SİYASİ PARTİYALARIN VƏ SİYASİ PARTİYALAR BLOKLARININ SEÇKİLƏRDƏ (REFERENDUMDA) İŞTİRAKININ ƏSASLARI
Maddə 49. Siyasi partiyanın (siyasi partiyalar bloklarının) seçkilərdə (referendum kampaniyasında) iştirakının şərtləri
49.1. Seçkilərdə (referendum kampaniyasında) iştirak edən siyasi partiya (siyasi partiyalar blokunun) bu Məcəllənin 2.6-cı maddəsində göstərilənlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidir:
49.1.1. digər siyasi partiyanın (siyasi partiyalar blokunun) seçki (referendum) kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
49.1.2. digər siyasi partiyaların (siyasi partiyalar bloklarının), seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;
49.1.3. seçicilərlə azad ünsiyyətin yaradılması üçün digər siyasi partiyalara (siyasi partiyaların bloklarına) mane olmamaq;
49.1.4. siyasi fəaliyyətdə iştirak etmək istəyən seçicilərə həmin fəaliyyətin azad və sərbəst həyata keçirilməsi üçün təminatlar yaratmaq.
Maddə 50. Siyasi partiyaların bloku
50.1. Siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər. Siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə bilməz və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilir. Göstərilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar.
50.2. Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi blokun qeydə alınması məqsədi ilə Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim edir:
50.2.1. bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
50.2.2. siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;
50.2.3. blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.
50.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına müvafiq sənədləri təqdim etdiyi gündən ən geci 5 gün müddətində qeydə alınmalıdır.
50.4. Bu Məcəllənin 50.2-ci maddəsində göstərilən sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya bu Məcəllənin tələblərinə uyğun gəlmədikdə siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilə bilər.
50.5. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasında qeydə alındıqdan sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz.
Maddə 51. Siyasi partiyalar blokunun adı və emblemi
51.1. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat təqdim edir.
51.2. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir. Blokun adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Fiziki şəxsin adından və ya soyadından siyasi partiyaların bloku tərəfindən yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edilə bilər.
51.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasının təsdiqinə özünün emblemini də təqdim edə bilər. Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (bu Məcəllənin 51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən emblemi təqdim edə bilər. Siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır. Siyasi partiyaların bloku beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmalıdır.
51.4. Siyasi partiyalar blokunun adının və embleminin seçkilərin gedişində dəyişdirilməsinə icazə verilmir.
Maddə 52. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri
52.1. Səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.
52.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını onun səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulan qərar əsasında həyata keçirir.
52.3. Siyasi partiyaların, siyasi partiyalar bloklarının təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyalarına da təqdim edilir.
52.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu əlavə edilməlidir.
52.5. Siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir.
52.6. Siyasi partiyaların, siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə bilməzlər.
52.7. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin namizədlik statusunun itirilməsi vaxtı başa çatır.
Onuncu fəsil
Dostları ilə paylaş: |