədə miras əmlakının heç də hamısı nəzərdə tutulmamışdırsa, məcburi pay birinci növbədə vəsiyyətnamədə nəzərdə tutulmayan əmlakdan ayrılır, bu, yetərli olmadıqda isə vəsiyyətnamədə nəzərdə tutulan əmlakın hesabına tamamlanır (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 1200. Məcburi payın bağışlanmış əşya hesabına artırılması

Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.



Maddə 1201. Payın tamamlanmasını tələb etmək hüququ

Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.



Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina

1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.


Yüklə 6,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin