Maddə 181. Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi
181.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq beynəlxalq təşkilatın, yaxud xarici hüquqi və ya fiziki şəxsin əvəzsiz köçürmələri ilə ödənilmiş malları alan və yaxud işlərin və ya xidmətlərin nəticələrini həmin əsaslarla əldə edən şəxs vergi orqanına elektron vergi hesab-fakturaları verərkən, həmin mallara, işlərə və ya xidmətlərə görə ödənilmiş ƏDV-ni vergi orqanına ərizə verdiyi vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir.
181.2. ƏDV yalnız o zaman qaytarılır ki, məbləğin geri alınması tələbi vergi tutulan əməliyyatın və ya vergi tutulan idxalın aparıldığı aydan sonrakı ay qurtaranadək vergi orqanına verilmiş olsun.
Qeyd: Vergi ödəyicisinin 2003-cü il 1 yanvar tarixinə vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində aylıq gəlirin vergi tutulmayan məbləğinin 5000 mislindən çox deyilsə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair 45 gün ərzində ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması Vergi Məcəlləsinin 158.2-ci maddəsinin ikinci cümləsinə və 158.3-cü maddəsinə uyğun həyata keçirilir.
Bu Qanunun (№–– 383) 2003-cü il yanvarın 1-dən qüvvəyə mindiyi tarixdən sonra təqdim olunan vergi bəyannamələrində 2003-cü il yanvarın 1-dək dövrə aid fəaliyyət əks etdirildikdə, həmin dövrdə qüvvədə olmuş vergi dərəcələri tətbiq edilir.
2003-cü il yanvarın 1-dək vergi ödəyiciləri tərəfindən nağd pulla aparılan və ƏDV-nə cəlb edilən əməliyyatlar üzrə vergi hesab-fakturaları, həmin əməliyyatların aparıldığı dövr üzrə vergi orqanlarına müəyyən edilmiş müddətdə təqdim edilən bəyannamələrdə əks etdirildiyi halda verginin əvəzləşdirilməsinə əsas verir.
Dostları ilə paylaş: |