REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ YARADILMASI VƏ QEYDİYYATI
Maddə 61. Referendum üzrə təşviqat qrupu anlayışı
Referendum üzrə təşviqat qrupları referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqatın aparılması məqsədi ilə aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılan qurumlardır.
Maddə 62. Referendum üzrə təşviqat qruplarının fəaliyyət şərtləri
62.1. Referendum kampaniyasında iştirak edən referendum üzrə təşviqat qrupları bu Məcəllənin 2.6-cı maddəsində göstərilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidirlər:
62.1.1. referendum kampaniyası zamanı referendum üzrə digər təşviqat qrupunun öz baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
62.1.2. seçicilərlə azad ünsiyyətin yaradılması üçün referendum üzrə digər təşviqat qrupuna mane olmamaq;
62.1.3. referendumun qanuni təsdiqlənmiş nəticələrinə hörmət bəsləmək, referendumla bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək.
Maddə 63. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri
63.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının 2 mindən az olmayan təşəbbüsçüləri Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş verir.
63.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin sayı 500-dən çox və 2 mindən azdırsa, bildiriş təşəbbüsçülərin əksəriyyətinin ərazisində yaşadıqları dairə seçki komissiyasına verilir.
63.3. Bildirişdə hər bir təşəbbüsçünün soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, verilmə tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. Bildirişə referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinin siyahısı əlavə edilir. Bildiriş məlumat xarakteri daşıyır və onun barəsində müvafiq seçki komissiyasında qərar çıxarılması tələb olunmur.
63.4. Müvafiq seçki komissiyası bildirişin alınması barədə təşəbbüsçülərə 5 gün müddətində yazılı məlumat verməlidir.
Maddə 64. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin (təşviqat qrupunun) səlahiyyətli nümayəndələri
64.1. Zəruri olan imzaların toplanmasının təşkil edilməsi məqsədi ilə və referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri adından bu Məcəllə ilə nəzərdə tutulan digər hərəkətlərin həyata keçirilməsi məqsədi ilə referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri səlahiyyətli nümayəndə (nümayəndələr) təyin edə bilərlər. Mərkəzi Seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı 25-dən, dairə seçki komissiyasında qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı isə 5-dən artıq ola bilməz.
64.2. Referendum üzrə təşviqat qrupu qeydə alındıqdan sonra bu Məcəllənin 64.1-ci maddəsində göstərilən səlahiyyətli nümayəndə referendum üzrə təşviqat qrupunun qərarına əsasən həmin qrupun səlahiyyətli nümayəndəsi kimi öz səlahiyyətlərini saxlaya bilər.
64.3. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin təyin edilməsi müvafiq şəxsə notariat qaydasında təsdiq edilmiş vəkalətnamənin verilməsi yolu ilə həyata keçirilir. Həmin vəkalətnamə referendum üzrə təşviqat qrupunun bütün təşəbbüsçüləri adından verilməlidir.
64.4. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi öz səlahiyyətini soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 64.3-cü maddəsində göstərilən vəkalətnamə əsasında həyata keçirir. Həmin vəkalətnamə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə birlikdə təqdim edildikdə etibarlı sayılır.
64.5. Referendum üzrə təşviqat qrupunun təyin etdiyi səlahiyyətli nümayəndələrin siyahıları həmin qrupu qeydiyyata alan seçki komissiyasına təqdim edilir. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Müvafiq seçki komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı ərizəsi əlavə edilməlidir.
64.6. Referendum üzrə təşviqat qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti qrupu qeydiyyata alan seçki komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. Bu qərar referendum üzrə təşviqat qrupu üzvlərinin səs çoxluğu ilə qəbul edilir və onu qəbul edənlər tərəfindən imzalanır. Bu halda referendum üzrə təşviqat qrupu başqa səlahiyyətli nümayəndə təyin edə bilər.
64.7. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq başa çatır.
Maddə 65. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanması qaydası
65.1. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün imzalar bu Məcəllənin 57-ci maddəsinə uyğun olaraq toplanır və rəsmiləşdirilir. İmza vərəqələri bu Məcəlləyə 4 saylı əlavəyə uyğun hazırlanır.
65.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.
65.3. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikası ərazisinin bir hissəsində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərazisində referendum üzrə təşviqat qrupunda üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar.
65.4. Seçici öz iradəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlük haqqında yalnız bir dəfə imza etmək hüququna malikdir.
65.5. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və referendum üzrə təşviqat qrupunun təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
Maddə 66. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdim edilməsi
66.1. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imzalar bu Məcəllənin 65.3-cü maddəsinə uyğun olaraq bir və ya bir neçə seçki dairəsinin ərazisində toplanıbsa, bu Məcəllənin 66.2-ci maddəsində göstərilən sənədlər ərazisində imzaların əksəriyyəti toplanmış müvafiq dairə seçki komissiyasına təqdim edilir; bu Məcəllənin 65.2-ci maddəsində göstərilən qaydada seçici imzalarını toplayan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri bu Məcəllənin 66.2-ci maddəsində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
66.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:[52]
66.2.1. toplanmış seçici imzaları olan imza vərəqələri;
66.2.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
66.2.3. referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
66.3. Müvafiq seçki komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş imza vərəqələrinin sayını və onlardakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 66.2-ci maddəsində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.
66.4. Referendum üzrə təşviqat qrupunun qeydiyyatı müvafiq seçki komissiyasına seçici imzaları təqdim olunduqdan sonra aparılır.
Maddə 67. Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması
Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması bu Məcəllənin 59-cu maddəsində göstərilən qaydada həyata keçirilir.
Maddə 68. Referendum üzrə təşviqat qrupunun qeydə alınması
68.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərar və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etməlidir. Qeydə alma və ya qeydə almaqdan imtina barədə qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.[53]
68.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinə verilməli, həm də qeydə almaqdan imtina olunubsa, bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər:
68.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş imzaların toplanması qaydasının pozulması;
68.2.2. bu Məcəllənin 63, 65, 66.2 və 66.3-cü maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;
68.2.3. referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi saydan az olması;
68.2.4. referendum üzrə təşviqat qrupunun maliyyə fondunun yaradılması qaydasının və ya onun vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin);
68.2.5. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin referendum üzrə təşviqat qrupu təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bü cür pozuntu digər məsuliyyətə səbəb olmursa).
68.3. Bu Məcəllənin 68.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtina barədə qərarın çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.
68.4. Bu Məcəllənin 68.2.2-ci və 68.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası səlahiyyətli nümayəndəni bu haqda 2 gün müddətində xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra referendum üzrə təşviqat qrupunu qeydə alır.
68.5. Cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb ola biləcək hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir.
68.6. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi verilir. Mərkəzi Seçki Komissiyası qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edir. Dairə seçki komissiyaları referendum üzrə təşviqat qrupları barədə məlumatları səsvermə gününə azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər.[54]
On ikinci fəsil
Dostları ilə paylaş: |