İnkişaf etdirici təlimin növləri
İnkişafetdirici mühitdə təlim-tərbiyə prosesinə təsir edən amillər və şərtlər təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli mövqeyə malikdir. Uşağın maraqları, dərk etmə tələbatı nəzərə alınaraq təşkil edilən əhatəsi birbaşa olaraq tədris prosesinə təsir göstərir. Uşağın əhatəsi dedikdə öyrədici mühitin təşkilində nəzərə alınan bəzi xassələr nəzərdə tutulmaqdadır.
İnkişafetdirici mühitin 3 növü vardır. Ətrafdakı müəyyən obyektlər eyni zamanda ayrı-ayrı mühit növlərinin elementləri ola bildiyi üçün bu bölgü şərti hesab edilir:
Əşyəvi mühit
Burada uşağın yaşı, ətraf mühitə uyğunluğu nəzərə alınır. Bütün oyuncaqlar uşaqlar üçün əlçatan yerdə, oyun və təlim vəsaitləri uşaqların göz səviyyəsində yerləşdirilir. Bu anlayış təlimin bütün maddi-texniki təminatını özündə cəmləşdirir:
- Məktəb maddi mühiti – dərsliklər, lövhələr, didaktik oyunlar və vəsaitlər, əyani vəsaitlər, texniki avadanlıq, laboratoriyalar, məktəb ləvazimatı və s.
- Təbii mühit – canlı və cansız təbiətin bilavasitə müşahidə oluna bilən əşyaları;
-Məişət mühiti – evin, yaşayış yerinin maddi əhatəsi, maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr və s.
Əşya-məkan mühiti təlim sahələrinin inteqrasiyası prinsipinin nəzərə alınması ilə seçilməlidir. Bir təlim sahəsi üçün material və avadanlıqlardan digər sahələrin həyata keçirilməsi zamanı da istifadə edilə bilər. Hər yaş qrupunun əşya məkanı uşaqların ümumi və fərdi tələbatlarını əks etdirən spesifik xüsusiyyətləri daşıyır. Bütün oyun və oyuncaqlar uşaqlar üçün əlçatan yerdə, oyun və təlim vəsaitləri uşaqların göz səviyyəsində yerləşdirilir. Oyun zonalarında xüsusi təşkil olunmuş, təlim prosesində istifadə olunan material yerləşdirilmişdir. Uşaqlara qarşı bəzi ümumi prinsip və yanaşmalarda uşağın fərdi inkişafı, hər bir uşağın inkişaf tempi və fəaliyyətinin nəzərə alınması, onun öz seçimi və sərbəst fəaliyyətinə diqqət yetirilir. Burada eyni zamanda müəllimin fəaliyyəti mühüm rol onayır. Mühit konsepsiyasına əsaslanaraq V.A. Petrovski, L.M. Klarina və başqaları məktəbəqədər müəssisələrdə inkişafetdirici mühitin qurulması prinsiplərini aşağıdakı kimi müəyyən etdilər:
Qarşılıqlı münasibətdə məsafə və mövqe prinsipi
Fəaliyyət,müstəqillik, yaradıcılıq prinsipi
İnteqrasiya və çeviklik prinsipi;
Ətraf mühitin emosional təbiəti, hər bir uşaq və böyüklərin fərdi rahatlığı və emosional rifahı prinsipi;
Ətraf mühitin estetik təşkilində adət edilmiş və qeyri-adi elementlərin birləşdirilməsi prinsipi;
Açıqlıq-qapalılıq prinsipi;
Uşaqların cinsi və yaş fərqlərinin nəzərə alınması prinsipi;
informasiya mühiti
Bura təlim prosesində istifadə edilən elə məlumat kompleksləri daxildir ki, ondan həm məktəbdə, həm də kənarda istifadə etmək mümkün olsun. İnformasiya mühiti şagirdin təlim ehtiyaclarını təmin etməyə yönəldilmiş məlumat mənbələri (dərsliklər, ensiklopediyalar, KİV, sosial əhatə), sistemli proqram təminatı və məlumat ötürmə vasitələridir.
Tədris prosesində uşaqlar informasiya mühitindən sərbəst istifadə etmək qabiliyyətlərinə daha erkən yaşlardan alışdırılmağa başlanılmalıdır. Tədris prosesində informasiya mühitinin nəzərə alınmaması tədris prosesini zəiflədən amillərdəndir.
Uşaqların ətrafdakı informasiyaları dərk etməsi üçün bəzi psixoloji amillərin nəzərə alınması məqsədəmüvafiqdir.
Məktəbəqədər təhsildə təlim prosesinin oyun əsaslı qurulması gərəklidir. Məktəbəqədər uşaqlar yaş etibarilə əylənərək öyrəndikləri zaman təlimə daha həvəslə yanaşırlar, təlim prosesi elə maraqlı formalaşır ki, uşaqlar fərqində olmadan yeni mövzunu mənimsəmiş olurlar.
Bundan başqa təlim prosesində öyrənilən mövzular uşaqlarla birgə təcrübədən keçirilməlidir. Çünki, toxunaraq, görərək, hiss edərək təcrübədən keçirilən biliklər daha qalıcı şəkildə yaddaşa həkk olunur. Məsələn, əgər mövzu heyvanlara aid olarsa, bu zaman uşaqlarla birgə zooparka ekskursiya təşkil edə bilərik.
sosial-psixoloji mühit
Uşağın ətrafdakı insanlarla sosial münasibəti, öz daxili aləmi nəticəsində təlimə həvəsi formalaşır:
Uşaq-uşaq
Uşaq-müəllim
Müəllim-uşaq-valideyn
Ailə-uşaq
Müdiriyyət-uşaq-valideyn
İnformasiyanı dərk etməyə kömək edən psixoloji amilləri də unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, əgər uşaqlara oynamaq, təcrübədən keçirmək, əl vurmaq, eşitmək, görmək, hiss etmək imkanı yaradılırsa, o hər bir məlumatı mənimsəməyə qadirdir.
Sosial-psixoloji mühitə şagirdin həm digər insanlarla, həm də öz daxili aləmi ilə qarşılıqlı əlaqəsi aiddir.
Dostları ilə paylaş: |